SON DƏQİQƏ:

Şeirin övliyası... - Orxan SAFFARİ yazır

  18257   |  
Şriftin ölçüsü  
Vaqif Bayatlı Odər. Mən onu belə tanıdım. Bu imzayla.

Ona görə bunu qeyd edirəm ki, bəlkə, mənim kimi əvvəldən tanımayanlar olub. İndiyədək bir neçə imza dəyişsə də, şeirlərinin ruhu, ahəngi, mistikası heç vədə dəyişmədi. Özü kimi qaldı, özü kimi yazdı. İndi Vaqif Bayatlı Odər deyəndə ağıla başqa nə gəlir ki? Şair və şeir! Birbaşa olaraq şeirin ünvanı, şeirin adamı.

Bəs, hansı şeir yada düşür?! Məncə, ilk olaraq bu şeir:

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Sonra başqaları. Şair demiş, sonrası… sonrası nə ola ola...

Canını eşqdə gizlədən adamdır o...

Vaqif Bayatlı Odər mənim üçün xüsusi ilə sevgi şeirlərinin Allahıdır. Düzü, ona qədər nə qədər sevgi şairləri yada düşür. Fəqət onun yazdığı bir başqadır:

Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.

Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı,pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!

Mən səni, mən səni
Dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.

Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Sevmək istəyirəm Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək"

Ona Tanrı tərəfindən göndərilmiş şeir ovliyası da demək olar. O, həqiqətən də şeirləri ilə Tanrı ilə söhbət edir. Söhbət də deyil bu tam olaraq, müzakirədi, bir də gördün hisslərin mübahisəsi düşdü. Nə bilim, bu tövr mübhəm bir məsələlər.



Düzü, mən Vaqif Bayatlı Odərin yazdığı şeirlərə, başqa şairlərin şeirlərində də rast gəlmişəm. Ya da başqa şeirlərdə Vaqif bayatlı Odəri görmüşəm.

Ümumiyyətlə, şeirlə bağlı məsələlərdə həmişə onu görmüşəm. Amma düşünürəm, Vaqif Bayatlı hamıdan və bütün şeirlərdən ötədir. Hamının bildiyi bir məsəl var e, "mənim ayaqqabımı geyinə bilərsən, amma mənim kimi gəzə bilməzsən". Bax, aşağı-yuxarı bu məsəl elə bu məsələyə aiddir. Vaqif Bayatlı Odəri nə qədər, necə immitasiya edirsən et, yenə də o intonasiya, o baxış, o ilahilik ondan başqa heç kimdə olmayacaq ki, olmayacaq.

Şairin ilahi qatlara müraciəti, ölüm və yaşam məsələləri, ruhsallığa bir növ ironiyasi milyon şeirin içindən seçilir. Ümumiyyətlə, o ölümə ironiya etməyi bacaran bir şairdir.

"Ölümdən başlar şair ömrü"

Qardaşlar, ölüm mənimçün
bir xoş çağırışdı ancaq
Kürəyimi babalarımın
kürəyinə söykəməyə,
kürəyimi analarımızın
ayaqları altına verməyə

Onun bu qəbildən olan şeirləri Azərbaycan ədəbiyyatinda tam fərqli bir baxış, mistik bir intonasiyadır. Ölüm şeirləri ilə ümumiyyətlə ilk yadıma düşən şair Ramiz Rövşən olsa da, Vaqif Bayatlının "ölümləri" daha şirindir mənə görə. Adamın lap ölməyi gəlir...

Bu şeirlərdə hər şey görmək olar. Dil hadisəsi, intonasiya, yeni ədəbi xətt və daha nələr, nələr….

Əslində, həm də yer üzündə deyilməyən söz, işlənilməyən ifadə yoxdur. Və əsl şair isə bu sözləri yeni formada çatdırmağı bacaran şəxsdir. Vaqif bayatlı Odər də bildiyimiz və gördüyümüz məsələləri bizə yeni və fərqli formada çatdıran şairdir.

Bir şeirini oxudum. Mən elə bilirdim ki, təbiət məsələlərinə ancaq Musa Yaqub "baxır". Vaqif Bayatlının qələmindən təbiət o qədər möhtəşəm görünür ki, buradan o tərəfə sözlə ifadə edə bilmirəm və ancaq bu şeiri mızıldanıram:

Qardaşım ağaclar,
Bacım çiçəklər,
bir də söz tutdu sizi,
Söz tutdu, sevda qurutdu
Üz tutub yüyürməyin mənə sarı
Bağlanıb gözümün yaş qapaqları.

Adam istəyir gedib ağacları qucaqlasın, köks ötürub ağlasın. Bu çiçək kimi bacısı olsun gərək hər adamın. Ki, sən öləndə bu şeiri başın üstündə deyib ağılasın.

Bu şeiri özlüyündə çox yozmaq olar, çox anlam vermək olar. Təbiətlə insanın sintezini edən, metaforalara doğmalıq verən bir şeiri nə qədər təhlil
etsən də azdır.

Mənə görə Azərbaycan şeirinin nirvanası Vaqif Bayatlı Odərdir.

Bütün mistikalar, bütün ruhsallıqlar, metafizik məsələlər, çox şey onun timsalında cəmləşir, göyün yeddinci qatında bir enerjiyə, ruha çevrilir:

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var, yeri var.

Vaqif Bayatlı Odər Azərbaycan ədəbiyyatında heç kimə bənzəməsə də, Azərbaycan ədəbiyyatı ona bənzədi. Mümkün deyil ki, onun şeirlərini oxuyan şairlər o misralardan təsirlənib təhtəlşüuruna yeridib nə vaxtsa bir misra yazmasın. Şeirləri oxuduca özün şeir yazmaq istəyirsən. Amma bilirsən ki, bu şeir , "o" şeir olmayacaq. Ümumiyyətlə, bu dünyada sözün bütün mənalarında bir daha Vaqif Bayatli Odər olmayacaq, o şeirlər bir daha yazılmayacaq.

Vaqif Bayatlı Odər poeziyasını acgözlüklə oxuyub araşdırmağa başlayanda, yəni daha dəqiq desək, 70-80-ci illərdə yazdıqları və müstəqiillik dövründən sonra yazdıqlarını qarşılaşdırsaq, arasında müəyyən fərqlər var. Bu fərqlər şeirlərin bir-birindən zəif və ya güclü olmağında deyil.

Sovet dövründə yazdığı şeirlərə diqqət yetirəndə şairin cəsarətini, bir növ dekadanslığını da görmək mümkündür. Adicə sevgi şeirlərin də belə onun o cür ruh ovqatı ilə fikirlərini çatdırması, nədirsə, bir başqa məsələdir.

Hə, indi kim sevməz ki, Vaqif Bayatlı şeirini? Şeirmi dedim mən?! Yox, şeirini yox, Vaqif Bayatlı duasını. Onlar bəlkə də, şeir deyil, duadır. Tanrı ilə söhbətlərini bizlərə şeir kimi təqdim edir, əslində. Əllərini açıb dua etməkdənsə, əlləri ilə yazıb edir o dualarını.

Onun bütün yazdığı mətnlərdə fərqliliyi görməmək mümkün deyil. İstər sevgidən, istər təbiətdən, istər insandan, nədən yazırsa, yazsın, hər bir şeirində ürfanilik, mistika, bəşərilik, dünyəvilik öz yerində və havasında olur.

Onun şeirlərin də elə məqamlar var ki, oxuduqca heyrətini gizlətmək mümkün deyil. Xüsusi ilə Tanrıya xitabən yazdığı şeirlər. Məsələn, bir şeirin də "sən görünürsən, İlahi" deyən şair , başqa bir şeirin də "Allah görünməz, duyğular ancaq" deyir. Şair öz içindəki Allahını gizli saxlayır sanki.

Bax, belədir bizim tərkidünya Vaqif Bayatlı Odərimiz. "Zalım” adamdır o, şeirləri ilə zalımlıq edir…/artkaspi.az/

Orxan SAFFARİ

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK