SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: POÇT QUTUSUNDAKI MƏKTUB

  13701   |  
Şriftin ölçüsü  

Hər dəfə bilgisayara yaxınlaşanda ilk ağlıma gələn bu olur ki, görəsən oxucu hansı ovqatdadı. Və mən yazacağım və onun da oxuyacağı yazı ovqatı korlamayacaq ki? Sadə dildə desəm, bu ovqata soğan doğramayacaq ki? Amma nə qədər düşünsəm də, nə qədər götür-qoy etsəm də, bu suala cavab tapa bilmirəm. Ona görə ki, oxucu ilə mənim aramda bir sərhəd xətti var. O sərhəd xəttini də ancaq söz keçə bilər. Yəni yazı yazılmalıdı, oxucu da oxumalıdı ki, mən də bundan sonra bilim, anlayım ki, nələr baş verdi? Ovqat müsbət, yoxsa mənfi çalarlara üz tutacaq...

Bəli, bax, indi də həmin o ovqatın ip ucundan tutub çalışıram ki, bir az müsbət hissləri, duyğuları ifadə edim, onların aurasından oxucu dünyasına boylanım... Həmin o dünyada olan rəngarəngliyi, sevgini, sevinci, duyğulu anları sözümə çəkib hopdurum... Bir maqnit gücü ilə müsbətlərə sinə açım... Mənfiləri ovcumun içində sıxıb saxlayım... əsəbləşəndə isə "eh” deyib çırpım qapılara. Zənnimcə, elə bu kiçicik girişin özü artıq müsbət işartılardı. Mən də bu müsbət işartıların ruhunu oxşamaq və o oxşadığım ruhun qanadlaırnda Sənə doğru gəlmək üçün özüm-özümə yox, elə sənin özünə pıçıldayıram. Deyirəm ki:


Ruhumun şəklini

Sözə büküb göndərdim...

Dodağın yansa, demə -

Közə büküb göndərdim...


İçində yar səsləyən

Hər gün ümid bəsləyən...

Səni görmək istəyən –

Gözə büküb göndərdim!


Döz! – çəkirsə xətrin

Döz boydadı sətrin...

Mən də ruhun şəklin –

Dözə büküb göndərdim...

Hə, indi bu şeiri oxuyanda Səni demirəm, elə oxucuları da deyirəm: Nələr düşündünüz? Nələr keçdi ağlınızdan? Xatirələrinizmi təzələndi? Görüş yerlərimi gəlib dayandı gözləriniz önündə? Bir-birinizə qalan şəkillərmi, yadigarlarmı, dəftər-kitab arasında qurumuş çiçəklərmi, gül ləçəklərimi? Yoxsa ikilikdə hamıdan xəlvət qoşa çəkilmiş şəkilinizmi? Hansı ki, büküb özünüzə aid gizli bir yerdə qoruyub saxlayırsınız.. Bilmirəm, bunların hansı baş verdi?! Amma bildiyim təkcə odur ki, bu şeirlə mən xatirə buzunu sındırdım, yaddaşı silkələdim, ürəyin qapısını döydüm və bir də bütün bunları həm də özüm üçün etdim. Axı mən həm də oxucuyam, özümün oxucum!!!

Adətən belə bir ifadəni dilə gətirəndə bəziləri adama qəribə baxır. Amma düşünürəm ki, o qəribə baxışlar yanılırlar. Çünki söz doğurdan da yadigardı. Kimin deməsindən asılı olmayaraq, deyilən söz həm sahibini, həm də zamanı ifadə edir, yaşadır. Bax, bu mənada mən də özümü oxumaqla zamanımı, yaşadıqlarımı təkrar canımdan-qanımdan keçirirəm. İllərin, ayların, günlərin axarında hər gün yenilənə-yenilənə özümü oxumaq, özümü yazmaq bir missiyadı mənim üçün. Necə bacarıram, elə də oxuyub yazıram. Kimsənin müdaxiləsi olmadan, kimsənin təəccübünü hiss etmədən...

Yazmaq, oxumaq bir iş kimi fərdə aiddir. Yəni insan o prosesi təkbaşına həyata keçirir. Amma tək yazıb tək oxumaq mənə görə təkliyim bütün hallarını yaşamağa da imkan verir, duyub dərk etməyə də şərait yaradır. Bir də baxıb görürsən ki, təkliyin tək düşünüb, tək yazdığına çevrilir. Yəni hopub o çalarlara. Elə mənim öz ömür yolumda, yazı-pozu müstəvimdə baş verənlər özü zaman-zaman bunu göstərir. Çünki mənə aid olanlar mənim təkliyimi də, mənim çəkdiklərimi də ifadə etmək gücündədir. Ona görə də yazıram:


Mən duyduğum gül nəfəsin

Ay ağrısın, il nəfəsin...

Yaşamadın, sil nəfəsin –

Götür, üstündən təkliyi...


Sinəm ahdan olub dağ-dağ

Leysan kimi üstünə yağ...

Yaxın durma, uzaqdan bax –

Tanı tüstündən təkliyi...


Qəm çəkirəm bilə-bilə

Günüm, halım düşdü dilə...

Sən də çalış bir yol ilə -

Qurtar, istimdən təkliyi...


Xışla, sinəmdə eşq becər

Düşünmə ki, bu da keçər

Sevməyənlər çətin seçər...

Mənim büstümnən təkliyi...

***

Zaman sürəti bəzən adamı çaşdırır, bəzən də hətta qorxudur. Çatıb çata bilməyəcəyi, yetişib-yetişə bilməyəcəyinin sualları dayanır qarşımda. Səni götür-qoy etməyə, toparlanmağa məcbur edir. Elə bil ki, son döyüş, son haray, son fürsət kimi bir yaşam içərisinə düşürsən. Zamana yetişmək, onu ötüb keçmək iddiası həmin o son döyüşdə qalib olmaq iddiasını sənin həyat kredona çevirir. Və...

Bəli, bax, elə o son döyüş etdiklərin və edəcəklərinlə bərabər sıra tutan, mövqe gözləyən döyüşçüyə çevrilir. Sən indi bacarıb həmin o döyüşçünün gücünü yönəltməlisən, onu öz iradən altına salmalısan ki, məqsədinə yetişəsən... Bu yazdıqlarım bir az pafoslu, bir az fəlsəfi görünə bilər. Əslində isə mən bunu gerçəklik sayıram və əsaslı şəkildə də sübut edə bilərəm ki, özünə inam qalib gəlməyin əsas və başlıca şərtlərindən biridir. Deməli, qalib olmaq üçün toparlanmalı və o qalibiyyətin keçəcəyi yolların hər bir cizgisini necə deyərlər, bitdə-bitdə öyrənməli, ölçüb-biçməlisən. Ona görə ki, son peşmançılıq fayda vermir. Ümumiyyətlə isə mən kimsəyə peşmançılıq arzu etmirəm. Hətta məni sevməyənlərə də...

O ki, qaldı sevgiyə, burda oxucu ovqatına bir az da şərbət qatmaq istəyirəm. Düşünürəm ki, zarafatyana deyilmiş fikirlər də, yazılmış misralar da o ovqata xoş əhval-ruhiyyə gətirə bilər. Ona görə də buyurun, oxuyun, görün yanılmamışam ki...


Uçmuş qaya, qopmuş çinar, ya da mən

Onlara bax, düşəcəyəm yada mən...

Bənzəsəm də doğmaya mən, yada mən

İstəmirdim belə görüb sevməni –


Tay özün bil, istəyirsən sev məni!..

Saralmış dən, bağanımış biçənək

Görünüşü göz hürküdən – iç mələk!

Məni görüb çoxu qalır gicələk –


İstəmirdim belə görüb sevməni –

Tay özün bil, sevə bilsən sev məni!..

Göz yorulub, üz qırışıb, əl titrək

İtirməli nəyimiz var itirək?!


Sevgimizdə özümüzü bitirək

İstəməsin ocaq məni, ev məni –

Tay özün bil, sevə bilsən sev məni...

Xəyalıma dodaq büzüb lağ etmə


Ağ dəlisən! – sən ağ dəli, deyib ağ etmə...

Bu şeirimi özün oxu, tağ etmə

Görki necə sevməliyəm, sevməli -

Tay özün bil, sevə bilsən sev məni...

***

Düşünürəm ki, bu şeiri oxuyanda kimlərinsə dodağı qaçdı, kimlərsə bir anlıq da olsa mənim halımı anlayıb xəyallarından bir rəhm hissi gəlib keçdi. Və beləcə, bizim oxucu-müəllif körpümüzdən keçib gedən ovqatla baş-başa qalıram. Heyf deyil xoş ovqatın ağuşunda olasan və dünyanın gözəlliklərini, o gözəlliklərin də şah damarı olan sevgini ömrünə hopdurasan... unudasan hər şeyi! Bir Allahın ola, bir də sevgin. Rəhmətlik Nüsrət Kəsəmənlinin misraları ilə desək, "bizim evdə biri vardı, biri yox!” təlaşını, nisgilini, yaradıcılığını özündən uzaq tutasan. Nə isə...

Bir atalar sözü var. Dünya görmüş atalar deyib ki: "Tək əldən səs çıxmaz” Və onu da əlavə ediblər ki, təklik hardasa yalquzaqlıqdı. Və mən də atalar sözünə və ona edilmiş əlavəyə şərh vermədən narazı qaldığım məqamı dilə gətirirəm. Yəni özüm-özümə min dəfələrlə verdiyim sualların cavabında gəldiyim qənaəti ifadə etmək istəyirəm. Axı, təklik həm də sənin özünün-özünlə dialoqundu, özünün-özünlə həmsöhbət olmağındı, özünün-özünə hesabat verməyindi, etiraflarındı. Belə olan halda təklikdən necə söhbət gedə bilər? Digər tərəfdən əgər insanın içərisində iynə ucu boyda sevgi varsa, o necə tək qala bilər ki?

Verdiyim sualların cavabını ola bilər ki, qəbul etməyəsiniz. Amma mən də hardasa bir yazı-pozu adamı olaraq fikirlərimdə israrlıyam. Ona görə ki, ruhum da, duyğularım da məhz sevgiyə, yəni sənə köklənib və deməli, bu da mənim təklik problemimi çözübdü. Ola bilsin ki, bunu kimlərsə virtual saysın. Amma dəxli yoxdu, bütün hallarda mən əminəm ki:


Yaddaşımda bir səs var

Ürəyinin səsidi...

Ürəyim yaşadıqca –

O səs onun bəsindi!..


Ürəyimdə bir mələk

Həyatımda bir qadın...

Bu mələk olub ürək –

Ömrümə yazıb adın!..


Varlığımda bir nəfəs

O nəfəsdə bir SƏN var...

O nəfəsdə, o səsdə -

Mənim üçün VƏTƏN var!..


Bəli, mən bu yazını bilgisayar önündən başlayıb oxucuya qədər olan yolumu düşünə-düşünə həm də sevgiylə cilalayıb oxucuların poçt qutusuna atdım. Düşündüm ki, əlinizi o qutuya uzadanda görüb götürəcəksiniz bu yazını. Amma oxuyub-oxumayacağınıza tam əminliklə heç nə deyə bilmərəm. Axı indi havalar da istidi, insanların da qayğıları başından aşır, yazı oxumağa hər adamda həvəs yoxdu... Bircə ümid qalır oxucu qəlbindəki sevgiyə. Əgər o sevgi oyaqdısa, mürgüləmirsə... deməli, maqnit gücü işə düşəcək və poçt qutusundakı yazım oxunacaq. Mən buna əminəm. Üstəlik də bu yazını diqtə edərkən nə vaxtdan bəri içimdə saxladığım və həftəsi tamam olmamış bir doğum günü yadıma düşdü. Dünyamıza qədəm qoymuş Şamxal bəyə söz vermişdim ki, onu sevgidən bəhs edən bir yazımda təbrik edəcəm. Mən sözümü tutdum:

- Doğum günün mübarək, Şamxal Şəbiyev!

P.S. Qaldı indi dünyamıza qədəm qoyan Şamxal Şəbiyevin vədlərinin nə zaman çin olacağına. Onu da yaşayarıq, görərik!..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

10-12 il bundan qabaq möhkəm qar yağanda, Bakı kəndlərinin birində rəhmətə gedən olur. Hava dəhşət soyuq, çovğun olduğuna görə molla Yasini oxuya bilmirmiş.

Qəbirin yaxınlığına bir maşın gətirirlər, deyirlər, otur maşında, oxu. Molla oturub oxuyur, hərdən pəncərəni açıb “Fatihə!” qışqırırmış.

Axırda bir-iki nəfər mollaya yaxınlaşıb deyir ki, molla əmi, sən əziyyət çəkib pəncərəni açma, 2 dənə siqnal ver, özümüz biləcəyik.

ARXİV

TƏQVİM

FACEBOOK