adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Aprel 2019 18:09
40310
LAYİHƏ
A- A+

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

Pakizənin ömründə ilk dəfə oğlan baxışından, kişi təmasının nə demək olduğunu duyması da elə bu dövrə təsadüf edir. İndi o, həmin anı əyani şəkildə tez-tez təsəvvüründə canlandırır, o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğunun şirinliyindən məst olurdu. - Müəllifin dilindən deyilən bu fikir məni bu sözlərlə başlamağa ona görə vadar etdi ki: birincisi, romanda ictimai-sosial, mənəvi-əxlaqi proseslərlə yanaşı kişi və qadın münasibətlərindəki məhrəmliklə bərabər, hadisə və xarakterlər: onun təsiri, ikincisi gənc nəslin köhnə adətləri qəbul etməmək, yaxınlaşan yeni quruluşun ərəfəsində pak məhəbbətlərini ifadə etmək. Məişət konfliktlərdən uzaq bir həyatın qurulmasına nail olmaq. Maraqlı, zəruri yazıçı mövqeyi və seçimi. Həyatın yeni müstəvidə davamı - köhnəlikdən uzaqlaşma. Meydanın boşaldılmasından sonra cavan nəslin torpağa sahibliyi və nəslin artması. İsmayıl Şıxlı baxmayaraq qəhrəmanlarını mübarizədə, şəxsi intriqada, yeri gələndə qadın aurasında dolaşmaqda təsvir edir, lakin bəşəri vərdişin qüdsiyyətini də unutmur.

Mən romanlarda bu kövrək macəra xətlərin bir-birinə oxşamasını görmədim: Cahandar ağa-Zərnigar xanım; Cahandar ağa-Mələk; Şahnigar xanım-boşluqda çırpınan ehtiras; Şamxal-Güləsər; Əşrəf-Pakizə; Ələddin-Qaratel - mücərrəd məhəbbət, İmran-Nərgiz.

Deməli, müəllif əsas məqsəddən əlavə, əslində yanaşı ən lazımlı və əbədi kişi-qadın ünsiyyətinin çalarlarını verir, əxlaq, islam dini anlamında heç bir romantik; məstedici əlaqələrsiz. Yeganə Məmməd-Şahnazdır ki, bu da müasir dövrün əxlaqi-davranışı ilə bağlıdır.

Şahnigar obrazını mən bir sıra prizmalardan görürdüm. Gənclik təravətini itirməyən, ərinin vəfatından sonra kişisiz qadınlara məxsus kəndalaş qoxusu verən, bəzən gicitkən iyisinə bənzər ehtiras. O, nakam ömrünü yaşayır, heç bir kişiylə adı hallanmır. Kənd mühitində hansı qadının ünvanına bu söz-söhbət çatmırsa, xoşbəxtlikdir. Mən zəmanət verməzdim ki, o, ilk növbədə Cahandar ağanın bacısı olduğu qorxusundan, yaxud Cahandar ağadan qorxudan bu qadın düz yoldadır. Şahnigar xanım namusludur və dul qalmış kənd qadınlarının taleyini yaşayır.

Mən əsərimdə bir suala cavab verməliydim: Şahnigar ölümdən qaça bilərdimi, qardaşının ayaqlarına düşüb yalvarardımı, nəhayət, özünü intihar edərdimi? - Mahiyyətə varmadım, ötəri toxundum. Sonra, belə bir kitabı yazmağa başlayanda bu xəttin heç də sadə olmadığını görürdüm. Romanlardakı qadınlar (qızlar) və kişilər (cavanlar) dünyanın ləzzətindən xali təsvir olunmamışlar.

Onlar da intim auranın ilğımını duymuşlar, yaxud ehtiraslarını məhdudlaşdırmamışlar.

Qəribəsi ondadır - Cahandar ağa arvadı Zərnigarla xeyli ömür keçirmiş və dünyaya üç uşaqları gəlsə də, sonu sıfıra dəyişdi. Gənc və məlahətli Mələyi bütün dini qanunları pozmaqla qaçırıb, özünə arvad etdi. Bu da hər iki tərəfə xoşbəxtlik gətirmir? Onun özəyini təşkil edən "libido" enerji qüvvəsini itirəndə - ölür, acizləşir və məhvə irəliləyir.

Zərnigar xanımda məhəbbət hissi Cahandar ağaya nisbətən yüksəkdə dayanır; mən bu müəllif yanaşmasını təbii hesab edirəm. Əvvəlcədən də, təxmini bu cür proqnozlaşdırmışdım. Məhəbbət elə bir möcüzədir - Cahandar ağa xislətli adamlarda, xüsusilə bəylərdə yalnız ehtirasları söndürmək zamanı gərəkli olur. Ağır, sərt, daima at belində, ictimai çarpışmalarda keçən kişilər adətən vaxt da tapmırlar. Zərnigar xanım isə hətta Cahandar ağaya acığı gəlsə də, tutduğu işinə görə nifrət bəsləsə də hisslərini qiymətləndirir, xəyalını oyadır. Zərnigar xanım orijinal obrazdır, ərinə nifrətini hətta əsaslandırmağa çalışır: "O, hiss edirdi ki, kişi sınıqdır, əvvəlki hay-harayı yoxdur. Şamxalın ayrılıb getməsi, bacısının ölümü onun belini bükübdür. Zərnigar xanım bəzən onu görmək istədiyini, heç olmazsa uzaqdan boyuna baxmaq arzusunun ürəyindən keçdiyini hiss edirdi. Arvad qəlbinin ən ucqar guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsə də özü ilə mübarizə aparmağı bacarmırdı. Bəzən ərinin paltarının qoxusu burnuna dəyirdi, səsi qulaqlarında canlanırdı. Cod barmaqlarının təmasını çiynində, saçında, sinəsində hiss edirdi. Belə halda az qalırdı ki, durub birbaşa evinə getsin…"

Cahandar ağa isə bir dəfə də olsun arvadını xatırlamır, xoş dəqiqələrindən təsəlli almır. Belə düşünmək olar ki, buna ehtiyac yoxdur, çün cavan Mələyi yanındadır. Amma heç Mələklə də biz onu tam, ürəkdolusu münasibətdə görmürük. Cahandar ağa hətta bir ər-kişi olaraq intim hissi üçün cəhd etsə də, psixoloji gərginlik, fərdi illüziyalar buna mane olur. Mən Cahandar ağada əzəldən məhəbbət olmamışdır - tezisində bəyə yanaşmaq istəməzdim, bəlkə də içərisində haçansa varmış, lakin o, məhəbbətdə əxlaqi-davranışa üstünlük verir.

Məhəbbət nə yaşa (şərti), nə şəraitə, nə vəzifəyə, nə ictimai sistemə ayrılır - bunlar vaxtilə əsaslandırılıb, - məhəbbət üçün xeyli "mənbələr" əsasdır: İlahi təsadüf, yovuşma, naşılıq, ünsiyyət, xoşqılıqlıq və sairə.

Lakin bu müqəddəslikdə davamlılıq kişi-qadın anlaşıqlığında seksual "libido"nun təminatıdır.

Qadın və kişi qovuşmağında (bir xeyli rəsmi danışıram) bu cinsi enerji əsas faktordur. Z.Freyd yazıq başqa nə deyirdi ki? "İnsanın yaradıcılığının əsasında "libido" adlı cinsi enerji dayanır".

Məhəbbət halında insan - kişi - ər hərəkətinə, davranışına və prosesdə iştirakının qavramasına şüurunun təsiri anlaşılmaz halını alır və o (kişi), xəstəlik-nevroz istinktilə idrakının gücünü itirir və ehtirası təhtəlşüura tabe olur.

İnsan, deyək ki, Cahandar ağada intellekt, ağıl emosiyanı idarə etdiyi üçün Freydin (bu psixoloq Cahandar ağadan yaşlıdır, uzağı həmyaşıddılar) nəzəriyyəsini ortaya qoymaq lazım gəlir. Məhəbbətin praktik sonu - Allah tərəfindən məqbul sayılan nəticəsi əgər insanı, onun yaradıcılığını şərtləndirirsə Freydizmi niyə qəbul etməməliyik? İ.Şıxlı Freydizmin süni məğlubiyyətindən xəbərdar idi. Cahandar ağa, Zərnigar xanım, Şahnigar, hətta Şamxal hərəkətlərində, rəftarlarında baş beyin qabığı ilə qabıqaltının "mübarizəsi"ni görürlər. Bu mübarizədə ağılın qalib gəlməsini Cahandar ağa və oğlu Əşrəf başa düşürlər.

İ.Şıxlı "məhəbbət"ə qələmdaşlarından fərqli şəkildə, zahiri cəlbediciliyi, məzələnməyi, lirik məcaraları və s. qatışdırmadı. Halbuki, özünə qədər yazılan romanlarda, povestlərdə hətta ifrata varılmışdı. İ.Şıxlı ona görə bu addımı atmadı: əsərlərinin konkret məkanı, camaatı, adəti vardı və soy-kökə əsaslanırdı. İ.Şıxlı bir psixoloq savadı ilə, məhəbbətin əxlaqi-davranışı şərtləndirən qanunauyğunluğu ilə tanış idi və özü yüksək səviyyədə etik-pedaqoq idi. Mən bu məsələdə ehtiyatlı davrandım: İ.Şıxlının məhəbbət-sevgi konsepsiyası bilavasitə olsa da, məqsədini "tuta" bilərəmmi? Ona görə də poetikasında bir xeyli kənara dartdım yaxamı. Antik filosoflar, sonralar psixoloqlar, ədəbiyyatçılar və qeyri sənət-peşə adamlarından oxuduqlarım mənbə qiymətində "sözünü" diqtə etdilər.

(ardı növbəti sayımızda)

Allahverdi Eminov