(Göyçay ensiklopediyasına düşməyənlər)
Keçən əsrin yetmişinci illərinin əvvəllərinə kimi Göyçay şəhərində yeddi ümumtəhsil məktəbi fəaliyyət göstərirdi.Bunlardan ikisi fərqli idi. Əllinci illərin əvvəllərində yaradılmış internat ( o vaxtlar çox böyük əhəmiyyət daşıyan və bütün respublikada məşhur olan bu təhsil ocağı haqqında növbəti yazılarımda geniş söhbətim olacaq ) məktəbi və bir də çoxmillətli kontingentə malik rus məktəbi. Azərbaycan türklərinin, rusların,ermənilərin ( Göyçay çar dövründə qəza mərkəzi olduğundan şəhərdə rus imperiyasına daxil olan bir çox xalqların da az-çox nümayəndələri yaşayıb işləyirdi) , ləzgilərin, yəhudilərin, ukraniyalıların... birgə təhsil aldıqları bu məktəbin özünəməxsusluğu həmişə diqqət çəkirdi. Təkcə bu məktəblə yox, bütövlükdə Göyçay şəhəri o dövrlər üçün əsl tolerantlıq nümunəsi idi. Ancaq burada bir incə məqam da var idi ki, bu , heç vaxt mənim nə uşaqlıq, nə də ilk gənclik illərimdən bəri yadımdan çıxmır, həmişə qəribə hisslərlə xatırlayıram.
Təbii ki, məktəbdə bütün dərslər , iclaslar, dərnək və digər təhsillə bağlı məşğələlərin hamısı birmənalı olaraq yalnız rus dilində keçirilir və aparılırdı. Ancaq burada yalnız müəllimlər otağından başqa bütün tənəffüslər , Alma xalanın çayxana-bufeti, dəhlizlərdə və həyətdə bütün danışıqlar azərbaycanca yaşanırdı. Bəzi müəllimlər də dilimizə hörmətlə yanaşırdılar. Eh, Qalina İvannikova, sizi və indi adını xatırlaya bilmədiyim bacınızı unutmaqmı olar? Lyudmila Pavlovna, sizi necə ? Ancaq şovinist ədalılar da az deyildi. Vera Georgiyevna, Janna Qriqoryevna...Halbuki onların bəzilərinin həyat yoldaşları azərbaycanlı idi.
... Sonralar bu məktəbdə Azərbaycan bölməsi də açılacaqdı, məktəbə nömrə veriləcəkdi, ad veriləcəkdi... “ Komsomolun 50 illiyi adına Göyçay şəhər 3 nömrəli beynəlmiləl orta məktəb” .
Və Kamal Davudoviçin uzun onilliklər direktorluq etdiyi bu qabaqcıl məktəbdə bir Süzanna adlı rəsm müəllimi də var idi. Bu bütün mənalarda heç kimə bənzəməyən eleqant qadını hamı Susanna çağırırdı . Mən də Susanna bilirdim. Çox sonralar öyrəndim ki, onun adı evdə , ailəsində , eləcə passportunda da Süzannadır.Ona gerçəkdən elə bu ad yaraşırdı. Çünki bu xanım sovet adamından daha çox avropalıya bənzəyirdi. Geyim-keçimi, sifət cizgiləri, yerişi, oturuşu-duruşu... Mən də elə danışıram ki, sanki gedib Avropanı dəfələrlə gəzib-dolaşmışam.Əlbəttə, mən Süzanna müəlliməni o vaxtlar baxdığım bəzi rus və qərb filmlərindəki xarakterik obrazlarla müqayisələndirib bu fikrə gəlirdim. Mən görməmişdim. Deyirdilər ki, Süzanna müəllimə evdə , bəzi qapalı yerdə və bir də rəsm üzərində işləyərkən bəzəkli müştükdə siqaret çəkirmiş. Dövr üçün təəccübli olmasa da , bunun özü də fərqli əlamət idi.
Onu ilk dəfə lap yaxından , iki-üç metr məsafədən evimizin tinində gördüm. Altıncı sinifdə oxuyurdum. Bəzi bazar günlərində o , rəsm dərnəyinin oğlanlı-qızlı seçmə uşaqlarını həmin yerdə qarşılayaraq oradan kəsmə, dar küçə ilə Göyçay çayının mənzərəli dağətəyi sahilinə aparaq, 6-7 saatdan sonra primitiv molbertləri, kürək çantaları ilə birlikdə həmin istiqamətdə geri dönərdilər. Süzanna müəllim uşaqlara təbiətin qoynunda təkcə təbiət mənzərələrini öyrətmirdi. Ordan şəhər də mükəmməl görünürdü, səma da , qarşı dağların zirvəsi , uzaqlar da , lap yaxınlıqdakı çay kənarının çınqılları, qumsalları da ...
Mən bu qadına , bu uşaqlara heyran olmuşdum. Bəzən onlara qoşulmaq hissi keçirdi ürəyimdən. Ancaq özüm haqqında heç bir rəsm bacarığımın olmadığını da bilirdim. Hansısa perspektivdən də söhbət gedə bilməzdi. Baxmayaraq mən sonralar rəssamlığın nə olduğunu , onun tarixini , nəzəriyyəsini yüksək səviyyədə öyrənə bildim, hər hansı bir əsəri “ oxumağı” da bacardım, bir çox rəssamlarla tanış da oldum.Ancaq heç vaxt heç bir rəsm çəkmədim. Çünki , mən bunu bacarmırdım.
Süzanna müəlliməni məktəb yolundan başqa evlərinin qarşısında da görürdüm. 45-46 yaşlı bu qadın dul idi, orta məktəbi yenicə bitirmiş tək qızı ilə yaşayırdı. İkimərtəbəli kommunal binanın birinci mərtəbəsindən , elə birbaşa mənzilindən küçəyə açılan qapısı da vardı. Bəzən o , burada bir kətil üstündə əyləşib nəsə oxuyar, nəsə bir iş görər, əlində siqaret nəsə düşünərdi. Əyni-başı məktəbə geyindiyi kimi olmazdı. Diqqəti cəlb edən rəngbərəng köynək və don , barmaqlarında və qulaqlarında heç kimdə, heç yerdə görmədiyimiz qəribə üzük və sırğalar, boynunda xırda və iridənəli muncuqlar... ekstravaqant görkəm? Yox-yox , bəstəkar-müğənni-şair Elza xanım kimi başında budaq , dibçək və başqa aksessuarlı qəribəlik ona yaraşmazdı. Süzanna müəllimənin zövqü tamam başqaydı. O, hətta azacıq bəyazlaşmış buruqtel saçlarına rəng də vurmazdı. Deyəsən heç parfümeriyadan da istifadə etmirdi.
Sonralar bir qədər də yaxından tanıdım. Bizlərdən 8-10 yaş böyük olan tanınmış gənc rəssam Ağazeynal Tağıyev onun qızı ilə ailə həyatı qurdu. Ağazeynalgil keçən əsrin əvvəllərində Şamaxından Göyçaya köçmüş ailələrdən idi. Mirzə Ələkbər Sabirin qohumları olduğunu tanıyanlar bilirdi. Hətta dahi şairə məxsus bəzi əşyalar Ağazeynalgildə saxlanılırdı. Öyrəndik ki, heç demə Süzanna müəllimə, Süzanna Qlebovna Əfəndiyeva da Şamaxıdan imiş. Azərbaycanlı olan əri cavan ikən vəfat etsə də rəssam qadın sonralar ailə qurmamış , övladı ilə tək yaşamışdı.
Bayaq dediyim kimi , bazar –dükana, uşaqlarla təbiət qoynuna gedərkən şux və iti yerişi bir də fərqli geyimi ilə fərqlənən Süzanna Qlebovnanın münasibətlərində müəyyən qədər konkretlik və azacıq sərtlik də hiss olunurdu. Ancaq bütün şəhər həm gözəl pedaqoq-rəssam , həm fəal sakin , həm də qəribə bir qadın kimi ona hörmət bəsləyirdi. O bir uğur mələyi kimi şagirdlərini həyatın gözəlliklərinə səsləyirdi, istedadlı uşaqları seçib tanıdırdı. Eşidirdik ki, Süzanna Əfəndiyevanın uşaqlarının rəsm əsərləri Bakıda, o vaxtki Yuri Qaqarin adına pioner və məktəblilər evinin sərgisində nümayiş etdirilir. Daha sonra “Artek”, Moskva ...
Biz orta məktəbi bitirdikdən sonra 1967-ci ildə onun da 16-17 yaşlı “ kiçik rəssamlarının “ əsərləri heç bilirsiniz haralara gedib çıxdı ? 12 nəfər gənc göyçaylının, adları yadımda qalan Xalidə Bağırlının, Vera Çuşkinanın, Alla Mirzoyevanın, Yevgeni Sulikonun, Rafiqin, Vaqifin, Lauranın və başqalarının əsərləri , necə deyərlər , okeanın o tayına – Amerikaya gedib çıxmışdı. ABŞ –la SSRİ arasında davam edən “soyuq müharibə” deyəsən bir qədər öləzimişdi. Bir çoxu mənim yaşıdım olan bu gənclərin əsərləri Nyu-Yorkun rəsm salonlarının birində “ Dünya gəncləri və sənətkarlıq “ devizi ilə keçirilən festivalda nümayiş olunurdu. O dövrün mətbuatında gənc göyçaylı rəssamların bu uğuru haqqında məlumatlar da dərc edilmişdi. İndilərdə olsaydı , bəlkə də qeyri-adi hadisə kimi qarşılanmazdı. Ancaq uzaq 60-cı – 70-ci illər üçün bu , əsl hadisə , bəlkə də fantastik bir uğur idi.
... Və bu fantastik uğurun təməlini qoyan , illərlə uşaqlara rəssamlığın sirlərini aşılayan, daha böyük yolların uzaqlarına işıq salan məhz Süzanna Əfəndiyeva idi. Dünyanı gəzən bu gəminin və komandanın kapitanı o idi.
Bu böyük əks-sədalı uğur və səyahətlər asan başa gəlməmişdi. Sonralar öyrənmişdim ki , Süzanna müəllimə bu istedadlı uşaqlara şərq və qərb rəssamlığının tarixini, böyük sənətkarların yaradıcılıq prinsiplərini də öyrədirmiş. O vaxtlar bu gözəl xanım müasir Azərbaycan rəssamlarından Səttar Bəhlulzadə, Tahir Salahov və başqaları ilə yanaşı Avropanın və Amerikanın da məşhurlarının yaradıcılığından çox şeylər əxz elətdirirdi. Sovet rəssamlığının əsasını təşkil edən realist üslub gənclərin yaradıcılığında üstünlük təşkil etməsinə baxmayaraq , onlar impressionist , sürrealist və digər cərəyanları da mükəmməl bilir, bəzi əsərlərini bu üslublar üzərində işləyirdilər. Süzanna Əfəndiyeva ardıcıllarına Renato Qattuzo, Alvaro Sikeros, Pablo Pikasso... kimi müasirlərlə bərabər Salvador Dali , Van Qoq, Fransisko Qoyya və başqa dahilərin də sənət məktəblərini , yaradıcılıq üslublarını öyrədirmiş. Bütün bunlar barədə sonralar mənə atası gürcü , anası alman olan memar Yevgeni Suliko danışmışdı.
O vaxtlar bir müddət sonra Amerikadan göndərilən həmin rəsm əsərlərinin orijinallarını Süzanna müəllimə əlavələrlə birlikdə rayon mədəniyyət evinə bağışladı. Təbii ki, şərtlə. Bu şərtə görə mədəniyyət evinin geniş foyesində görkəmli bir guşə hazırlandı və həmin rəsm əsərləri illərlə bura gəlib-gedənlərin zövqünü oxşadı.
İndi nə Süzanna Əfəndiyeva var, nə onun yaratdığı məktəb, ənənə... Nə də onun yetirmələrindən kimlər qalıb , indi haradadırlar...
Qalan bu xatirələr idi. Canlı , işıqlı ,deyəsən bir az da əfsanəvi...
P.S . Mən bəlkə də səhhətim və ya eləcə tənbəlliyim səbəbindən Süzanna Əfəndiyevanın öz fotosunu əldə edə bilmədim.Sonralar buna nail olsam əgər , mövzuya yenidən qayıdaram. Yazıda verdiyim bu foto isə internetdən axtarıb tapdığım şərti bir oxşarlıqdır.