adalet.az header logo
  • Bakı 11°C
10 Aprel 2019 14:41
63770
LAYİHƏ
A- A+

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

İ.Şıxlı ədəbiyyat tariximizdə yeni bir səhifə açan sənətkarlarımızdandır. Hələ sağlığında ikən öz layiqli qiymətini almış bu böyük nüfuz sahibi özünə tələbkarlıqla yanaşan, üzərinə düşən məsuliyyətin ağırlığını bütün varlığı ilə dərk edən, əsərlərinin bədii cəhətdən mükəmməl və dolğun olmasına önəm verən istedadlı yazıçılarımızdan biri idi. Onun bir nasir kimi qələmə aldığı mövzular hər şeydən öncə öz bədiiliyi, rəngarəngliyi, aktuallığı, obrazların mürəkkəbliyi, özünəməxsus deyim tərzi ilə yaddaqalandır. Ötən əsrin ikinci yarısında ədəbiyyata gələn bu nadir istedad sahibi öz orijinal yazı tərzi, fərdi üslubu ilə təxəyülünün gücünə arxalanaraq insan xarakterlərini, onların psixologiyasını, mənəvi aləmini yenidən bədii idraka, obrazlı təfəkkürə çevirməyi bacardı.

İstər hekayə və povestlərində, istərsə də romanlarında o həmişə müasir idi. Bu müasirlik hər şeydən öncə onun qələmə aldığı mövzuların aktuallığı və həyatiliyi ilə bağlı idi. Çünki, yazıçının təsvir etdiyi mühit öz təbii gözəlliyi və milli xüsusiyyətləri ilə seçilirdi. Oxucu əsəri oxuduqca özünü bir anlığa təbiətin füsünkar gözəlliyi qoynunda hiss edirdi. Çünki yazıçı insanı təbiətin bir parçası kimi təsvir etmək bacarığına malik idi.

Təxminən on ilə yaxın gərgin yaradıcılıq məhsulu olan "Dəli Kür" (1968) romanı işıq üzü gördü. Bu əsər yazıçının öz oxucularına əvəzsiz töhvəsi idi. Bitkin süjet xəttinə malik və gərgin dramatik konfliktlərlə müşahidə olunan bu əsərdə yazıçı XIX əsrin sonlarına yaxın Azərbaycan kəndlərində baş verən ictimai və tarixi hadisələri önə çəkməklə yadda qalan insan obrazları və xarakterlər yarada bilmişdir.

Yazıçı XIX əsrin feodal-patriaxal kəndində hökm sürən özbaşınalığı, mülkədar-kəndli münasibətlərini, ictimai ədalətsizliyi, qadın hüquqsuzluğunu, ruhanilərin riyakarlığını, köhnə sxolostik təhsil sisteminin yararsız vəziyyətdə olmasını, çarizmin ucqarlarda xalqa zidd yürütdüyü siyasətini özünəməxsus bir şəkildə canlandıra bilmişdir.

Müəllif təkcə təbiət təsvirlərində yox, insan xarakterlərinin açılmasında da öz sənətkarlıq məharətini nümayiş etdirir, onların fərdi keyfiyyət və davranışlarını təbii boyalarla açıb göstərir. O, bir tərəfdən təsvir etdiyi mühitin ab-havasını, insanların yaşayış tərzini, onların təbiətlə vəhdətdə bədii təsvirini sərgiləyirsə, digər tərəfdən də həmin mühitin ictimai norma baxımından bir sıra xüsusiyyətlərini özündə cəmləşdirərək mərkəzi obrazın-Cahandar ağanın sosial fonda tipik surətini yaratmış olur. Yazıçının "mən"i, dünyagörüşü də bu obrazın dili ilə danışır. Bu obraz öz-özlüyündə ətrafda baş verən hadisələrin, insan fərdlərinin və müxtəlif yaşayış tərzinin dərkidir; o, bütün ruhu və qəlbi ilə əlçatmazlığın zirvəsində olmağa can atır. Onun istək və arzuları, duyğu və düşüncələri, məhəbbət və nifrəti, dünyaya baxışı məhz bu ucalıqdan boylanan mühitdədir.

Azərbaycan xalqının tarixi keçmişindən, onun başqa xalqlarla birlikdə zülm və zorakılığa qarşı azadlıq mübarizəsindən az yazılmamışdır. Düzdür, İ.Şıxlı da məhz bu ənənəyə müsbət münasibət bildirməklə əsərlərində müəyyən mənada öz sələflərindən bu və ya digər dərəcədə bəhərlənmiş, özündən sonra gələn sənətkarlar isə bilavasitə onun ənənələrini layiqincə davam etdirmişlər. Bununla belə yazıçı romanın əvvəlindən sonuna kimi öz orijnallığını qoruyub saxlaya bilmişdir. Bütün bunları nəzərə alaraq "Dəli Kür" romanı ruhən bir-birinə yaxınlığı ilə seçilən digər yazıçılarımızın əsərləri ilə onların oxşar və fərqli cəhətini həm paralel şəkildə müqayisə edəcək, həm də qarşılıqlı təhlilini verməyə çalışacağıq. Biz ilk öncə İ.Şıxlının "Dəli Kür" romanı ilə M.Şoluxovun "Sakit Don" romanı arasındakı oxşarlığı nəzərdən keçirəcəyik.

"Dəli Kür" romanında Göytəpə kəndinin ürək açan gözəllikləri, yaşıl vadiləri, çəmənlikləri,qıjıltı ilə axıb gedən Kür çayı, onun sol sahilində yerləşən qalın meşəlikləri, oradakı vəhşi yaşam tərzi o qədər canlı və reyal təsvir edilmişdir ki, oxucu bu gözəllik önündə heyranlığını gizlədə bilmir: "Axşamdan kəndin üstünə çökən duman çəkilmiş, səhərə yaxın, yağış çiləmişdi. Torpaq yolların və cığırların tozu xal-xal olmuşdu, çəmənliyin şehi parlayırdı... Hündür boz təpələri yarıb uçuruma çevirən Kür, meşənin yaxası boyu uzanıb gedirdi. Tez-tez köpüklənib daşan, yaz aylarında yatağına sığmayıb gah sol sahildəki meşəyə soxulan, gah da bəri üzdəki hündür yarğanları, biçənəkləri, ulğunları yuyub aparan Kür bu il daha coşqun idi..."

Biz təbiətin epik planda belə təsvirinə M.Şoluxovun "Sakit Don" romanında da rast gəlirik: " Melexovların evi Xutorun lap kənarındadır. Onların mal-qara pəyəsinin qapısı şimalda, Don çayına baxır. Burada balıqqulaqları sədəf kimi ətrafa səpələnmiş, dalğaların yuyub gözəlləşdirdiyi xırda çay daşları boz, əyri-üyrü haşiyə kimi uzanır, sonra küləyin ləpələndirdiyi Donun işıldayan göy sularına qarışıb gedirdi... Dan yeri ağarır, bozumtul səmada tək-tək ulduzlar seçilirdi. Buludlardan aşağıda külək əsirdi. Donun üstü ilə süzən duman atlı kimi çapır, təbaşirli dağların döşünə yayılır, oradan ilan kimi sürünə-sürünə sıldırım qayaların arasına girirdi. Çayın sol sahilindəki düzlər, qumsallıqlar, qobular, keçilməz qalın qamışlıqlar, şeh düşmüş meşə soyuq şəfəqlə parıldayırdı. Hələ boylanmamış günəş üfiqi qırmızı şəfəqə bürümüşdü..."

Hər iki əsərdə müəllif təbiətin ürək açan gözəlliklərini bədii boyalarla təsvir etməklə bir-birindən gözəl epitetlər, təşbehlər, metoforalar yaratmaqla bizi heyran edir. Oxucu gah baharın xoşbəxtliyə aparan gizli pıçıltısından, gah yaz vaxtı yatağına sığmayan Kürün boz-bulanıq qıjıltısından, gah da Donun "üstü ilə süzən dumanın atlı kimi çapıb" getməsindən estetik zövq alır.

Biz eyni zamanda "Dəli Kür" romanı ilə "Sakit Don" romanı arasındakı oxşar və fərqli cəhətlərinə də aydınlığ gətirməyə çalışacağıq.

Hər iki romanda təsvir olunan hadisələr coğrafi baxımdan ayrı-ayrı məkanda baş versə də, yazıçının qarşıya qoyduğu problemlər, onları narahat edən və düşündürən məsələlər müxtəlif zaman kəsiyində eyni bir müstəvidə öz bədii həllini tapmış olur. Romana verilən adlar isə obrazların əhval-ruhiyyəsi ilə yaxından səsləşir; onların duyğu və düşüncələri, arzu və istəklərilə bir vəhdət təşkil edir.

Cahandar ağa nə qədər igid və cəsur olsa da, o eyni zamanda bir o qədər zalım, qəddar, əzazil, təkəbbürlü bir obrazdır. Onunla müqayisədə Kür çayı da bir o qədər qəzəbli, yaz vaxtı "öz məcrasına sığmayan", "sahilini aşıb-daşan", "boz-bulanıqlı..." bir çaydır. Yazıçı ayrı-ayrılıqda yaratdığı bu lövhələrdə qəhrəmanın "dəli-dolu" olmasını, güc və qüvvəsinin təbiətlə birlikdə təsvirini verir.

Bundan fərqli olaraq "Sakit Don" romanında hadisələr bir qədər epik planda verilsə də, Melexovlar ailəsi öz ağıl və düşüncəsilə Cahandar ağadan fərqli olaraq təmkinli, sakit görünür. Qriqori istər ailədə, istər təsərrüfat işlərində, istərsə də atasıyla balıq ovuna gedəndə özünü sakit aparır, hərəkətlərinə nəzarət etməyi bacarır. Sanki o öz təmkinini, vüqarını, saflığını, "duruluğunu" sakit axan Dondan götürmüşdür.

Doğrudur, əsərin sonrakı hissələrində-vətəndaş müharibəsi dövründə qəhrəmanın düşdüyü vəziyyət bir qədər fərqli şəkildə təsvir olunsa da, biz Cahandar ağada gördüyümüz qəddarlığı Qriqoridə görmürük. "Dəli Kür" də Cahandar ağa kazaklar tərəfindən öldürülsə də, "Sakit Don" da Qriqori öz evinə sağ qayıdır.

"Dəli Kür" də Mələk xanım Cahandar ağa tərəfindən qaçırıldıqdan sonra Allahyar xəcalətindən camaat arasına çıxa bilmir. O, hansı yolla olursa-olsun Cahandar ağadan öz qisasın almaq üçün fürsət axtarır. Belə bir çətin vaxtda kənd ağsaqqallarından biri onu tikanlı sözlərlə sancaraq deyir: "Ay bala, namusu itə atıblar, it yeməyib, bəs sənin qeyrətin hanı? Niyə gedib arvadını axtarmırsan?"

(ardı növbəti sayımızda)

Vəliyulla Novruz