adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Aprel 2019 17:52
48946
LAYİHƏ
A- A+

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

(əvvəli ötən saylarımızda)

Yunus İmrə ilə mürşidi Şeyx Tapdıq arasında baş verən bir əhvalatı açıqlayan rəvayətdə deyilir: - Babalılardan Tapdıq İmrə dərvişi olduğu üçün ona :-Yunus, artık vaxtın erişmiştir. ... Elimdeki şu as?yı atıyorum, - demişdir. ... As? uçmuş, ta Yunusun doğduğu köye düşmüş. Yunus varmış, torpağa yüz sürüp teslim olmuşdur...

Bu rəvayətdə "əsanın uçub Yunus İmrənin doğulduğu kəndə düşməsi", şübhəsiz ki, onun doğulduğu kənddə dəfn edilməsinə işarədir. Yunus İmrənin Türkiyədə bir neçə, Azərbaycanda isə bir yerdə qəbrinin olması faktı onun doğru qəbrinin Qax rayonu Oncallı kənd Oğuz qəbristanlığında olmasına şəhadət verir.

Yunus İmrə yaradıcılığında qürbət və qəriblik mövzusunun geniş yer tutması çox çarpıcıdır. O, "Gəzdim Urum ilə Şamı, Yuxarı elləri hamı" deyərək dərviş həyatı keçirdiyini - qəribliyini etiraf edən, yağı kimi qarşısında sinə gərən qarlı dağa "Mən yarımdan ayrı düşdüm, sən yolumu bağlarmısan", salxım-salxım duran buludlara "Saçın hörüb mənim üçün için-için ağlarmısan", axan göz yaşlarına "Gözlərimin qanlı yaşı, irmaq olub çağlarmısan", sinəsini dəlib çıxmaq istəyən ürəyinə, söz eşitməyən, ipə-sapa yatmayan könlünə "Daşdın yenə dəli könül, sular kimi çağlarmısan" sualını verən və nəhayət, "Neylim əlim çatmaz yarə, bulunmaz dərdimə çarə, Oldum elimdən avarə, məni burda saxlarmısan" deyərək Tanrısına üz tutan, sonra da evi-eşiyi, yurdu-yuvası gəlib gözlərinin qabağında duran, yuxusuna girən sevgilisinə müraciətlə "Əsridi Yunusun canı, yoldayam illərin kanı. Yunus düşdə gördü səni, sayrumusan, sağlarmısan" şəklində sözlərini tamamlayan qəribdir:

Bir gərib öldü deyərlər,

Üç gündən sonra duyarlar.

Soyuq su ilə yuyarlar,

Böylə qərib mənim kimi.

(Bax, Yunis İmrə.Güldəstə. Şeirlər. Bakı, "Yazıçı", 1992. S.211.)

Və ya

Qalalı şəhrinmi qaldı?

Ya namus, arınmı qaldı?

Qürbətdə yarınmı qaldı?

Neyçün ağlarsan, bülbül, hey?!

(Bax, Yunis İmrə.Güldəstə. Şeirlər. Bakı, "Yazıçı", 1992. S.223.)

Elə bu misallardakı məzmununa diqqət yetirək. "Qürbətdə yarınmı qaldı" sualına gəldikdə isə, təbiidir ki, sufiyanə şəkildə belə bir sual verilə və yaxud "yarın qürbətdə qaldı" deyilə bilməz. Çünki ona yar olan Allah daim onunladır. Məncə əlavə şərhə ehtiyac yoxdur. Söhbət dünyəvi qəriblikdən gedir.

Azərbaycanda olarkən 2010-cu

il 17 avqust tarixində Türkiyə Cümhuriyyətinin o zamankı Prezidenti Abdullah Gülün, daha sonra Türkiyə Cümhuriyyətinin o zamankı Baş naziri və indiki Prezidenti Rəcəb Tayyib Erdoğanın və başqalarının məhz bu yerdə Yunus İmrənin qəbrini ziyarət etməsi yuxarıda deyilənlərin doğruluğuna dəlalət edir. Yunus İmrə həm də "Bu fənada bir gəribsən, gülme, gülme, ağla, könül" deyərək heç vaxt qərib olmayacağı axirət dünyasına üz tutan, "haqdan enən şərbəti içən, qüdrət dənizini keçən, ... quru ikən yaş olub, ayaq ikən baş olub, qanadlanıb quş olub uçan" qəribdir.

Unutmayaq ki, irfani ədəbiyyat türk təfəkkürü və ruhu ilə yoğrulduqca dini və dünyəvi görüşlərin sintezi kimi inkişaf etməyə başladı. Musəvilikdən, İsəvilikdən və Məhəmmədilikdən çox-çox əvvəl soy-kökünü "Günəş şüasında", "Ay işığında", "Qaba ağacda", "Tülü quşun yavrusunda", "Qağan aslanda", "Göy börüdə" görən türk (Təbiidir ki, müxtəlif millətlərdə soy-kökə baxış müxtəlif ola bilər) Yaradanı və yaradılanı, özünü və dünyanı dərk etməyi kamillik hesab edirdi. Türk sufizmindəki "Kamil İnsan" konsepsiyası məhz buradan qidalanırdı və onun kökü çox-çox dərinlərdə idi. Avroədəbiyyatşünaslığın ən yeni saydığı modern ədəbiyyatdakı dekadentizm, irrealizm, sürrealizm, kubizm, dadaizm, eqzistensializm, abstraksionizm əlamətləri və modernin davamı olan postmodern ədəbiyyatakı digər göstəricilər farscada Cəlaləddin Rumi, türkcədə Yunus İmrə yaradıcılığında öz əksini lap çoxdan tapmışdı. İndi Batı elmi və Batı fəlsəfəsi də dünyanı dərk etmək üçün insanın əvvəlcə özünü dərk etməsinin zəriri olduğunu etiraf edir və "super insan" fəlsəfəsini ortaya atır.

Görünür ki, fəlsəfi düşüncələr də bumeranq kimidir -onların da atılma və qayıtma zamanları vardır.Budur, bundan neçə yüz il əvvəl Yunis İmrənin üzünü bütün dünyaya tutub

Ondan gözəl nə vardır?

Hər kəs dərk edə özün.

Özünü bilən adam

Olar hamıdan üstün.

(Bax, Yunis İmrə.Güldəstə.

Şeirlər. Bakı, "Yazıçı", 1992. s.150.) səklində dediyi sözlər indi bumeranq kimi özümüzə qayıtmaqdadır.

Ünlü ədəbiyyat uzmanı Ahmet Kaytançının "Gerçi Mevl?n? gibi Yunus Emre de hiç bir tar?katın dar sınırlarına tıkılamaz" (Ahmet Kabaklı.Türk edebiyatı. II c. İstanbul,1997.s.309.; ) fikrinə qüvvət olaraq, onun bütün xalqlara və millətlərə eyni sevgi ilə yanaşdığını göstərən "Yetmiş iki millete kurban ol ?şık isen" sözlərini misal gətirirəm.

Böyük sufi Yunus İmrə insanlığa xələl gətirəcək hər hansı bir hərəkəti günah saymış, məzhəb-məzhəb, təriqət-təriqət, inanc-inanc bölünməkləri bəs deyilmiş kimi, üstəlik təbəqə-təbəqə ayrılmaqları insanların (Çox təəssüf ki, indi də belədir) biri-birinə zillənən qanlı baxışlarını, qıcanmış dişlərini gördükcə dünyaya göz dikənlərin korluğuna acımışdır. Xristianlığına salan xristianlar, yəhudiliyinə salan yəhudilər, müsəlmanlığına salan müsəlmanlar, bütpərəstliyinə salan bütpərəstlər dünyasına baxdıqca, az qala, axır zamanın oluduğunu zənn etmişdir:

İşidin, ey ulular, ?hır zaman olmuştur.

Sağ müslüman seyrektir, o da güman olmuştur.

Danışman okur tutmaz, derviş yolun gözetmez.

Bu halk öğüt istemez, ne sarp zaman olmuştur.

Gitti beyler mürveti, binmişler birer atı,

Yediği yoksul eti, içtiği kan olmuştur.

Birbirin yavuz sanır, ettiği kalır sanır,

Yarın məşhər gününde işi yaman olmuştur.

Ey Yunus, imdi senin aşk ile keçe günün,

Sevdiğin çünki senin canına can olmuştur.

(Bax. Ahmet Kabaklı.Türk edebiyatı. II c. İstanbul,1997.s.340.)

Yunus İmrəyə görə, olur gündən ölür günə qədər olan zaman kəsiyi bir ayrı, "əcəl hökmü gələn gündən qiyamətə qədər" olan zaman kəsiyi isə bir ayrıdır. Anlardan başlayıb bir gecə və bir gündüz ölçüsündə olan zaman kəsikləri şəklində başlanğıcına və sonuna görə təkcə Yaradana məlumdur.

***

Yunus İmrənin divanı ölümündən 118 il sonra Mahmud Mustafa bin Xan adlı bir şəxs tərəfindən tərtib edilmişdir. Bu divan 412 şeirdən ibarət olmuşdur. Onu prof. F. Köprülü və prof. Abdulbaqi Gölpınarlı nəşr etdirmişlər. Rəvayətə görə, onun 3 min şeiri var imiş. Necə olursa, bu şeirlər Şirvanlı Molla Qasımın əlinə keçir. O, şeirləri oxuyub şəriətə uyğun gəlməyənlərini yandırırmış, yorulduğu üçün 1000 dənəsini də suya atıbmış. Birdən "Dərviş Yunus, bu sözü əyri-büyrü söyləmə. Səni sığaya çəkən bir Molla Qasım gəlir" beyti onun diqqətini cəlb edir. Təəssüf ki, bu zaman onun əlində Yunis Əmrənin təkcə min beyti (Ətraflı məkumat üçün bax.Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, "Avrasiya press", 2006. Səh.363., Maarifə Hacıyeva. Yunus İmrə və Molla Qasım."Ədəbiyyat qəzeti". 28 noyabr 2008-ci il.) qalmış imiş.

Yunus İmrə yaradıcılığı özündən sonraki ədəbiyyata təkcə forma və struktur baxımından deyil, həm də mövzu və məzmun baxımından da təsir göstərmişdir. Bu mənada Yunus İmrə yaradıcılığının İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai yaradıcılığına təsiri inkar edilməzdir. Zarafat deyil, burada söhbət Yunus İmrəyə xas olan "ağılları çaşdıran, dəryaları daşdıran, gözləri qamaşdıran qüvvətli bir eşq"dən (Bax. Yunis İmrə. Güldəstə.Şeirlər. .s.71-72.) gedir.

Dini, elmi və ədəbi düşüncənin daha yuxarı qatına qalxmaq imkanı yaradan və ən yüksək idrak mərhələsinə gedən yol tarixən həm də irfani ədəbiyyatdan keçmişdir desəm, Azərbaycanda sovet dönəmində heç vaxt etiraf edilməmiş bir həqiqəti etiraf etmiş olaram.

Bu ədəbiyyat qənaətlər və nəticələr ədəbiyyayıdır. Yunus İmrə bir dəfə "Bilirim seni, yalan dünyasın . Evliyaları alan dünyasın. Kaçan kurtulsa, kuş kurtulardı, Şahin kanadın kıran dünyasın. Sevdiyim aldın, beni ağlattın. Dönüp yüzüme gülen dünyasın" deməklə bu günə qədər ən sünlü şairlər və aşıqlar "Yalan Dünya" şeirləri yazmaqdadırlar.

(ardı növbəti sayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

ADPU Şəki filialının baş müəllimi