adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

SARALMIŞ CƏMİYYƏT

FƏRİDƏ RƏHİMLİ
20531 | 2018-12-01 00:12
Günümüzün ən vacib məsələlərindən, mən deyərdim problemlərindən biri, millət olaraq bir-birimizə, hətta özümüzün özümüzə olan laqeydliyimizdir. Bir vaxtlar Avropa ölkələrini misal çəkərək insanların bir-birinə qarşı soyuq münasibətlərindən bəhs edən yazıları oxuyanda, danışılan söhbətləri eşidəndə inanmırdım ki, bu hal belə sürətlə bizə də yansıyacaq. Bu gün Şərqdən mənimsədiklərini inkişaf etdirərək özününküləşdirən, bizlərə isə lazımsız olanlarını sırıyan Qərb istədiyinə nail olur. Milli adət-ənənə, Şərq mədəniyyəti, mentalitet deyilən nəsnə çoxdan eroziyaya uğrayıb.
Kəndlərdə də "inkişaf etməyə" başlayan bu hal insanı məyus etməyə bilmir. Artıq şəhərdə qonşu qonşunun qapısını açmır, bəzən heç divarın o üzündə kimin yaşadığını bilmir, maraqlanmır. Hətta qarşılaşanda salam belə vermirlər bir-birlərinə.
Küçədə diqqət etmisinizmi kimsə kimsənin üzünə baxmır. Hamı aqressiv, açıqlı, harasa tələsən... Əksəriyyətin amacı cüzi maddi qazancdır - alayarımçıq gündəlik tələbatı qazanmağın yollarını fikirləşmək.
Burda bir haşiyə çıxmaq istərdim: Tanıdığım zərif xanımlardan biri ömründə bir dəfə avtobusa minməli olur. Yanında arxası ona tərəf ayaq üstə duran oğlan uşağının üzünə baxmadan əllərini uzadıb ortasından götürərək qucağında otuzdurur. Bir qədər getdikdən sonra düşməli olduğu üçün ayağa qalxmaq istəyir və qucağındakı uşağı yerə qoyarkən dəhşət onu götürür: bayaqdan qucağında apardığı "uşaq" bığlı-saqqallı karlik kişiymiş!!!
Anladığım qədəriylə, heç karlik adam da dönüb onun üzünə baxmamışdı...
Metroda, avtobusda hər gün rastlaşdığım insanların üzlərindəki narazılıq, ümidsizlik və acıqlarını bir-birinə ötürmə halıyla demək olar ki, hər gün rastlaşıram. Laqeydlik isə bütün bu olumsuzluqların önündə gedir. Əvvəllər birinin halı pisləşsə, hərə bir tərəfdən yardım etməyə çalışardı... Necə gözəlliklər məhv olur gözlərimiz önündə!
"Elmlər Akademiyası" metrosuna gedən yolda bir kişi dayanır. Dilənir demək istəmirəm, çünki nə səsi çıxır, nə də başını qaldırıb kimsəyə baxır. Büzüşüb başını aşağı salaraq qarşısına qoyduğu qutuya baxır. Rəngi sapsarıdır - sarılıq, ya da serroz xəstələri kimi görünüşü var. Elə xəstə bir görkəmi var ki, yəqin ki, əlacı olsa evdən çıxmaz. Dünənki adamı ordan-ora vuran küləkli havada nazik geyiminə, üstəlik də xəstə görkəminə baxaraq ürək ağrısıyla fikirləşdim ki, bu adam yemək üçünmü dilənir, dərmanları üçünmü?!
Hər dəfə ordan keçəndə "Şükür, hələ sağdı!", düşünürəm. Və hər dəfə onunla rastlaşanda harınlıqdan yüz oyunlardan çıxan haram yeyənlər, haram yedirənlər də gəlir gözümün önünə. Zərrə qədər vicdanları olsa, elələrinə kömək göstərsələr... axı onun bir il üçün, bəlkə hətta bir ömür boyu umduğunu o harınlar bir neçə gündə xərcləyirlər.
Bir "Səni deyirlər"i səsləndirmək üçün ən az bir onluq bağışlayan - dəyərsiz müğənniləri qudurdub başımıza çıxaran da bizik, aclıqdan ölənləri dilənçi durumuna salan da...
Həkimlərimiz var, saysız-hesabsız. Biri yaxınlaşıb, ona öz xidmətini təklif edə bilər. Eləcə, Allah xatirinə... Bir ucdan "oxudub" yollayırlar üstümüzə. "Keçmədiyi dərslər"i üzündən sağ ayağı qoyub sol ayağı kəsirlər, ürək xəstəsini mədə həkimi müalicə edir. Pulu çox alsın deyə normal doğuşun mümkün olmayacağını deyib, "qeysəriyyə" üsulunu seçir, ən adi bir şişi xərçəng deyib, analizlər, şüalar, kimyəvi terapiyalarla xəstəni soyub soğana çevirən, sonra da "xərçəngi sağaldan həkim kimi tarixə düşən"...
Göz önündə məhv olur, ölür kimsəsiz adam. Hər kəs də laqeydcəsinə baxır (baxmır), ötür... Amma hər kəs bir gün onun yerində ola bilər... elə o harınlar da!
O saralmış xəstə kişi bizim cəmiyyətin simvoludu.

TƏQVİM / ARXİV