SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: SEVİLƏ-SEVİLƏ GEDƏN DƏRD

  17501   |  
Şriftin ölçüsü  

… Deyirlər ki, Allah sevdiyi insanları müxtəlif çətinliklərlə, xəstəliklərlə imtahan edir. Daha doğrusu, yoxlayıb görür ki, bəndəsi çətin anda, sıxıntılı məqamda ona sadiqdir, ya yox?! Əgər sadiqdirsə, Allahı sevirsə, Yaradan özü yenə onu o çətin, o mürəkkəb durumdan xilas eləyir. Şükürlər olsun ki, Allah-Təala öz bəndəsini həmişə qoruyur. Təki sən Ulu Yaradandan nəsə istə. Sidqi ürəkdən istənilən hər hansı bir arzunu Allah-Təala gec-tez insana gerçəkləşdirir…

Yazını bu notlar üstündə başlamağım heç də elə-belə deyil. Qurban olduğum Ulu Yaradan həmişə məni və doğmalarımı ən ağır anlardan, ən ağır məqamlardan, ən çətin sınaqlardan qorumağı bacarıb. Və biz də düşünmüşük ki, Allahın köməkliyi olmasaydı, biz o bəladan xilas ola bilməzdik. Necə ki, üç il bundan əvvəl qardaşıma ürəyi ilə ilə bağlı Bakıda ölüm diaqnozu qoymuşdular. Yəni demişdilər ki, bunun cəmi-cümlətani üç ay ömrü var. İncidib eləməyin, qoyun öz ömrünü yaşasın, sakitliklə hər şeyi başa vursun. Hətta təyyarəyə də mindirməyi məsləhət bilmirdilər. Tanınmış həkimlər deyirdilər ki, təyyarəyə mindirsəniz, o dəqiqə dünyasını dəyişəcək. Ancaq Allahın köməkliyi ilə biz təyyarəyə də mindik, İstanbula da getdik. Orda kardioloq-cərrah Mehmet Sultan Bilal qardaşımın ürəyində apardığı möcüzəli əməliyyat nəticəsində o tezliklə sağaldı. Və İstanbuldan evimizə böyük sevinclə qayıtdıq. İndi qardaşım maşallah, lap yaxşıdı. Kefi qalxanda 250 qram araq vurur, hətta siqaret də çəkir.

… Bir neçə gündür bir az narahatlığım vardı. Buna son qoymaq üçün dörd il bundan əvvəl ödümdə əməliyyat eləmiş tibb elmləri doktoru Müşfiq Həsənovla telefon əlaqəsi yaratdım. Ümumiyyətlə, Müşfiq Həsənov çox böyük ürək sahibidir və həmişə də kimsəsiz adamlara arxa durub. Və mən də onu özümə arxa saymışam. Ümumiyyətlə, mənim həkim sarıdan deyəsən bəxtim gətirib. Əgər belə olmasaydı, beş əməliyyatdan sağ-salamat çıxmazdım. Həkim dostlarım – tibb elmləri doktoru, kardio-cərrah Firdovsi İbrahimov, tibb elmləri doktoru Müşfiq Həsənov, tibb elmləri namizədi Rafiq Yusifli, həkim İdrak Həsənov və eləcə də proktolok Aynur xanım mənim həyatımda çox böyük önəmli rol oynayıblar. Yəni Allahdan sonra onlar məni həyata qaytarıblar. Buna görə göydə Allahıma, yerə həmin həkimlərə borcluyam…

… Axı dedim, Müşfiq Həsənovla əlaqə yaratdım. Dünən səhər saatlarında işlədiyi özəl klinikaya getdim. İki il idi onunla görüşmürdük. Düzdür, telefon danışıqlarımız olurdu, bayram günlərində bir-birimizi təbrik eləyirdik. Amma bu dəfə Müşfiq həkimin çöhrəsində çox böyük bir nur gördüm. Əvvəlcə tibb elmləri doktoru adı alması münasibəti ilə onu təbrik elədim. Düzdür, telefonda təbrik etmişdim. Ancaq o vaxtdan bəri görüşümüz olmurdu. Bizim millət də belədi də işimiz düşməsə heç kimi axtaran deyilik. Axı mən də azərbaycanlıyam.

… O məni həmişə təmənnasız müayinə və müalicə edib. Ancaq əməliyyata gələndə isə mütləq özəl klinikaya lazımi vəsaiti köçürməlisən. Bir qədər hal-əhvaldan sonra Müşfiq həkimə səhhətimdə yaranmış problemlə bağlı söhbət açdım. Söhbətin qurtarmağına imkan vermədi. Ayağa qalxdı və qonşu otağa keçməyimi məsləhət bildi. O, qonşu otaqda məni müayinə etdi. Sonra da dedi ki, səndə sivişin problemi yenidən yaranıb. Mən də üç il bundan əvvəl həmin xəstəlikdən Gömrük Hospitalında əməliyyat olunmuşdum. Bu sözləri deyəndən sonra həkim dostum gördü ki, mən həyəcanlanıram, tez də əlavə etdi: «Dədə, qorxub eləmə ey, bu xəstəlik heç kimi öldürmür. Sadəcə olaraq, hər bir xəstəliyə pasiyent diqqətlə yanaşmalıdır. İndi mən sənə dərman yazaram, o dərmanları alıb bir ay qəbul edərsən. Bir aydan sonra bir də müayinə edərik, baxıb görərik nə kimi dəyişikliklər var. Ondan sonra əməliyyata ehtiyac olunub-olunmamasına qərar verə bilərik. Yenə deyirəm, heç nədən qorxub eləmə, çətinliyin olsa zəng vur. Bil ki, sən tək deyilsən!»

Vallah, bu cür təmənnasız həkimləri görəndə, onların şəfaverici söhbətlərini eşidəndə adam sanki hər şeyi unudur. Hətta xəstəlik də yadından çıxır. Və mənim özüm də heç vaxt hər hansı xəstəlikdən qorxub eləyən deyiləm. İnsan yarandığı gündən ömrünün son anına qədər mübarizələrin ağuşunda olur. Mübarizə aparırsa, həmin problemi qatlayıb qoyursan dizinin altına. Zəiflik göstərirsənsə, o məsələ sənin axırına çıxır. Mən də elə zəif iradəli adam deyiləm və az yaşım da yoxdu. Dünyanın hər üzünü, hər sifətini, hər rəngini görmüşəm. Və indən sonra nə də görsəm, Allaha and olsun ki, təəccüblənib eləyən deyiləm. Çünki bu dünya ki var, hər şey ola bilər. Və mən də o hər şeyə hər dəqiqə, hər an hazıram.

Əvvəlki yazılarımda da qeyd eləmişəm. Allah-Təala məni nə az, nə çox düz 15 dəfə ölümdən qurtarıb. Hələ 5 yaşımda ikən maşının kabinəsini açıb Araz çayına düşmək istəmişəm, həmin anda atam rəhmətlik bir anlıq özünü çatdırıb və paltarımdan yapışıb suya düşməyə qoymayıb. Vallah, bilmirəm hansı birini deyim. Üç-dörd dəfə gürzə ilanı məni vurmaq istəyib, xoşbəxtlikdən və Allahın böyüklüyündən hər şey yaxşı qurtarıb. Üç-dörd dəfə çayda, göldə, dənizdə boğulmuşam, ancaq məni ölməyə qoymayıblar. Və birində Əhəd əmimin oğlu İbrahim məni kəndin üstündəki kanalda boğulmaqdan xilas edib. İki-üç dəfə də avtomobil qəzasına düşmüşəm. Onda yanımdakılar ağır xəsarət alsa da, mən yüngül zədə ilə canımı qurtamışam. Mən qurtarmamışam ey, mən nə karəyəm ki, canımı qurtaram. Mənə can verən, nəfəs verən, həyat verən Allah-Təala qurtarıb. Məgər bunlar azdı? Əgər bu hadisələr vaxtı dünyamı dəyişsəydim, nə mənim ailəm olardı, nə uşaqlarım, nə də nəvələrim. İndi şükür Allaha, gözəl ailəm var, övladım var, iki də qəşəng nəvəm: Sədaqət və Tunar! Onlar da Horadiz şəhərindəki 1 nömrəli tam orta məktəbdə oxuyurlar. Sədaqət 8-ci sinifdə, Tunar da 4-cü sinifdə təhsil alır. Hər ikisi dərs əlaçısıdır. Min şükür bunlara!..

Qurban olduğum yenə məni sınağa çəkibsə, bu Yaradanın öz işidi. Və həmşə də bu sınağa, bu imtahana hazır olmuşam. İnanın, ən ağır əməliyyata gedəndə belə özümdə elə qeyri-adi güc hiss eləmişəm ki, sanki əməliyyata yox, toy-bayrama gedirəm. Bax, bunları da mənim qəlbimdə, ürəyimdə yaradan qurban olduğumdu. Onun izni olmasa, nə bir addım ata bilərəm, nə qurtum su içərəm, nə də səhəri açaram.

… Və mən şükür eləyirəm ki, Allahım məni tez-tez sınağa çəkir. Nə qədər tez-tez sınağa çəksə də, yenə ona böyük sevgim, böyük məhəbbətim var. Çünki bilirəm ki, sonda Allah sevdiyi bəndələri sınayır, sadiq olduğunu bilir, səbrinə güvənir və bundan sonra yenidən onu sevindirir. Min şükür Allahın mənə verəcəyi dərdə və sevincə! Onun bəxş etdiyi dərdi də mən həmişə sevinc kimi qəbul edirəm, sevə-sevə, əzizləyə-əzizləyə öz dünyamda yaşadıram. Bu kədər, bu dərd necə sevilə-sevilə gəlibsə, eləcə də sevilə-sevilə qayıdıb gedir…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK