adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Dekabr 2017 23:03
32074
LAYİHƏ
A- A+

ƏSİR ABİDƏLƏR

Bu gün Azərbaycanın işğal altında olan torpaqları barəsində düşünəndə istər-istəməz yeraltı və yerüstü sərvətlərimiz, əslində həm də bizim kimliyimiz yada düşür. Çünki milləti, xalqı, ümumiyyətlə, coğrafi məkanın sakinini dünyaya tanıdan onun maddi-mənəvi dəyrələridir. Bax, bu mənada xalqımıza məxsus olan yeraltı və yerüstü sərvətlər, onların sırasında isə insanın zəkasının məhsulu olan abidələr xüsusi bir yer tutur. Bu abidələrin sırasında ucaldılmış qalalar, ayrı-ayrı daş heykəllər, məqbərələr, pirlər, minarələr, eləcə də körpülər, qəsrlər və sairə özü-özlüyündə danışır, təqdim edir.
Bu gün barəsində danışmaq istədiyim abidələr bir zamanlar Dağlıq Qarabağ kimi təqdmi edilən, əslində isə Qarabağın dağlıq hissəsinə aid bir əraziyə məxsusdur. Yəni Sovet dönəminin Hadrud və Martuni rayonlarının ləğvindən sonra yaradılmış Xocavənd rayonu ərazisindəki abidələrin taleyi diqqətçəkəndir. Bu da öz növbəsində tariximizin ən qədim dövrünə gedib çıxan, həmin dövrdən bu günümüzə işıq salan Azıx mağarası ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, məhz dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarası məhz Xocavənd rayonu ərazisində, Azıx kəndinin yaxınlığında yerləşir. Ümumiyyətlə, bu rayonun ərazisində ən qədim insan məskənləri kimi təkcə Azərbaycanın tarixində yox, həm də dünya tarixində qeyd olunmuş Azıx və Tağlar mağaraları var ki, bunların hər biri ayrı-ayrılıqda coğrafiyamızın, bütövlükldə Azərbaycanın qədimliyini, onun maddi-mənəvi dəyərlərinin çalarlarını, özündə ehtiva edir.
Bu gün işğal altında olan və ermənilərin də dünyaya hay-küy salmaqla erməni abidəsi kimi təqdim etməyə çalışdıqları Azıx mağarası Azərbaycanın tanınmış arxeoloqu mərhum professor Məhəmmədəli Hüseynov tərəfindən 1960-cı ildə aşkarlanmış və dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən bu mağara tətbiq olunmağa başlamışdır.
Mağara 6 otaqdan ibarətdir. Onun içərisində aparılmış qazıntılar sübut edir ki, tariximizin paleolit dövrünə aid olan bu abidə özündə çox sirlər gizlədir.
O sirlərdən biri də bu ərazidə insanların məskunlaşması, oddan, eləcə də digər materiallardan istifadə etmək qabiliyyətlərini büruzə verir. Çünki mağarada hələ 1968-ci ildə tapılmış insanın alt çənə sümüyü sübut etmişdi ki, bu mağara həm də insanlar üçün bir sığınacaq olub. Onlar burada yaşayıblar. Mağaranın içərisində ocaq yerləri də dediklərimizə əyani bir sübutdur. Alimlərin hesablamalarına görə, tarixin Aşel dövrünə aid olan tapıntıların 400 min il yaşı var.
Və qədimliyinə, yaşına görə, mağara dünyada 3-cü ən böyün tarixi abidədir. Bunun özü də Azıx mağarasının tariximiz üçün nə qədər önəmli olduğunu aşkar şəkildə büruzə verir.
Hələ professor Məhəmmədəli Hüseynovun rəhbərlik etdiyi dövrlərdə Azıx mağarasında aparılan qazıntılar və bu qazıntıları müşahidə etmiş bir yerli sakin kimi əminliklə deyə bilərəm ki, tapılan hər bir maddi mədəniyyət nümunəsi özü-özlüyündə çox mətləbləri açırdı. Sanki sirlər dünyasına işıq düşürdü. Xüsusilə mağaradakı 10 mədəni qat sübut edirdi ki, insanlar bu mağarada uzun zamanlar yaşamışdılar. Və onların da istifadə etdikləri müəyyən əşyalar, alətlər Azıx sakinlərinin ovçuluqla, balıqçılıqla məşğul olduqlarını büruzə verirdi.
Bir məqam da diqqəti çəkir ki, mağaranın içərisndə aşkarlanmış ocaq yerində çox böyük miqdarda yandırılmış tonqalların külü və kömürü qalmışdır. Deməli, bu mağaraya sığınan insanlar qaladıqları ocaqlarla həm isinmiş, həm də burada öz qidalarını, ərzaqlarını hazırlaya bilmişdilər.
O ki qaldı tapılan insanın alt çənə sümüyünün araşdırılmasına və eləcə də mağaradakı mədəni qatlara, onların əsasında alimlər belə bir qənaətə gəliblər ki, mağara sakinləri, yəni Azıx adamları bir milyon il bundan öncə Azərbaycan ərazisində məskunlaşıblar. Bu fakt həm dünyaya, həm də dünyanın ikili standartlarla yanaşdığı bizim torpaqlarımızı işğal etmiş düşmənə sübut edir ki, Azərbaycan torpağı neçə-neçə əsrləri arxada qoymaqla bir şanlı tarixin səhifələrinin yazılmasına da şərait yaradıb.
Yəni bu ərazilərin sakinləri öz kimliklərini abidələrdə ifadə etməklə onu tarixin yaddaşına da hopdurublar.
Azıx mağarası ilə yanaşı, Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində Tağlar mağarası da 1963-cü ildə aşkarlanıbdı. Təbii ki, Azıx mağarası ətrafında aparılan araşdırmalar, tədqiqat işləri zamanı ondan çox da uzaqda olmayan Tağlar mağarasının da sirri bəlli olubdu. Yəni arxeoloqlar məhz Azıx mağarasında işləyərkən belə bir sığınacağın, bir az da dəqiq ifadə etsək, yaşayış məskəninin ətrafında da başqa sığınacaqların olması ehtimalı ilə ərazini daha geniş şəkildə öyrənməyə başlayıblar.
Nəticədə də tarixin mustye mədəniyyətinə aid olan Tağlar mağarası aşkarlanıbdı.
Həmin mağarada aparılan qazıntı işləri zamanı məlum olub ki, burada 7 mindən çox da alət, 2 mindən çox heyvan sümüyü var. Yəni mağaranı öyrənən arxeoloqlar bu tapıntılarla Tağlar mağarasında 6 mədəni qatın olduğunu üzə çıxarıblar. Həmin o mədəni təbəqələr və xüsusilə ocaq yerləri, heyvan sümükləri, alətlər göstərir ki, Tağlar mağarası öz sakinləri tərəfindən çox uzun illər istifadə edilib. Alimlərin gəldiyi son qərar budur ki, Tağlar mağarası təkcə Azərbaycanda yox, bütün Qafqazda və eləcə də Yaxın Şərqdə yeganə tarixi abidədir ki, buradan insanlar çox uzun zaman kəsiyində sığınacaq kimi istifadə ediblər.

(Ardı var)

Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ