SON DƏQİQƏ:

«YAXŞI Kİ, HEÇ KİMƏ QALMIR BU DÜNYA»

  35601   |  
Şriftin ölçüsü  

İstedadlı şair-publisist Asif Talıboğlu ilə çox yaxın dostluq eləmişik – çörək kəsimiş, su içmişik və bir-birimizin xeyir-şərində olmuşuq. Elə bu gün də dostluq davam eləyir. Mən çox adamlarla «Ədalət»də işləmişəm. Amma onların heç birində Asifdə olan qeyri-adi xarakteri, sədaqəti, səmimiyyəti görməmişəm. Çünki Asif Talıboğlu dağlar oğludur. O dağlar kimi də mərd, mübariz, əyilməz və dərdini-kədərini heç kimə bildirməz. Bəlkə də dünyada Asif müəllim qədər dərdə dözümlü, səbrli və hər şeyi öz iç dünyasında arana-dağa aparıb gətirən ikinci bir adam çətin tapılar. Asif Talıboğlu çətin günün, ağır günün, insanın tənha qaldığı anların dostudur. Heç mənim ona elə bir yaxşılığım da keçməyib. Bunu nəyə görə deyirəm? Bir dəfə cərrahiyyə əməliyyatına gedirdim. «Gənclik» metrosunun üstündə onunla rastlaşdım. Gördü ki, rəngim-ruhum avazıyıb. Soruşdu ki, sənə nə olub? Gizlətdim. Çək-çevirdən sonra hər şeyi açıb danışdım. Dedim ki, sabah əməliyyat olunacam…

İnanın, o, mən əməliyyat olunan günü dincəlmədi. Gəlib həkimin qapısının ağzında durub nəticəni gözləyib. Əməliyyat uğurla alınandan sonra həyat yoldaşım dedi ki, Asif müəllim sən əməliyyat olunub qurtarana qədər əyləşmədi. Nə çay içdi, nə də rahatlıq tapdı. Sabahı gün isə reanimasiyadan məni çıxarıb palataya apardılar. Axşam saat 5-də qardaşımdan da, bacımdan da tez Asif mənim başımın üstünü kəsdirdi. Özüm də onun bu sədaqətinin, etibarının qarşısında məəttəl qaldım. İki daşın arasında yastığımın altına pul da qoydu. Sonra alnımdan öpüb dedi ki, səni çox yormaq istəmirəm və çöldə də ziyarətinə gəlmək istəyənlər çoxdu. Xudahafizləşib getdi…

Barmağımın beşini bal eləyib ağzına soxduğum adamların heç biri o ağır anda məni axtarmadı. Ancaq heç vaxt yaxşılıq eləmədiyim, arxa durmadığım Asif Talıboğlu doğmalarım qədər və bəzən də onlardan artıq mənim başımın üstə yarpaq kimi əsdi…

Sözümün canı odur ki, o nə danışırsa, nə deyirsə hamısı tam səmimidir. Axı bayaq dedik, o dağlar oğludur. Qubadlının Mollu kəndində dünyaya göz açıb. Asif müəllim Qarabağ müharibəsinin ilk günlərindən əlinə silah alıb ermənilərə qarşı döyüşüb. Özü də elə-belə batalyon komandiri olamyıb. Yəni hər an ölümün içində, ağuşunda olan bir insan son gülləsinə qədər yağılarla döyüşüb. Sonra Bakıya gəlib, müxtəlif mətbuat orqanlarında çalışıb və bizim qəzetdə işləyib.

Onun bir-birindən gözəl publisist yazıları, şeirləri var. Və nə yazıqlar ki, Asif Talıboğlu qələmə aldığı şeirlərinin çoxunu ona-buna pay verib və hədiyyə edib. Və hədiyyə etdiyi bu şeirləri də indi məşhur xanəndələr ifa edirlər. Yəni Asif Talıboğlu istəsəydi indiyə qədər 20-30 şeirlər kitabı dərc etdirərdi. Onun ilk şeirlər kitabı «Dağlara deyin ki…» olub.

Bu yaxınlarda isə Asif müəllim dostlar onu danlayandan sonra hərəkətə gəlib və yazdığı şeirləri toplayaraq «Yaxşı ki, heç kimə qalmır bu dünya» adı ilə çap etdirib. Kitabın redaktoru gözəl insan, yaxın dostumuz və ziyalı Mahir Baratoğludur. Kitabda Asif Talıboğlunun bir-birindən gözəl, lokanik və poetik şeirləri çap edilib. Onların bir çoxunu sizin diqqətinizə çadırıram: «Yaxşı ki, heç kimə qalmır bu dünya», «Dostlar bəsimdir-bəsim», «Doğulmuşam mən», «Atalar», «Ay qubadlılar», «Anam yaman qocalır», «Anama dedim», «Oğul heyyy!..», «Bir kənd yaman xiffət çəkir», «Qaytar məni viran olmuş kəndimə», «Bu dünya», «Kişilər», «Ayağımı sürüyürəm», «Qocalanda», «Bağışla məni»… Şeirlərin sayını artıra da bilərik. Amma mənə elə gəlir ki, elə bir şeir də çox şey deyə bilər.

Asifin «Yaxşı ki, heç kimə qalmır bu dünya» şeiri öz fəlsəfi dərinliyi, poetik düşüncə tərzi və oxucuya aşıladığı ideya ilə tamamilə fərqlənir. Bu şeirdə insanlara bir daha çatdırılır ki, heç də hər şey biz düşündüyümüz kimi deyil. Kim olursan ol, axır ki, adam ol! Amma görünür neçə-neçə böyük şairlərin insanlara göndərdiyi mesaj hələ də onları kamilləşdirə bilməyib. Şeirin son bəndinə diqqət yetirək:


Talıboğlu, ömür keçir, bu bəlli,

Tutma bu dünyanı sən iki əlli,

Düşündüm, daşındım tapdım təsəlli,

Yaxşı ki, heç kimə qalmır bu dünya.


Ana məhəbbəti həmişə şairlərin yaradıcılığından qırmızı xətt kimi keçib. Bu mövzu Asif Talıboğlunu da düşündürür. Və bir daha şair oxuculara deyir ki, ananın borcunu qaytarmaq heç bir oğula qismət olmayıb:


Əlimdən tutdun körpə olanda,

Böyüdük əlindən tuta bilmədik,

Sevinc payın orda-burda ay ana,

Özgələrlə böldük, sənlə bölmədik.


Sən Allah qınama bizi, ay ana,

İndi sən yaşdayıq, səni gəzirik,

Anasız yaşamaq böyük dərd imiş,

Bilmirəm bu dərdə necə dözürük.


Asif Talıboğlu hər cür dərdə dözən şairdi. O anasızlıq dərdinə də dözüb, Vətən dərdinə də, hətta oğul dərdinə də! İnanmırsınız, «Oğul heyyy!..» şeirinin bu bəndinə diqqət edin:


Qəlbim yara bağlayır, gəl,

Dərd sinəmi dağlayır, gəl,

Atan hər gün ağlayır, gəl,

Oğul heyyy!..


Allah-Təala adama dərd verəndə səbr də verir. Bəlkə də bu səbri verməsəydi, çoxdan Asif Talıboğlunun ürəyi partlamışdı. Çünki Asif Talıboğlunu Allah çox sınağa çəkib. O da həmişə sınaqdan alnı açıq, üzü ağ çıxıb. Ən azından ona görə ki, şair Talıboğlunun ürəyi dünya boydadı.

Axı, yazımızın əvvəlində qeyd etdik ki, Asif Talıboğlu vətənə, torpağa, yurduna bağlı adamdı. Onun çox elə boylu-buxunlu, yekə olduğuna baxmayın. Bu dağ boyda oğulun o qədər yumuşaq ürəyi, o qədər yumuşaq qəlbi var ki, balaca uşaq ağlayanda onu kövrələn görmüşəm. O vətənini də, torpağını da balaca uşaq kimi həmişə sevib, əzizləyib. «Mənim» şeirində oxuyuruq:


Bizim yerlər bu yerlərin gözüymüş,

Qeyrət, namus kişilərin sözüymüş,

Cənnət elə Qubadlının özüymüş,

Qəbrimi burda yox, orda qazın mənim.


Onun ürəyi həmişə Qubadlı üçün, doğma kəndi Mollu üçün döyünüb. Molludan danışanda o dağ boyda oğlunun gözləri dolur. Ancaq onun içindəki iradə, güc və qüvvət yenidən Asif Talıboğlunu nikbinliyə, qubadlılı günlərə aparır. Və inanırıq ki, o, günlərin birində yenidən Qubadlıya, Molluya dönəcək…

Asif Talıboğlu qocalığa aid gözəl şeir yazıb. Düzdür, adam qocalanda çox şeyi itirir. Amma onun qazandıqları bir təsəlli olur:


Talıboğlu, ömür payın bölürlər,

Yaranmışlar vədə çatdı ölürlər.

Gördün, sənə altdan-altdan gülürlər,

Torpaqla üstünü ört qocalanda.


Yazımızı qələmə alanda onu da qeyd eləmişdik ki, Asif dostumuz dağlar oğludur. Çünki o dağların havası, o dağların gülü, çiçəyi, o dağların gözəlliyi onu böyüdüb. Və Asif Talıboğlu da həmişə bu dağlara sədaqətli olub:


Mən səni görmürəm neçə ildi düz,

O qarlı sinəndə qalıbdımı iz,

Hanı Həsən, Qorxmaz, Əliyar, Çingiz,

Niyə pərişandı halın, a dağlar.


Hər gecə yuxumda görürəm səni,

Düşmən tapdaq edib şehli sinəni,

Yəqin unutmusan çoxdandı məni,

Niyə pərişandı dərdin, a dağlar.


Asif Talıboğlunun mənə bağışladığı «Yaxşı ki, heç kimə qalmır bu dünya» şeirlər kitabını cəmi biri neçə saatın içərisində oxuyub başa çatdırdım. Çünki onun şeirlərində, misralarında həm də özümü gördüm. Onun şeirlərində Füzulinin Ərgünəş dağını, Köndələn çayını, kəndlərini, onun ətrini hiss elədim. Axı Asif müəllim həm də Qarabağ uğrunda gedən döyüşlərdə Füzulinin kəndlərində də ermənilərə qarşı vuruşub. Onu Füzulidə, Bəhmənlidə, Horadizdə çoxları yaxşı tanıyır və tez-tez də məndən soruşurlar ki, o ucaboy, fil kimi səbrli dostun necədi? Zarafat deyil, hər yanda hörmət qazanasan, iz qoyasan və insanların yadında qalasan. Və mənə elə gəlir ki, Asif müəllimin «Yaxşı ki, heç kimə qalmır bu dünya» şeirlər kitabı çoxlarını düşündürəcək, onları öz yurduna, elinə, obasına qaytaracaq. Sadəcə olaraq o kitabı vərəqləmək və onun sehrinə düşmək lazımdır…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK