adalet.az header logo
  • Bakı -°C

Qubada bir şair yaşayır - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
175 | 2026-02-03 11:49
A- A+

(Zakir Məmmədin 70 yaşı tamamdır)

Qubada öncə Ramiz Qusarçaylını tanıdım. İlk şeirlərindən möhtəşən “Vətən” poemasına qədər mükəmməl ŞAİR obrazı ilə qarşılaşdım. Müasir Azərbaycan poeziyasında Ramizin yeri əvəzsizdir. Bu haqda yazmışam da...

Amma Qubada bir şairimizdə yaşayır – Zakir Məmməd. O Zakir Məmməd  ki,  onun adının qarşısında heç bir tərəddüd eləmədən böyük həriflərlə ŞAİR kəlməsini yaza bilərik. Amma gecikmişik bu ŞAİR kəlməsini yazmağa, çünki 43 il bundan öncə böyük şairimiz Hüseyn Arif Zakiri – Qubadan onun xeyir-duasını almaq istəyən bir kənd müəllimini ŞAİR adlandırmışdı: “Qarşımdakı əsil şairdir. Misralar duru, fikirlər aydın, məzmunlu idi. Onu dinlədikcə düşünürdüm:Zakirin şeirləri ona görə səmimi və təbiidir ki,  o, həyatı uzaqdan seyr etmir, ona fəal münasibət bəsləyir, hər cür əllaməçilikdən, saxtakarlıqdan, mücərrəd uydurmalardan uzaqdır”!

Bu yolu gəl gedək, izn ilə gedək,

Bir az ağır-ağır, hüzn ilə gedək.

Beş ilə on ilə, yüz ilə gedək;

Gedib çıxa bilək mənzil başına.

 

Getdikcə bu yol da qurtaran deyil.

Yol gedən – yol kəsib artıran deyil.

Bu yol gedənləri qaytaran deyil,

Aparıb çatdırar mənzil başına.

O yol şeirə, sənətə ömrünü həsr edəcək bir kənd müəlliminin sona qədər addımlaya biləcək poeziya yolu idi.  Geri qayıtmaq mümkün deyildi. Çünki:

Ömür nədir, yaş mədir?

Bu can nədir, eşq nədir?

Könlüm sözə təşnədir

Bir susuz dəvə kimi.

Zakir Məmməd o YOLun hər cür əzabına dözdü. Kimsə onun şeirləri haqqında naqolay tərzdə düşünmədi də. Doğrudur, onun bir şair və əsl ədəbiyyat adamı kimi xarakterini, obrazını yaratmağa o qədər də meyilli olmadılar. Amma  nə dəxli? Sabir demişkən: “Şeir bir gövhəri yekdaneyi ziqiymətdir”.Şeirlər yazılır, sonra oxunur, olsun ki, vaxtında qiymətini almır, amma illər keçir, yazılan şeirlərin yaşarılığını təyin edən ZAMAN gəlir.

Zakir Məmməd 70 yaşına qədəm qoyub. Amma o YOL hələ bitməyib. Çünki Zakir Məmməd şeir yazmağı və şair olmağı qabaqcadan düşünmür, şeir onun taleyidir.

Mən odla oynamışam

Yanıb kül olmamışam,

Mən suyla oynamışam.

Əlim, ayağım quru.

Mən sözlə oynamışam,

Bu, ayrı bir əhvalat

Bu ayrı bir əhvalat.

Sözlə oyun oynamaq sözə tapınmaq, onu ram etmək ya ona məğlub olmaq... Zakir Məmmədin sözlə oyunu  elə əsl şairlərin sözü ehya eləmək, onun gücü ilə ürəyinin odunu sözlərin yaratdığı mənalarda yaşatmaq deyilmi?

Zakir Məmmədin bütün şeirlərini 2012-ci ildə onun “Bağışla”şeirlər, poemalar kitabına nəzər saldıq. Nə yazıb yox, nədən yazmayıb sualını veririk. Baxın:

Su kəssə də aranı,

Dağ tutsa da oranı,

Göy yağdırsa boranı

Qalxsa qar dizə, gedək,

Çıxıb Təbrizə gedək.

***

Alıb biz də söz döndərək,

Aöz alıb gedənə sarı.

Bu dinləyən könlümüzü

Çevirək Vətənə sarı.

***

Nə vaxtdır boynu əyri yox,

Bənövşələr  düz bitir.

Boyun əyir boynu düzlər,

Boynu yoğun kişilər.

Bənövşəli çəməndə

nə vaxtdır

ot yox, öküz bitir.

***

Bu dağlarda

İgidi igid eyləyən atı idi.

At həm ona arxa idi,

Həm də onun adı idi.

Gün-güzəran, dolanacaq,

Yanan lampa, yanan ocaq.

 

Sadə idi, adi idi

Halallığa boyun əymək,

Qanun idi, qayda idi,

Əmin-səmin kəslər vardı,

Hər biri

bir Sabir idi, Hadi...

Bu dağlarda nələr yoxdu!

Hanı idi?

***

Yurd-yuva tiksəm özümə,

İmarəti sən olarsan.

Yeddi iqlimdən adlasaq,

Mən bu şeir parçalarına münasibət bildirmədim. Onlar öz-özünü təhlil edir.

Zakir Məmməd ədəbi tənqidlədə məşğuldur. Hiss olunur ki, o, ədəbiyyat haqqında fikir və mülahizələrini elmi-publisistik formada ifadə etməyə can atır və çox zaman buna nail olur. Həm də heç kimin təsirinə qapılmır, yalnız öz düşündüklərini qələmə alır.Onun Xalq şairi Rəsul Rzaya həsr etdiyi iki məqaləsi (“Rəsul Rzanın doğum tarixi”, “Ömürün rəngləri”, “Rənglərin ömrü”) sərbəst düşüncə tərzini əks etdirir. Yazır: “R.Rzanın poeziyasını bir “sərgi salonu”na” bənzətsək, orda diqqəti cəlb edən bir şəkil görürsən – adı “insanlığın ömür yolu”. Rəsul Rzanın “Rənglər” silsiləsinə həsr etdiyi məqalə də orjinallığı ilə seçilir”.

Zakir Məmməd və onun yaradıcılığı haqqında çox şey danışardım. Və danışacağam da...

Allah ona uzun ömür bəxş eləsin.

TƏQVİM / ARXİV