Mənzilimi alan adam qonşumla qohum oldu – Vasif ƏLİHÜSEYN yazır...
Ömrümün 12 ilini Bakının Kürdəxanı qəsəbəsində yaşamışam. Təsadüf nəticəsində bu qəsəbədə torpaq alıb ev tikmişdik. Rəhmətlik anamın bu evin tikilməsində böyük zəhməti olmuşdu. Atam Rusiyada işləyib pul göndərirdi, anam isə evi tikdirirdi. Onda mən hərbi xidmətimi yenicə başa vurmuşdum. İllər keçdikdən sonra ailə qurdum, işlərim şəhərdə olduğundan Kürdəxanıda yaşamaq mənim üçün çətinlik yaratdı.
Ona görə də qərara aldıq ki, evi satıb yaşayış yerimi Xırdalana dəyişim. Evi Kürdəxanıda satışa çıxardım, qəsəbədəki əmlakçılara elan verdim. Lakin üstündən 2 il vaxt keçməsinə baxmayaraq evi sata bilmədim. Qərara aldım ki, ev alqı-satqısı ilə məşhur olan “bibi” ləqəbli əmlakçı Zeynəb Qaraşovanı dəvət edim. Zeynəb xanım evimi çəkiliş edib sosial şəbəkə hesabında paylaşsa da heç qapımı açan olmadı. Görünür qismət deyilmiş.
Evi belə uzun müddətdir ki, sata bilməməyim ailədə də söz-söhbətə səbəb olurdu. Deyirdilər ki, bir evi sata bilmirsən. Liderliklə bağlı xeyli kitablar oxusam da, satışla bağlı elə bir kitab oxumamışdım və bu haqda elə də məlumatlı deyildim. Düşünürdüm ki, necə edim ki, evimi satım? Bir müddət öncə oxuduğum Piter Kouterin “İnandırmaq və təqdim etmək” adlı kitabını yenidən oxudum. Gördüm ki, burda satış və təqdimetmə ilə bağlı maraqlı məsləhətlər var. Kitabdakı təcrübələrdən istifadə edib evimin elanını əmlak saytlarında yerləşdirdim.
Çox keçmədi ki, müştərilər evimlə maraqlanmağa başladılar. Elə gün olurdu iki müştəri gəlib evə baxırdı. Günlərin birində isə fikri ciddi olan müştərimi tapdım və ona endirim edərək satışımı həyata keçirdim.
O gün isə baxdım ki, evimdə nişan mərasimi keçirilib. Qonşular dedilər ki, evini alan adam qızını qonşunun oğluna verdi, qohum oldular. Sevindim. Allah xoşbəxt eləsin. Demək ki, qismət beləymiş. Mən isə Xırdalanda mənzil alıb ora köçmüşəm.


Bakı -°C

