SON DƏQİQƏ:

TANRI PIÇILTISINI DİNLƏMƏK

  38903   |  
Şriftin ölçüsü  

Özünü tanımağın açarıdı

Son vaxtlar fikirlərim o qədər qarışıq düşüb ki, həyatdan da, adamlardan da qaçmaq, qurtulmaq istəyirəm. Amma neyləyim ki, gedən yerim olmadığı kimi, qaçan yerim də yoxdu. Bu da dolaşıq fikirlərimin düyününü bir az da bərkidir, bir az da sərtləşdirir və nəticədə çözüm daha çətin, olur yaxşı ki, Allah qaranlığa gün işığı saldığı kimi, hərdən ürəyimə də, düşüncələrimə də bir işıq tutur. Və mən də o işığın içərisində təkcə əllərimlə, gözlərimlə deyil, həm də duyğularımla axtarışa çıxıram. Təmas qurmaq, tanış olmaq, üz-üzə, göz-gözə söhbət etmək və nəhayət, bir anlıq da olsa dərdlərimi unutmaq istəyirəm…

Bax, mənə həmin o işığın yaratdığı mənzərəni, qurduğu səhnəni yaşadan da misralardı. Yəni könlümü verdiyim, ruhumu tapşırdığım şeir çələngidi. Ona görə də şeirə təkcə söz kimi, duyğuların ifadəsi kimi yox, həm də Tanrının pıçıltısı kimi yanaşıram. Çünki:


Hərdən günahımın

cəzasına çevrilən

sən də

sevgisizlik

davasına,

qayğısızlıq

qayğısına,

ev darlığına,

dəli eləyən

baş ağrısına dönürsən,

içimi didirsən,

«dözmək yaxşısa,

döz görüm!»-deyirsən.


Hə, belədi də, məsləhət vermək həmişə asan olur. Düzdür, onun məsuliyyətli tərəfi də var. Amma bax elə indiki anda sizə oxuduğum şeir parçasında hər günahı günümün ahı kimi səsləndi. Günümün ahı isə sevgisizliyin, qayğının aşıb-daşmasının, bir də yurdumun, yuvamın, ocağımın sökülməsi, dağıdılmasıdı. Deməli, bu fonda bir dırnaq ilişəcək, əl ata biləcəyim yer varsa, hətta saman çöpü varsa belə, o, təsəllidi. Təsəllini isə mənə misralar, yəni duyğuların hopduğu, duyğuların tərcümanı misralar verir.

İstənilən halda istənilən misra gözəldir. Çünki o, dediyim kimi pıçıltıdı… o, hissin yazılı formasıdı. Ancaq onu oxuyanda, onu dinləyəndə qazandığın rahatlıq nə qədər müvəqqəti, nə qədər qısa müddətli olur-olsun izsiz ötüb getmir, mütləq izi qalır. Ona görə də:


Dolan buludam, Allah,

Yağsam, günəş çıxacaq.

Yüküm ağır, yolum uzun,

Bilməm, harda dayanacaq…


Hamımız çox şeyi bilmirik. Hamımız həm də çox şeyi bilirik. Amma ən qəribəsi odur ki, hamımız bir Allahın ətəyindən tutub, bir Allaha əl açıb ona pənah apardığımızı, ümid bağladığımızı, ondan ümid istədiyimizi, umacağımızı dilə gətiririk. Özü də hamımız fərdi şəkildə, öz ürəyimizcə səsləndiririk, ifadə edirik. Lakin hamımız başlanğıcı olan yolun hansı məntəqəsinə qədər gedəcəyimizi sadəcə düşünürük, arzulayırıq, xəyal qururuq. O yolun dayanacağını isə bilmirik, tanımırıq. Və kimsədən də soruşmaq bizim üçün gərəksizdi. Ona görə ki, o dayanacaq bəlkə də görünən dağdı. Görünən dağı isə soruşmağın nə lüzumu var? Üstəlik, o dağ həm də sondu. Bütün hallarda son qaçılmazdı. Yükün ağır və yüngül olmasından asılı olmayaraq buna görə, dolan buludun yükünün ağır olması, yolunun uzunluğu fikri oxucunu, yəni məni üzmür, çökdürmür. Əksinə, mənim halımın ifadəsinə çevrilir, mənim durumumun yazılı forması olur.Onda ağlıma ilk gələn məhz yenə Tanrı pıçıltısı, yenə şeir olur.


Sözdən uca, sözdən qoca nə vardı?

Həm dostumdu, həm düşməndi, həm yaddı.

Tanrı ruhumuzu sözlə oyatdı,

Gəl, sənə bir həzin şeir oxuyum.


Gördünüzmü, mənim öncədən söylədiklərim, öncədən ifadə etməyə çalışdıqlarım necə məntiqi bir şəkildə, necə yığcam bir formada və necə hər kəsin həzm edə biləcəyi çeşiddə çıxdı qarşınıza. Sanki sifariş verdiymiz, arzuladığımız bir neməti qoydular qarşımıza. Və yaxud fikrini, ürəyini güzgü kimi tutmusan gözünün önünə orda görürsən, orda oxuyursan. Bütün bunlar isə o deməkdir ki:


Qəlbimdə uyuyan ruhun rəngidi

İçimdə boylanan söz çələngidi.

Məni hüzuruna sevgi gətirdi,

Solan sevdaların sarı çiçəyi…


Məni qınamayın və elə bilməyin ki, bütün bu yazdıqlarım sadəcə hansısa bir ilməsi, naxışı pozulmuş xalını təzələmək istəyimdi. Yox, mən sadəcə olaraq həmin o xalının bükülüb qoyulduğu küncdən və yaxud elə evimizdəki üst-üstə yığılmış yorğan-döşək yükündən götürüb eyvandan asıram. İstəyirəm ki, onu hər kəs görsün. İstəyirəm ki, hamı o xalıya baxanda bir anlıq dayansın, bir anlıq düşünsün və bir anlıq özü olsun, təpədən dırnağa özü, ətdən, sümükdən, qandan ruha qədər özü. Bax onda o xalıya da, o xalının naxışlarına da, hətta üzünə toxunan sarı çiçəyə, sarı yarpağa da bir fərqli münasibət, bir fərqli baxış çiçək kimi açılacaq, gül kimi ətrini hiss etdirəcək. Və bütün bunların təsiri də səni, məni bir də yenidən kökləyəcək, həsədini, həsrətini, bütövlükdə isə yaşantını dilə gətirməyə. Deyəcəksən ki:


Oba köçmüş, ocaq diri,

İçim xal-xal yanıq yeri.

Ölən Tanrı bəxtəvəri,

Doğranıram yarpaq-yarpaq.


Ola bilsin ki, aramızda kimlərsə mənimlə razılaşmasın… ola bilsin ki, kimlərsə bəxtəvər sözünü ölənə, dünyasını dəyişənə aid edilməsini qəbul etməsin. Bunları təbii sayıram. Amma mən özüm öz durumumda, öz düşüncəmdə, öz məntiqimdə əlimi ürəyimin üstünə qoyub hər gün ölüb haqqa qovuşana, ölüb əzablardan qurtulana, ölüb ölümü ilə etirazı ortaya qoyanlara bəxtəvər deyirəm. Və inanıram ki, bu bəxtəvərçilik Allah tərəfindən bir mükafatdı. Və həmin mükafatı da Allah şərəf kimi haqqının fədaisi olan insanlara alın yazısı yazır, alın yazısı edir. Deməli, bu məqamda sözün gücü bir daha öz təsdiqini tapır. Çünki ölənin bəxtəvərliyinə, bəxtəvər olduğuna məni, dinləyicini, oxucunu inandırır. Və mən də demək istəyirəm ki:


Sən üzmə özünü, ağlama belə,

Yolların dolayısı tez çatan olur.

Hər bağlı qapıya, bağlı demə gəl,

Taledən hər bəxti bir açan olur.


Görürsünüzmü, ölən bəxtəvərin təkcə, ölmək xilası deyilmiş, mükafatı deyilmiş, haqqı deyilmiş. Həm də bu ona açılan qapıymış. Və hər qapını da açmaq üçün öncə o qıfılın açarını tapmaq, bunun üçün cəhd göstərmək, bunun üçün çarpışmaq, vuruşmaq lazımdı. Üstəlik, həm də bu çaprışmanı, bu mübarizəni zaman baxımından, məsafə baxımından qısaltmaq, tezləşdirmək, nəticədə də bəxtinə düşəni öz halal haqqın kimi əldə etmək gərəkdi. Bu, əslində həm də bir zərurətdi. Çünki alınına yazılıb, alın yazındı. Baxmayaraq ki, qayğılar, problemlər, anlayışsız bəndələr, üstəlik də zamanın özü bəzən adamı elə sıxır, elə yorur ki, adam özü özündən bezir. Belə anda demək istəyirsən ki:


Adi qayğılardan bezmişəm daha,

Gəl, günün özündən gün oğurlayaq.

Aşaq yaş həddini, ömür həddini,

Bircə gün bir başaq ömür yaşay aq.


Təbii ki, hər gün öz ovqatıyla insanı kökləyir. Ona görə gün sözünü ovqatdan önə çəkirəm ki, indi bizim ovqatımızı açılan səhər, başlanan gün müəyyən edir. Biz elə bir gərginliklər içərisindəyik ki, günün ovqatını qura bilmirik. Üstəlik, sürətimiz də çox aşağıdı. Lap primitiv şəkildə desək, indi günün barıtı o qədər çoxdu ki, ovqatın nəm barıtını göyə sovurur. Ona görə də gözüyumulu şəkildə razılaşıram. Yəqin ki, siz də razılaşırsınız günün ovqatıyla. Əks halda, şeirdə deyildiyi kimi:


Görək hansı ömür daha gözəldi,

Görək hansı ömür daha bəxtəvər.

Ağac da, çiçək də dərd çəksə onda,

Ağac ol, insan ol, nə fərq eyləyər?


Gördünüzmü, bu şeirin müəllifi də elə mənim, sənin içindən keçənləri, bizim günə hesablanan ovqatımızı necə ifadə edibdi. Və biz bu ifadələrin içərisində canı şüşədə saxlanan divlərə bənzəyirik. Ona görə də şəxsən mən üzümü ocağa, yurda çevirirəm. Çünki ora güvənc nöqtəmdi, dayaq nöqtəmdi. Üstəlik, ordan mən özümə bir iynə ucu boyda da olsa, od götürə bilirəm. Həmin od mənə indiki anda ayaqda durmaq, yaşamaq, ən azından mövcudluğumu ifadə etmək imkanı verir. Axı:


Yönüm düşməmişdi gör haçan idi,

Canımın, ruhumun dərmanı idi.

Anam sağ olsaydı, iş asan idi,

Kimsə yoxdu ağı desin bu kəndə.


İndi bildinizmi yönümü niyə ocağa, yurda tərəf tutmuşam? Ona görə ki, yurdum, ocağım, kəndim yoxdu, olsaydı, mənə ağı deyən də, layla çalan da, hətta tost söyləyən də çıxardı ortaya. İnanın ki, heç mən onları axtarmazdım, özləri boy göstərərdilər. Və nəhayət…

Bəli, yazımın əvvəlində dediyim kimi, Tanrı pıçıltısı olan şeir mənim anlamıma, inamıma görə, ruhumun dərmanıdı, ürəyimə səpilən sevgi şehidi. Mən də bütün bunlara görə, həm ümumi halda, həm də fərdi şəkildə özümə təsəlli verirəm. Axı, o pıçıltıları dinləmək, eşitmək və bəzən onlara qoşulmaq imkanını Allahım məndən əsirgəməyib. Üstəlik mənə imkan verib ki, bir etirafa da qoşulum.


Yudu göz yaşın yolları,

Yudu, bəxtin tək qurutdu.

Yolunda əridiyin adam,

Adını çoxdan unutdu.


Bu bir gerçək - yolunda özümü əsgər saydığım, sırasında durduğum, yolunu gözüyumulu keçməyə hazır olduğum cəmiyyət, insanlar və nəhayət, güc sahibləri məni də unutdular, öz yollarını da unutdular, hətta… Siz isə yolunuzu unutmayın! Çünki yolunuzu unutsanız, Allahın pıçıltısı olan bütün nələr varsa, hamısını unudacaqsınız. Bilin ki unudanlar özləri də elə unudulurlar ki, sonra bu barədə kimsənin nəsə deməsi belə mümkün olmur. Axı, hər kəs öz haqqını yeyir.

P.S. Yazıdakı şeirlərin müəllifi Sona xanım Vəliyevadı.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK