SON DƏQİQƏ:

ÖMÜR QIRIQLARI

  47676   |  
Şriftin ölçüsü  

Bunu da ozümə yazmışam

Hər bir zamanın sözü və diktəsi var. Mən zamanın sözünü deməyi bacaranlara həmişə həsəd aparmışam. Çünki zamanın sözü əbədiyaşardı, içdən gələndi, xalqın və dövlətin özünü ifadəsidi. Bax, bu mənada çox fikirləşəndən sonra özümə görə belə bir qənaətə gəldim ki, indi zamanın sözünü demək həm çox asan, həm də çox çətindi. Asandı ona görə ki, kifayət qədər media (həm yazılı, həm də elektron) və kifayət qədər də sözü dinləyəcək insanlar var. Çətindi ona görə ki, bu media və insanlar indi həm qruplaşıb, həm də dünyanın iqtisadi burulğanında tarazlığını itirib. Heç kimin sözü heç kimin boğazından keçmir. Ona görə də zamanın sözündən daha çox öz sözümü deməyə üstünlük verdim.

Bu qənaətə də ona görə gəldim ki, kimsə eşitmək istəməsə, oxumaq istəməsə belə, ən azından öz çevrəm, öz ətrafım eşidəcək və oxuyacaq. Necə deyərlər, bir adamın da eşidib yaddaşına yazdığı söz yaşayan sözdü.

Ən azından həmin adamın ömrü ömrü olacaq o sözün. Və beləliklə, bu gün çiynindən daş kimi asılmış, ürəyimi dəyirman daşı kimi sıxıb əzən qayğıların, gərginliyin içərisində bir fikrə istinad edib, dayanıb durmuşam. O da Allahın böyüklüyü, varlığı, bir adının da səbir olmasıdı. Böyüklərdən eşitmişəm ki, səbirli insan gec-tez məqsədinə, məramına yetişir. Görünür elə ona görə də böyük şairimiz Sabir yazır:

Səbrlə halva bişər, ey qora səndən,

Bəsləsən, atlas olar tut yarpağından..

İndi mən də bax həmin o ümidin ətəyindən tutub yaşamağa çalışıram. Basqılara, sıxıntılara, həmlələrə, təzyiqlərə, iqtisadi problemlərə, ürəyimin özəl duyğularına baxmayaraq, yaşamaq və gözlədiyim nöqtəyə yetişmək istəyirəm. Buna ömür aman verəcək, yoxsa yox, bu tamam başqa mövzüdür. Amma ən gerçəyi, ən vacibi odur ki, istəyim var. Özü də bütün varlığımla, bütün canımla, qanımla istədiyim o gerçək hansısa bir zirvəni fəth edib ora bayraq sancmaq deyil, nə də dünyanın bir nömrəli kitabına adını yazdırmaq deyil. Bu, sadəcə bir yuvanın qorunması, bir ocağın öz sahiblərini ətrafından pərən salmamasıdı. Və bu həm də odur ki, mən qarşıma qoyduğum məqsəd naminə heç kimin haqqını tapdamıram, heç kimin bostanına daş atmıram, heç kimin toyuğuna kiş demirəm və ümumiyyətlə, heç kimin haqqında gözüm yoxdur. Mənə aid olanı, mənə Allahın verdiyini, mənə dostlarımın bağışladığını və mənə ürəyimin etibar etdiyini istəyirəm və qorumağa çalışıram. Bax, bu məqamda əvvəldə xatırlatdığım media bolluğu, insan çoxluğu gözümdən düşür. Çünki bunların hər biri ayrı-ayrılıqda, nə də toplum şəkildə haqqı qoruya bilmir haqqı ünvanına çatdırmaq missiyasını yerinə yetirmir.

Onda yenə güc ürəyimə düşür və məcbur oluram ki, ürəyimin ağrısını, ürəyimin yükünü, ürəyimin pıçıltısını misralara çevirim və onları sizə də öz dilimlə çatdırım. Siz də onu necə qəbul edəcəksiz, artıq bu sizin öz işinizdir. Mən burda başqa heç nə deyə bilmərəm. Bax, elə bu şeirdəki kimi:

Duyğuların karvanı

Xəyallara köklənib...

Bu ünvanın sarvanı -

Qayğılanıb, təklənib...


Sığınıb bir qırağa

Ötən günə "ah" çəkir...

Teli gəlmir darağa -

Yaxasın günah çəkir...


Zaman ötüb, bir ürək

Öləziyir şam kimi...

Dizin üstə, ay mələk -

Gəl, ölüm adam kimi!..

***

Allahın insana ən böyük mükafatı zənnimcə, ona duyğulu ürək verməsidi. Elə bir ürək ki, bu ürəklə tək Allaha bəlli olanı bölüşür, onu sirr yeri, ümid yeri, bəzən ağrılarının yuvası kimi ovudur və yaxud da elə ağrıları çəkməyə məcbur edir. Ürək də ki dözür-dözür, o yerə, o məqama qədər ki, artıq dözüm bitir, partlayış baş verir. Ayağını basdığın mina partlayan kimi. Hayına kimsə çata bilmir, çünki onu özün partladırsan. Partlayışların da sonu hər kəsə məlumdu.

Bax elə mən də ürəyə hər gün ağrılar yükləyirəm... sirlərimi yükləyirəm... düşüncələrimi yükləyirəm... xəyallarımı yükləyirəm... Düşünmürəm ki...

Yenə dayanıbdı üzü qibləyə -

Ölən ümidlərə məzar ürəyim.

Hərdən düşünürəm bunca sitəmə -

Görən nə vaxtadək dözər ürəyim?!


Anları çinləyib günə çevirdim,

Hissimi, duyğumu dinə çevirdim...

Zərrə sevincimi minə çevirdim -

Bununla nə qədər gəzər ürəyim?!


İlahi, əlini sən telimə çək,

Ümid ver - içimdə bir qığılcım ək!

Sıxılıb ovcumda gül ləçəyi tək -

Hərdən öz-özünü əzər ürəyim...

***

Mən tanış olduğum söz adamlarının demək olar ki, təkcə yazılarını yox, onların iç dünyasını da oxuyub görməyə çalışıram. Dili və sözü bir-birindən uzaq düşənlərin yazıları məndə adətən xoşagəlməz fikirlər yaradır.

Ona görə də daha çox şəxsən tanımadığım müəllifləri oxumağa çalışıram. Elə bilirəm ki, həmin əsərlər öz müəllifləri kimi danışır mənimlə. Və mən də bu söhbətin ləzzətini canıma hopdururam. Hətta bəzən ondan yeri gələndə istifadə də edirəm.

Amma neyləyim ki, cəmiyyətdə yaşayırıq və bir neçə dili, sifəti, qayəsi olan insanların əsərləri əlimə düşəndə çaşıb qalıram. İlahi, insan nə qədər özündən uzaq düşə bilər? Ümumiyyətlə, bu özündən uzaq düşmə nəyə lazımdı ki? Bilmirəm. Hər halda, bu da onların öz qərarları, öz yolları, öz istəkləridi. Adama deyərlər ki, bacardığım və istədiyim kimi yaşayıram, bundan sənə nə var? Təbii ki, mən bu iradın qarşısında sadəcə susmalı olacam. Çünki danışsaq, onda bir müəllif itirəcəm. Bunu isə istəmirəm. Bax, bu səbəbdən yazı adamları ilə həmişə məsafə saxlamağa çalışıram. İstəmirəm onların içlərini bütünlüklə görüm. Təəssüf ki, bu da hər zaman mümkün olmur. Və mən bu mümkünsüzlüklərin və mümkün olanların içərisində bir orta nöqtə görürəm. Və istinadı da ora edirəm. Bu da SÖZdü.

Bax elə indi bu yazını oxuduğumuz zaman kəsiyində mənim fikirlərim də söz olaraq sizinlə üz-üzə dayanıb. Siz onu elə yəqin ki, mənim özüm kimi görürsünüz.

Əlimi ürəyimin üstünə qoyub Allah qarşısında, elə sizin də qarşınızda demək istəyirəm ki, o sözlər elə həqiqətən mənim özümdü və mən heç vaxt dilimin altında çöp gəzdirməmişəm.

Amma görünür hərdən gəzdirmək lazımdı. Axı, zaman mənim istəklərimlə, mənim arzularımla, mənim xəyallarımla, hətta mənim haqqımla yüzə yüz üst-üstə düşmür. O məni sıxır, vurur, büdrədir və bütün bunların hamısı da ömrümün, ürəyimin ağrılarına, qırıqlarına çevrilir və ömür qırıqlığı yaşayıram. Bunu isə heç kəsə arzu etmirəm. Çünki ömür qırıqlığı hərdən insanı asiliyə də gətirib çıxarır. Asilərin isə sevildiyini və sona kimi dərk edildiyini tarix az-az hallarda, bəlkə də təkəmseyrək bir şəkildə öz yaddaşında, arxivində saxlayıb. Nə isə...

Hə, deməli, ömür qırıqlığı təkcə özəl, şəxsi faciələrdən, düşüncələrdən başlamır. Bunun həm də ictimai müstəvisi var. O ictimai olan fərdi sıxdıqca, fərdi əzdikcə qırıqlıqlar da yaranır - damla-damla, zərrə-zərrə. Və beləcə boy artımı verir.

Mən yaşadıqlarımın günahkarlarını tanıyıram, kimliyini bilirəm. Amma neyləyim ki, güclərinə gücüm, maddi imkanlarına imkanım, özlərinə də sözüm çatmır. Bircə sözüm çatan, gözüm görən Sənsən, bir də həmişə başımın üstündə, ürəyimdə olan Allah! Ona görə də üzümü Sənə və Ona tutub deyirəm, özü də Allah xatirinə deyirəm. Özü də bu şeirdəki kimi:

Şübhələri at, gülüm

At, Allah xatirinə...

Gözümdəki busəni

Dad, Allah xatirinə!..


Biz bir halıq isimdə

Mən həsrətin qəsdində

Sən qolumun üstündə -

Yat, Allah xatirinə!..


Ürək əbədi məşəl

Uzanıbdı bir cüt əl...

Bir azca da yeyin gəl -

Çat, Allah xatirinə!..


Seçib yalnız Cənnəti

Götürmə bu minnəti...

Sevginə Əbülfəti -

Qat, Allah xatirinə!..

Bəli, mən bu yazının adını tamam fərqli bir şey düşünmüşdüm və tamam fərqli bir yazını içimdə də yazmışdım. Sizdən nə gizlədim, adı "Quş südü" idi. Amma yazmadım. Çünki indi hər kəsin özünə görə, cibinə görə istəyi var. Düşündüm ki, oxuyanlar elə bilər ki, könlümdən quş südü keçir. Amma yox! Mən hara, qüş südü hara! Mənim indi yaşadığım qırıqlardı - ömrün qırıqları. Sizə bunu arzu etmirəm.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK