SON DƏQİQƏ:

QARA DAŞIN PIÇILTILARI…

  46353   |  
Şriftin ölçüsü  

İstəsən sən də ona qulaq as


Hər bir fikrin arxasında mütləq bir məram və bir də o məramın daşıyıcısı dayanır. Və mən də istənilən fikri oxuyanda, eşidəndə və yaxud özüm onu səsləndirəndə gözümün önünə öncə bu fikrə olacaq reaksiyaları, yəni eşidənlərin, oxuyanların çöhrələrini gətirirəm və ilk təəssüratım da elə burdan yaranır dediyim fikrə. Onda da bir anlıq düşünüb ya fikrimi davam etdirirəm, ya da mövzünü dəyişirəm. Təbii ki, bu da elə həmin o ilk reaksiyanın təsiri ilə yaranır…

Bəli, son vaxtlar bu dünyanın qara daşının göyərmədiyinə və göyərmək ümidinin də olmadığına daha çox inanmağa başlamışam. Bu inamın kökündə öncə öz yaşantılarım, öz həyatım, öz düşüncələrim dayanır. Yəni iç dünyamı alt-üst edən hadisələr, münasibətlər, ağlımı başımdan alan sözlər, fikirlər və nəhayət üz-üzə gəldiyim, göz-gözə baxdığım insanların müəyyən mənada içini görmək imkanı məni bax, elə bu dediklərimlə çarpışa-çarpışa yaşamağa məcbur edib. Bu məcburiyyətdə son anda qara daşın göyərməyəcəyinə yüzə-yüz inandırıb. Nə qədər ağır olsa da, nə qədər acı olsa da bu həyatımın həqiqətidir. Və mən bu həqiqətlə yanaşı dayanmağa, yanaşı addımlamağa, lap elə bir damın altında yaşamağa məhkumam. Necə deyərlər, başqa yol yox artıq!..

Hə, son vaxtlar xatirə yüklü fikirlər daha çox tutur yaxamdan. Bunun bir təbiət hadisəsi olduğuna içimdə heç bir şübhə yoxdur. Adətən insan yaşlaşdıqca sümüyü də kövrəlir, ürəyi də. Və daha çox torpaqdan danışır, torpağa meyl edir. Əgər fikir vermisinizsə, yaşlı adamlar daha çox doğulduqları yerləri arzulayırlar. Uşaqlıq illərinin keçdiyi ünvanları yaddaşlarda təzələyirlər, bu barədə xatirələr söyləyirlər. Mən yüzdə yüz bilirəm ki, bu, torpağın insanı özünə çəkməsidir. Hətta bu barədə şeirlərimin birində yazmışam ki, «torpaq çəkir adamı». İndi mən də elə durumdayam, mən də torpağın hənirini, nəfəsini artıq rahatca duyuram, hiss edirəm. Deməli, sümük də, ürək də yavaş-yavaş kövrəlir. Daha göylərlə, buludlarla, ayla, ulduzla danışmaqdan torpağa göz dikmək, torpağı vəsf etmək daha çox işə yarayır, yada düşür. Axı, son mənzil də elə torpaqdı. Amma təəssüf ki, mənim doğulduğum torpağın taleyi daş altındadı. Və mən də iki qat bir sarsıntı yaşayıram. O da məni çəkən torpağın doğulduğum, uşaqlığımın keçən torpağın olmaması, ikincisi də o torpağın azad ediləcəyi günə ömrümün çatıb çatmamasıdı. Deməli, hər iki halda məni çəkən torpağın qarşısında günahkaram. Bir də təkcə elə dərd bu deyil ki. Başqa bir dərd də var. O da iç dünyamın viranlığı, bərbadlığı, necə deyərlər, şoran torpaq kimi çat-çat olmasıdı. Onun suya, yəni ülfətə o qədər ehtiyacı var ki, o ülfəti kimsə, daha doğrusu, sən Əbülfətə qaytarıb verəsən, onu ovudasan, onu cadar-cadar olmuş iç dünyasını hərarətinlə, nəfəsinlə. səmimiyyətinlə, doğmalığınla, anlayışınla, bir sözlə, varlığınla öz yerinə qaytarıb qoyasan. Bilirəm, çətindi bu!. Bərbadı, dağılanı yenidən düzüb qoşmaq, yenidən öz əvvəlki halına gətirmək tək Allahın gücüdür, bir də onun sevdiyi bəndənin. Ona görə sevdiyi bəndəni xüsusi vurğulayıram ki, o gördüyü işi sevgiylə görür, sevərək görür. Başqaları isə iş xatirinə, icraçı kimi çalışır. Deməli, ikincinin gördüyü iş ən yaxşı halda təsəllidir. Mənim isə təsəlli uman yaşım axırıncı qatara çata bilmədi, Tuğda qaldı. Yenə doğulduğum kənddə!.

Fikir burulğanında qara daşın göyərməyəcəyini bilə-bilə dağı arana daşımaq, sonra daşıdığını qaytarıb yerinə qoymaq ağlı məşğul etsə də, insanı bir nöqtədə dondurub saxlayır. Hərəkətsiz bir vəziyyətdə beyin ildırım sürəti ilə də işləsə, 80 yaşlı qocanın yerişi ilə yerisə fərq eləmir. Çünki burda ortaya konkret bir əmsal qoyulmur, nəticə olmur. Özün düşünürsən… özün sonda ya əsəbi şəkildə «lənət olsun» deyirsən, ya da dərindən bir «ah» çəkib xatirələrdən qopub ayrılırsan. Gəlin elə burda da təkrar bir etiraf edim. Bu ayrılıq da müvəqqətidi. Çünki özün özündə olmursan, özün özündən qopub ayrılmağa cəsarət də etmirsən. Çünki söykənəcəyin dayaq nöqtən elə həmin o xatirələrdi. Mənim də xatirələrimin, mənim də dayaq nöqtəmin gücü səndədi. Mən elə gücü səndə olan xatirələrin, o yaşamın vərəqlərini çevirdikcə demək istəyirəm ki:


Yadımdan

çıxmır ki, heç

əllərini uzadıb

ovud,

isit dediyin…

əllərin

əllərindən

yaman küsüb dediyin…

yadımdan

çıxmır ki, heç

başını

bircə anlıq

çiynimə söykədiyin

əlimi

bərk-bərk sıxıb

uşaq tək

kövrəldiyin…

yadımdan

çıxmır ki, heç

canım səni…

və susub

sonun demədiyin söz

mənim

bu pıçıltıdan

içimdə qorranan köz…

yadımdan

çıxmır ki, heç

məhəbbət evi olan

ürəyimi yardığın

sənin bütün varlığın

özünlə

açıq-aşkar

ruhumu aparığın…

yadımdan

çıxmır ki, heç

yaddaşmı qalıb məndə?..

cismim

köç edibdi köç-

yaddışım qalıb səndə!...


***

Mən həyatımın ən işıqlı insanlarından biri olan və tanıdığım gündən bu yazını yazdığım ana qədər böyüklüyü, səmimiyyəti, insanlığı, duyğusallığı, anlayışı, mərdliyi və sədaqəti önündə baş əydiyim can dostum Əhməd abiyə söz vermişəm ki, onun bu məsləhətlərini yerinə yetirəcəm. Çünki onun bütün məsləhətləri həm yaşam, həm sağlamlıq, həm dostluq baxımından son dərəcə halal və haqqa söykənmiş fikirlərdi. Bir az da sadə şəkildə ifadə etsəm, abimin istəyi bizlərin həmişə ayaqda olması, həmişə sevgi, sevinc içərisində yaşaması və uğurlu mücadilə aparmasıdı. Və mən də onun bu istəyinə iki əllə razılıq vermişəm. Tam səmimi şəkildə etiraf edim ki, bu razılığın şərtlərini qorumaq, ona bütünlüklə əməl etmək mənə çox çətinliklərlə başa gəlir. Amma sözümü tutmaq üçün mən bu çətinliklərə dözürəm. Çətinliyin ən əsas elementi ürəyimi bir küncə sıxmaqdı. Onun müəyyən mənada gözünə qara eynək taxmaqdı, onun qulağına bir balaca səsqovucu cihaz yerləşdirməkdi. Yəni ürəyi qorumaq üçün həssaslığını azaltmaq, duyğusallığını azaltmaq və yalnız özüm və doğmalarım üçün həmişə bir notda, bir kökün üstündə döyünmək, çırpınmaqdı. Bilirəm ki, bu öncə problemli ürəyimin sağlamlığını hər an itirə biləcək qəlbimin qorunması üçün qarşıma qoyulmuş şərtdi. Amma neyləyim ki, bir mahnıda deyildiyi kimi, ürəyimlə bacarmıram. Bilmirəm, bu mənim xoşbəxtliyimdi, ya bədbəxtliyim, heç vaxt bacarmamışam ürəyimlə. Onun duyumuna, onun çırpıntısına heç vaxt sərhəd çəkməmişəm. O duyuma, o çırpıntıya qarşı getməmişəm. Həyatımı, yəni Allahın verdiyi ömrü, xüsusilə Tanrının mənə bəxş etdiyi sevgini ürəyimin diqtəsiylə yaşamışam. Və o sevgi mənim üçün bütün duyğulardan, bütün münasibətlərdən ən böyüyü, ən gözəli, ən gərəklisi, ən vacibi hesab olunur. Lap bir sözlə ifadə etsəm, o sevgi mənim havam olub. Mən onunla nəfəs almışam. Ola bilsin ki, bu fikir bir az pafoslu görünsün, pafoslu səslənsin, kimlərsə məni bu yaşımda gənclik həvəsiylə, nostalji bir yaşamla özümü ifadə etməkdə günahlandırsın. Bu məni qorxutmur. Çünki mən özümü haqlı sayıram və bütün haqlar da həmişə birmənalı qarşılanmayıb. Necə ki, bütün azadlıqlar həmişə bir ölçüylə ölçülmür. Hətta deyirlər ki, mənim azadlığımın bitdiyi nöqtədə sənin azadlığın başlayır. Deməli, biz bir-birimizin azadlığına mane oluruq. Amma mən elə bu nöqtədə də deyim ki, sən qorxmayasan. Biləsən ki, mən sənin üçün hər şeyə hazıram və:


Qorxma, heç səsin tutulmaz

Ağla məni bir nəfəsə…

Bir damla da qoy çilənsin-

Mən yatan torpaq – qəfəsə!


Qorxma heç oyanıb bir də

Yol üstdə kol olmayacam…

Sənə sarılmaq istəyən-

O bir cüt qol olmayacam!


Qorxma artıq söz-söhbətdən

Nə vardı götürüb getdim…

Cəhənnəmlik özüm, səni-

Cənnətə ötürüb getdim!


***

Yazının əvvəlində qara daşdan danışdım. Onun göyərmək gücündə olmadığını dedim. Bu fikri təsadüfən bilgisayara diqtə etməmişdim. Və elə yazı boyu da məramım indi sinəmdə gəzdirdiyim qara daşın ağırlığını diqqətə çatdırmaq idi. İstədim ki, bu yumruq boyda daşın dünya boyda iddiasına siz də güləsiniz. Onun düşdüyü xəyalların nə qədər absurd olduğuna siz də heyrət edəsiniz. Və görəsiniz ki, həmişə narazı olan, həmişə sevgisindən doymayan bu ürək sən demə bir divara hörüləsi daş da deyilmiş. Çünki qara daşdı!! Axı, əsrimiz yeni, dövrümüz təzə, düşüncələr müasir. İndi kimdi qara daşla divar hörən, ev tikən. Deməli, mənim yumruq boyda olan həmin o ürəyimin də yolu, mənzili elə bu yazıya qədər imiş.

Buna da şükür! İnsafən şükür etməyə haqqım çatır. Çünki mənə o sevgini yaşadıb və o sevginin bütün mahiyyəti, bütün özəllikləri, ümumiyyətlə, bütövlüyü mənim yaddaşımda, mənim canımda, qanımda qalıb. Və mən də ona söykənib hələ ki, ayaqdayam. Hətta hərdən bir qələmə, dəftərə də nəsə pıçıldaya bilirəm. Və bunun üçün o sevgiyə, o sevgini bu günümə gətirib çıxaran o yumruq boyda ürəyə baş əyirəm. Necə deyərlər, onun mənə verdiyi hər nədisə məni yaşadır və mən də yaşadıqlarımı misralayıram. Bax elə bu şeirdə olduğu kimi.


Səbrim çatmadı

dözmədim…

səni

telefonla

aradım

bilə-bilə ki,

bu zəng

qanını

qaraldacaq

evdə

söz-söhbət

yaradacaq

sən də

əsəbi şəkildə

öncə başlayacaqsan

hamını

yerində oturtmağa

sonra

tələsəcəksən

məni görməyə-

daha doğrusu,

mənim

unutuduğum dərsimi

mənə

yenidən verməyə!..


Hə, indi gördünüzmü qara daşın da kəraməti var. O da nəyəsə yaraya bilir, nəyəsə gərəkli olur. Başqalarını yaxın buraxmasam da, sən o qara daşı götürüb kiminsə ardınca və yaxud kiminsə üstünə qolun və gücün çatdıqca ata bilərsən. Axı onun sahibi də, günahkarı da sənsən. Və deməli, bu qara daş sənə bəlkə də son kəs deyir:


Dəyir atdığın daşlar

Bir başa ürəyimə

Daşlama bu evi sən-

Gir, yaşa, ürəyimə!


Daşın, oxun, ya güllən

Atdın, susma, sən dillən…

Həm ömürlük, həm ilnən-

Gir, yaşa, ürəyimə!


Ahdan asma, qovurma

Xəlbirləmə, sovurma

Sən sevməkdən yorulma-

Gir, yaşa, ürəyimə.


Bu əzabı, bu qəmi

Verdin, seçdin qibləmi

Köçürtdün sən Kəbəmi-

Birbaşa ürəyimə!..


Hə. Bu da qara daşın qara yazısı və yaxud sizlərin, öncə isə sənin eşidə biləcəyin pıçıltılar.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK