adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

"Qarabağ"ın ikinci rəqibi: 96 illik tarix, 90 milyonluq büdcə

İNTİQAM VALEHOĞLU
20422 | 2014-09-04 01:49
"Ədalət" qəzeti Avroliqanın F qrupunda mübarizə aparan "Qarabağ" klubunun rəqiblərini tanıtmaqda davam edir. Bu dəfə qrupun Ukraynadan olan təmsilçisi "Dnepr" haqda danışacağıq.
"Dnepr" futbol klubu 1918-ci ildə yaradılıb. "Dnepr Arena" adlı meydançaya malik komandanın oyunlarını 31 mindən artıq tamaşaçı izləyə bilirə. Klubun hazırki prezidenti İqor Kolomoyskidir. Komandann 96 illik tarixi ərzində yetərincə uğurları var. Ukrayna futbolunda əsas söz sahibləri heç şübhəsiz ki, "Şaxtyor" və Kiev "Dinamo"sudur. Amma "Dnepr" da bu ölkənin futbolunda özünəməxsus mövqeyə sahibdir. Məsələn, klub 2 dəfə SSRİ çempionu olub, 1 dəfə SSRİ Kubokuna, 1 dəfə SSRİ Super Kubokuna sahib çıxıb. Ukrayna çempionatında iki dəfə gümüş mükafatçı olub, 3 dəfə Ukrayna Kubokunda final oynayıb, 1 dəfə isə İntertoto Kubokunun finalına yüksəlib. Gördüyünüz kimi "Qarabağ"ın rəqibi yetərincə böyük beynəlxalq təcrübəyə malikdir. Komanda son illər ölkəsinin futbol nəhəngləri "Şaxtyor", "Dinamo" (Kiev) və "Metallist"ə rəqib olmağa çalışır. "Dnepr"in ötən mövsümü ikinci pillədə başa vurmağı rəqibimizin inkişafda olmağından xəbər verir. Rəqibimizin büdcəsinə gəlincə, qeyri-rəsmi məlumatlara görə, dneprlilər transferlərə və digər məsələlərə ildə 90 milyon dollar xərcləyirlər. Avropa Liqasının pley-off mərhələsində bu komanda Xorvatiya "Hayduk"unu çətinliklə keçib (evdə 2:1, səfərdə 0:0).
Bu arada komandanın oyunçuları və məşqçiləri "Qarabağ" haqda maraqlı fikirlər səsləndiriblər. Klubun müdafiəçisi Artyom Fedetski bildirib ki, "Qarabağ"da çoxlu braziliyalıların oynadığından xəbərdardır:
"Az qala komandanın yarısı legionerdir. Necə oynadıqlarını isə görəcəyik. Dünya çempionatında da necə sürprizlərin olduğunu nəzərə alsaq, turnir zamanı bu komandaya da yaxından bələd olmağımız lazımdır. Rəqibləri komanda yoldaşlarımızla da müzakirə etdik. Hamı "İnter"dən, "Sent-Etyenn"dən danışırdı. "Qarabağ" haqda heç kim xüsusi danışmadı. Halbuki, bu, adi komanda sayıla bilməz".
"Dnepr"in baş məşqçisi Dmitri Mixaylenko isə bildirib ki, "Qarabağ" pley-off-da Hollandiyanın "Tvente"sini mübarizədən kənarlaşdırmağından və ÇL-də "Zalsburq"a qarşı çox gözəl oyun sərgilədiyindən xəbərdardır:
"Ona görə də, bu komandanı ciddiyə almalıyıq".
Komandanın yarımmüdafiəçisi Mladen Bartuloviç isə deyi ki, "Qarabağ" onun üçün yeni komandadır:
"Etiraf edim ki, onlar barədə məlumatım yoxdur. Amma Azərbaycan çempionu olduğunu bilirəm. Deməli, ona hörmətlə yanaşmaq lazımdır. "Qarabağ"la oyunlarımız da çətin olacaq. İndiki komanda yoldaşım Sergey Kravçenko vaxtilə elə "Qarabağ"da oynayıb. "Qarabağ"ın "Zalsburq"a qalib gəlməsindən, azarkeşlərinizdən də xəbərim var. Amma bizim hədəfimiz qrupdan çıxmaqdır. Ona görə "Qarabağ"a qarşı ciddi oynamalıyıq".
Komandamızın icraçı-direktoru Əmrah Çəlikəl isə oyunularımızın təhlükəsizliyindən narahat olduğunu diqqətə çatdırıb:
"Hamı bilir ki, Ukraynada müharibə gedir. Yəqin ki, "Dnepr" təhlükəsizlik məsələlərini nəzərə alacaq. Təkcə biz deyil, "İnter" və "Sent-Etyenn" də Ukraynaya getməkdə qərarsızdırlar. Orada nə ilə qarşılaşacağımızı bilmirik. Biz Ukraynanın siyasi işlərinə qarışmaq istəmirik. Yəqin ki, klub rəhbərliyi təhlükəsizliyi təmin edəcək və oyunlar elə Ukraynada keçiriləcək".
Bu arada UEFA siyasi gərginliklə əlaqədar olaraq Dnepropetrovsk, Xarkov və Odessada Avroliqa matçlarının oynanılmasına qadağa qoyub. "Dnepr"in Avroliqadakı ev oyunlarını Kiyevdə keçirəcəyi bildirilir.
Xatırladaq ki, "Dnepr" turnirin qrup mərhələsinə qədərki ev oyunlarını Kiyevdə keçirib. Bu, Ukraynadakı məlum hadisələrlə bağlı UEFA tərəfindən çıxarılan qərara görə idi. Amma istisna deyil ki, "Dnepr"in qrup mərhələsindəki ev oyunları elə Dnepropetrovskda baş tutsun. Klub rəsmiləri hər kəsi əmin etməyə çalışırlar ki, rəqiblərini burada tam təhlükəsiz qəbul edə bilərlər.
Sonda xatırladaq ki, "Qarabağ"ın "Dnepr"lə Bakıdakı matçı oktyabrın 2-i, səfər matçı isə həmin ayın 23-də keçiriləcək.

TƏQVİM / ARXİV