adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"Bakı"dan tarixi biabırçılıq, Qəbələdə sülh, "Qarabağ" dayanmaq bilmir...

İNTİQAM VALEHOĞLU
18639 | 2014-09-23 01:58
Həftəsonu futbol üzrə Azərbaycan çempionatının 6-cı turunun oyunları keçirilib. "Ədalət" qəzeti nəticələri və ən maraqlı məqamları diqqətinizə çatdırır.
"Xəzər Lənkəran" evdə "Araz Naxçıvan"ı qəbul edirdi. Çempionata pis başlamayan naxçıvanlılar heç də yaxşı günlərini yaşamayan lənkəranlılardna xal qoparmaq niyyətində idilər. Cənub təmsilçisi qələbə qazanmayacağı halda turnir cədvəlindəki mövqeyini bir qədər də pisləşdirəcəkdi. Qarşılıqlı hücumlara baxmayaraq, ilk hissədə tərəflər hesabı saça bilmədilər. 73-cü dəqiqədə Qalin İvanov, 88-ci dəqiqədə Ağabala Ramazanov meydan sahiblərinə 3 xalı gətirən qolu vurdular. Ramil Diniyevin final fiti "Xəzər Lənkəran"ın "Araz Naxçıvan" üzərində 2:0-lıq qələbəsini təmin etdi.
Çempionatın sürpriz lideri "Sumqayıt" isə AZAL-ı qəbul edirdi. Gənc hakim Ömər Paşayevin idarə etdiyi qarşılaşmada bir qol üç xalın taleyini müəyyənləşdirdi. 24-cü dəqiqədəc Freddi Mombonqonun qolu "təyyarəçilər"in səfərdən 3 xalla qayıtmağına səbəb oldu.
"İnter"çətin günlərini yaşayan "Bakı"nı qəbul edirdi. Oyundan öncə hər kəs "bankirlər"i favorit görsə də, bu hesabı ağlına gətirən belə olmazdı. "İnter"in qol şousu Rauf Cabbarovun start fitindən 10 dəqiqə sonra başladı. Junior Nildi hesabı açdı. 8 dəqiqə sonra braziliyalı dubla imza atdı. 30-cu dəqiqədə Arif Daşdəmirov hesabı biabırçı həddə çatdırdı. İlk hissənin sonuna bir dəqiqə qalmış Baçana Tsxadadze hesabı 4:0-a çatdırdı. İkinci hissə başlar-başlamaz Baçana daha bir qol vurdu. 73-cü dəqiqədə Coşqun Diniyevin, 86-cı dəqiqədə Nizami Hacıyevin vurduğu qollar "Bakı"nın 7:0-lıq biabırçılığını rəsmiləşdirdi.
Oyun "Neftçi"nin yeni baş məşqçisi Arif Əsədovun ikinci ciddi sınağı idi. Matç bir neçə baxımdan da maraq doğururdu. "Qəbələ"dən ayrılan Elnur Allahverdiyev bu dəfə "Neftçi"nin uğurları üçün çalışırdı. Hər zaman paytaxt klubuna azarkeşlik etdiyini deyən Ruslan Abışov, həmçinin Ruslan Əmircanov və Cavid Hüseynov isə sabiq komandasına qarşı mübarizə aparmalıydı. Digər tərəfdən son turda hər iki komanda qələbə qazanmışdılar. Belə ki, "Neftçi" "Xəzər Lənkəran"ı, "Qəbələ" isə "Simurq"u məğlub edib. Flaqmanın heyətində nadir hallarda meydana çıxan Emil Balayev bu dəfə start heyətində idi. Oyuna mərkəzdən "Qəbələ" başladı. Gənc hakim Elvin Əsgərovun start fitindən sonra oyunda ilk təhlükə beşinci dəqiqədə yarandı. Vobayın sol cinahdan asmasından sonra Mendi müdafiəçilərin köməyinə gələrək, topu başla küncə çıxardı. İlk dəqiqələr qonaqların hücumları ilə keçir. Səkkizinci dəqiqədə Araz Abdullayevin ötürməsindən sonra Nikolas Kanales hesabı aça bilərdi. Amma Farkaş çilili hücumçunu qabaqlayaraq künc zərbəsinə səbəb oldu. 10-cu dəqiqədə "Qəbələ" əks hücumda hesabı aça bilərdi. Emil Balayevlə təkbətək çıxan Viktor Mendi bu imkanı əldən verdi.
13-cü dəqiqədə Emil Balayevin qapısını tərk etdiyini görən Ruslan Abışov 40 metrdən qapıya zərbə endirir, azacıq dəqiqlik çatışmır. Bir dəqiqə sonra Ropotan Elvin Əsgərovdan sarı vərəqə alır. Bu dəqiqələrdə oyunun tempi getdikcə yüksəlir və komandalar qarşılıqlı hücumlarla yadda qalırlar.
30-cu dəqiqədə Əmircanov Kanalesə qarşı kobud oyuna görə sarı vərəqə göstərir. Ancaq maraqlıdır ki, bu vərəqə Mirhüseyn Seyidovun hakimə təpinməyindən sonra çıxarıldı. Bir dəqiqə sonra Araz Abdullayevin uzaqdan vurduğu qüvvətli zərbədə azacıq dəqiqlik çatışmadı. Ardınca Vobayın zərbəsini Kamran Ağayev dəf etməyi bacarır.
37-ci dəqiqədə Mirhüseyn Seyidov Ekiqoya qarşı kobudluğa görə sarı vərəqə alır. Amma maraqlıdır ki, Mirhüseyn bu dəfə Elvin Əsgərova təpinmir. Bir dəqiqə sonra eyni oyunçuya görə Məqsəd İsayev də qarşısında sarı vərəqə görür. Ruslan Abışovun cərimə zərbəsindən sonra Emil Baayev sayıqlığını nümayiş etdirir. Oyunda ən real qol vəziyyəti 42-ci dəqiqədə yaranır. Cavid Hüseynovun cərimə zərbəsinin qarşısındna vurduğu zərbə az fərqlə yandan keçir. İlk hissədə hesab açılmır. Komandalar ikinci hissəyə eyni heyətlə başladılar. 52-ci dəqiqədə Abışovun sol cinahdan ötürməsindən sonra Markinyoc başla qapıya əla zərbə endirir. Gənc Emil Balayev inanılmaz reaksıya ilə "Qəbələ"nin hesabı açmasını əngəlləyir. Bu dəqiqələr meydan sahiblərinin üstünlüyü ilə keçir. 56-cı dəqiqədə Muntyanu Markinyosu 19 yaşlı Elvin Camalovla əvəzləyir. 70-ci dəqiqədə Abışov sabiq komandasını cəzalandıra bilərdi. Seyidova dəyən top küncə çıxır. Bir dəqiqə sonra Araz Abdullayevin zərbəsini Kamran Ağayev tutur. Bir dəqiqə sonra Flavinyonun zərbəsi qapı tirindən qayıdır. Qarışılıqlı hücumlara baxmayaraq, oyunda hesab açılmır.
Turun son oyununda "Qarabağ" Bakıda "Simurq"la qarşılaşırdı. Qurban Qurbanov bu oyunda Avroliqada oynamayan bir neçə oyunçuya da şans verilmişdi. 42 yaşlı mütəxəssisin meydana buraxdığı statt heyəti belə idi-İbrahim Şehiç, Tərlan Quliyev, Hacı Əhmədov, Namiq Yusifov (k), Muarem Muarem, Vüqar Nadirov, İlqar Qurbanov, Admir Teli, Bədavi Hüseynov, Cavid Tağıyev, Namiq Ələsgərov. Bu matçın da taleyini bir qol həll etdi. 65-ci dəqiqədə Vüqar Nadirovun yeganə qolu Ağdam təmsilçisinə üç xalı qazandırdı.
Oyunlardan sonra verilən ən maraqlı açıqlamaları şərhsiz diqqətinizə çatdırırıq.
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov:
"AZAL görüşün əvvəlində qol vurmaq üçün irəli atıldı. Öz səhvimizdən qol buraxdıq. Amma ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Narazılığım yoxdur. Futbolçular var gücü ilə oynadılar. Sözsüz ki, çatışmazlıqlar oldu. Kiyan Sultanpur çox zəif oynadı, demək olar ki, meydançada yox idi. Ona görə də Kiyanı əvəzlədim. Şəhriyar Xəlilov dünən əvəzedi heyətdə çıxış edib. Bu səbəbdən heyətdə yox idi. Qarşıdakı oyunlara hazırlaşacağıq".
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov:
"Qarabağ"a uduzduqdan sonra ruh düşkünlüyü var idi. Bununla yanaşı, komandamı oyuna kökləyə bildimsə, sevinirəm. İlk hissədəki 3 qol epizodundan yararlana bilsəydik, hesab tam başqa olardı. Biz hücumda top saxlaya, cinahlardan tam istifadə edə bilmirik. Tomi Kostadinov hələ tam hazır deyil. Ona görə də əsas heyətdə yer almamışdı. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. 3 xal bizim üçün çox vacib idi. Futbolçular komandaya 60-70 faiz uyğunlaşıblar".
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin:
"Sözü çox uzatmaq niyyətim yoxdur. Mənim oyunçularım qol zamanı stresdə olurdular. Bu gün isə hər şeydən razı qaldım. Biz qol vurmaq problemini tamamilə həll etdikdən sonra istənilən rəqibi məğlub edə bilərik. Bu gün rəqibə heç bir şans vermədik. Qol bir az gec vurulsa da, əsas qələbədir. Əgər qolu erkən vursaydıq, hesab daha fərqli olardı. Ardıcıl olaraq, qələbələr qazanmalıyıq".
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev:
"Futbolçularım döyüşdülər. Qolun buraxılması planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər. Gücümüz bura qədərdir. Amma işimizi davam etdirəcəyik. Futbolçularım Premyer Liqa təcrübəsi qazanmalıdırlar".

TƏQVİM / ARXİV