adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Milli komandamızdakı əsas problem

İNTİQAM VALEHOĞLU
22469 | 2014-09-06 01:26
Futbol üzrə milli komandamız yoldaşlıq oyunu çərçivəsində Rusiya yığmasına məğlub oldu. Artıq hesab da bəllidir-4:0. Rəqibin qollarını vuranların da adı məlumdur-Aleksandr KErjakov, Sergey İqnaşeviç, Vladimir Qranat.
Əsas məsələyə keçməzdən məşhur hakim Rövşən İrmatovun idarə etdiyi oyuna Kapello və Foqtsun buraxdığı əsas heyətlərə nəzər salaq. Kapello demək olar ki, ənənəvi heyətə güvənmişdi-İqor Akinfeyev, İqor Smolnikov, Dmitri Kombarov, Vasili Berezutski, Sergey İqnaşeviç, Denis Qluşakov, Alan Zaqoyev, Oleq Şatov, Denis Çerışev, Dmitri Poloz, Aleksandr Kerjakov. Kiçik yerdəyişmələri nəzərə almasaq, demək olar ki, əsas heyət meydanda idi. İndi gəlin Berti Foqtsun əsas heyətinə baxaq-Kamran Ağayev, Bədavi Hüseynov, Rasim Ramaldanov, Cihan Özkara, Rüfət Dadaşov, Dmitri Nazarov, Rəşad Sadıqov (k), Ruslan Abışov, Vüqar Nadirov, Ruslan Əmircanov, İlkin Qırtımov
Əvvəla bir oyuna üç mərkəz müdafiəçisi ilə çıxmaq hansı tələbdən doğmuşdu? Bədavi, Rəşad, Ramaldanov triosunu eyni anda meydana buraxmaqla alman çalışdırıcı nəyi özünə sübut etmək istəyirdi? Əgər Ramaldanov "Xəzər Lənkəran" kimi formadan uzaq bir komandada belə əsas heyətə düşə bilmirsə, onun millinin əsas heyətində nə işi var?
Ruslan Əmircanovla İlkin Qırtımıvoun da yığmanın əsas heyətində nə üçün oynadıldığı böyük sual doğrurur. Deyə bilərsiniz ki, yoldaşlıq oyunudur, məşqçi oyunçuların hansı mövqedə necə təsir bağışladığını sınayır. Razıyam. Amma öz komandasında əsas heyətə düşə bilməyən, bəzən ümumiyyətlə meydana çıxmayan birini hansı məqsədlə sınamağı şəxsən mənə qaranlıqdır.
Əgər fikir verdinizsə, dörd qoldan üçü mərkəz müdafiəçilərinin səhvi ucbatından vuruldu. Bir epizodda Rəşad Sadıqov hava mübarizəsini uduzdu. İkincisində isə Ramaldanov gecikdi.
Amma insafən həmin epizodda Kamran Ağayevin də səhvi var idi. Əgər top cinahdan cərimə meydançasına, hətta qapıçı meydanına ötürülürsə və qolkiper topa çıxmırsa, şərhə ehtiyac yoxdur.. Ümumiyyətlə, son zamanlar Ağayevin millidəki oyunu da məndə şübhə doğurur. Çünki həmişə onun daha çox milli səviyyəsində uğurlu çıxış edə biləcəyini düşünmüşəm. Yəni bu adam klubluq qapıçı deyil. Elə "Qəbələ"nin son oyununda buraxdığı səhvin yaddaşlardan silinməsi üçün xeyli vaxt lazımdır.
Foqtsun Rauf Əliyevin əvəzinə Vüqar Nadirova şans verməyi də mənə qaaranlıq qalır. Düzdür, indiki halda Əliyev Nadirovdan elə də üstün formada deyil. Amma istənilən halda Rauf daha yaxşı qol duyumuna malikdir, hava mübarizələrində efektivdir.
Oyundan sonra futbolçularımızın açıqlamaları da Bolqarıstanla rəsmi oyun ərəfəsində əməlli-başlı həyəcan siqnalıdır. Vaqif Cavadovun dediklərinə diqqət edək:
"Rusiya ilə oyun bizim üçün vacib idi. Çünki biz "Avro-2016"nın seçmə mərhələsinə hazırlaşırıq. Buraxılan iki erkən qolun oyuna təsiri oldu. Bəli, nəticə bizim pis oyunumuzdan xəbər verir. Ancaq mən Azərbaycan yığmasının bu görüşdə pis oynadığını deməzdim. Çünki biz mübarizə apardıq, xüsusilə də ikinci hissədə. Düşünürəm ki, bu məğlubiyyəti faciəyə çevirməməliyik. Əsas sentyabrın 9-da qarşılaşacağımız Bolqarıstanla seçmə mərhələ oyunudur. Bu görüşə hazırlaşmaq üçün hələ vaxtımız var. Həmin oyuna fərqli motivasiya ilə çıxacağıq. Bu futboldur. Bəzən belə məğlubiyyətlər ola bilər, ancaq həyat davam edir".
Sizə hansı milli komandanın oyunçusu 4:0-lıq məğlubiyyətdən sonra yaxşı oynadıq, bunu faciəyə çevirməməliyik deyə bilər?
Əgər millidə çıxış edən bir oyunçu rəsmi oyundan bir neçə gün öncə alınan böyükhesablı məğlubiyyəti deyə-gülə şərh edirsə, deməli, millidə ciddi əhval-ruhiyyə problemi var. Millimizin Bakıda Bolqarıstanla keçirəcəyi görüşdə əldə edəcəyi nəticədən asılı olmayaraq, millidə islahatların bir qədər də sürətləndirilməli olduğu qənaətindəyəm. Sabah çıxıb bolqarları minimal hesabla yensək belə, bu o demək deyil ki, hər şey qaydasındadır. Rəsmi oyunlarda biabır olmamaq üçün düşünmək lazımdır. Ən azından milliyə azarkeşlik edən milyonlar naminə.


TƏQVİM / ARXİV