adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Azərbaycan-Bolqarıstan: kimin nə qədər şansı var?

İNTİQAM VALEHOĞLU
27247 | 2014-09-09 01:56
Bu gün Azərbaycanın futbol üzrə milli komandası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxır. Yığmamız Bakıda Bolqarıstan millisi ilə qarşılaşır. "Ədalət" qəzeti oyunöncəsi təhlilini diqqətinizə çatdırır.
Bolqarıstanı heç də futbol ölkəsi saymaq olmaz. Amma bu ölkənin ayrı-ayrı futbolçuları Avropanın adlı-sanlı komandalarında çıxış edir. Amma indiki durumda FİFA-nın reytinq cədvəlində bolqarlar 72-ci, Azərbaycan isə 73-cü pillədə qərarlaşıb. Ölkəmizin bir nömrəli futbol komandasının Rusiya ilə keçirdiyi sonuncu yoldaşlıq görüşündə əldə etdiyi nəticəyə nəzər salsaq, uğurlu nəticəyə ümid etmək çətinləşir. Düzdür, Rusiya Bolqarıstan deyil və təbii ki, daha güclü rəqibdir. Amma yığmamızın şimal qonşumuzla oyunda buraxdığı dörd qolla yanaşı sərgilədiyi baxımsız oyun da bədbin danışmağa imkan verir. Əleyhimizə işləyən digər məqam isə millimizin lideri Rəşad Sadıqovun hazırda ideal formada olmamağıdır. Təkrarçılıq kimi görünsə də, bunu ruslarla oyunda bir daha gördük.
Bolqarıstan millisinin oyunçuları isə bu barədə fərqli düşünürlər. Portuqaliyanın "Sportinq" komandasının və Bolqarıstan millisinin 21 yaşlı müdafiəçisi Simeon Slavçev oyun barədə danışarkən dolayısıylaa qələbə qazanacaqlarına eyham vurub:
"Azərbaycanla oyuna hazırlıqlar yüksək səviyyədə gedir. Milli komandanın düşərgəsinə böyük ümidlərlə gəlmişəm. Komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəm. Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm. Əsas milli komandada oynamaq şərəfdir. Məncə, hər bir futbolçumuz səfərə yalnız qələbə üçün getdiyimizi dərk edir. Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza inanırıq".
Oyunun 8-ci kilometr qəsəbə stadionunda keçirilməsi də təbii ki xeyrimizə deyil. Ölkənin bir nömrəli arenası olan Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü dəyişdirildiyindən bunu məcburi addım kimi də dəyərləndirmək olar. Hər halda oyunun keçiriləcəyi stadion 12 min azarkeş tutumuna malikdir və azarkeş dəstəyi baxımından bu rəqəm çox azdır. keçiriləcək.
Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov da oyun barədə fikirlərini paylaşıb. Mixaylov yığma komandasına inandığını bildirib:
"Düzdür, ciddi rəqiblə qarşılaşacağıq. Səfərdə hər iki komandanın ifasında sərt oyun gözləyirik. Ancaq mən sakitəm. Əsas odur k, futbolçularımız əlinə düşən qol imkanlarından yararlansın. Komandamızın oyun stilini bəyənirəm. Səfərdə 10-12 minlik azarkeş tutumu olan stadionda oynayacağıq. Rəqibin çox həvəsli azarkeşləri var. Azərbaycan millisi asan rəqib deyil. Ancaq komandamızın yaxşı nəticə qazanacağına inanıram".
Bu arada AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA-nın Futbol Akademiyasında Azərbaycan milli komandası ilə görüşüb. İstənilən halda bu görüşün milli üzvləri üçün əlavə stimul olacağı istisna deyil. Yığmamızın keçirdiyi son yoxlama görüşündə Berti Foqtsun əsas heyətdə meydana buraxdığı Vüqar Nüdirov da iddialı danışıb. O bildirib ki, Rusiyaya məğlubiyyətin səbəblərindən biri alman çalışdırıcının əsas heyət üzvlərini meydana buraxmamağıdır:
"Baş məşqçimiz əsas heyət üzvlərini qorudu. Onların zədələnməsini istəmədi. İstər-istəməz yoldaşlıq oyununda motivasiya da kifayət qədər olmur. Məncə, baş məşqçimiz Bolqarıstanla oyunu daha çox düşündüyü üçün müəyyən üstün cəhətlərimizdən istifadə etmədi. Bu, seçmə mərhələdə ilk oyunumuz olacaq. Əvvəldən necə başlasaq, elə də davam edəcəyik. Çalışacağıq ki, qələbə qazanıb, xalqımızı sevindirək. İndi bizi tənqid edirlər. Bolqarıstana qalib gəlsək, həm azarkeşlərin, həm də mətbuatın bizə münasibəti başqa cür olacaq. Hər kəs millimizə inanmalıdır. Əminəm ki, Bolqarıstana qarşı tam fərqli oyun nümayiş etdirəcəyik".
Yekun olaraq şansları dəyərləndirsək, bu oyunda yığmamızın ən yaxşı halda heç-heçə ilə ayrılacağını gözləmək olar. Qələbə isə bəlkə də azarkeşlər üçün xoş sensasiya olacaq.
Qeyd edək ki, Azərbaycan-Boqlarıstan oyunu sentyabrın 9-da saat 21:00-da baş tutacaq.



TƏQVİM / ARXİV