adalet.az header logo
  • Bakı -°C

Vətən təəssüratları 2026 (Birinci yazı) - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
95 | 2026-09-21 09:00
A- A+

Bu yazımı bir qədər gecikmiş yazı hesab edirəm. Çünki yazmağa başladığım gün, 18 sentyabr 2026-cı il, artıq iki həftə idi ki, yenidən Niderlanda qayıtmışdıq. Amma bir tərəfdən yol yorğunluğundan, bir tərəfdən işlərin çoxluğundan yazı yazmağa imkan tapa bilmirdim. Amma təəssüratlarımı bölüşmək istəyim nəhayət məni kompüterimin arxasına keçməyə vadar etdi.Həm də ona görə ki, bu dəfəki səfərimiz ailəmiz üçün əlamətdar olan başqa bir hadisə ilə bağlı idi.

Fərqli səfər

Qeyd etdiyim kimi, bu dəfə başqa bir səbəblə də gəlirdik: övladımın xeyir işi, toyu olacaqdı. Artıq xeyli müddət idi ki, toya hazırlıqlar uzaqdan da olsa davam edirdi. Məhz bu toy üçün Niderlanddan xeyli qonağımız gələcəkdi. Onların arasında milli kimlik baxımından niderlandlılar və Niderlanddan xüsusi olaraq bu toy üçün Azərbaycana gələn soydaşlarımız da var idi.
Odur ki, bu yazımda məmləkətimizə, onun paytaxtına həm də niderlandlı qonaqlarımızın gözü ilə baxmağa, onların fikirlərinə də, ad çəkmədən, yer verməyə çalışacağam.

Hava limanı

Elə buradan başlayaq. Artıq hava limanından çıxmışıq. Hər zaman məmləkətə gələndə kirayə maşın götürürəm, bu dəfə də fərqli olmadı. Şirkətin əməkdaşı ilə zəngləşirik. “İçəri gəlməyin, maşını harada saxlamısınızsa deyin, ora gələk”, — deyirəm. Cavabında isə: “Müəllim, narahat olmayın, yanınıza çatıram. Burada maşını tapmaq sizə çətin olar”, — deyir.

Doğrudan da, çətin olardı. Çünki maşınların park edildiyi yerlər, sıralar nömrələnməyib, işarələnməyib. Kiməsə yerini bildirmək üçün “düz gəl, sonra sola dön, sonra yenə düz gəl, filan yerə dön...” kimi qeyri-adi üsulla istiqamət verməli olursan. Anlamıram ki, parklanma yerlərini nömrələmək nə çətin iş imiş.

Bu yerdə qeyd edim ki, yerlərin nömrələnməsi ilə bağlı aidiyyəti təşkilatlara, idarələrə bir neçə ay öncə məktub da göndərmişəm. Buradan bir daha müraciət edirəm: bu məsələyə diqqət verin. Çünki hava limanı ölkəmizə gələn xaricilərin əksəriyyətinin ilk gördüyü yerdir. Həmçinin bu, təkcə xaricilər üçün deyil, ən başlıcası, öz insanlarımızın rahatlığı üçün edilməlidir. Cənablar, müəllimlər, bəylər, xanımlar, bu məsələ sizə sadə bir şey kimi gəlməsin. Bunu həll edin.

Ardı var. 

Vüqar Abbasov.
Niderland. 
Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı

  • Avqust:
  • 28

TƏQVİM / ARXİV