adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Hans klubumuz çempion olacaq?

İNTİQAM VALEHOĞLU
18625 | 2014-09-26 01:12
Futbol üzrə Azərbaycan çempionatının altı turu geridə qaldı. Daha doğrusu, təxirə salınmış bəzi oyunlar istisnadır. "Ədalət" qəzeti altı turdan sonra göstərilən nəticələri və komandaların çempionluq şanslarını təhlil edib.
"İnter" ötən mövsümdən fərqli olaraq bu il çempionata daha iddialı başlayıb. "Bankirlər" hazırda turnir cədvəlinin zirvəsində qərarlaşıblar. Kaxaber Tsxadadzenin komandası 13 xala sahibdir. Altı oyundan birində məğlub olan, birində heç-heçə edən komanda dörd qələbəyə sevinib. Rəqib qapılarına vurduğu 19 qola qarşılıq, 3 qol görüb ki, bu da məhsuldarlıq baxımından hər oyuna 3 top deməkdir. Hər halda bu komandanın hazırki duurmu çempionatın əsas favoritlərindən olacağına şübhə yeri qoymur.
İkinci pillədə qərarlaşan "Sumqayıt" isə iki tur əvvəl birinciliyi sürpriz şəkildə ələ keçirmişdi. Əgər komandanın "Qarabağ"dan aldığı üç xal ağdamlıların yol verdiyi texniki səhvə görə idisə, Lənkəranda "Xəzər Lənkəran" üzərindəki qələbə sırf Aqil Məmmədovun komandasının əzmkarlığının hesabına idi. Hazırda komandanın 12 xalı, dörd qələbəsi, 2 məğlubiyyəti var. Sumqayıtlılar 8 top vurub, 7 top buraxıblar ki, bu da müdafiə, eyni zamanda hücum xəttinin zəifliyindən xəbər verir. Çox güman ki, "Sumqayıt" 4-5 tur sonra ən azı 3-4 pillə də geriləyəcək.
Səkkiz qat Azərbaycan çempionu "Neftçi" 10 xalla turnir cədvəlinin üçüncü pilləsində qərar tutub. Flaqman keçirdiyi beş görüşdə 4 qol vurub, eyni sayda da qolu öz qapısında görüb. Paytaxt təmsilçisinin hesabında 3 qələbə, bir heç-heçə və bir məğlubiyyət var. Ölkənin ən titullu komandasının bu il də çempionluq üçün oynayacağı şübhə doğurmur.
"Qəbələ" də "Neftçi" kimi 10 xal qazanıb, amma altı oyundan sonra. Region təmsilçisi bu görüşlərdən üçündə qələbə qazanıb, "Neftçi" ilə "ev"də sülhə razılaşıb və iki dəfə də məğlubiyyətlə barışıb. Muntyanunun yetirmələri altı oyuna cəmi altı qol vurublarsa, yeddi qol buraxıblar. Hər halda bu da komandanın yetərincə problemlərinin olduğundan xəbər verir. "Qəbələ"nin cari mövsümdə ilk üçlüyə düşəcəyi o qədər də inandırıcı görünmür.
Son çempion "Qarabağ" isə beş turdan sonra səkkiz xal toplayıb və beşinci pillədədir. Ağdam təmsilçisinin Avroliqaya daha çox diqqət ayırması şübhəsiz ki, turnir cədvəlindəki mövqeyinə də təsirsiz ötüşməyib. "Köhlən atlar" iki oyunda qalib gəlib, iki dəfə heç-heçə oynayıblar. Bir oyunda isə texniki məğlubiyyət alıblar. Qurban Qurbanovun komandası altı qol vurub və qapısında beş qol görüb. "Qarabağ"ın da bu il çempionluq üçün oynayacağı proqnozlaşdırılır. Amma komanda Avroliqada qrup mərhələsini keçəcəyi təqdirdə, çempionata daha az diqqət ayrıacağı da istisna deyil.
"Xəzər Lənkəran" altı oyundan sonra yeddi xal qazanıb. Oğuz Çətinin "gəmiçilər"i altı oyundan üçündə məğlub olublar, bir dəfə bərabərliyə razılaşıblar, iki oyunda isə qələbə qazanmağı bacarıblar. Top fərqinə gəlincə, cənublular rəqib torlarını dörd dəfə silkələdikləri halda, öz qapılarında beş qol görüblər. Mübariz Mənsimovun klubunun bu il medallar uğrunda mübarizə aparacağı deyilsə də, hazırda bu, o qədər də inandırıcı görünmür.
Tərlan Əhmədovun baş məşqçisi olduğu AZAL isə beş tura aktivinə yeddi xal yazdıra bilib. Avrokuboklar üçün oynanılacağı deyilən "təyyarəçilər" hazırda beş oyuna iki qələbə qazanıblar, eyni sayda məğlubiyyətlə üzləşiblər. Bir oyunda isə sülh qeydə alınıb. Dörd qol vuran komanda qapısında yeddi qol görüb. Çox güman ki, AZAL-ın avrokubok arzusu bu il də arzu olaraq qalacaq.
"Simurq" çempionatda heç-heçə etməyən üç komandadan biridir. Zaqatala təmsilçisi beş oyundan ikisində qalib gəlib, üçündə məğlubiyyətlə üzləşib. Komanda altı qol vurub, beş qol buraxıb. Çixradzenin komandasının medallar uğrunda oynayacağı o qədər də inandırıcı görünmür.
Çempionatın debütantı "Araz Naxçıvan" cəmi bir oyunda "Neftçi"nin ikinci heyətinə 3:0 hesabıyla qalib gəlib. Naxçıvan təmsilçisi qalan dörd görüşdə meydanı xalsız tərk edib. Vurulan qolların nisbəti isə 4-7-yə komandanın əleyhinədir.
Ötən illərin iddialı klublarından olan "Bakı" isə ən ağır günlərini yaşayır. Komanda keçirdiyi beş oyundan cəmi birində heç-heçə edib . O da "Qarabağ"la. Bir xalla turnir cədvəlinin zirzəmisində qərarlaşan klubun vurduğu 3 qola qarşılıq qapısında buraxdığı 14 qol var. "Bakı"nın bu il çempionatda qalıb-qalmayacağı müzakirə mövzusudur.



TƏQVİM / ARXİV