adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"Qarabağ" büdrədi, "Sumqayıt" sensasiyaya davam edir...

İNTİQAM VALEHOĞLU
17549 | 2014-09-02 03:49
Həftəsonu futbol üzrə Azərbaycan çempionatının beşinci turunun oyunları keçirilib. "Ədalət" qəzeti oyunların təhlilini və ən maraqlı məqamları diqqətinizə çatdırır.
İlk oyun günündə "Xəzər Lənkəran" öz meydanında Bakının "İnter" komandasını qəbul edirdi. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşmaya yetərincə böyük maraq var idi. Çünki çempionatdan öncə millinin oyunçuları ilə güclənən cənubluların ilk 3 turda cəmi bir xal qazanmağı Oğuz Çətinin postunu əməlli-başlı laxlatmışdı. "İnter" isə ötən çempionatın əvvəlində yaşadığı aqibəti yaşamamaq üçün mütləq üç xal qazanmalıydı. Lənkəranlılar oyunun taleyini beşinci dəqiqədə həll etdilər. Elnur Abdullayevin zərbəsi "bankirlər"i Lənkərandan əliboş yola saldı.
"Sumqayıt" isə çempionatın debütant "Araz Naxçıvan"ı öz meydanında sınağa çəkirdi. Bu görüşün də taleyini bir qol həll elədi. Kiyan Sultanpurun penaltidən vurduğu qol gənclik şəhəri təmsilçisinə 4-cü oyununda üçüncü qələbəsini qazandırdı. Nə qədər qəribə görünsə də, "Sumqayıt" hazırda 9 xalla çempionatın lideridir.
"Qəbələ"-AZAL qarşılaşması da maraqlı oyunları sırasında idi. Ötən çempionatı üçüncü pillədə tamamlayan "Qəbələ" Tərlan Əhmədovun "pilot"u olduğu "təyyarəçilər"i öz meydanında qəbul edirdi. Matçda hesab ilk hissənin sonuna artırılmış ikinci dəqiqədə açıldı. Oyunun baş hakimi Rauf Cabbarovun qəbələlilərin qapısına təyin etdiyi penaltini təcrübəli oyunçu Rəşad Abdullayev dəqiq yerinə yetirdi-0:1.Oyunda ikinci qol 71-ci dəqiqədə vuruldu. Millimizin sabiq baş məşqçisi Şahin Diniyevin oğlu Kərim Diniyev meydan sahiblərini ikiqat geri saldı-0:2. 83-cü dəqiqədə Rauf Cabbarov daha bir penalti təyin etdi. Bu dəfə AZAL-ın qapısına. Millimizin yarımmüdafiəçisi Cavid Hüseynov Şüvəlan klubunun moldovalı qolkiperi Namaşkoya ümid yeri qoymadı-1:2. 90+1-ci dəqiqədə isə AZAL-ın yeni transferi Eduardo Makeil qırmızı vərəqə alsa da, Tərlan Əhmədovun komandası çətin səfərdən üç xalla dönməyi bacardı.
"Neftçi" isə öz meydanında Zaqatalanın "Simurq" komandasını qəbul edirdi. Bakılılar oyuna Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Nikolas Kanales, Kaue da Silva, Mirhüseyn Seyidov, Məqsəd İsayev və Emin Mehdiyevdən ibarət əsas heyətlə başlamışdı. Georgi Çixradze isə Pavel Kapsa, İlkin Qırtımov (k), Adam Banaş, Vadim Abdullayev, Samir Zərgərov, Rəşad Eyyubov, Stepan Polyak, Tural Axundov, İdan Vaytsman, Benjamin Lambot və Marko Stanoyeviçi meydana buraxmışdı. Gənc hakim Orxan Məmmədovun idarə etdiyi qarşılaşmada hesabın açılmağını gözləmək üçün iki dəqiqə lazım oldu. Araz Abdullayev zaqatalalıları hesabda geri saldı-1:0. İlk hissədə tərəflərin cəhdlərinə baxmayaraq, hesab dəyişmədi. "Neftçi" ikinci hissəyə də qolla başladı. Bu dəfə Julius Vobay paytaxt təmsilçisinin üstünlüyünü iki topa çatdırdı. 54-cü dəqiqədə Staneyoviçin vurduğu qol "Simurq" üçün təsəlli oldu və Çixradzenin "arılar"ı Bakıdan əliboş getdilər.
Turun ən maraqlı qarşılaşmalarından biri də"İnter Arena" stadionunda baş tutub. Burda "Qarabağ" zəifləmiş "Bakı"nı sınağa çəkirdi. "Qarabağ" oyuna İbrahim Şehiç , Tərlan Quliyev, Maksim Medvedev , Hacı Əhmədov , Namiq Yusifov (k), Reynaldo Silva, Danilo Dias, Admir Teli, Şəhriyar Əliyev, Marinaldo Çiçero, Cavid Tağıyev "11"liyi ilə çıxmışdı.
"Bakı"nın start heyəti isə belə idi- Aqil Məmmədov (k), Yure Travner, Vüqar Bəybalayev, Nuran Qurbanov, Lukas Mario Horvat, Nurlan Novruzov, Əziz Quliyev, Elton Hüseynov, Elşad Manafov, Risto Ristoviç və Mikayıl Rəhimov.
Ramil Diniyevin idarə etdiyi oyunda hesab 32-ci dəqiqədə açıldı. Çumbinyo təyin olunmuş penaltini qola çevirdi. İlk hissə ağdamlıların minimal hesablı qələbəsiylə başa çatdı. 66-cı dəqiqədə gənc Nurlan Novruzov "Bakı"nı ümidləndirdi. Cəmi dörd dəqiqə sonra Yure Travner hesabı bakılıların xeyrinə dəyişdi-1:2. Muaremin 84-cü dəqiqədə vurduğu qol isə "Qarabağ"ı biabırçılıqdan xilas etdi-2:2.
Oyundan sonra baş məşqçilərin verdiyi ən maraqlı açıqlamaları şərhsiz diqqətinizə çatdırırıq.
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov: "Oyun barədə çox danışmaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı. Xalsız qalmaqdansa, bir xal daha yaxşıdır. "Bakı"nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür. Bu gün 3 qol vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq. Bu gün belə bir gün idi. Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm. Futbolçuların üzərinə çox getmək istəmirəm. Yol yorğunluğunu nəzərə almaq lazımdır. Buna baxmayaraq onlara öz narazılığımı bildirdim. Çünki biz vacib iki xal itirdik. Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq. Futboldur, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam".
"Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca: "Hər həftə bir qədər daha yaxşı oynamağa çalışırıq. Mən futbolçularımın alnından öpürəm. Bu gün bir xal qazanmadıq, 2 xal itirdik. Çox yaxşı mübarizə apardıq, komandamı təbrik edirəm. Qazanılan xalı rəhbərliyə həsr edirəm".
"Simurq" klubunun baş məşqçisi Georgi Çixradze: "Hər iki hissəyə yaxşı başlamadıq. İlk dəqiqələrdə qollar buraxdıq. Lakin özümüzü itirmədik, qol epizodlarımız oldu. Bir qol vursaq da, ardını gətirə bilmədik. İkinci hissədə yaratdığımız çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Müdafiənin diqqətsizliyi nəticəsində buraxdığımız qollar komandaya psixoloji təsir etdi".


TƏQVİM / ARXİV