adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"Neftçi"-"Çixura" oyununda dava düşdü

İNTİQAM VALEHOĞLU
21180 | 2014-08-02 01:12
"Neftçi" Avropa Liqası turnirinin III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Gürcüstanın "Çixura" komandası ilə qarşılaşıb. "Ədalət" qəzeti oyunda baş vermiş ən maraqlı məqamları diqqətinizə çatdırır.
Oyundan öncə statistikaya nəzər salanda "Neftçi" favorit kimi görünürdü. Düzdür, Gürcüstan təmsilçisi 1936-cı ildə yaransa da, cəmi bir dəfə Gürcüstan superkubokunu qazanıb və bir dəfə də ölkə kubokunun finalında oynayıb. "Çixura"nın Avrokubok təcrübəsi də o qədər böyük deyil. Belə ki, rəqibimiz Avrokuboklarda 9 oyuna çıxıb və cəmi 2 qələbəsi var. "Neftçi" isə indiyə kimi 21 Avroliqa oyununa çıxmış, 5 qələbə qazanmışdı. 5 görüşdə meydanı sülhlə təkr edən flaqman 10 dəfə meydandan başıaşağı ayrılmışdı.
"Çixura"nın start heyəti belə idi -Maksime Kvilitaia, Jambul Liqauri, Giorgi Kimadze, Laşa Katçukudze, Giorgi Datunaisvili, Şota Kaşia, David Odikadze (k)Besik Dekanoidze, Giorgi Rekviaşvili.
Böyükağa Hacıyev isə bu oyunçuların ilk dəqiqələrdən mübarizəsinə şərait yaratmışdı - Saşa Stamenkoviç, Karlos Kardozo, Elvin Yunuszadə, Bruno Bertuççi, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Sesilyo Kaue, Mirhüseyn Seyidov, Ernest Nfor.
Oyunun ilk dəqiqələrindən "Neftçi" üstünlüyü ələ alır. Araz Abdullayevin sağ cinahdan asması təhlükəli alınsa da, topa toxunan olmur. 15-ci dəqiqədə rəqib əks hücuma çıxır və Saşa Stamenkoviç ard-arda 3 epizodda "Neftçi"ni Jiqaurinin qolundan xilas edir. 17-ci dəqiqədə Flavinyo Araz Abdullayevin cərimə zərbəsindən etdiyi ötürməni qola çevirə bilmir. Halbuki həmin epizodda qol vura bilməmək ən çətin variant idi. 18-ci dəqiqə Juliso Vobayın uzun reydi və qapıya zərbəsiylə yadda qalır. 19-cu dəqiqədə Georgi Qabidavanın təhlükəli zərbəsi yadda qalır. Bu dəqiqələrdə qonaqlar fəallaşıblar. 27-ci dəqiqədə Georgi Qavedavanın zərbəsindən sonra Kardozonun ayağına dəyən top az qala qapımıza daxil olacaqdı. 28-ci dəqiqədə Georgi Koripadzenin zərbəsindən sonra isə tribunalar sükuta qərq oldu. Çünki zərbə o qədər qüvvətli və qapıya yaxın alınmışdı ki, hər kəs qol olduğunu düşündü. Amma xoşbəxtlikdən hesab açılmadı. Bu dəqiqələr "Çixura"nın hücumları şəraitində keçir. 40-cı dəqiqədə rəqib oyunçu cərimə meydançasının düz qarşısında Ernest Nfora qarşı kobud oynayır. Təyin olunmuş cərimə zərbəsini Bruno Bertuççi təhlükəli yerinə yetirsə də, hesab dəyişmir.
Və beləliklə, ilk hissə 0:0 hesabıyla başa çatır.
Ancaq fasilə səs-küysüz ötüşmür. Belə ki, iki komanda azarkeşləri arasında insident baş verir. Münaqişə tərəflərin bir-birinə su qabı atması ilə müşayiət olunur. Konflikt polislərin araya girməsi ilə aradan qaldırılır.

İkinci hissə

Flaqman ikinci hissəyə fəal başlayır. 49-cu dəqiqədə Araz Abdullayevin cərimə zərbəsi, 50-ci dəqiqədə Bertuççinin driblinqdən sonrakı zərbəsi çox təhlükəli alınır. Cəmi bir neçə saniyə sonra Karlos Kardozonun baş zərbəsində azacıq dəqiqlik çatışmır. 57-ci dəqiqədə Julios Vobayın zərbəsindən sonra rəqib qapıçı fantastik reaksiya ilə topu küncə çıxarır. 63-cü dəqiqədən sonra rəqib qapıçının səhvindən sonra Kardozo hesabı aça bilərdi. Amma o ikinci cəhddə səhvini düzəltdi. 67-ci dəqiqədə Samir Məsimov Araz Abdullayevin yerinə meydana çıxır. 74-cü dəqiqədə Flavinyonun baş zərbəsindən sonra rəqib qapıçı daha bir fantastik qurtarış edir. 79-cu dəqiqədə bəxtimiz gətirdi. Müdafiədəki boşluqdan istifadə edən gürcülər hesabı aça bilərdilər. 83-cü dəqiqədə Cavid İmamverdiyev Mirhüseyn Seyidovun əvəzinə meydana buraxır.
Ancaq bu da bəhrəsini vermir. Yekunda oyun ərzində topa 60 faiz sahib olan "Neftçi" Bakıda "Çixura" düşür.
Oyundan sonra verilmiş maraqlı açıqlamaları şərhsiz diqqətinizə çatdırırıq. "Çixura " klubunun baş məşqçisi Samson Pruidze:
"Gözlədiyimiz kimi çox çətin və gərgin oyun keçdi. "Neftçi" bir çox titullara malik komandadır. Rəqibə hörmətlə yanaşırıq. Təcrübəli futbolçulara yaxşı baş məşqçiyə malikdirlər. Uğur bizim tərəfimizdə oldu. Ancaq biz də bir çox qol imkanları yaratdıq. Cavab oyunu çox gərgin keçəcək .Biz sübut etdik ki, "Neftçi"dən zəif komanda deyilik. Gürcüstandan gələn azarkeşlərə təşəkkür edirəm. Onlar böyük yol qət edib gəliblər. Eyni zamanda "Neftçi" azarkeşləri də məni heyran etdi. Düzdür, biz "Neftçi" ilə müqayisə oluna bilmərik. Ancaq çalışacağıq ki, gələn oyunda mərhələ adlamaq üçün hər şey edək. Azərbaycan bizə qonşu ölkədir. Çalışacağıq ki, Gürcüstanda da "Neftçi"ni yaxşı qarşılayaq.
Pruidze "Bursaspor"la cavab oyununda (0:0) baş verən xoşagəlməz hadisələrə də münasibət bildirib: "Azarkeşlərimizin etdiyi hörmətsizliyə görə üzrxahlıq edirəm. Siz bizim yaxın qonşumuzsunuz. Bizim qədim dostluq münasibətlərimiz var. Gürcüstan milləti çox qonaqpərvərdir. Sadəcə "Bursaspor"la oyunda rəqibin baş məşqçisi bizi buna vadar etdi. Biz Bursada olanda türk azarkeşlər də bizə hörmətsizlik etdilər. Hətta oyundan əvvəl bizə məşq etmək üçün köhnə top vermişdilər. Sizin hamınızı Gürcüstana dəvət edirəm. Xoş gəlirsiniz".
"Neftçi"nin prezidenti Sadıq Sadıqov:
"Nə deyim? Hər şey göz qabağındadır. Oyunumuz alınmadı. Səbəbini də bilmirəm. "Əminəm ki, Gürcüstanda qələbə qazanacağıq. Məgər "Çixura" komandadır? "Çixura" nə komandadır ki... Hələ qarşıda cavab oyunumuz var. Bu rəqibi də yüz faiz keçəcəyik. "Koper"lə ilk matçdan sonra da hamı deyirdi ki, qurtardı. Amma mərhələ keçdik. Azarkeşlərin çoxluğu yaxşı haldır, bu amil rəqibə də təsir göstərir. "Qarabağ"ın oyunundan ləzzət aldım. Çox gözəl oyun getdi. Belə oyun futbolumuzun inkişaf göstəricisidir".
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev:
"Çixura" sırf qapalı futbol oynadı. O komandaları alqışlayıram ki, açıq futbol oynasınlar. Ancaq "Çixura" bu taktikanı seçdi. Gələn oyunda "Çixura" qol vurmaq xətrinə açıq futbol oynayacaq. Hər halda ayın 7-nə qədər gözləməliyik".

İntiqam Valehoğlu

TƏQVİM / ARXİV