adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"Neftçi" Gürcüstanda türklərin qisasını aldı

İNTİQAM VALEHOĞLU
19288 | 2014-08-09 01:15
Avroliqanın III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Neftçi" səfərdə "Çixura"nın qonağı idi. Tiflisin "Mixail Mesxi" arenasında keçirilən qarşılaşmanı Macarıstandan olan FİFA referisi Tamaş Boqnar idarə edirdi. Bakıdakı oyun 0:0-lıq heç-heçə ilə başa çatdığından "Neftçi"ni səfərdə məhsuldar bərabərlik də qane edirdi. Oyunda başqa bir prinsipial məqam da ondan ibarət idi ki, "Çixura" bundan öncəki mərhələdə Türkiyənin "Bursaspor" komandasını mübarizədən kənarlaşdırmışdı.
Meydan sahibləri oyuna bu start heyətlə başlamışdılar-Maksime Kvilitaia, Jambul Liqauri, Giorgi Kimadze, Laşa Katçukudze, Giorgi Datunaisvili, Şota Kaşia, David Odikadze (k) Besik Dekanoidze, Giorgi Rekviaşvili. Zurab Mtşkeraşvili, Laşa Telidze, Tornike Mamladze, Laşa Çikvaidze, Giqa Bechvaia, Tenur Nadiradze isə ehtiyat oyunçular skamyasında şans gözləyirdilər. Böyükağa Hacıyev isə həmişə olduğu kimi qapını Saşa Stamenkoviçə həvalə etmişdi. Karlos Kardozo, Elvin Yunuszadə, Bruno Bertuççi müdafiədə, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Sesilyo Kaue, Mirhüseyn Seyidov yarımmüdafiədə çıxış edirdilər. Ernest Nfor isə komandanın yeganə qol ümidi hesab olunurdu. Emil Balayev, Nicat Qurbanov, Samir Məsimov, Ruslan Qurbanov, Cavid İmamverdiyev, Məqsəd İsayev, Elvin Bədəlov isə Hacıyevdən şans gözləyirdilər. 8-ci dəqiqədə Flavinyonun sağ cinah ötürməsindən sonra Nfor hesabı aça bilərdi. Ancaq Kvilitaya "Çixura"nı real qoldan xilas etdi. Bundan sonra da "Neftçi"nin hücumları səngimədi. Ara-sıra qapıya qapıya edilən həmlələr zamanı isə oyunçularımızın zərbələri dəqiq olmurdu. Nəhayət edilən hücumlar bəhrəsini 16-cı dəqiqədə verdi. Kauenin ötürməsindən sonra Nforun uzaq məsafədən vurduğu zərbənin qarşısında gürcü qolkiper də aciz qaldı-0:1. Bu həm də 317 dəqiqəlik "quru seriya"dan sonra "Çixura"nın Avroliqada qapısında gördüyü ilk qol idi. 20-ci dəqiqədə bolqar baş hakim Kaueyə Qabedavaya kobudluğa görə sarı vərəqə göstərdi. Qoldan sonra da komandamız oyunda diktə edən tərəfdir. 22-ci dəqiqədə Ernest Nfor ikinci qolu vura bilərdi. Araz Abdullayevin cinah ötürməsindən sonra kamerunlu hücumçunun baş zərbəsi tirdən dönür. 27-ci dəqiqədə Ernest Nfor dublunu rəsmiləşdirir. Julios Vobayın sol cinahdan möhtəşəm keçidini qapayan hücumçu hesabı ikiqat artırdı-0:2. 30-cu dəqiqədən etibarən gürcü futbolçular Nforu təxribata çəkməyə çalışırlar. Rexviaşvili kamerunlunu itələyir və Nforun qolu digər rəqib oyunçuya dəyir. Məhz buna görə yerlilər qırmızı vərəqə tələb edirlər. 30-cu dəqiqədə Qabedava vurulan qollardan birinin əvəzini çıxır. 38-ci dəqiqədə Ernest Nfor Araz Abdullayevin sağ cinah ötürməsindən sonra başla het-trikini rəsmiləşdirir. Bu arada arenada "Azərbaycan, Azərbaycan" sədaları eşidilir. 43-cu dəqiqədə künc zərbəsindən sonra meydan sahiblərini hesab arasındakı fərqi azaltmağına Stamenkoviç mane oldu. Bunun ardınca Vobay dördüncü qolumuzu vura bilərdi. Amma Kvilitaya komandasını real qoldan xilas etdi. 51-ci dəqiqədə Qabedava dublunu rəsmiləşdirir və komadasını ümidləndirir-2:3. 52-ci dəqiqədə Karlos Kardozo sarı vərəqə ilə cəzalandırılır. Bu dəqiqələrdə isə "Çixura"nın aşkar üstünlüyü var. Gürcülər demək olar ki, oyuna tam nəzarət edirlər. Cəmi bir dəqiqə sonra Nfor Flavinyonun cinah ötürməsinə toxuna bilmir. Bundan sonra meydan sahibləri də qol fürsəti yaxalasalar da hesab dəyişmir. 62-ci dəqiqədə rəqib oyunçunun zərbəsindən sonra top Elvin Yunuszadənin əlinə dəyir, bolqar referi bunu görmür. Bu arada meydanda gərginlik yaranır. Hakim Bertuççiyə sarı vərəq göstərir. 64-cü dəqiqədə Məqsəd İsayev Mirhüseyn Seyidovun əvəzinə meydana daxil olur. 67-ci dəqiqədə Odikadze Stamenkoviçlə təkbətək mübarizədə topu yandan vurur. 68-ci dəqiqə isə Qabedava və Elvin Yunuzsadə arasında yaranan gərginlik və hər iki futbolçuya sarı vərəqə göstərməsiylə yadda qalır.
72-ci dəqiqədə Böyükağa Hacıyev Samir Məsimovu Araz Abdullayevin əvəzinə mübarizəyə qoşur. Məsimov meydana daxil olan kimi Rexviaşviliyə qarşı kobudluğa görə cəzalandırılır. Muladze 79-cu dəqiqədə Koripadzeni əvəz edir. 81-ci dəqiqədə Bertuççinin zərbəsi dirəkdən qayıdır. 87-ci dəqiqə Dekanoidze bütün müdafiəmiz aldatsa da, qol vura bilmir. Matça əlavə olunmuş dörd dəqiqə isə yeddi dəqiqə davam edir və "Neftçi" Avroliqanın "pley-off" mərhələsinə vəsiqəni təmin edir.
Matçdan sonra hər iki baş məşqçinin verdiyi açıqlamaları şərhsiz diqqətinizə çatdırırıq. "Çixura"nın baş məşqçisi Samson Pruidze:
"Ehtiyat qüvvəmiz zəif idi. Amma komandam ümumilikdə yaxşı oynadı. Yarımmüdafiəçiləri müdafiədə oynatmağa məcbur idik. Bizim üçün əsas qol buraxmamaq idi. Çünki bilirdik ki, qapımızda qol görsək, işimiz çətin olacaq. Belə də oldu. Lakin ümumi götürdükdə, yaxşı oyun göstərdi. "Neftçi"nin hücumçuları bizim müdafiəçilərdən daha sürətli idilər. Həm də müqayisə etsək, rəqibin heyətindəki oyunçular həm fiziki cəhətdən daha hazırlıqlı, həm də daha təcrübəlidirlər. Azərbaycandakı klubların maliyyə dəstəkləri çox güclüdür. Bu səbəbdən də istədikləri futbolçuları transfer edirlər. Lakin biz Azərbaycan deyil, Türkiyə modelindən yararlanmağa, öz gənclərimizi üzə çıxarmağa çalışırıq".
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev:
"Dünya pul dünyası, var dünyasıdır. Bu gün bizim imkanımız var, istədiyimiz futbolçuları də alırıq. Sizin imkanınız olsa, siz də arzuladığınız futbolçuları alarsınız. "Çixura" çox gec, 3:1-dən sonra ayıldı. Qatar artıq getmişdi. Futbolçularımız ələ düşən imkanlardan yararlansaydılar, hesab 5:1 və ya 6:1 olardı. Artıq ikinci dəfədir Gürcüstan klubunu mübarizədən kənarlaşdırırıq. Azərbaycanlı jurnalistlər də şahiddirlər ki, ölkəmizdə çalışan gürcü mütəxəssislər də mənimlə bacarmırlar".

İntiqam Valehoğlu

TƏQVİM / ARXİV