adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Kimlər gəldi, kimlər getdi?

İNTİQAM VALEHOĞLU
42215 | 2013-12-28 00:27
Gələn ilin yanvar ayının 3-dən 31-nə kimi qış transfer pəncərəsi açılacaq. Amma ölkə çempionatında mübarizə aparan bir çox komandalar indidən hərəkətə keçiblər. Bəzi klublar isə hələ də susqundular. "Ədalət" qəzeti sizə klublarımızın qış transferi və bu transferlərin komandaya verəcəyi fayda barədə təhlili təqdim edir.

"Qarabağ"a 3-4 futbolçu

Miro Varvodiçin "Qarabağ"dan gedəcəyi hələ bir neçə ay öncədən bəlli idi. Çünki serb qolkiper gəldiyi ilk günlərdə çox yaxşı təsir bağışlasa da, son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkirdi. Qolkperi yola salan ağdamlılar hələ ki, heyətə yeni oyunçu cəlb etməyiblər. Amma Qurban Qurbanov da mətbuata verdiyi açıqlamalarda 3-4 yeni oyunçuya ehtiyac duyduqlarını açıqlayıb. Çox güman ki, bu oyunçular hücum xəttini gücləndirmək üçün alınacaq. Yoxsa, "köhlən atlar"ın çempionluq mübarizəsindəki rəqibləri ilə rəqabət aparması müşkül olacaq.

"Qəbələ"də ilk addım

"Qəbələ" isə gənc futbolçusu Tərzin Cahangirov tərk edib. Əvəzində Yuri Syomin AZAL-dan Ruslan Tağızadəni heyətinə qata bilib. Ruslan Tağızadə barədə danışarkən bu oyunçunun son 1-2 ildə xeyli "artırdığını" demək olar. Belə ki, Tağızadə "Sumqayıt"dan AZAL-a, AZAL-dan isə "Qəbələ"yə transfer olunmaqla inkişaf etdiyini sübut edib. Amma çox güman ki, bu qəbələlilərin son transferi olmayacaq.

Diniyev "Neftçi"də

Nazim Süleymanovun baş məşqçisi olduğu "Neftçi"də isə hələ ki heç kim komandanı tərk etməyib. Əvəzində "Sumqayıt"a icarəyə verilmiş Kərim Diniyev sıraya dönüb. Şahin Diniyevin oğlunun yetərincə istedadlı olduğunu nəzərə alsaq, bu il Süleymanovdan əsas heyət şansı qazanacağına ümid etmək olar. Elşən Abdullayev, Slavik Alxasov və Ruslan Qurbanov da flaqmanın yeni transferləri sırasındadır.
Dördü gedib Paytaxtın "İnter" komandası isə yeni transfer etmədən 4 oyunçusunu - Flavio Bek, Joao Paulo, İlço Naumoski, Daniel Genovu heyətdən uzaqlaşdırıb. Son turlarda özünə gələn Tszadadzenin "bankirləri" ən azı 7-8 transfer etməlidirlər ki, avrokuboklar uğrunda mübarizə apara bilsinlər.
Pantiçin "Bakı"sı isə hələ ki heç bir futbolçusu ilə yollarını ayırmayıb. Əvəzində gənc Əziz Quliyev yenidən heyətə dönüb.

"Simurq" susur

Georgi Çixradzenin "Simurq"i isə transfer işlərində çox passivdir. Belə ki, geridə qalan müddət ərzində Zaqatala təmsilçisi heç bir yeni oyunçu almayıb. Bunun müqabilində komandanı təkr edən də yoxdur. "Simurq"un da avrokuboklar uğrunda mübarizəyə qoşulması üçün ən azı 4-5 oyunçunu heyətinə qatması lazımdır.

AZAL ulduz ixrac edir

AZAL isə sanki Azərbaycan futbolu üçün ulduz futbolçu yetişdirməklə məşğuldur. Ötən il heyətində parlayan Behuahi-Nildo tandemini "Xəzər Lənkəran" a satan təyyarəçilər bu il "artıran" Ruslan Tağızadəni "Qəbələ"yə satdı. Heyəti tərk edən digər oyunçu isə Freddi Borqdur. Vaqif Sadıxovun komandası hələ ki yeni futbolçu transfer etməyib.

Dənizli islahatı

Mustafa Dənizlinin gəlişindən sonra bir neçə turdu məğlub olmayan "Xəzər Lənkəran" isə qapıçı Duqlas Leyte və yarımmüdafiəçi Radomir Todorovu yola salıb. Görünür bu oyunçuların forması təcrübəli türk mütəxəssisi qane etməyib. Doğrusu, Lənkəran təmsilçisinin bu il hansısa ciddi uğura imza atacağını söyləmək yuxu kimi görünsə də, bu gedişlə onlar ilk beşliyə kimi yüksələ bilərlər. Amma maraqlıdır ki, Mübariz Mənsimovun sahibi olduğu komandaya yeni oyunçu cəlb olunmayıb.

"Rəvan" sökülüb yığılacaq"

"Rəvan"da isə yəqin ki, gedənlər çox olacaq. Baş məşqçi Şahin Diniyev hələ təyin olunandan bir az sonra verdiyi açıqlamalarda buna işarə etmişdi. İlk gedənlər isə Sebastyan Kastro-Telyo və Əziz Quliyevdir. Şirkət komandasının büdcəsinin artdığını nəzərə alsaq, heyətin xeyli gücləndiriləcəyi istisna deyil. Amma "Rəvan" nə qədər güclənsə də, çox güman ki, ən yaxşı halda 6-7-ci ola biləcək.

Ehhh "Sumqayıt"...

Sumqayıt isə Slavik Alxasov, Ruslan Qurbanov, Kərim Diniyev, Sabir Allahquliyev, Elşən Abdullayev, Zaur Həşimov, Vüqar Əsgərov kimi oyunçularla yollarını ayırıb. Aqil Məmmədov bunun əvəzində cəmi iki futbolçunu - Ramil Mansurov və Tərzin Cahangirovu sıraya qatıb. Bu gedişlə sumqayıtlıların vəziyyəti daha da pis olacaq.
Amma çox güman ki, klublar yanvarın sonuna kimi daha bir neçə transferlər həyata keçirəcəklər.

İntiqam Valehoğlu

TƏQVİM / ARXİV