adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"İnter" "Sumqayıt"ı biabır etdi, "Bakı" və "Xəzər Lənkəran" çökə-çökə gedir...

İNTİQAM VALEHOĞLU
19206 | 2014-08-26 13:32
Futbol üzrə Azərbaycan çempionatında üçüncü turun oyunları keçirilib. Avroliqadakı çıxışları ilə əlaqədar "Neftçi"nin AZAL-la, "Qarabağ"ın isə "Araz Naxçıvan"la oyunları təxirə salınb.
İlk oyun günündə zəifləmiş "Bakı" öz meydanında "Qəbələ"ni qəbul edirdi. Paytaxt təmsilçisi "Qəbələ" qarşısında Aqil Məmmədov (k), Yure Travner, Vüqar Bəybalayev, Nuran Qurbanov, Lukas Mario Horvat, Nurlan Novruzov, Əziz Quliyev, Elton Hüseynov, Elşad Manafov, Risto Ristoviç, Mikayıl Rəhimovdan ibarət start heyətlə çıxmışdı.
Muntyanunun güvəndiyi "11"lik isə belə idi- Kamran Ağayev (k), Ruslan Əmircanov, Markus Vidal, Aleksandr Benqa, Cavid Hüseynov, Ruslan Abışov, Yazalde Pinto, Adrian Ropotan, Pavol Farkas, Ürfan Abbasov, Ekiqo Ehiosu. Vüsal Əliyevin idarə etdiyi matç meydan sahiblərinin hücumları ilə başladı. Bir neçə epizodda millimizin çərçivə qoruyucusu Kamran Ağayev keçmiş komanda yoldaşlarının zərbələrini dəf etdi. İkinci hissədə isə oyunun ssenari əməlli-başlı dəyişdi. Hissənin əvvəllərindən təşəbbüsə yiyələnən "Qəbələ" nəhayət ki, istəyinə matçın bitməyinə 12 dəqiqə qalmış çatdı. Künc zərbəsindən sonra Viktor Mendi baş zərbəsiylə oyunda hesabı açdı. 90-cı dəqiqədə isə cərimə meydançasından qayıdan top Ruslan Abışovun qarşısına düşdü. Millimizin üzvü dəqiq zərbəylə yekun hesabı müəyyənləşdirdi-0:2.
Georgi Çixradzenin "Simurq"u Mustafa Dənizlinin "torbasını tikməkdə" hələ də ittiham olunan Oğuz Çətinin rəhbərlik etdiyi "Xəzər Lənkəran"la Zaqatalada üz-üzə gəlirdi. Hər ik komanda mövsümə yaxşı hazırlaşdığından oyunun çətin keçəcəyi gözlənilirdi. Bu oyunda qələbə cənublular üçün daha vacib idi. Çünki onlar bir tur əvvəl Lənkəranda "Sumqayıt"a gözlənilmədən 0:1 hesabıyla məğlub omuşdular.
Çixradze meydana bu əsas heyəti buraxmışdı-Pavel Kapsa, İlkin Qırtımov (k), Adam Banaş, Vadim Abdullayev, Samir Zərgərov, Rəşad Eyyubov, Draqan Çeran, Stepan Polyak, Tural Axundov, İdan Vaytsman, Benjamin Lambot.
"Xəzər Lənkəran"da isə qapı AZAL-dan transfer edilmiş 35 yaşlı cahangir Həsənzadəyə etibar edilmişdi. Meydan oyunçuları isə bunlar idi-Vanderson Skarduelli, Tyeqo de Xesus, Rəşad Sadiqov, Qalin İvanov, Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), Tural Cəlilov, Rasim Ramaldanov, Ağabala Ramazanov, Alfred Sanko.
Gənc hakim Elvin Əsgərovun idarə etdiyi qarşılaşmanın ilk hissəsi "Simurq"un oyunçuları Lambot və Samir Zərgərovun sarı vərəqəylə cəzalandırılmasıyla yadda qaldı. Təhlükəli epizodlara gəlincə, 42-ci dəqiqədə ilk hissə ərzində ən real qol epizodunu qola çevirə bilmədi. Millimizin forvardı Pavel Kapsa ilə təkbətək mübarizədən məğlub ayrıldı. Bundan bir dəqiqə sonra Draqan Çeran uzaqdan vurduğu möhtəşəm zərbə ilə Cahangir Həsənzadəni çıxılmaz durumda qoydu-1:0. İkinci hissədə Oğuz Çətin Tural Cəlilovun əvəzinə Elnur Abdullayevi, İvanovun əvəzinə isə ötən mövsümün bombardirlərindən olan Mbillanı meydana buraxdı. 52-ci dəqiqədə Ağabala Ramazanovun cinah ötürməsindən sonra Mbilla az qala hesabı açacaqdı. Amma topa çatmadı.
Bir dəqiqə sonra Pavel Kapsa Rauf Əliyevlə daha bir təkbətək dueldən qalib ayrılır. 59-cu dəqiqədə Tieqe de Jesuş sarı vərəqə alır.
61-ci dəqiqədə isə "Simurq" hesab arasındakı fərqi ikiqat artırdı. Cahangir Həsənzadənin ünvansız ötürməsindən sonra inamsız davranan müdafiəçilər Zaqatala klubunun 10 nömrəsi Rəşad Eyyubovun qol vurmağına əngəl ola bilmədilər-2:0. 66-cı dəqiqədə isə Rahid Əmirquliyev bəlkə də meydandan qovulmalı idi. Millimizin yarımmüdafiəçisi Rəşad Eyyubovu dirsəklə vursa da, Elvin Əsgərov deyəsən epizodu diqqətdən qaçırdı.
68-ci dəqiqədə künc zərbəsindən sonra "Simurq"un qapısı qarşısında təhlükəli vəziyyət yaranır. 70-ci dəqiqədə Zaqatala təmsilçisinin heyətində Polyakı Osiako əvəzləyir. 77-ci dəqiqədə Rəşad Eyyubov dubl edə bilərdi. Amma onun vurduğu top az fərqlə yandan keçir. Cəmi iki dəqiqə sonra Eyyubov simulyasiyaya görə Elvin Əsgərov tərəfindən sarı vərəqə ilə cəzalandırılır. Oyunun bitməyinə 2 dəqiqə qalmış isə baş hakim Elvin Əsgərov Draqan Çerana birbaşa qırmızı vərəqə göstərərək meydandan qovur. Görünür təcrübəsiz fit sahibi Əmirquliyevlə Çeranı səhv salıbmış.
Turun son oyununda "İnter" çempionatın sürpriz lideri "Sumqayıt"ı qəbul edirdi. Bank komandası qol şousuna 6-cı dəqiqədə star verdi. Abdulla Abatsiyev şounu açıq elan etdi. 26-cı dəqiqədə Nizami Hacıyev ikinci qolu gəlmələrin qapısına vurdu. Oyunun 40-cı dəqiqəsində Məhəmməd Qurbanov bu qollardan birinin əvəzini çıxdı-2:1. Amma "İnter"in qol şousu davam edirdi. Cəmi iki dəqiqə sonra Alvaro Silva hesabı 3:1-ə çatdırdı. Asif Məmmədovun 85, Migel Alvaronun 90+1-ci dəqiqədə vurduğu qollar Ramil Diniyevin final fitiylə "İnter"in 5:1 hesablı qələbəsini rəsmiləşdirdi.

TƏQVİM / ARXİV