adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

İNTİQAM VALEHOĞLU
17180 | 2014-09-03 01:19
Futbol üzrə Azərbaycan çempionu Ağdamın "Qarabağ" komandası Avroliqanın F qrupunda mübarizə aparacaq. Komandamız bu qrupda İtaliyanın "İnter", Fransanın "Sent-Etyen" və Ukraynanın "Dnepr" komandaları ilə mübarizə aparacaq. Gəlin komandamızın rəqiblərindən olan, F qrupunun aşkar favorit hesab edilən İtaliya "İnter"ini yaxından tanıyaq.
Tam adı "F.C. Internazionale Milano" olan komanda 106 il əvvəl-1908-ci ildə yaradılıb. Adlı-sanlı rəqibimiz 80 mindən artıq azarkeş tutumuna malik, dünyanın ən böyük stadionlarından biri olan "Cüzeppe Meatsa"ya malikdir. Amma bu meydanda Milan şəhərinin digər eyniadlı kollektivi də oyunlar keçirir. Klubun hazırki prezidenti Erik Tohir, baş məşqçisi Valter Matsaridir.
Komanda İtaliyanın və dünyanın ən adlı-sanlı komandalarından hesab edilir. "İnter"in 18 dəfə İtaliya çempionu olmağı onun gücündən xəbər verir. Yeddi dəfə ölkə kubokunu, 5 dəfə İtaliya Super kubokunu qazanmış kollektiv 2 dəfə də qitələrarası kuboka sahib çıxıb. "İnter"in mükafatlar siyahısında Çempionlar Liqasının kuboku da var. Milanlılar 3 dəfə Avropanın ən güclü komandası ola biliblər.
Amma Milan təmsilçisi son illər, xüsusən də son dörd ildə uğursuz günlərini yaşayır. Son beş ildə komanda İtaliya çempionu ola bilməyib. Ötən futbol mövsümünü isə komanda 6-cı yerdə başa vurmağı bacarıb.
Məhz bunun sayəsində Avropa Liqasına vəsiqə qazanan "İnter" bu turnirin pley-off mərhələsində İslandiya "Styarnan"ına iki oyunun nəticəsinə görə 9 cavabsız qol vurub (səfərdə 3:0, evdə 6:0). Bu komanda yerli futbol azarkeşlərimizə də tanışdır. İki il öncə Avropa Liqasının qrup mərhələsində Bakı "Neftçi"si ilə qarşılaşan İtaliya nəhəngi flaqmanımızı Bakıda 3:1 hesabıyla məğlub etməyi bacarmışdı. "San-siro"da keçirilən qarşılaşmada isə Rəşad Sadiqov və Kanalesin qollarıyla "Neftçi" "İnter"lə bərabərə qala bilmişdi-2:2.
Bu arada "Qarabağ"ın rəqiblərindən olan "Dnepr"in yarımmüdafiəçisi Sergey Kravçenko da Ağdam təmsilçisi barədə fikirlərini bildirib. Maraq üçün qeyd edək ki, Sergey Kravçenko bir müddət "Qarabağ"ın heyətində çıxış edib. Ukraynalının dediklərindən:
""Qarabağ" Azərbaycan çempionudursa, deməli, çox ciddi rəqibdir. Unutmaq olmaz ki, heç bir komanda çempionluğu elə-belə qazanmır. Düzünü desəm, "Qarabağ"ın oyunlarına baxmamışam. Nə vaxtım, nə imkanım olub. İndi bütün diqqətimiz növbəti oyuna yönəlib. Amma bundan sonra onların çıxışını izləməyə çalışacam. Vaxtilə mən də bu klubda oynamışam. İndiki "Qarabağ" haqda çox az məlumatım var. Bilirəm ki, çempion olublar, heyətlərində keyfiyyətli braziliyalı futbolçular çıxış edir. Etiraf edim ki, püşk ərəfəsində səbətlərə baxarkən "Qarabağ"ın da adına rast gəldim və düşündüm ki, bu komanda ilə eyni qrupda yer almağımız pis olmazdı. Çünki yenidən Bakıda olmaq imkanı qazanacam. Axı orada mənim dostlarım var. Hər şey mən istədiyim kimi alındı. Buna görə də çox şadam. Mən orada cəmi 5 ay oynamışam. Amma xoş xatirələrim çoxdur. Bakıya və yerli həyata çox alışmışdım. Bakıda hər şey xoşuma gəlirdi. O vaxt dostlarım Denis Sokolovski, Aleksandr Voskoboynik də Azərbaycanda çıxış edirdi. Buna görə uyğunlaşma ilə bağlı problemim olmadı. Oyun planında da hər şey yaxşı idi. Daim oynayırdım. "Qarabağ" karyeramda böyük təkan olub".
Ölkəmizin tanınmış futbol mütəxəssislərindən olan Yunis Hüseynov isə bildirib ki, "Qarabağ"ın rəqibləri hər biri öz ölkəsinin tanınmış güclü klublarıdır:
"Məncə, "İnter" və "Dnepr" ilk yerlər uğrunda mübarizə aparacaq. Reallıq budur ki, "Qarabağ"ın qrupdan çıxmaq şansı çox azdır. Çox istərdik ki, komandamız qruplarda inamlı oynasın və növbəti mərhələyə yüksəlsin. Ancaq razılaşmaq lazımdır ki, "İnter" və "Dnepr"lə mübarizə aparmaq çox çətin olacaq. "İnter" İtaliyanın ən yaxşı komandalarından biridir. "Sent-Etyenn" Fransada titullu komandalardandır. "Dnepr" isə hazırda Ukraynanın ən güclülərindəndir. Təbii ki, komandamıza çətin olacaq. Ancaq inanaq ki, "Qarabağ" ən azından gözəl oyunu ilə azarkeşləri sevindirəcək".
İstənilən halda "Qarabağ"ın da bu qrupdan çıxmaq şansı var. Düzdür, bu şans o qədər də böyük olmasa belə, var. Npvbəti yazıda sizə "Qarabağ"ın digər rəqibləri "Dnepr" və "Sent-Etyen" barədə məlumatlar verəcəyik.

TƏQVİM / ARXİV