ANA SƏHİFƏ / YAZARLAR

Dördüncü və birinci rəssam

"ATV Qalereya" bu dəfə Adil Əsədlinin fərdi sərgisini təqdim etdi

25511    |   2016-02-20 10:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Maraqlı layihələri ilə ölkə teleməkanında öndə gedən "Azad Azərbaycan" Teleradio Şirkəti milli mədəniyyətimizin və incəsənətimizin təbliğinə də xüsusi diqqət ayırır. Yeni yaradılan "ATV Qalereya" da elə bu amala xidmət edir. Görkəmli televiziya mütəxəssisi, "Azad Azərbaycan" Teleradio Şirkətindəki Bədii Şuranın sədri Etibar Babayevin rəhbərlik etdiyi layihə çərçivəsində hər ay bir rəssamın fərdi sərgisi təşkil olunur. Qısa müddət ərzində böyük maraq doğuran bu layihə artıq üç müasir fırça ustası ilə bağlı tədbir keçirib.
"ATV Qalereya"nın dördüncü qonağı Lənkəranda yaşayıb yaradan, istedadlı rəssam Adil Əsədli oldu. Teleradio Şirkətinin inzibati binasındakı iki mərtəbə Adil Əsədlinin yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyənlərin ixtiyarına verildi.

Paytaxtdan bölgələrə, bölgələrdən paytaxta...

"ATV Qalereya"nın əvvəlki üç qonağından fərqli olaraq Adil Əsədli bölgələrimizdən bu maraqlı layihəyə cəlb edilən birinci rəssamdı. Bu faktın özü də sərgiyə marağı artıran amillərdən idi.
Xalq rəssamı Arif Hüseynov "ATV Qalereya"nın koordinatoru kimi tədbirə gələnləri salamladı və layihənin əhəmiyyətindən danışdı: "Hər ay bir rəssamın sərgisini təşkil etməklə ATV rəhbərliyi gözəl bir ənənənin əsasını qoyub. Düşünürəm ki, təkcə rəssamlarımızın yaradıcılığını deyil, bütövlükdə incəsənətimizin təbliği baxımından gərəkli addımdır. Bu gün hər hansı bir fırça ustasının fərdi sərgisini açmaq üçün xeyli maddi vəsait və yaxşı təşkilatçılıq lazımdır. "ATV Qalereya" layihəsinin üstünlüyü ondadır ki, "Azad Azərbaycan" Teleradio Şirkəti sərgisini təşkil etdiyi rəssama hərtərəfli dəstək olur. Sərgidəki əsərlər bir ay boyunca ATV-nin efirində təbliğ edilir, tədbir ATV.az saytında geniş işıqlandırılır. İndiki zamanda yaradıcılıqla məşğul olan insana belə təmənnasız və isti münasibəti ancaq alqışlamaq lazımdı. Mətbuatda əks olunan yazılardan, tanınmış insanların rəyindən belə məlum olur ki, "ATV Qalereya" layihəsi müsbət qarşılanıb".
Arif Hüseynov budəfəki sərginin özəlliyini belə izah etdi: "Qısa müddət ərzində artıq layihə çərçivəsində üç rəssamın fərdi sərgisi təşkil olunub. Eyni məkanda dördüncü görüşə toplaşmışıq. Lakin bu görüşümüzün bir özəlliyi var. Əvvəlki sərgilərdə əsərləri nümayiş olunan hər üç rəssam Bakıda yaşayır. Bu dəfə əsərləri ilə görüşünüzə gələn Adil Əsədli isə bölgələrimizi təmsil edir. "ATV Qalereya"nın paytaxtdan kənara üz tutması heç də təsadüfi deyil. Son illər Azərbaycan sürətlə inkişaf edən bir ölkəyə çevrilib. Dövlətimizin nail olduğu tərəqqi təkcə paytaxtı əhatə eləmir, bölgələrimizin də inkişafına təsir göstərir. Orada yaşayıb-yaradan sənət adamları və bütövlükdə mədəniyyətimiz bu sosial-iqtisadi yüksəlişdən faydalanır. Rayonlarda yaradıcılıqla məşğul olan rəssamları bu layihədə ilk dəfə təmsil etmək Lənkəranda yaşayan Adil Əsədlinin qismətinə düşdü. Bunun özü də təsadüfi deyil, çünki Adil həqiqətən də öz istedadı ilə tanınan və qəbul edilən bir rəssamdır. İnanıram ki, sərgidə nümayiş etdirilən əsərlər sənətsevərlərin xoşuna gələcək. Gələcəkdə bu layihə çərçivəsində Naxçıvanda, Gəncədə, Şəkidə yaşayıb-yaradan rəssamları sizlərlə görüşdürmək fikrindəyik".
Sonra söz ev sahibinə- "Azad Azərbaycan" Teleradio Şirkətinin prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlıya verildi. Mədəniyyətimizin və incəsənətimizin təbliğinə bundan sonra da diqqət göstərəcəklərini deyən şirkət prezidenti "ATV Qalereya"nın növbəti qonağına yaradıcılıq uğurları arzuladı: "Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası son illər regionlara ciddi surətdə sirayət edərək, şəhərlərin, rayon mərkəzlərinin, hətta ucqar kəndlərin belə simasını kökündən dəyişib. Yeni təhsil və səhiyyə ocaqları, idman kompleksləri, mədəniyyət sarayları xalqın ixtiyarına verilib. Dünya standartlarına cavab verən magistral yolların çəkilişi, turizmin inkişafı üçün müasir infrastrukturun yaradılması yurdumuzun səfalı guşələrini insan nəfəsi ilə daha çox isitməyə başlayıb.
"ATV Qalereya"nın növbəti sərgisi Lənkəranda doğulub boya-başa çatan, indi də orada yaşayan və yaradan istedadlı rəssam Adil Əsədlinin əsərləri ilə yaxından tanış edəcək. O, cənub bölgəsində yeganə rəssamlıq məktəbinin rəhbəri kimi pedaqoji fəaliyyətlə məşğuldur. Hörmətli rəssama yaradıcılığında və pedaqoji fəaliyyətində uğurlar arzulayıram".
Əməkdar incəsənət xadimi, tanınmış sənətşünas Ziyadxan Əliyev keçmiş tələbəsi və indiki dostu Adil Əsədlinin yaradıcılığındakı janr və mövzu müxtəlifliyini yüksək dəyərləndirdi: "Adil milli qrafika sənətimizə yeni və özünəməxsus ifadə tərzi gətirib. Onun yaradıcılığında janr məhdudiyyəti yoxdur. Rəssamın mənzərə, portret və natürmort janrlarında yaratdığı "Lənkəranda Xan evi", "Dəmirağacı meşəsi", "Lənkəranda qar", "Cəngavər"... buna sübutdur. Adilin qrafik əsərlərində əfsanə və nağıl tutumlu süjetlər üstünlük təşkil edir. Kiçik ölçülü bu qrafik lövhələrin gözqamaşdırıcı cizgi ritminin tilsiminə düşməmək mümkün deyil. Adil Əsədli təvazökar və zəhmətsevər rəssamdır. "ATV Qalereya"da təşkil edilən bu sərginin rəssamın yaradıcılığında mühüm mərhələ olacağına inanıram".
Sonra rəssamın təmsil etdiyi bölgənin nümayəndəsinə söz verildi. Lənkəran Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli paytaxtdan kənarda yaşayan yaradıcı insanlara göstərilən bu diqqətə görə "Azad Azərbaycan" Teleradio Şirkətinin rəhbərliyinə minnətdarlığını bildirdi: "Sərginin təşkilatçılarına və iştirakçılarına Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun salamlarını yetirirəm. "ATV Qalereya" kimi maraqlı bir layihədə bölgə rəssamlarını ilk olaraq həmyerlimiz Adil Əsədlinin təmsil etməsi bizim üçün qürurvericidir. ATV rəhbərliyinə, layihənin müəlliflərinə belə bir istedadlı rəssama şərait yaratdıqları üçün təşəkkür edirəm. Mədəniyyət və Turizm Nazirliyi də bu istedadlı rəssama həmişə diqqət və qayğı ilə yanaşır, vaxtaşırı sərgilərini təşkil edir. Adil Əsədli təkcə bizim rayonda, bölgədə deyil, Azərbaycanda və ölkədən xaricdə tanınan rəssamdır. Lənkərana gələn rəsmi qonaqlar, əcnəbi diplomatlar və turistlər onun əsərləri ilə yaxından maraqlanırlar".
Adil Əsədli isə çox danışmaq istəməyib növbəti fərdi sərgisini təşkil edənlərə, tədbirə gələnlərə minnətdarlığını bildirdi və qonaqları əsərləri ilə baş-başa buraxdı.

"Şərq motivləri"ndən "Muğam"a qədər...

Tanınmış rəssam Adil Əsədli 1954-cü ildə Lənkəran şəhərində doğulub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Dövlət Pedaqoji Universitetində təhsil alıb. 1986-cı ildən bu günə kimi Lənkərandakı Uşaq Rəssamlıq Məktəbinə rəhbərlik edir. Rəssamlar İttifaqının üzvü, Lənkəran Dövlət Universitetinin dosentidir. "Qrafik əsərlər" kitabı nəşr olunub. Rəsm əsərləri Azərbaycanda və müxtəlif xarici ölkələrdə nümayiş etdirilib, nüfuzlu şəxsi kolleksiyalarda saxlanılan xeyli əsəri var.
"ATV Qalereya"da rəssamın rəngkarlıq və qrafika əsərləri nümayiş etdirildi. Yağlı boya ilə çəkdiyi "Xoşbəxtlik quşu", "Muğam", "Lənkəran qadınları", qarışıq texnika ilə yaratdığı "Şərq motivləri" sərgiyə gələnlərin diqqətini çəkdi.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov tanınmış rəssamın "ATV Qalereya"dakı sərgisi ilə tanış olduqdan sonra fikirlərini bölüşdü: "Adil Əsədlinin yaradıcılığını yaxından izləyirəm. O, çoxçalarlı rənglərdən istifadə edir, üslub cəhətdən çox fərqlidir. Adil Əsədli intellektual və mütaliəyə meylli, daim axtarışda olan rəssamdır, yaradıcı insan üçün bu, önəmlidir. İntellektuallığı onun əsərlərində özünü büruzə verir".
"ATV Qalereya"nın sayca dördüncü sərgisi də uğurlu alındı. Layihənin rəhbəri, "Azad Azərbaycan" Teleradio Şirkətindəki Bədii Şuranın sədri Etibar Babayev sərgilərin davam edəcəyini bildirdi: "Son illər "Azad Azərbaycan Teleradio Şirkəti televiziya məkanında bir çox ilklərə imza atıb. "ATV Qalereya"da belə yeniliklərdəndir. Layihəmiz elə ilk günlərdən özünü doğrultdu, cəmiyyətdə, yaradıcı insanlar arasında rəğbət qazandı. Biz bu tədbirləri davam etdirəcəyik".
"ATV Qaleraya"nın növbəti - beşinci sərgisində görüşənədək.
 


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK