ANA SƏHİFƏ / YAZARLAR

Xal qalmayan İrəvan

Qoruya bilmədiyimiz yurd haqqında tamaşa

26089    |   2016-02-13 08:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mürəkkəb tarixi yol keçən sənət ocaqlarımızdan biridir. 130 ildən çoxdur ki, bu teatrın səhnəsində milli dramaturgiyamızın inciləri, dünya ədəbiyyatının nümunələri və müasirlərimizin yazdığı pyeslər səhnəyə qoyulur. Azərbaycan mədəniyyətində və incəsənətində xidmətləri olan görkəmli rejissorlar və aktyorlar bu kollektivdə çalışıblar.
Ötən əsrin 80-ci illərinin sonunda Ermənistandakı azərbaycanlılar dədə-baba torpaqlarından deportasiya edilməyə başlayanda bu sənət ocağı da İrəvanı tərk etməyə məcbur oldu. Uzun müddət Bakıda müxtəlif mədəniyyət müəssisələrində məskunlaşan kollektiv bütün çətinliklərə baxmayaraq fədakarlıq göstərib fəaliyyətini davam etdirdi.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi sayəsində bir neçə il öncə ayrıca bina ilə təmin edilən İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaradıcılıq imkanlarını genişləndirmək imkanı qazanıb. Təsadüfi deyil ki, son illər kollektiv repertuarını daha da zənginləşdirib. Teatr yeni tamaşaları ilə həm Azərbaycanın bölgələrində tez-tez çıxış edir, həm də Türkiyə və Gürcüstan kimi qonşu ölkələrə uğurlu qastrolları ilə diqqət çəkir.

Olacaqlar barədə
həyəcan təbili

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Hidayətin "İrəvanda xal qalmadı" pyesi əsasında hazırladığı tamaşanı teatr ictimaiyyətinin, bu teatrın fəaliyyətini yaxından izləyən sənət bilicilərinin ixtiyarına verib.
Tanınmış yazıçı-dramaturq, publisist-naşir və ictimai xadim Hidayət bugünkü Ermənistan ərazisindəki qədim yurd yerlərimizdən birində-Maralzəmidə doğulub. Erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı yeritdiyi düşmənçilik siyasətinin yaratdığı faciələrin canlı şahidi olub. Hələ gənc yaşlarından İrəvandakı Azərbaycan Dövlət Teatrına rəhbərlik edərkən ermənilərin saxta dostluq şüarlarının arxasında nələrin dayandığını da görüb və öz əsərlərində bu barədə dəfələrlə yazıb.
Hidayətin əsərlərindəki qəhrəmanların əksəriyyəti erməni millətçilərinin yeritdiyi siyasətdən ziyan çəkən, deportasiya və məcburi köçkünlüyün ağrı-acılarını yaşayan insanlardı. Real hadisələrin içərisində olan yazıçı əsərlərində ürək ağrısı ilə qeyd edir ki, ötən əsrin 70-80-ci illərində Ermənistanda yaşayan bəzi ziyalılarımız, işıqlı insanlarımız ermənilərin planlaşdırdıqları hadisələri öncədən görüb həyəcan təbili çalıb, buna qarşı mübarizə apartmağa çalışıblar. Amma təəssüf ki...
"İrəvanda xal qalmadı" psixoloji, lirik dramı da həmin dövrdə baş verən hadisələrdən bəhs edir. Dramaturq və tamaşa üzərində çalışan yaradıcı kollektiv izləyiciyə mühüm mesaj verir. Tamaşanın əvvəlində səhnədə tanış mənzərə canlanır. Ermənilər, onların din xadimləri yeni doğulan körpənin qulağına "Türk sənin düşmənindir"-deyə pıçıldayır və təkcə türklərə qarşı deyil, bütün bəşəriyyətə təhlükə sayılan bu xəstə ideologiyanı nəsildən-nəslə ötürürlər. Beləcə ənənə min illərdi davam edir.
Əsərin qəhrəmanı istedadlı yazıçı Sultan Oğuzdur. O, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman yürütdükləri düşmənçilik siyasətinin tarixini yaxşı bilir, yeni təhlükəli ssenarinin hazırladıqlarını da hiss edir. Xalqını, millətini sevən bir yazıçı və ziyalı kimi əsərlərində həyəcan təbili çalır, bacardığı qədər erməni millətçiləri ilə mübarizə aparır. Qarşı tərəf isə hər addımda onu cəzalandırmaq, söz demək imkanından məhrum etmək istəyir. Sultan Oğuzun yeni yazdığı və Dövlət Mükafatına namizəd kimi irəli sürülən "Yurd" əsəri erməni ideoloqlarını ifşa edir. Ermənilər azərbaycanlı yazıçıya qarşı yeni planlar qurur, Moskvaya imzalı-imzasız məktublar göndərir, onun mükafat almasını əngəlləməyə çalışırlar.

Xeyr şərə qarşı

Gənc rejissor Nicat Mirzəzadənin quruluş verdiyi "İrəvanda xal qalmadı" tamaşasında bu konflikt xeyrlə şərin mübarizəsi kimi verilir. Erməni şovinistlərinin qəddarlığı, ikiüzlülüyü, xəbisliyi tamaşaçının gözü qarşısında bir daha canlanır.
Quruluşu rejissor baş rolu uzun illər doğma teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradan, kinoda və teleseriallardakı uğurlu işləri ilə tanınan Əjdər Zeynalova həvalə edib. İstedadlı aktyorun ifasında Sultan Oğuz Azərbaycanı sevən, xalqına, vətəninə qarşı yönələn ideoloji təxribatları qələmi və əməli ilə ifşa etməyi bacaran ziyalıdır. Qərbi Azərbaycanda doğulan və Sultan Oğuz kimi ziyalılarımızın Ermənistanda apardıqları mübarizədən yaxşı xəbərdar olan Əjdər Zeynalov səhnədə yaratdığı obrazı qəlbən məharətlə duyur. Ona görə də istedadlı aktyor tamaşaçını səhnədə baş verənlərə inandırmağı bacarır.
Tamaşaçı vətənpərvər, xalq yolunda mübarizə aparmağı bacaran, dostlarına sadiq, eyni zamanda ailə həyatı uğursuz alınan Sultan Oğuzun düşdüyü situasiyaları maraqla izləyir.
"İrəvanda xal qalmadı" yaradıcı kollektivin zəhmət və ürək yanğısı ilə ərsəyə gətirdiyi tamaşadır. Ona görə də tamaşanın uğrunda əməyi keçən Könül Əbilova (Firəngiz), Ruhiyyə Yəhyayeva (Məhkəmə sədri), Ceyhun Əliyev (Emil), Şəbnəm Cəbrayılova (Sona), Vaqif Kərimov (Gözətçi), Tural Xəlilzadə (Suren), Zəka Məmmədov (Vartazar), Rövşən Cəfərov (Stepanov), Niyaməddin Səfərəliyev (Ermənistan Yazıçılar İttifaqının sədri), Əhliman Ərşadlı (SSRİ Yazıçılar İttifaqının sədri), Emin Sevdiməliyev (Milis rəisi), Elşən Mehdizadə (Milis nəfəri), Məryəm Qələndərova (Süzən), Esmiralda Şahbazova (Sultanın erməni mənşəli arvadı) sonda tamaşaçılardan xeyli alqış qazandılar.
"İrəvanda xal qalmadı" tamaşası təbii ki, bəzi qüsurlardan da xali deyil. Lakin gəlin bu iradlar haqqında təhlili peşəkar teatrşünasların öhdəsinə buraxıb Azərbaycan teatrda özünəməxsus yeri olan sənət ocağını yaşadan istedadlı və fədakar kollektivi təbrik edək.




YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK