ANA SƏHİFƏ / YAZARLAR

SURXAY QURBANOVUN MƏKTƏBİ VƏ YA TƏRBİYƏSİZ UŞAQLAR

Aqil ABBAS

33715    |   2016-01-27 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər bəzi müəllimlərin şagirdləri döyməsi gündəmi zəbt edib. Sosial şəbəkələr partlayır, saytlar, qəzetlər, televiziya kanalları. Müəllimlərin üzərinə bir səlib yürüşü həyata keçirirlər. Təbii ki, müəllim şagirdi döyməməlidir. Həzrət Əli buyurub ki, mənə bir hərf öyrədənin qırx il qulu olaram. İndi bizə bir hərf yox ey, bizə elm öyrədən, bizi adam eləyən müəllimlərin üstünə bu cür hücum eləmək də doğru deyil. Bəs müəllimi çilədən çıxaran, sinifdə qol götürüb oynayan, müəllimi təhqir edən, dərsi pozan və sair və ilaxır şagirdləri niyə bir qınayan yoxdu? Onların valideynlərini niyə bir qınayan yoxdu? Hamı düşür müəllimin üstünə. Bir dəfə demişəm, yenə deyirəm. O maaşla bizlərin bu ərköyün, müəllimin 4-5 maaşı həcmində telefon gəzdirən övladlarımıza dərs deyən müəllimlərin hamısı milli qəhrəmanlardı.

Təhsil Nazirliyimizin diqqətinə bir örnək gətirmək istəyirəm, bu yazını da ona görə yazdım.

Ağdamda, eləcə də bir çox rayonlarda məktəblər nömrələri ilə tanınmır, direktorların adları ilə tanınır. Əli müəllimin məktəbi, Şiraslan müəllimin məktəbi, Süleyman müəllimin məktəbi, Surxay müəllimin məktəbi, Şahmar müəllimin məktəbi və sair və ilaxır, Ağdamda belə deyilir.

Ağdamda da 3 nömrəli məktəb vardı, amma Surxay Qurbanovun məktəbi deyirdilər. Və əslində o, Ağdamın Makarenkosu idi. Şəhərin başqa məktəblərində çətin tərbiyə olunan uşaqları təbii ki, məktəbdən qovurdular. Məktəbdən qovulan uşaq da küçədə qalası deyildi, hansısa məktəbə getməliydi. Amma heç bir məktəb direktoru belə uşaqlara sahib çıxıb başını cəncələ salmaq istəmirdi. Və belə çətin tərbiyə olunan uşaqların hamısına Surxay müəllim sahib çıxırdı. Məsələn, mənim bir xalam oğlu vardı, dörd məktəbdən qovmuşdular, axırda atası apardı qoydu Surxay müəllimin məktəbinə. O davakar, ipə-sapa yatmaz, müəllimlərin başına oyun açan həmin xalaoğlu Surxay müəllimin məktəbində elə ipə-sapa yatdı ki, ikiylə, üçlə oxuyan uşaq başladı dörd-beşlə oxumağa. Və orta məktəbi bitirəndən sonra da gəldi Bakıda orta ixtisas milis məktəbi vardı (indiki Polis Akademiyası) ora qəbul olundu. Sonra uzun illər polisdə işlədi və polisdə də Surxay müəllimin təcrübəsini tətbiq elədi. Ötən il də mayor rütbəsi ilə təqaüdə çıxdı. Və kimsə deyə bilməz ki, Surxay müəllim və ya onun məktəbinin müəllimləri hansısa bir şagirdi döyüb. Sadəcə olaraq Surxay müəllim Makarenkonu yaxşı oxumuşdu və müəllimlərinə də oxutmuşdu.

Bəli, Surxay müəllimin məktəbi çətin tərbiyə olunan uşaqların məktəbinə çevrilmişdi. Mən o məktəbi məbəd adlandırardım.

Bir dəfə kiçik qardaşım Surxay müəllimin məktəbinin bir şagirdini küçədə döymüşdü. Surxay müəllimin şagirdini döymək olar? Axşam dağdan ağır kişi gəldi bizə, pərt idi.

Atama dedi ki, bu uşağı sabahdan mənim məktəbimə göndərərsən ki, bunu da adam edim. Səhəri günü qardaşımı atam Surxay müəllimin məktəbinə göndərdi.

Bunları ona görə yazıram ki! Bəli, çətin tərbiyə olunan uşaqlar var, özü də az deyil. Yaxşı olar ki, Təhsil Nazirliyi tək Bakıda deyil, eləcə də rayonlarımızda bir məktəbi ixtisaslaşdırsın, Sovetlər dönəmində belə bir təcrübə vardı, başa bəla şagirdlər məcburən həmin məktəblərə yönləndirilsinlər. Həmin məktəblərə də ən təcrübəli, bu sahədə xüsusi qabiliyyəti olan müəllimləri cəlb eləsinlər. Şagirdlər də niyə cəzalandığını bilsinlər.

Ölkədə təhsil sahəsində islahatlar gedir, bu da həmin islahatlardan biri olsun.

P.S. Universiteti bitirəndən sonra Ağsuda internat məktəbdə müəllim işləyirdim. İnternat da çətin tərbiyə olunan uşaqlar və həm də maddi vəziyyəti ağır olan ailələrin övladları üçün fəaliyyət göstərən məktəb sayılırdı. Çox qəribəydi ki, Ağsu rayonunun bütün vəzifəli şəxslərinin övladları da bu məktəbdə oxuyurdu. Buna da səbəb həmin məktəbdəki təhsilin yüksək səviyyədə olması idi. Bir dəfə 10-cu sinifdə bir uşaq özünü çox pis apardı, həddindən artıq pis apardı. O uşağı önə çıxarıb ala-babat şillələdim və sinifdən qovdum.

Dünya dəydi bir-birinə. Məktəbin direktorunun az qala ürəyi getmişdi. Maarif müdiri direktora zəng eləmişdi ki, bu nə məsələdi, tez tədbir görün. Heç demə, şillələdiyim uşaq rayon prokurorunun oğlu imiş. Prokuror oğlunu çağırır yanına, səbəbini soruşur, uşaq da əsl həqiqəti olduğu kimi atasına çatdırır. Atası Maarif müdirinə də zəng eləmişdi, məktəb direktoruna da ki, o müəllimlə işiniz olmasın, oğlum haqq elədiyi cəzasını alıb. Hələ gəlib müəllimdən də üzr istəyəcək.

Belə kişilər də vardı ey.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-06-24
2017-06-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məhkəmə 85 yaşlı kişiyə iş kəsir. Həbsxanada soruşurlar:
- Necə oldu ki, bura düşdün?
- Zorlama maddəsi ilə.
- Bu yaşda?
- Yox ee, ittiham aktında yazılanlar xoşuma gəldi, dərhal razılaşdım.




digər lətifələr
ARXİV
FACEBOOK