ANA SƏHİFƏ / YAZARLAR

ALLAHI QATİL EDƏNLƏR

Dedektiv roman

54905    |   2013-01-12 00:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən sayımızda)

Çiçəyi burnunda olanlardan biri tez qaçıb eyvandakı soyuducudan bir butulka mineral su gətirdi, ağzını açıb stəkana tökmək istəyəndə batalyon komandiri butulkanı alıb suyu çəkdi başına, qalanı ilə də boyun-boğazını islatdı:

- Oxxaay! Siz burda kef edirsiz. Qədrimizi də bilmirsiz. Hə, Akademik yenə nə mühazirə oxuyurdu?

Akademik:

- Yoldaş leytenant, mən mühazirə oxumurdum. Deyirdim, biz bura əsgərlik etməyə gəlmişik, yoxsa fəhləlik etməyə?

Batalyon Komandiri gözləmədiyi cavabdan tutuldu:

- Nə dedin? Bir də təkrar elə!

- Deyirəm, biz bura Vətəni müdafiə etməyə gəlmişik, yoxsa Komandirə nökərçilik etməyə?

Batalyon Komandiri əsəbi halda yerindən elə qalxdı ki, Çiçəyi burnunda olan əsgərlər qorxdu və bağırdı:

- Qalx! Farağat! Sənə on gün qauptvaxt elan edirəm!

Farağat vəziyyət almış Akademik:

- Yoldaş Leytenant, deyəsən akademiyanı zəif oxumusuz, nizamnaməni yaxşı bilmirsiz. Sizin mənə on gün həbs verməyə səlahiyyətiniz çatmır. Siz mənə yalnız iki gün həbs elan edə bilərsiz.

Dədələr pıqqıldaşdılar, digər əsgərlər də onlara qoşuldular. Batalyon Komandiri əyri-əyri pıqqıldaşanlara baxdı:

- Hırıldamıyın, ə! - dedi və səhvini düzəltdi: - Yaxşı, Akademik! Mən sənə iki gün qauptvaxt elan edirəm. Eybi yox, beş gün də Komandir verir.

Akademik güldü:

- Oldu, iki gün qauptvaxt! Amma yoldaş leytenant, burda qauptvaxt yoxdu, generalın zirzəmisinə salacaqsız, yoxsa tikdiyimiz it damına?!

- Yox! İndi hərbi hissədən maşın çağıraram, gəlib səni aparar.

Bayaq Akademikə dəstək verən Ağsaqqal başını buladı:

- Akademik, sənə bu lazım idi?!

***

Qan iyinə çaqqallar qaçıb gəlmişdi və meyitin ətrafında fırlanırdılar. Hələ qoxusu çəkilməmiş barıtın qorxusundan meyitə toxunmurdular. Barıtın qoxusu çəkildikcə çaqqallar ürkək-ürkək cəsədi didişdirməyə başladılar. Və əgər şəhərdən qayıdan içi əsgərlərlə dolu maşın gəlib çıxmasaydı, yolun ortasında qalmış cəsədi çaqqallar parça-parça edəcəkdi. Maşın dayandı, amma deyəsən çaqqallar çox həyasız idilər, qorxub qaçmadılar. Zabit çaqqalları qorxutmaq üçün havaya bir-iki əl atəş açdı. Çaqqallar da vaqqıldaya-vaqqıldaya öz dillərində Zabitə söyə-söyə götürüldülər. Zabit yolun ortasındakı meyiti görəndə yerindəcə dondu, sonra yavaş-yavaş meyitə yaxınlaşdı, əvvəl-əvvəl elə bildi Komandirin sürücüsüdü, amma kiteldəki ulduzları görəndə...

Əsgərlər də maşından töküldülər, amma Zabit əsgərləri meyitə yaxınlaşmağa qoymadı, əmr elədi:

-Yaxın gəlməyin! Heç nəyə də toxunmayın!

Sonra Zabit təcili hərbi hissəyə telefon açdı:

- Komandiri vurublar!

Bu xəbər təkcə hərbi hissədə deyil, şəhərdə də bomba kimi partladı. Yarım saat keçməmiş şəhərin bütün rəhbərliyi hadisə yerində idi.

Yemək-içmək məclisindən yarımçıq qalxmağa məcbur olmuş Şəhər Meri dilxor-dilxor dedi:

- Hamımız zibilə düşdük, günümüzü göy əskiyə bükəcəklər!

Prokuror heç nə olmamış kimi soyuqqanlıqla:

- Niyə? Biz öldürmüşük?!

Mer:

- Elə danışırsan, elə bil adicə bir adam öldürüblər. Hamımızın başı ağrıyacaq.

Prokuror Zabitə göstəriş verdi:

- Heç kəsi əraziyə buraxmayın. Əsgərləri dağıt meşəyə, qabaqlarına kim çıxsa şapparlayıb gətirsinlər bura! - sonra üzünü maddım-maddım meyitə baxan Polis Rəisinə tutdu: - Sən niyə atıla-atıla gəlmisən? Hanı sənin itin.

Rəis:

- Yoldadı, indi çatır.

Meyiti incələyən Kriminalist elə bil zərgər idi, brilyantın xalis olub-olmadığını öyrənmək istəyirdi, neçənci dəfə idi ki, əlindəki lupa ilə güllə dəyən yerlərə baxırdı. Başını qaldırıb əsgərlərin meşəyə dağıldığını görəndə soruşdu:

- Bunlara kim əmr verdi?

Prokuror:

- Mən! Qoy meşədə kim qabaqlarına çıxsa tutub gətirsinlər.

Kriminalist başını buladı:

- Cənab Prokuror, əvvəla ölümün üstündən bir saat, bəlkə də daha çox vaxt keçib. Hansı axmaq bu vaxta qədər oturub gözləyər ki, gəlib onu tutsunlar. Bəs onda iti neyləyirsiz? Kimin izin götürəcək? Əsgərlərin?! - sonra üzünü Zabitə tutdu; - Çağır əsgərləri geri.

Zabit bilmədi kimin əmrini yerinə yetirsin, gah Kriminalistə, gah da Prokurora baxdı.

Prokuror Zabitə:

- Yaxşı, əsgərlərini geri çağır,- dedi, sonra Kriminalistdən soruşdu; - Nə öyrənə bildin?

Kriminalist:

- Ov tüfəngi ilə vurublar, özü də təklülə olub: - meyitin yaxınlığında tapıb kiçik salafan torbaya qoyduğu dəmir gilizi göstərdi; - Gilizi çıxarıb atıb, tüfəngi təzədən doldurub. O biri giliz yoxdu, deməli, silahda qalıb. Birinci güllə çiyninə dəyib. Öldürücü olmasa da vaxtında yardım edilməsə qanaxmadan yəqin ki, öləcəkdi. İyirmi-iyirmi beş metrdən, təxminən, - əlilə yoğun gövdəli bir palıd ağacını göstərdi; - bax o ağacın arxasından atıblar. İkinci gülləni isə kişiliyinə vurublar, özü də dayayıb atıblar. Bu güllədən dərhal sonra keçinib.

Prokuror:

- Pahatonnan, gör harasından vurublar ey, adamın orasına təpik dəyəndə az qalır nəfəsi kəsilsin, ondakı güllə ola - dedi və meyitə yaxınlaşıb diqqətlə güllə dəyən yerə baxdı, dağım-dağım olmuşdu.

Mer Kriminalistdən soruşdu:

- Dedin harasından vurublar?

- Kişiliyindən.

Mer əlini-əlinə vurdu:

- Sən öl, namus məsələsidi. Rəhmətliyin oğlun nə vaxt axtarırdın, saunada tapırdın.

Prokuror ətrafdakılara göz vurub Merə dedi:

- Ehtiyatlı ol, sən də saunaya yaman tez-tez gedirsən ha.

Mer Prokurora gözünü ağartdı:

- Zarafat vaxtı deyil!

Sürücü Prokurora yaxınlaşdı:

- Şef, sizi yuxarıdan istəyirlər, - dedi və telefonu ona uzatdı.

Prokuror telefonu alıb ətrafdakılara:

- Başladı! - dedi və bir kənara çəkildi.- Eşidirəm.

Telefondakı adam:

- Sizinlə general danışacaq.

On-on beş saniyə keçməmiş telefondan Generalın səsi eşidildi:

- Salam!

- Salam, cənab General.

- Hardasan?

- Hadisə yerində.

- Nə baş verib orda?

Prokuror çevrilib bir daha meyitə tərəf baxdı:

- Hərbi hissənin Komandirini atıblar. Kriminalist işləyir. Mer də burdadı, Polis Rəisi də. Korpus komandiri də yoldadı. İşləyirik.

- Bunu bil, bu cinayətin açılmasına başınla cavabdehsən. Xətrini çox istəyirəm, yerində olan kadrsan. Amma bu cinayətin üstünü açmasan, məndən incimə. Mən də yuxarıların qarşısında başımla cavabdehəm. Başa düşdün də! Nə kömək lazımdı edəcəm. Kriminalistin təcrübəlidi?

- Bəli. Kriminalistimizdən bəlkə də ölkədə yoxdu. Bu günədək elə bir cinayət olmayıb ki, aça bilməsin.

- Ona de, əgər bu cinayətin üstünü açsa, səni mərkəzə gətirdəcəm, onu da sənin yerində oturdacam. Allah köməyiniz olsun! Di sağ ol!

-Sağ olun, cənab General!

Prokuror telefonu qapatdı, döndü Merin yanına.

Mer başı ilə göyə işarə elədi:

- Yuxarıdandı?

Prokuror:

- Hə,- dedi, sonra üzünü tutdu Kriminalistə: - Yuxarıdan zəng eləmişdilər. Dedilər ki, əgər bu cinayəti açsan, səni mənim yerimə qoyacaqlar.

Kriminalist işindən ayrılmadan:

- Cənab Prokuror, Allah sağlığınıza qismət eləsin, mənim sizin yerinizdə gözüm yoxdu. Öz yerim də pis deyil, buna dəyməsinlər, Əzrayılın balası mənə lazım deyil.

Prokuror:

- Dostum, sən bu işi aç, ən böyük hədiyyəni məndən alacaqsan. Qorxma, məni çıxarmayacaqlar ey, işi açsan, məni də yuxarı aparacaqlar.

Mer:

- Qəribə adamlarsız ey, meyit qalıb ortalıqda, vəzifə bazarlığı edirsiz.

Prokuror:

- Neyləyək, hərənin çörəyi bir şeydən çıxır, bizimki də meyitdən.

Nəhayət Kriminalist işini tamamladı:

- Cənab Prokuror, meyiti götürə bilərlər. Meyit yarılandan, bir də ballistik ekspertizadan sonra əsas rəyə gələ biləcəyik, -bıçaqla qazıb torpaqdan çıxardığı gülləni də kiçik bir salafan torbaya qoydu və verdi ekspertə: - O biri güllə bədənində qalıb.

Bayaqdan heç bir söhbətə qarışmayan, kənarda dayanıb siqareti siqaretə calayan Qərargah Rəisi, sanki ona da güllə dəymişdi, nəhayət dilləndi:

- O gərək çoxdan yerini dəyişib başqa hissəyə gedəydi. Mən bilirdim bunun axırı yaxşı olmayacaq. Yüz dəfə özünə də demişdim. Eşitmədi. Bu da sonu.

Prokuror:

- Düz deyirsən. Yeddi-səkkiz ayda üç çepe, bu da dördüncü.

Qərargah Rəisi:

- Hələ ikinci hadisədən sonra, dedim ki, yerini dəyiş. Yuxarıya dedim də, yazdım da. Amma töhməti mən aldım. Əslində çepe çox olub, gizlətmişik, özümüz yoluna qoymuşuq. Hərbi hissə deyil ha, dəlixanadı. Biri özünü asır, biri özünü atır, biri avtomatı posta tullayıb qaçır, biri əsgər yoldaşlarını güllələyir. - Sonra tərs-tərs Prokurora baxdı: - Sizlərin də sayeyi-mərhəmətinizdən heç kim də cəzalandırılmır.

***

Polkovnik:

- O Akademik yenə nə qələt eləyib?

Batalyon Komandiri:

- Əsgərlərə yenə mühazirə oxuyurdu. Keçən dəfə yeməklə bağlı az qala qiyam qaldırmışdı. Guya evlərində bütün günü plov yeyirmiş itoğlu. Öyrənmişəm, bir həsirdilər, bir məmmədnəsir. Kolbasa yeməkdən bağırsaqları qurumuş bir aspirant gəlib qarnı isti yemək görüb qudurub. On gün qauptvaxta qalmaq görünür ona azlıq eləyib. Deyir ki, biz bura kimlərəsə villa tikməyə gəlməmişik, fəhlə deyilik. Səsinə səs verənlər də getdikcə çoxalır. Mən qauptvaxta salıram, Qərargah Rəisi çıxarır.

Polkovnik:

- Elə ona dil verib yoldan çıxaran Qərargah Rəisidi. Eybi yox, onun ulduzunun birini qopartdırıb dalına yapışdırtmasam mən də, mən deyiləm. Yerimə göz dikib, boynunun dalın görər. Sən belə elə, qauptvaxtdan sonra o Akademikdi, professordu, nədi bas sonuncu posta. Mən deməyənədək də dəyişmə. Qoy ağlı başına gəlsin. Yaxşı bunlar öz yerində, tikintidə vəziyyət necədi? Vaxtım yoxdu deyə bir həftədi dəyə bilməmişəm.

-Normal gedir, yoldaş Komandir, üç-dörd aya başa çatar. Bir də yoldaş Komandir, fabrik tikdirən dostumuz iyirmi-otuz əsgər istəyir, nə deyirsiz, göndərim?

Polkovnik qalxdı ayağa:

- Əlli işimizə yarayır, bir on-on beş nəfər göndər. Özün də o Akademiki gözdən qoyma. Yenə ora-bura yazsa səni cəzalandıracam.

***

Həyətin ortasında iri gövdəli şah tut ağacı vardı. Bir budağından da yelləncək asılmışdı, amma neçə illərdi bu yelləncəkdə yellənən görünməmişdi. Uşaqların yelləncəklə yellənmək yaşları lap çoxdan keçmişdi, amma söküb atmırdılar, nəvələrinə saxlayırdılar. Ağaclar tumurcuqlayıb çiçəkləri çırtlayandan, arandan yaylağa köçən kimi neçə illər idi dağlar düşmən əlində olduğundan yaylağa həsrət qalmışdılar, köçürdülər bu tutun altına, yemək-içməyi də burda yeyərdilər, çox vaxt qonağı da burda qarşılayıb, burdan yola salardılar.

Ağacın altında şitili çıxmış bir dəmir çarpayı da vardı ki, qışda da burda olardı, üstünə bir köhnə palaz sərmişdilər, palazın da üstə bir döşək, bir dənə də böyük mütəkkə atmışdılar. Havanın qırışığı açılandan qaş-qabağı tutulana qədər Ata bəzən gecələr burda yatardı.

Oturmuşdular tutun altında. Evin xanımı günortadan asdığı lıqlama bozbaşdan bir boşqab çəkib qoymuşdu ərinin qabağına, özü isə çay içirdi:

- Ay kişi, uşaq dörd-beş aydan çoxdu əsgərlikdədi. Burdan-bura bir dəfə də olsun yanına getməmisən. Odur ey, qonşunun uşağı da onunla bir vaxta gedib. Hər həftə arvadı da vurur qoltuğuna gedirlər uşağa dəyməyə. Hələ məzuniyyətə də gətirdilər, düz bir həftə qaldı evdə. Sən də bir get komandiriylə tanış ol. Görüm-baxım elə, qoy uşaqdan muğayat olsun. Yoxsa elə bilərlər yiyəsizdi. Allaha şükür imkanımız da hamınınkından yaxşıdı.

(Ardı var)

Aqil ABBAS

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-23
14:53 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (16.67%)
İşdə (83.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK