ANA SƏHİFƏ / YAZARLAR

SÖZÜN İŞIĞINDAKI ADAM

Həmkarım Eldar İsmayılovun 65 yaşına

59064    |   2013-01-08 15:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarşımda bir neçə albom var. Üz qabığı, cildləri solmuş bu albomlar ötən əsrin danışan dilidir. Bu danışan albomlarla neçə saatdı ki, baş-başayam. Çevirdiyim hər səhifənin qarşısında xəyala dalır, özümdən asılı olmadan o illərə çıxıb gedirəm. Bəlkə də getmirəm, bu şəkillər özü məni çəkib aparır. Öz şirin diliylə, öz qədim bağlılığı və oradan boylanan təbəssümlərlə...

...Çox maraqlı bir foto. Sovet dönəminin zabit formasında orta yaşlı bir kişi və onun yanında kətil üstündə dayanıb bu zabitə sığınmış üç yaşlı uşaq. Şəklin altında tarix göstərilib: 1951.

Şəkildəki uşağı tanıyıram. Yanındakı zabiti isə təxmini fəhm edirəm. O fəhm mənə deyir ki, bu zabit geyimindəki kişi yanındakı uşağın atasıdır. Doğrudan da belədi. O uşaq, yəni Eldar müəllim bir dəfə köhnə albomları ortaya qoyub vərəqləyəndə müəyyən məqamları, şəkillərlə bağlı xatirələri açıqlamışdı. Mən də o söhbətlərin bir qismini yaddaşıma köçürmüşdüm. Ona görə də indi fəhmlə duyduğum, tanıdığım hərbi geyimli kişinin də məhz Eldarın atası, rəhmətlik Xankişi müəllim olduğunu söyləyə bilərəm. Elə bu məqamda bir xatirəni də çözmək olar. Eldar müəllimin atası Xankişi İsmayılov ikinci dünya savaşının ağrı-acısını duymuş, 1941-ci ildən 1943-cü ilədək döyüş yolu keçmiş, ağır yaralandıqdan sonra ehtiyata buraxılmışdı. Öz zəhmli görkəmi, qətiyyətli iradəsi ilə seçilən Xankişi İsmayılov o ağır illərdə hərbi formanı geyinmək və bu formada camaat içində görünmək hüququ qazanmışdı. Ona görə də oğlu Eldarla, evin balaca kişisi ilə şəkil çəkdirəndə ataya elə gəlmişdi ki, onun bu əzəmətli duruşu oğluna çətin həyat yollarında bir nümunə olacaq. Yəni, Eldar da qürurunu şax saxlamaqla, nəslinin, atasının adını uca tutmaqla el-obada, dost-tanış arasında həmişə sayılıb-seçiləcək. Zaman göstərdi ki, ata öz fəhmində yanılmayıb. Ancaq Eldarın cəmi üç yaşı vardı və o, atasının ürəyindən keçənləri bilmək gücündə deyildi...

Orta məktəbin ilk sinfində Eldarın maraq dünyası artıq özünü göstərməyə başladı. Ağdamda rus məktəbində təhsil alan Eldar asudə vaxtını daha çox iki istiqamətə yönəldirdi. Ya əlində fırça şəkillər çəkir, ya da idmanla məşğul olurdu. Bu, ortaboy, çevik oğlanın dərsə marağı, ictimai fəallığı təkcə müəllimlərin deyil, oxuduğu məktəbin direktorunun da diqqətini çəkmişdi. Ona görə də məktəbin divar qəzetinin buraxılması, yaxud hansısa stendin, şüarın hazırlanması məsələsi ortaya çıxanda dərhal Eldarı axtarır, onun qabiliyyətindən istifadə edirdilər. Tez-tez sinif yoldaşlarının, dost-tanışlarının şəkillərini çəkən Eldar artıq məktəbdə, məhəllədə rəssam kimi tanınırdı. Sonralar foto sənətinin, musiqinin də sirrlərinə yiyələnməyə başladı. Rus dili müəlliməsi Lüdmila xanım ona çox vaxt yarızarafat, "korrespondent" deyə müraciət edirdi. Eldar oxuduğu məktəbin rayonda yeganə olan nəfəsli çalğı alətləri orkestrinin aparıcı ifaçılarından idi. Sonralar həmin ixtisas üzrə orta musiqi təhsili də aldı...

Bu əlaçı şagirdin pioner qalstuklu şəkli rəngi bozarmış albomdan mənə baxır. Hiss olunur ki, oxumağa, öyrənməyə həmişə hazır olan bu pioner həyatın bütün çətinliklərinə də dözmək gücündədi. Onun cılız bədənində özündən çox-çox böyük bir ürək çırpınır. Özü də yazmaq, yaratmaq, qurmaq, ucaltmaq həvəsiylə.

Bəzən deyirlər ki, insanın taleyi, alın yazısı onun adından, ilk addımından, marağından üzə çıxır, görünür. Əgər bu fikrə inansaq, Eldar adını şərh etməyə yəqin ki, ehtiyac qalmaz. Eldarın mütləq bir yaradıcı peşənin sahibi olacağına işarə vuranlar, bunu təsəvvür edənlər yanılmadılar. Orta məktəbin yuxarı sinfində oxuyarkən respublika mətbuatına, xüsusilə Ağdamda çıxan "Lenin yolu" qəzetinə böyük maraq göstərməsi, ara-sıra qəzet və jurnallara özünün əl boyda yazılarını, şeirlərini göndərməsi böyük arzuların kiçik işartıları idi və bu işartı günbəgün şölələnir, alovlanırdı.

1966-cı ildə orta təhsilini uğurla başa vuran Eldar İsmayılov məktəb illərindən könül bağladığı rayon qəzetində foto-müxbir kimi fəaliyyətə başladı. Ancaq o, təkcə maraqlı fotoların deyil, həm də onlara maraqlı şərhlər verən, bu fotoları tamamlayan məqalələrin, reportajların, zarisovkaların, oçerklərin də müəllifi kimi imzasını tanıtmağa başlamışdı. Digər tərəfdən rayonda fəaliyyət göstərən "gənc qələmlər" ədəbi birliyinin fəal üzvü kimi E.İsmayılov burada sabah tanınacaq şair və yazıçıların, jurnalistlərin də dostu, tərəfdaşı olmuşdu. Azərbaycanın sevilən qələm adamları Şahmar Əkbərzadə, Fikrət Hacıyev, Ramiz Möhsün, Rəhman Babaxanlı, Xudu Sadiq, Qambay Əliyev və digərləri ilə birlikdə Ağdamın ədəbi ictimaiyyəti arasında onun da yeri görünür, sözü, misraları hallanırdı.

Jurnalistikaya, qəzetə böyük sevgisi olan Eldar İsmayılov günbəgün hiss edirdi ki, onun böyük auditoriyaya ehtiyacı var. Yəni, Ağdam mühitindən, "Lenin yolu" qəzetindən respublika masştabına çıxmaq, öz sözünü, fikrini ölkə miqyasına çıxarmaq həvəsiylə yaşayırdı. Məqsədi onu mənzilinə doğru aparırdı. Rayon qəzeti redaksiyasında rəsmi fəaliyyətə başladığı ilk anlardan ölkə mediası, xüsusilə televiziya və radio ilə əməkdaşlıq edirdi. Yazdığı ssenariləri və çəkdiyi kinokadrları televiziyaya təqdim edir, efir fəaliyyəti imzasını hər kəsə tanıdırdı. Ölkə televiziyasının xəbərlər, kənd təsərrüfatı, sənaye, tikinti, rabitə, gənclik proqramları redaksiyaları həm peşəkar qələm, eyni dərəcədə kino çəkilişləri, telerejissura və montaj vərdişlərini özündə birləşdirən bu gəncinə böyük önəm verirdilər. Eldar 1966-cı ildən başlayaraq on ildən artıq bir müddətdə Azərbaycan Televiziyasının Qarabağ bölgəsində qeyri-rəsmi nümayəndəsi funksiyasını həyata keçirmişdir. Əslində bu "qeyri-rəsmi" ifadəsini onun həmin dövrdə rəsmi vəsiqə ilə ştatdankənar müxbir kimi fəaliyyət göstərdiyinə görə işlətdim.

Eldar müəllim deyir ki, "o vaxt televiziyada bir bölgədən veriliş hazırlamaq üçün ora müxbir, operator, rejissor, işıqçıdan ibarət çəkiliş qrupu ezam edirdilər ki, bu da xeyli xərc və əlavə zəhmət hesabına başa gəlirdi. Bu işlərin hamısını tək özüm gördüyümdən dövlət teleradio verilişləri komitəsi üçün, necə deyərlər, "göydəndüşmə" olmuşdum. Həm də dövlət teleradiosunda (o vaxt başqası yox idi), ümumiyyətlə, bütün kütləvi informasiya vasitələri redaksiyalarında ştatda olan və kənar müəlliflər üçün ciddi limit vardı, 40 - 60. Qonorar fondunun 40 faizi ştatdakı, 60 faizi isə kənar, başqa sözlə, ştatda olmayan müəlliflər üçün nəzərdə tutulurdu. Hər ay ümumi həcmi bəzən 100 dəqiqəyə çatan 4-5 veriliş və süjetim efirə verilirdi. Bunun da müqabilində rayon qəzetindəki rəsmi maaşımdan bir neçə dəfə artıq qonorar alırdım. Bəzən televiziyanın redaksiyaları bir-birindən xəbərsiz mənə o qədər sifarişlər verirdilər ki, onları zamanında hazırlayıb çatdırmaq olduqca çətin olurdu. Belə vaxtlarda müəllimlər evi nəzdində yaratdığım "Ulduz" Həvəskar Kino-Foto Studiyasının mənim yetirmələrim olan fəal üzvləri Rəfael və Şünasib Mehdiyev, Tahir və Zahid Qarayev qardaşları, Bəhruz Axundov, Tahir Haciyev və başqaları köməyimə çatırdılar. Onlardan bir çoxu sonralar həyatlarını media, kino və televiziya ilə bağladılar və bu gün də həmin sahələrdə çalışırlar. Tahir Qarayev uzun illər AzTV-nin teleoperatoru olub, Qarabağ savaşının ən yaddaqalan anlarını kamerasının yaddaşına köçürüb, hazırda İctimai Televiziyanın baş operatorudur".

... Albomdakı şəkillərə baxıram. Burda kimlər yoxdu? Sizə qəribə gələ bilər, amma bir rayon qəzetinin fotomüxbirinin çəkdiyi şəkillər və özünün də görüntüləri əks olunan fotolar mükəmməl bir yaradıcılıq muzeyi təsiri bağışlayır. Böyük alimimiz Xudu Məmmədov, türk dünyasının böyük şairləri, yazıçıları Məmməd Araz, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Zəlimxan Yaqub, Şahmar Əkbərzadə, Cabir Novruz, Tofiq Bayram, Həsən Seyidbəyli... Azərbaycanın böyük həkim alimi Nurəddin Rzayev, tanınmış bəstəkarımız Tofiq Quliyev, xalq artistlərimiz Xan Şuşinski, Sara Qədimova, Arif Babayev, Qədir Rüstəmov, Əbülfət Əliyev... dünya idmanının və idman jurnalistikasının tanınmış simaları Xuan Antonio Samaranç, Jaq Roqq, Cep Blatter, Edvin Moses, Sergey Bubka, Nadya Komaneçi, Toqay Bayatlı, Covanni Merlo və daha kimlər, kimlər... bəzən inanmaq istəmirəm. Çünki bu boyda nəhəng şəxslərlə dostluq etmək, onlarla ünsiyyət qurmaq, Ağdamda, Şuşada, Kəlbəcərdə, Bakıda... Nyu-Yorkda, Torontoda, Afinada, Londonda... bir süfrə başında əyləşmək o qədər də asan iş deyildi və bunu hər adam bacarmazdı. Məni düşündürən bu sualın çözümünə Eldar müəllimin söhbətlərinin birində dediyi xatirələr vasitəçi olur:

"Universitetin jurnalistika fakültəsində oxuyanda müəllimlərimlə həm də dostluq edirdim. Dərsdən sonra çox vaxt birlikdə olurduq. Bəxtiyar Vahabzadə ilə oxumazdan bir neçə il əvvəldən gözəl, səmimi münasibətimiz vardı. Hətta, toyumda da olmuşdu. Sonralar bu münasibət əsl dostluğa çevrildi. 1974-cü ildə Bəxtiyar müəllim Ağdamda idi, Şahmar Əkbərzadə ilə bizim evdə qonaq idilər, gecə də bizdə qaldılar. Mənim yaraşıqlı, bənzərsiz və səliqə-səhmanlı evim, bağ-bağçam Bəxtiyar müəllimin çox xoşuna gəldi və sözarası məndən soruşdu ki, bu gözəlliyi kim yaradıb? Dedim ki, divarları, "qara" işləri mənim layihəmlə bənna və fəhlələr, bəzək və tamamlama işlərini isə mən özüm. Şahmar əlavə etdi ki, Eldarın barmaqlarının sayı qədər sənəti, qabiliyyəti var. Bəxtiyar müəllim təəccübünü gizlədə bilmədi və dostcasına dedi: "Bəs materialların haqqı? Məsələn, mənm gəlirim ayda orta hesabla min manatdır... Dedim ki, mənimki bundan artıqdır və açıqlama da verdim. Tam səmimiyyətlə deyim ki, mən kimdənsə üç-beş manat rüşvət ummaram da, almaram da. Qəzetimizin ağsaqqal redaktoru Museyib Qurbanov (tanınmış jurnalist, "Lenin yolu" qəzetinin redaktorlarından biri - Ə.M) mənə yaxşı işgüzar şərait yaradıb. Yazılarımı o qədər bəyənir ki, oxumamış mətbəəyə, yığılmağa göndərir. Fotolarımı da bunun kimi. Qəzetdəki aylıq normamı bir-iki günə hazırlayıram və ay boyu ardıcıl təqdim edirəm. Sonra televiziyanın, radionun, başqa qəzet-jurnalların sifarişlərini yerinə yetirirəm. Teleradio komitəsi mənə rəsmi vəsiqə verib, onun sifarişi ilə Qarabağ rayonlarına və ətraf bölgələrə, hətta Gəncəyə, Tovus-Qazax zonasına gedir, verilişlər hazırlayıram. Rayonlarda məni yaxşı tanıyırlar, təmənnasız, iddiasız adam olduğumu da yaxşı bilirlər. Odur ki, getdiyim rayonların rəhbərləri mənə normal, işgüzar şərait yaradırlar. Hara getsəm, televerilişlər hazırlamaqla yanaşı oralarda maraqlı anları fotokamerama da köçürür, kifayət qədər çoxlu fotoşəkillər çəkirəm. Hər ay teleradiodan və respublika mətbuatından Sizin qazancınızın təxminən yarısı qədər müəllif haqqı - qonorar alıram, üstəgəl rayon qəzetindən və rəhbərlik etdiyim dərnəklərdən rəsmi məvacibim. İlin sonuna yaxın çəkdiyim fotoşəkillər hesabına ayrı-ayrı rayonlara, kolxoz, sovxoz, zavod, müəssisə və idarələrin iqtisadi-mədəni həyatına dair çoxsaylı tematik albomlar hazırlayıram, növbəti səfərlərim zamanı ünvanlarına təqdim edirəm və mənə işimin müqabilində müqavilə əsasında haqq ödənir. Əlbəttə, qanuni vergi və ayırmalar da həmin məbləğlərdən tutulur. Beləliklə, hörmətli şairimiz, halal yolla böyük qazanc əldə edə bilirəm. Şair gülümsədi və "Afərin!!!" - dedi.

Ağdamın tanınmış ziyalılarından Həmzə Əliyev Eldar barədə düşüncələrini bölüşür:

- Onu 1966-cı ildən tanıyıram. Orta məktəbi yenicə bitirib Saratovda ali məktəbə daxil olmuşdu. Amma vətəni üçün darıxmış, təhsilə başlamadan doğulduğu şəhərə, Ağdama qayıdaraq işlə təmin olunmaq üçün rayon partiya komitəsinin birinci katibinə ərizə ilə müraciət etmişdi. Ərizəni də araşdırmaq üçün raykomun təlimatçısı kimi, mənə vermişdilər. Eldar gəldi, danışdıq, xeyli söhbət etdik. 18 yaşlı bu gənc məndə özü barədə xoş təəssürat yaratdı. Səmimiyyətimizin də əsası həmin vaxtdan qoyuldu.

Az keçmədən o, rayon qəzetinə foto müxbir və eyni zamanda şəhər 2 nömrəli orta məktəbinə təsviri incəsənət və musiqi müəllimi təyin edildi.

Sovetlər dönəmində qəribə düşüncə tərzi mövcud idi. Vəzifəli şəxslər, ticarətçilər, pullu adamlar bahalı əmlaklarını onun-bunun adına rəsmləşdirirdilər, özləri də şəxsi evi, maşını olan insanlara, necə deyim, "birtəhər" baxırdılar.

1976-cı ilin söhbətidir. 29 yaşlı Eldar İsmayılov artıq on il idi ki, Ağdamda, rayon qəzetində işləyirdi. Onu rayon partiya komitəsinə, ümumi şöbəyə çağırdılar. Şöbənin müdiri Məmməd Qasımov çox yaxşı adam idi. Uzun illər bir yerdə işləmişdik. İşində məsuliyyətli, bir çox dövlət qərarlarını, çoxlu sayda adamların telefon nömrələrini, maşınların nömrələrini sənədlərə, məlumat kitabçalarına baxmadan əzbərdən deyərdi. Məmməd müəllim Eldara dedi:

- Sənin partiyaya qəbul məsələn müsbət həll olunmalı idi. Amma işlər "fırıqdı". Biz hamımız səni çox istəyirik. Bilirik ki, işgüzar, səmimi oğlansan, işində məsuliyyətlisən. Amma səni istəməyənlər də varmış. "Anonimka" yazıblar. Göstəriblər ki, evin, maşının var...g

- Məmməd müəllim, mən ailəli adamam, çöldə yaşamalı deyiləm ki? Fin tipli evdə ikiotaqlı mənzilim dövlətindir, qanuni sənədlər əsasında yenidənqurma aparmışam, özüm bir qədər əl gəzdirmişəm gözəgəlimli olub. Maşını da dörd il növbəyə durub dövlətdən almışam, - deyə Eldar təəccübləndi.

- Yox ey, maraqlanırlar ki, bu maşının pulu hardandır?

- Bir azdan gəlib sübut edərəm, - deyərək kabineti tərk edən Eldar bir-iki saatdan sonra qayıdaraq şöbə müdirinin qarşısına bir qalaq kağız qoydu - respublika və ittifaq mətbuatında, televiziyalarda, radiolarda gedən yazılarımın, verilişlərimin qonorar qəbzləridir, buyurun hesablayın, - dedi.

Şöbə müdiri qəbzlərdəki məbləğləri hesablamağa başladı. Az keçmədən:

- Qağa, bu qədər pulla 4 maşın almaq olar! Qəbzlərini götür, yaxşı ki, yığıb saxlayırsan, mən katibə izah edəcəm. Hər şey yaxşı olar, - dedi.

Eldar müəllim ali təhsil illərindən söz açır, deyir ki, bir dəfə Bəxtiyar Vahabzadə auditoriyada yoldaşlarımızdan birinə gənc şair Nüsrət Kəsəmənlinin poeziyası ilə bağlı kurs işi yazmağı tapşırdı. Mən yerimdən dilləndim ki, Bəxtiyar müəllim, Nüsrət Kəsəmənli mənimlə yanaşı oturub. O, təəccüblə mənə və Nüsrətə baxdı. Sonra tələbəsinin həqiqətən Nüsrət olduğunu bilib onu təriflədi: oğul, yaxşı yazırsan, şeirlərin xoşuma gəlir, - dedi.

Daha bir unudulmaz xatirə: Xalq şairlərimiz Bəxtiyar Vahabzadə ilə Hüseyn Hüseynzadə (Hüseyn Arif) arasında nədənsə ciddi bir soyuqluq vardı. 1971-ci ilin mayı idi. Dostum, dövrünün tanınmış ziyalısı Yusif Əhmədovla birlikdə Hüseyn qağanın Basin küçəsindəki (İndiki Füzuli küçəsi) mənzilində qonağı idik. Oğlu Arif (o vaxt sağ idi), dostları Nəzir Eltəkin (Əhmədov), Cəmşid Əmirov da orada idilər. Eyvanda yeyib-içirdik. Yusif müəllim sözarası Bəxtiyardan bir bənd şeir dedi. Gördüm ki, Hüseyn qağanın əhvalı dəyişdi, başına şeir qəhətdi, ay Yusif qağa? - deyə sifətini "turşutdu". Üzümü Hüseyn qağaya tutdum, özüm də bilmədən yalan söylədim:

- Dünən dərsdə Bəxtiyar müəllim iki qoşa saat müasir Azərbaycan poeziyasından, əsasən Sizdən danışdı, sizin bir neçə şeirinizi əzbər dedi və bizə bildirdi ki, Hüseyn Hüseynzadə müasir poeziyamızda çox mötəbər yeri olan şairlərimizdir!

Yusif qağa sevinclə mənə baxdı, heç kəs hiss etməsin deyə sağ qolunu stolun altından mənə uzadaraq yumruğunu sıxdı və baş barmağını şəstlə yuxarı qaldırdı.

Bu sözdən sonra məclis əməlli-başlı qızışdı. Hüseyn qağa da Bəxtiyar müəllimin şeirlərindən söylədi. Onun şəxsiyyətini, poeziyasını necə sevdiyini dilə gətirdi. Mən söylədiyim o yalanın altından çıxmaq üçün Bəxtiyar müəllimin növbəti dərsində Hüseyn qağadan danışdım və onun Bəxtiyar müəllimin poeziyasına verdiyi qiymətdən söz saldım. İnanın ki, mənim söylədiyim bu yalan iki xalq şairi arasındakı incikliyi aradan qaldırdı və az keçmədən "Azərbaycan" ədəbi dərgisində (bu gün də nəşr olunur) Bəxtiyar Vahabzadənin bir necə şeri dərc olundu. Onlardan birinin başlığı belə idi: "Məndən ötdü, qardaşıma dəydi" Başlıq altında isə yazılmışdı: "Şair Hüseyn Hüseynzadəyə".

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK