ANA SƏHİFƏ / YAZARLAR

Ermənilərə bir zərbə də UNESCO-dan

43821    |   2015-12-12 00:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə:
"Yerevanı təmsil edən nümayəndə heyətinin Azərbaycana qarşı təxribatı baş tutmadı"

"Ermənilərin törətdiyi hərəkətlər bəşəriyyət üçün təhlükədir"

Uzaq Namibiyanın Vindhuk şəhərində keçirilən UNESC0-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında Azərbaycan mədəniyyəti ilə bağlı mühüm qərar qəbul olunub. Ölkəmizin təqdim etdiyi "Lahıc misgərlik sənəti" nominasiyası Hökumətlərarası Komitə tərəfindən qəbul edilərək qeyr-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb.
Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə bu mühüm toplantının yekunları barədə "Ədalət"ə müsahibə verib.

- Sessiyada Azərbaycanla bağlı məsələ müzakirə olunduğundan toplantı maraqla izlənilirdi. İclasın gedişi və qəbul edilən qərarlar barədə düşüncələrinizi bilmək maraqlı olardı...
- Öncə onu qeyd edim ki, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin fəaliyyəti UNESCO-nun Konvensiyası ilə tənzimlənir. Namibiyanın Vindhuk şəhərində təşkil olunan X sessiyanın gündəliyinə uyğun olaraq UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına həm çoxmillətli, həm də tək bir ölkə kimi təqdim etdiyi mədəni elementlər, eləcə də təcili qorunmaya ehtiyac duyulan mədəni irs nümunələrinin siyahıya daxil edilməsi məsələləri müzakirə olundu. Sonuncu sessiyanın mühüm əhəmiyyəti var idi, çünki birbaşa ölkəmizlə bağlı məsələlər də gündəliyə salınmışdı. Azərbaycan mütəmadi olaraq UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına öz mədəni elementlərini təqdim edir. Bu il biz "Lahıc misgərlik sənəti" nominasiyasını quruma göndərmişdik.
Hökumətlərarası Komitənin və UNESCO-nun Qiymətləndirmə Orqanının üzvləri təqdim etdiyimiz nominasiyanı yüksək dəyərləndirdilər, Lahıc misgərlik sənətinin bu nüfuzlu qurumun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil etməklə Azərbaycan xalqının əsrlərdən bəri yaşatdığı mədəni dəyərlərə böyük sayğı ilə yanaşdıqlarını isbatladılar.
1991-ci ildən Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa edib və dünyada öz adından danışmaq, qədim mədəniyyətini, tarixini olduğu kimi çatdırmaq imkanı qazanıb. Hər bir elementin, konkret olaraq Lahıc misgərlik sənətinin UNESCO səviyyəsində qəbulu həm mədəni dəyərlərimizə verilən qiyməti təcəssüm etdirir, həm də bu sənətin qorunmasına, ənənənin gələcək nəsillərə ötürülməsinə böyük töhfə verir. Eyni zamanda, Lahıcda misgərliklə məşğul olan insanlarda əlavə stimul yaradır, ərazinin turizm imkanlarını genişləndirir.
Bir məsələni xüsusi vurğulayım ki, bu nominasiya faylı "Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiya"nın bütün meyarlarına cavab verdiyinə görə nümunəvi bir namizədlik faylı kimi qəbul olundu. Yəni gələcəkdə başqa dövlətlər öz fayllarını hazırlayarkən Azərbaycanın nümunəsindən faydalana bilərlər. Yeri gəlmişkən, 50 elementdən yalnız 5-nə bu hüquq verildi, onlardan biri də bizim ölkədir.
Sessiya zamanı iştirakçılara Qeyri-Maddi Mədəni İrsin Qorunması ilə bağlı Azərbaycanın son 5 ildə gördüyü işləri hesabatı təqdim olundu. Hesabatda Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi faktı, bu təcavüz nəticəsində xalqımızın mədəni irsinə dəyən ziyan, eləcə də, qaçqın, köçkün vətəndaşlarımızın mədəni mülkiyyət hüquqlarının pozulması halları öz əksini tapmışdı. Təqdim etdiyimiz hesabat maraqla qarşılandı və qəbul olundu.
- Ermənistandan söhbət düşmüşkən, deyəsən, bədnam qonşularımız Namibiyadakı sessiyadan narazı qalıblar. Erməni tərəfi toplantıya hansısa nominasiya təqdim etmişdimi?
- Qaydalara görə, yeni faylların təqdim edilməsi məsələsinə əvvəlcə UNESCO-nun Qiymətləndirmə Orqanında baxılır, yalnız bundan sonra Hökumətlərarası Komitənin sessiyasında müzakirəyə çıxarılır. Öncədən də məlum olduğu kimi, Ermənistan "Köçəri, ənənəvi qrup rəqsi" nominasiyasını təqdim etmişdi və bununla bağlı artıq cəmiyyətdə müəyyən ajiotaj yaratmağa çalışırdılar. Azərbaycan tərəfi isə onların bu hay-küyünə rəğmən səbir və məntiqlə öz işini gördü, arqumentlərini hazırladı. Ermənilərin faylı sessiyaya çıxarılmazdan öncə Qiymətləndirmə Orqanından tələb edilən 5 meyara görə mənfi rəy almışdı. Normalda hər hansı bir ölkə 3-dən çox mənfi rəy alanda faylı geri götürürlər. Amma ermənilər öz xislətlərindən əl çəkməyib məsələni sessiyada müzakirəyə çıxardılar. Vurğuladığım kimi, Azərbaycan hökumətinin qabaqlayıcı addımları, üzv ölkələrlə əməkdaşlığı, sessiyada iştirak edən nümayəndə heyətinin fəaliyyəti öz bəhrəsini verdi, Ermənistan tərəfinin Konvensiyanın tələblərini pozduğu diqqətə çatdırıldı. Nəticədə Ermənistan növbəti dəfə məğlubiyyətlə üzləşdi, Hökumətlərarası Komitə Qiymətləndirmə Orqanının qərarını dəstəklədi, Yerevanın təqdim etdiyi fayl geri qaytarıldı.
Bundan əsəbiləşən Ermənistan nümayəndə heyəti başqa bir təxribata əl atmağa cəhd göstərdi. Sessiyanın sonunda gözlənilmədən söz alan erməni tərəfi Azərbaycanı məsələni siyasiləşdirməkdə ittiham etməkdən belə çəkinmədi, cəmiyyətimizi, medianı günahlandırdı. Amma bu hay-küy də onların əleyhinə işlədi, çünki mən nümayəndə heyətinin rəhbəri kimi onlara cavab vermək imkanı qazandım. Çıxış edərək Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını və təcavüzkar hərəkətlərindən əl çəkmədiyini toplantı iştirakçılarının diqqətinə çatdırdım. Bir daha qeyd etdim ki, Azərbaycan ərazisinə, tarixinə və mədəniyyət nümunələrinə qəsd edən ermənilərin bütün hərəkətlərinin arxasında bir təcavüzkarlıq durur və bu cür hərəkətlər bəşəriyyət üçün bir təhlükədir.
UNESCO kimi nüfuzlu bir təşkilatın tribunasından yararlanan nümayəndə heyətimiz ölkəmizin milli maraqlarının müdafiəsi üçün gözəl bir imkan qazandı və bundan düzgün istifadə etməyə çalışdı və mənə elə gəlir ki, biz istəyimizə nail olduq.
Gözəl bir deyim var, əgər sən hər hansı bir məsələnin həllini istəmirsənsə, deməli problemin tərəfindəsən. Bu baxımdan Ermənistan həmişə problemin tərəfində olduğunu nümayiş etdirir. Yerevanı təmsil edən nümayəndə heyətinin Azərbaycana qarşı təxribatı baş tutmadı.
- Son illər bir neçə mədəniyyət nümunəmiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bəlkə bir qədər də Azərbaycanla UNESCO arasında münasibətlərin tarixinə ekskurs edək...
- Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra bütün beynəlxalq təşkilatlarla, o cümlədən də UNESCO ilə sıx əməkdaşlıq edir. Həm Mədəniyyət və Turizm Nazirliyi, həm Xarici İşlər Nazirliyi, həm də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası bu sahədə mühüm işlər görməkdədir. Bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrdən danışarkən bir mühüm məsələni qeyd etmək lazımdır. Bu da Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizlə qurum arasında əlaqələrə verdiyi böyük töhfələrdir. Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri seçildikdən sonra Azərbaycanla bu beynəlxalq təşkilat arasında münasibətlər yeni bir mərhələyə qədəm qoyub. Son illər Azərbaycanın muğam sənəti, açıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı sənəti, kəlağayı sənəti, Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2013-cü ildən çövkən-Qarabağ atüstü oyun ənənəsi bu təşkilatın "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"ndadır. Məlum olduğu ki, UNESCO-nun maddi irs siyahısı da var və Azərbaycandakı İçərişəhər və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu bu siyahıya daxil olunub.
Əməkdaşlığımız bununla yekunlaşmır, hər il UNESCO xətti ilə Azərbaycanın görkəmli şəxslərinin yubileyləri qeyd edilir. Ənənə bu il də davam edəcək, poeziyamızın qüdrətli nümayəndələri sayılan Nəsimi və Molla Pənah Vaqifin yubileylərini UNESCO keçirəcək. Nəsimin Suriya ərazisində qalan məzarının vəziyyəti ilə bağlı Azərbaycan tərəfinin narahatlığı var və biz bu tədbirlər çərçivəsində dünya ictimaiyyətinin diqqətini məsələyə yönəldə biləcəyik. Məlum olduğu kimi, Vaqifin həyatının müəyyən dövrü Qarabağla bağlıdır. Bu məqamdan istifadə edib UNESCO tribunasından öz sözümüzü deməyə çalışacağıq.
Bu il almanların Qafqaza köçürülməsinin 200 illiyi tamam olur. Həmin hadisənin özü də Azərbaycan xalqının tolerantlıq ənənələrinin tarixini özündə əks etdirir.
- Qarşıdakı illərdə Azərbaycan daha hansı nominasiyaları təqdim etməyi planlaşdırır?
- UNESCO-nun 190-dan çox üzvü var, bu qurum hər il 50-dən çox fayla baxa bilmir. Yəni ölkələrin növbələşmə prinsipi də var. Biz qarşıdakı dövr üçün faylların hazırlanması işini davam etdiririk, çünki xalqımızın zəngin mədəniyyət nümunələri var. Ermənilərdən fərqli olaraq bu məsələdə heç bir problem yaşamırıq korluq. Sadəcə UNESCO-nun qaydalarına görə aparılan işləri hələ ki, açıqlamaq mümkün deyil.
 


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK