ANA SƏHİFƏ / YAZARLAR

Vaqif Bəhmənlidə ürəyə bax...

Allah məmləkətində adam ştatında çalışan şair özünə yubiley mərasimi qurdu

29111    |   2015-10-27 08:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

60 il öncə bir yay günündə Füzulidə doğulan şair Vaqif Bəhmənli payız axşamında dost-tanışlarını, oxucularını Dövlət Gənc Tamaşaçılar Teatrına topladı. Hər işi vaxtında görməyə çalışan yubilyarın məclisi niyə belə yubanıb görəsən? Bu suala tədbirin sonunda cavab tapıldı və məlum oldu ki...

Şair bunu da bacarırmış

Məlum oldu ki... Bu məsələni yazının sonunda açıqlayarıq. İndi isə "Beş damla " adlanan yubiley mərasimindən yazaq. Tədbirin əvvəlində səhnəyə Vaqif Bəhmənli özü çıxdı, ətrafında da 5-6 balaca uşaq.

Necə qopsun dilimdən:
"Ey ilhamım, çağla, ax!"
Nizamidən sonra mən
Şeir yazıram, Allah,
Məndə ürəyə bax.

Həqiqətən də şair Vaqif Bəhmənlidə ürək varmış. Yubiley tədbirində əvvəldən axıracan səhnədən düşmədi, məktəblilər soruşdu, o, cavab verdi. Özü öz məclisinin aparıcısı oldu, şeirlərini əsl bədii qiraət ustası kimi oxudu, hamıya göstərdi ki, bu çətin işi də bacarırmış.
İlk sözü yazan gün demədimmi bəs,
qələmim, özünə ayrı yol ara.
Qələmim, qılınc ol, boğazımı kəs,
Səni çox çəkmişəm əyri yollara.

... Sən mənim balamsan, qələmdir adın,
Yatmır ürəyimə yazdığım sətir.
Əzəldən belədir nankor övladın
Dərdini həmişə atası çəkir.

Vaqif Bəhmənli arada dedi ki, səhnədə şeir deməyi o qədər də yaxşı bacarmır. Amma yubilyar belə gözəl axşamda deyəsən bir balaca yalan danışdı.
Ömrümün sarayı ovuldu daş-daş,
Cənnət çeşmələri axmadı məndən.
Ya fərli bir oğul, ya fərli qardaş,
Ya bir fərli ata çıxmadı məndən.

Keçmə Vaqif Bəhmənlinin aradabir belə yalanlarından...

Dərddən sevgiyəcən

Şair yorulmaq bilmədən şeirlərini oxudu, məclisə toplaşanlar qulaq asdı. Belə yubilyardan kim inciyər? Vaqif Bəhmənlinin arada ürəyi yumşaldı və səhnəni xanəndələrə güzəştə getdi. Mələkxanım Əyyubova, Almaz Orucova, Sevinc Sarıyeva, Nizami Abdullayev, Səyyad Əlizadə, Eldəniz Məmmədov öz ifaları ilə şairi təbrik etdilər.
Musiqili qonaqlar gedən kimi şair yenə səhnəni əlinə aldı.

Pirani babayam, nağıllar qoşan...
Dizimin dibini kəsdirib dərdlər.
Uzun ətəyindən bərk-bərk tutmuşam
Məni nənəm kimi gəzdirib dərdlər.

Sevgi şeirlərini oxuyanda 60 yaşlı Vaqif Bəhmənli dönüb başqa bir adam oldu.

Lütf elə, bu sirri kimsə bilməsin,
Kəsik baş gəzdirən kisə bilməsin,
Məscid eşitməsin, kilsə bilməsin,
Qalsın Allah ilə öz aramızda.

"Beş damla"nın sonunda yubilyar bu tədbirin təşkilində ona arxa-dayaq duran insanlara, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, nazir müavini Ədalət Vəliyevə, nazirlikdə çiyin-çiyinə çalışdığı digər iş yoldaşlarına minnətdarlığını bildirdi.
Nəvələri baba Vaqifin şeirlərindən oxudular. Şair nəvələridirlər axı... Və sonda səhnəyə Rəhilə xanım çıxdı- şairin ömür-gün yoldaşı. Məlum oldu ki, mayda doğulan Vaqif Bəhmənli 60 illik yubiley mərasimini payız axşamına təsadüfən salmayıb. Tədbirin keçirildiyi bu payız axşamı Rəhilə xanımın doğum günüdür.
Həmin Rəhilə xanım ki, şair onun haqqında belə yazıb:

Paltar vannasından çıxmayan əlin
Qırışdı desəm, incimə.
İşıq salan qızıl telin
Qarışdı desəm, incimə.
Günəş gözün kədərlə,
Barışdı desəm, incimə.
Çox yaşıl gülümüzü
Nə olsun xəzəl eyləyib.
Həyat səni, əzizim,
Bir az da gözəl eyləyib.

Vaqif Bəhmənlinin dəvətini qəbul edib gələn qonaqlar yubilyarı belə gözəl məclisə görə alqışlayıb dağılışdılar.
Şair özü də getdi şeir yazmağa...



YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK