Yaddaşımda bir tarix var. Belə baxanda zaman etibarı ilə o qədər də uzaq tarix deyil. Amma bir məsələ var ki, bu tarix təkcə mənim yaddaşımda qalmayıb. Həm də o günün, o hadisənin iştirakçılarının və bir də Azərbaycan oxucusunun yaddaşında həkk olunub. Çünki söhbət xalqdan, onun tarixindən, onun torpağından, onun Qarabağından gedir. Deməli, belə olduğu halda nəyisə unutmaq, nəyisə yaddaşından silmək mümkün deyil. Ən pis halda günü, saatı səhv salmaq olar. Amma tarix...
Bu tarix mənim yaddaşıma Qarabağ adı ilə yazılıb. Özü də Dağlıq Qarabağ adı ilə. Çünki hadisələrin dalğasında Azərbaycan mətbuatının sırasına bir qəzet də əlavə olunurdu. Və bu qəzet o vaxtki idarə üsulunun, yəni təşkilat komitəsinin rəsmi orqanı olsa da, əslində yazıları ilə, sözü ilə, faktları təqdim etməyi ilə o rəsmi orqanın demək istəmədiklərini də, xalqdan gizlətmək istədiklərini də xalqa çatdırırdı. Və birmənalı şəkildə demək olar ki, qəzet daşıdığı ada uyğun olaraq Qarabağın hər kəndini, hər küçəsini, hər kiçik hadisəsini belə öz səhifələrinə çıxarırdı, oxucuya çatdırırdı, tanıdırdı. Bax onda, yəni 1990-cı ilin iyununda qəzet fəaliyyətə başladığı zamanda mən onunla tanış oldum. Dost-tanışdan adını eşitdiyim Salman Alıoğlu ilə "Qarabağ"ın dəhlizində görüşdüm. Bir az ayaqüstü söhbət etdik. Qəzetin redaktoru Çingiz Tofiqoğlu, redaktor müavini Əli Mahmud, mərhum jurnalist dostumuz Sarvan Ağayev və digər əməkdaşlarla birlikdə Qaraqar çayının sahilindəki yeməkxanada bir nahar süfrəsi açdıq. Məhz həmin o süfrənin ətrafında etdiyimiz söhbət bizi bir-birimizə daha da yaxınlaşdırdı. Barəsində danışdığım adamların içərisində öncədən Əli Mahmudu tanıyırdım. Digər həmkarlarım ilə isə ilk dəfə idi görüşürdüm. Buna baxmayaraq, məclisdəki aura o adamları mənə xeyli yaxınlaşdırdı. Düşünürəm ki, elə məni də onlara yaxınlaşdırdı. Ona görə ki...
"Qarabağ"la əməkdaşlığa başladım və bu redaksiyada odduğum hər bir anı indi ən xırda nöqtələrinə qədər gözümün önünə gətirib ürəyimdə pıçıldayıram:
- Kimlər vardı, kimlər yoxdu... Kimlər gəldi, kimlər getdi...
Bəli, biz Ağdamda görüşdük... Ağdamda çörək kəsdik... Ağdamda sözün işığına yığışıb sözün ən incə çalarlarına qədər araşdırmalar aparmağa, araşdırdıqlarımızın içərisindəki gerçəyi ortaya qoymağa çalışdıq. Bunu təkcə sözün xətrinə, qələmin xətrinə etmədik. Bunu həm də bir-birimiz üçün, bizi oxuyanlar üçün, bizdən, daha doğrusu "Qarabağ"dan ümid gözləyənlər üçün etdik. İndinin özündə də, yəni özümlə tək qalanda da o anları düşünürəm və qəzetin əməkdaşlarını Xankəndindən tutmuş Dağlıq Qarabağın ən ucqar kəndlərinə qədər necə gedib gəldiklərini, hadisə yerlərinə özlərini necə çatdırdıqlarını düşünür və bəzən bu gerçəyə inanmaq istəmirəm. Ən azından ona görə ki, bu adamlar, eləcə də Salman Alıoğlu bilə-bilə, dərk edə-edə güllənin qabağına gedirdi və bilirdi ki, ordan özü yox, cismi qayıda bilər, özü də çiyinlərdə. Amma gedirdi. Və bu gedən oğlanları, bu qələm adamlarını həm inam, həm sevgi, həm də qeyrət özü ilə götürüb aparırdı hadisə yerlərinə. Nə isə...
Bəli, beləcə başladı Salman Alıoğlu ilə dostluğumuz. İş elə gətirdi ki, Ağdamda onun ətrafındakı adamlarla da tanış ola bildim. Onun oturub-durduğu insanları da tanıdım... Özünü, ailəsini, doğmalarını özümünkülər kimi qəbul edib hörmət və ehtiram göstərdim. Və bütün bunlar da bir halallıqdan, bir ünsiyyətdən bəhrələndiyi üçün mənə daxili bir rahatlıq bağışlayırdı. Anlayırdım ki, Salman da, onun çevrəsi də hansı yanğı ilə, hansı diqqətlə mənə yanaşırlar. Və deməli, bu qarşılıqlı doğmalıq bizim alın yazımıza, taleyimizə çevrilirdi. Bir-birimizi soraqlayırdıq, bir-birimizi axtarırdıq, bir-birimizdən nigaran qalırdıq. Yaxşı yadımdadı ki, 1991-ci ilin oktyabr ayının 30-dan 31-ə keçən gecə doğulduğum kənd işğal olunan tarixdə məni soraqlayanlar arasında birincilərdən biri də Salman Alıoğlu idi. Məni, ailəmi evinə dəvət edən, Ağdamda sığınacaq yaratmaq istəyən adamlar arasında Salman da var idi. Bax, bütün bunlar həmin o dediyim qarşılıqlı diqqətin bəhrəsi idi. Yəni mən birmənalı şəkildə əmin idim ki, güvəndiyim adamların arasında Salmanın öz yeri var və bunu zaman da sübut etdi. Təsəvvür edin ki, 1990-cı ilin yayından bugünə qədər biz söz meydanında, yazı-pozu aləmində yanaşı addımlayırıq. Bir redaksiyada işlədiyimiz günlər də olub. İndiki kimi hərəmiz müxtəlif mətbu orqanı təmsil etdiyimiz günlər də var. Amma mətbu orqanlardakı dəyişikliyə baxmayaraq, biz dəyişməmişik. Biz elə əvvəlki adamlarıq - izləyirəm, görürəm, duyuram, eşidirəm. Salman da elə həmin adamdı. Sadəcə bir az yaşlaşıb, üstəlik baba olub. Bu da zamanın hökmüdü, illərin bəhrəsidi. Bundan incimək, bundan gileylənmək bizlik deyil. Bizlik olan odu ki, 60 yaşının əlini bir-iki gündən sonra sıxacaq Salman Alıoğlu Azərbaycan jurnalistikasında imzasını tanıdıb, təsdiqləyib. Təkcə publisist kimi yox, nasir kimi də onun zamanın ağrılarını ifadə edən hekayələri yaddaşlara yazılıb. Bu imza altında olan istənilən mövzu daha çox Qarabağla, onun ağrılı-acılı taleyi ilə, onun sevincli, ümidli məqamlarıyla və bir də gələcəyə olan böyük inamla elə qaynayıb-qarışıb, elə bir-birinə sarmaşıb ki, onları ayırmaq, onları duymamaq mümkün deyil.
Təbii ki, Salman Alıoğlunun qələminin uğuru hadisələrin şahidi və iştarkçısı olmasındadı. Yəni o, nəyi yazıbsa görüb, şahidi olub və ona həm bədii, həm də gerçək don geyindirib. Nəticədə Salmanın yazdıqları gerçəyin bədii ifadəsinə çevrilib.
Bəli, 60 yaşının əlini sıxan, ürəyi ümidlə, od-alovla dolu olan və nəhayət bir qələm adımı kimi şəxsiyyətini qorumağı bacaran Salman Alıoğlu mənim nəzərimdə bir söz qalası ucaldır. O hələ bu qalanın ilk qatlarındadı. Amma hörülən hörgü, yəni üst-üstə qoyulan söz kərpicləri uzaqdan görünür. Bu artıq az iş deyil. Əksinə, böyük bir işin uzaqlara düşən işığıdı. Mən bu yolda, bu işığın altında Salman Alıoğluna 60 yaşın samballı böyüklüyünü, bar-bərəkətini və nəhayət, dözümünü arzu edirəm. İnanıram ki, hər gün üzü Ağdama boylanan və nəzərlərini ordan da Şuşaya tərəf yönəldən Salman Alıoğlu tezliklə Ağdamdan, Şuşadan da reportajlar yazacaq. Azadlığın, yəni torpaqlarımızın işğaldan xilasının müjdəçilərindən biri olacaq. Bu yolda ona uğurlar və bir də "60 yaşın mübarək!" demək mənim üçün də xoşdu. Axı dostumun yubileyidi!!!
Əbülfət MƏDƏTOĞLU