ANA SƏHİFƏ / YAZARLAR

RƏŞAD MƏCİDİN ÖZÜ VƏ SÖZÜ

39100    |   2015-08-15 09:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəşid Faxralı
"Mənə istinad nöqtəsi verin, Yer kürəsini məhvərindən çıxardım".
Arximed
Hər kitab oxucunun maraq dünyasını əhatələyə bilmir. Şeirlər kitabı daha həs-saslıqla. Çağdaş oxucunun (bizim!) maraq dünyamız nə ilə şərtlənir? -- şeirin aşı-ladığı fikrin doğmalığıyla,bu fikrin bəşəriliyiylə, bəşəriliyin milli-xəlqi ruhumuz-dan rişələnməsiylə...
Rəşad Məcidin "Bir də gəlməyəcək..." şeirlər kitabı mənə bu baxımdan doğma-dı...
Özü
Rəşad Məcidi tələbəlikillərindən tanıyıram.Bizi Yusif(əməkdar jurnalist Yusif Rzayev)tanış eləmişdi. Şeirlərini eşitməmişdim, söhbətlərini eşidirdim. Bu və ya digər hadisəyə özünəməxsus münasibəti olardı. Bəzən bu münasibət qəribə bir sükutla məhdudlaşardı. Rəşad sükutun dilini çox mükəmməl bilirdi. Bu bənzərsiz sükut duyanlara, duyumlulara, duyğululara çox şey deyirdi.
Sözü
Rəşad Məcid şairdi...
Rəşad Məcid istedadlı şairdi...
Rəşad Məcid sözün cəfasını çəkən, sözün urvatını sözün batinində görən istedadlı şairdi; "Bir də gəlməyəcək" kitabını oxumaq gərək...
Rəşad Məcidin şeirlərini obrazlar səyyarəsi adlandırsam suç eləmərəm. Onun şeirlərində Və-tən də obrazdı, vətəndaşlıq xisləti də, Vətənin keşiyini çəkmək də. Onun şeirlərində sevgi də var, həsrət də, həsrətə təşnəlik (bu, sevginin pərvanəliyidi!) də var, həsrətdən giley də. Şeirin bu gü-nü olmur, dünəni və sabahı olur. Zaman anlamında dünənin duyğuları sabahlar üçün yazılır. Bu baxımdan şeir duyğuların zaman əlaqələndiricisidi; insafla oxuyanlar Rəşad Məcidin şeirlərinin bu şərti ödədiyinə şərtsiz inam gətirir. Poetik giley "Aparır" şeirində :
Yüz işıqlı xatirəni
Bir yalan yuyub aparır,
Bir xəyanət işartısı
Kökündən oyub aparır,
Göz yaşları yaddaşımdan
Hər şeyi soyub aparır.
("Aparır")
Və yaxud
Əynimə oturan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim.
("Sənsən")
"Ağzını aramaq"(bu və ya digər mətləbi birbaşa deyil, dolayısı ilə öyrənmə cəhdi), "ağzını ayırıb baxmaq" (heyranlıqla, aludəliklə baxmaq) ifadələri eldən gələndi (yeri gəlmişkən, Rəşad Məcid "sonalamaq" (sonulamaq; dinşəmək (hiss etdirmədən dinləmək) ifadəsini də şeirin kompo-nentinə məharətlə, poetik dəyərində çevirə bilib); Rəşad Məcid eldən aldığını böyük məsu-liyyətlə, böyük sevgilərlə oxucusuna (elə) qaytarır (bunu həm də vətəndaşlıq (şairlik) borcu bilir, şübhəsiz:
Çəkdi bir şəhəri o gün çarmıxa,
O ya əfsanəydi, ya da bir tilsim.
Ağzını arayıb söz soruşmağa
Ağzını ayıra bilmədi heç kim,
Ağzını ayırıb baxırdı hamı...
("Qarşıdan bir sona keçdi")
Düşünürəm ki, Rəşad Məcidin "Təkcə sözlərindən..." şeiri ilə mürgülü duyğuları uyğudan oyatmaq olar. İnsafən, haqlıyam. Sözlə çəkilən gözəllik tablosu təbii ki, diqqəti çəkməlidi. Ən azından "sevincdən asılan qollar"a görə. Həsrəti hələ kimsənin görə bilmədiyi şəkildə görən şair in duyumuna necə heyrətlənməyəsən?
Yağış ifadəsi həmişə poeziyanın atributlarından olub. Duruluq rəmzi kimi. Yağışa ovuc açar-dıq, ovucumuz sevinərdi. Yağışla bağlı şeirlər oxuyardıq, duyğularımız durulaşardı. Yağış ovucumuzu damla-damla coşdurardı, yağışlı şeirlər duyğularımızı misra-misra, bənd-bənd. "Gur damcıların rəqsi" (M.Müşfiq) gözlərimizin heyrətinə dönərdi, bu bənzərsiz heyrət könül xoşluğu olardı. Hamımızamı? Yox, yağışın fəlsəfəsini duyanların, bu fəlsəfənin mahiyyətində yaşam ça-larları görənlərin təşnə könlü hər şeirin söz möcüzəsinə aldanmır. Rəşad Məcidin "Qəfil yağış" şeiri oxuyan (oxucu) üçün yaşanılmış (yaşanılan, bəlkə də yaşanılacaq!) tarix kimidi (gücündədi!). "Qızlar çiçəklədi pəncərələrdə" misrası şeirin duyğularda çiçəkləyəcəyinə zəmanət verir, şüb-həsiz.
"Keçdiyi işıq gözlərini dörd eləsə də" Rəşad Məcid o işığın təşnəsidi. Həm də şair olaraq. Bu təşnəliyin nədənini işığa pərvanə (vurğun) olanlar, o işığın sözün işığı olduğunu duyanlar bi-lər:
O ağ işıq nəfəs-nəfəs qalxır sinəmdən,
Sətir-sətir, misra-misra çıxır canımdan
beytində bağayarpağılığı necə duymayasan?..
"Atmaram səni", "Aldatdın məni", "O səsin", "Görmədim" və başqa şeirlərdə hiss edilən, duyulan sızıltıları, ağrıları, sıxılcımları məhz bu ağ işıq "yumşaldır". Onu (ağ işığı) uğuruna sirr, ovsun bilirsən. Sirr, ovsun ifadələrinin yozumu çoxdu və onun heyrət kimi anlaşılmasını, qəbul edilməsini arzulayardım...

"Yuxuda gözlərin höccələməsi"ni duyan

("Yuxuda")

Rəşad Məcidin sözüdü:

"Sevgilərin göy üzüdü şairlər"

("Göy üzü");
"Baharın yolları qışdan keçirmiş"

("Baharın yolları");

"Ürəyim yol gedir Ay işığında"

("Ürəyim yol gedir...");

...gecənin yarısı
açılan səhərimi
işıqlandır

("7 dollar yarım");
Bir solğun xəyalın qoluna girib,
Bir ömrü ümidlə yaşaya bilər
("Bir kəlmə yalanım...").

Sonuncuda "solğun" ifadəsini çarəsizlikdən seçilən təyin kimi almaq lazımdır, yəni digərləri bir yana, hətta xatirələrin solğunu da ümidlə yaşatmağa qadirdir; poetik tapıntı deyilmi?!
Bir məqamdadiqqətiçəkir":Qalmağın zülm,getməyin günah"("Günah") olduğunun (olum-ölüm dilemması) dərki,təbii ki,sonda "dünyanı kinayəli-kinayəli süzməyə"("Doydum...") həvəs-ləndirməliydi (təkid etməliydi)...

Və yenə özü
Haqqında daha nəsə demək istərdim. Uyarlı söz tapa bilmədim. Qəfil yadıma düşdü ki, Rəşad Məcidin təbəssümü rəngində, Rəşad Məcidin təbəssümü ecazkarlıqda təbəssüm görməmişəm. Rəşad Məcidə həsr elədiyim "Möcüzə təbəssüm"ü üztutalğacı bildim:
Allahın xoş günü bir təbəssümlə
İlhamım kükrəyə, təbim isinə.
Bir şeir yazaydım Rəşad Məcidin
bənzəri olmayan təbəssümünə.
...Günah eləməyin, Yer daracaqdı
Çəmən çığnayanlar, çiçək əyənlər.
Hardan aldığınız mənə bəllidi,
Üzündə təbəssüm çiçəkləyənlər.
Doğudan Batıya boyu görünür,
Könül xoşluğudu bu boy-biçimdə.
Şeirli günlərdə sözü düşəndə
Təbəssüm cücərir mənim içimdə.
Arada-bərədə söz kürləşəndə
Tanrı kəlamına dönür gülüşü,
Sözün salamına dönür gülüşü;
Buluddan sıyrılan Günəşə dönür,
Soyuqdan titrəyən yolçuya görə
atəşə dönür...
İstəsən, istəsə külə döndərər
Göyün ocağından düşən bürkünü.
Görsə ki, əyninə dar gəlir, sökər
qələmin gücüylə sözün kürkünü...
Bir ayrı gözəllik biçmək əbəsdi,
Şeir bəs eləyər Yer kürəsinə.
"Bir də gəlməyəcək..." deyən şairin,
Bu şirin, bənzərsiz təbəssümüylə
Dərdlinin dərdini döyən şairin
Xəbəri varmı ki, dünya mat qalıb
Tanrının təbəssüm möcüzəsinə?!
...Sözə pərvanələr sözdən şeh silər;
Deyərlər: Dünyamiz nə gözəliymiş,
Hər şey nizamında, yerli-yerində.
Dünyanı ağ günə çıxarda bilər
möcüzə - təbəssüm günün birində!..




İçərişəhərimiz


Bu unikal məkan haqqında çap olunan yeni bir kitab
həm də yubileyə dəyərli hədiyyədir

Paytaxtımız dəyişir, dəyişdikcə gözəlləşir, gözəlləşdikcə daha da müasirləşir. Yeni tikililər şəhərin simvollarına çevrilir. Amma Bakı İçərişəhəri də unutmur, sabaha onunla birgə addımlayır. Başqa cür ola bilərdimi?

Hara tullamısan açarı, şəhər...

Sözsüz ki, ola bilməzdi, axı İçərişəhər Bakının ürəyi sayılır. Min illər əvvəl də belə idi, min illər sonra da belə olacaq. İçərişəhər təkcə paytaxtın köksünə sığınmış ovuc içi boyda bir ərazi deyil. İçərişəhər dünyanı heyrətləndirən muğamlarımız, açıq və gizli şifrələrlə dolu xalçalarımız, qədim daş kitabələrimiz-memarlığımızdı.
İçərişəhər Vaqif Mustafazadənin musiqisidi, Arif Babayevin çəkdiyi bədii filmlərdi, Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Mircavad Cavadovun, Mir Teymurun rəsm əsərləridi.
İçərişəhər gözəl şairimiz, mərhum Ələkbər Salahzadənin musiqi və rəngkarlıqla dolu şeiridi
İçərişəhər, İçərişəhər!
Hara tullamısan açarı,
şəhər?
Mən sənə könlümü açıram,
şəhər,
aç, aç könlümə qapılarını,
aç mənə ürəyini,
qoy dolsun havanla içərim,
şəhər!
içəri,
içəri,
içəri, şəhər...

2000-ci ildə UNESCO-nun dünya mədəni irsi siyahısına daxil etdiyi İçərişəhər haqqında çox yazılıb, hələ bundan sonra yazılacaq da. Çünki İçərişəhər öz tarixi keçmişi, bugünkü varlığı, Bakı və bütün Azərbaycanımız üçün oynadığı mühüm rola görə bunu haqq edib.
Bu günlərdə İçərişəhərdən bəhs edən daha bir sanballı kitab işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının nəşri olan bu kitab-albom "İçərişəhər Azərbaycan tarixində" adlanır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə "İçərişəhər Azərbaycan tarixində" kitabına yazdığı "Ön söz"də bu məkanın keçmişi, bu günü, onun xalqımızın mədəniyyətindəki yeri barədə ətraflı məlumat verib: "...İçərişəhər təkcə Bakının deyil, bütün Azərbaycanın tarixi yaddaş simvoludur. O, qədim olduğu qədər də yenidir. İçərişəhər öz tarixi simasını saxlamaqla modernləşmiş, irəliyə doğru nəhəng addım atmışdır. Buradakı ən müasir standartlara uyğun qurulmuş infrastruktur şəbəkəsinə, çeşidli maddi-texniki imkanlara hətta inkişaf etmiş ölkələrdə belə həmişə təsadüf olunmur. İçərişəhər milli mədəniyyətimizin, sənətimizin bütün dünyaya nümayiş etdirildiyi, beynəlxalq müsabiqələrin, sərgi və festivalların keçirildiyi bir məkana çevrilmişdir. Muğam müsabiqələrini, Novruz bayramını, milli folklorumuzu təmsil edən oyun və rəqsləri möhtəşəm Qız Qalasından, əzəmətli qala divarlarından ayrı təsəvvür etmək mümkün deyil. İçərişəhərin yeniləşməsində, beynəlxalq tədbirlərə, müsabiqələrə ev sahibliyi etməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın danılmaz xidmətləri vardır. Bütün bunların nəticəsidir ki, qədim olduğu qədər də cavan görünən İçərişəhər bu gün dünya mədəniyyətinin qiymətli inciləri ilə bir sırada qərar tutub və beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsində müstəsna rol oynayır..."

İçəri, içəri,
İçərişəhər...

"Içərişəhər Azərbaycan tarixində" kitabı müxtəlif bölmələrdən ibarətdir. Həmin bölmələrdə İçərişəhərin tarixi, burada aparılmış arxeoloji tədqiqatlar, şəhərsalma və memarlıq irsi, İçərişəhərin qala divarları, Qız Qalası, Şirvanşahların saray kompleksi, bu qədim ərazidəki məscid və karvansaraylar haqqında dolğun, elmi faktlara əsaslanan məlumatlar yer alıb.
Digər bölmələr "İçərişəhərdə Azərbaycan dövlətçiliyinin rəmzləri", "İçərişəhər poçt markalarında", "İçərişəhər rəssamların yaradıcılığında", "Bakı və Şirvan zərgərlik sənəti", "Ənənəvi Bakı geyimləri" adlanır.
Həmin bölmələri vərəqlədikcə maraqlı faktlarla tanış olmaq mümkündür. Belə faktlardan biri Azərbaycan Demokratik Cümhuriyyəti dövründə buraxılan poçt markaları ilə bağlıdı. Məlum olur ki, 1918-1920-ci illərdə milli dövlətçiliyimizin rəmzlərindən sayılan poçt markalarında Qız Qalasının, Şirvanşahlar sarayının, qədim qala divarlarının təsvirləri yer alıb.
Kitabda Teylor, Qaqarin, Kuprin, Vereşşagin kimi məşhur əcnəbi rəssamların yaradıcılığındakı İçərişəhər mövzusu barədə ətraflı söhbət açılır. Nəşrin səhifələrində Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev, Maral Rəhmanzadə, Mircavad Mircavadov, Mir Teymur və digər görkəmli Azərbaycan rəssamların İçərişəhər mövzusunda çəkdikləri əsərlərdən nümunələr verilib.
Xatırladaq ki, bu kitab-albom AMEA prezidenti, görkəmli alim, akademik Akif Əlizadənin həm də ümumi redaktəsi ilə nəşrə hazırlanıb.
Qısa bir müddətdə belə bir gözəl nəşrin ərsəyə gəlməsi üçün kitabın müəllifləri Rahibə Əliyeva, Rayihə Əmənzadə, Xəzər Zeynalov, Aidə Sadıqova, Sevil Sadıqova və Ərtegin Salamzadə, məsul katib Jalə Muradova böyük əmək sərf ediblər. Məhz belə fədakar alimlərimizin sayəsində bu nəşrdə ilk dəfə olaraq Azərbaycan incəsənətində İçərişəhər mövzusunu əhatə edən zəngin illüstrativ material toplanıb və oxuculara təqdim olunub.
"Şərq-Qərb" Nəşriyyat Evində çox nəfis şəkildə çap olunan "İçərişəhər Azərbaycan tarixində" kitabı Azərbaycan Milli Elmlər Akademiyasının bu ilin payızında qeyd ediləcək 70 illik yubileyinə gözəl və dəyərli bir hədiyyədir.



YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK