ANA SƏHİFƏ / YAZARLAR

"MƏN GEDƏRSƏM, VAR OLSUN AMALIM..."

MİRZƏ ƏLƏKBƏR SABİR-150

10398    |   2012-05-26 07:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ƏDƏBİ HƏYAT


   
   Mirzə Ələkbər SabirgAzərbaycanda ən çox oxunan, ən çox sevilən, ən çox xatırlanan bir şair... 150 il əvvəl dünyaya gəldi, cəmi 49 il yaşadı. Çox yox, beş-altı il ədəbi yaradıcılıqla məşğul oldu, məşhur satiralarını yazdı, "Molla Nəsrəddin" jurnalı vasitəsilə bu satiralar bütün Azərbaycana və Şərqə yayıldı, yatmışları oyandırdı, insanlara haqq yolunu göstərdi. Bir ədəbi məktəb yaratdı. Onun ən yaxın dostu və müasiri Abbas Səhhət yazırdı ki: "Sabir ...müqəllid deyil, bəlkə elə mücəddir ki, köhnə şeirlər ilə yeni şeirlər arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb, o uçurumu atlanmağa kimsədə cürət və cəsarət qalmadı. Bir kərə düşünülsün, ədəbiyyatımızda nə qədər böyük bir təsir, nə qədər əzim bir inqilab vücudə gətirmiş! Böyük şairin əsərləri İran məşrutəsinə bir ordudan ziyadə xidmət etmişdir". Abbas Səhhət Sabirə həsr etdiyi şeirində yazmışdı:
   
   
   
   Sabir! Ey sən sevimli şairimiz,
   
   Müntədir, duzlu sözlü Sabirimiz!
   
   Necə qan olmasın sınıq könlüm?
   
   Səni çox tez ayırdı bizdən ölüm!
   
   Yox, yox, əsla sən ölmədin, dirisən,
   
   Ən böyük qəhrəmanların birisən.
   
   Qələminlə, dilinlə, halın ilə
   
   Köhnələnməz şirin məqalın ilə.
   
   Sünülər açmayan yolu açdın,
   
   Qələmindən cəvahirat saçdın.
   
   Kim, vermədi sənə qiymət
   
   Qəlbdən aşiq olduğun millət.
   
   
   
   Sabir satiralarında elə bir qüvvə, elə bir enerji vardı ki, özündən sonra o qüvvə və enerji indi də, bir əsr keçəndən sonra yenə tükənmir. Cəmiyyətin bütün siniflərinin, zümrələrinin sifəti Sabir satiralarında əks olunurdu və xalqı, milləti düşündürən bütün problemlər, qlobal yüklü məsələlər bu satirada öz əksini tapırdı. Sabirin satiraları bütün Şərqin aynası idi. Görkəmli ədib Mir Cəlal Paşayev yazırdı ki: "Cəlil Məmmədquluzadədən sonra yalnız Azərbaycanda deyil, bütün Yaxın Şərqdə realizmin bayraqdarı Sabir idi. XIX əsrin 60-cı illərindən XX əsrin onuncu illərinə qədər yarım əsrlik mürəkkəb bir dövrü bütün ziddiyyətləri ilə görüb dürüst anlamaq üçün bədii ədəbiyyatda məhz Sabir şeirinə müraciət etmək lazımdır".
   
   
   
   Mən belə əsrarı qana bilmirəm,
   
   Qanmaz olub da dolana bilmirəm!..
   
   
   
   Derlər utan, heç kəsə bir söz demə,-
   
   Həq sözü derkən utana bilmirəm!...
   
   
   
   Neyləməli, göz görür, əqlim kəsir,
   
   Mən günəşi göydə dana bilmirəm!..
   
   
   
   Derlər usan, hərzəvü hədyan demə,-
   
   Güc gətirir dərd, usana bilmirəm!..
   
   
   
   Bəli, Sabir həqiqət aşiqi idi və gördüklərini bircə-bircə satira dili ilə xalqa bəyan edirdi.
   
   Sabir pulun qarşısında təzim edən həmvətənlərinin "məhəbbətini" belə təsvir edirdi: "Bir cibimdə əskinasım, bir cibimdə ağ manat, Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!". Oğlunu qoçu görüb onun "şücaətlərinə" heyran olan nadan Ata görün necə sevinir: "Oğlumuz, ay Xansənəm, bir yekə pəhlivan imiş! Gözlərinə döndüyüm sanki bir aslan imiş!" İran şaşı Məmmədəlinin satirik karikaturasını da şeirlə ilk dəfə Sabir yaratmışdı: " Mən şahi-qəvişövkətəm, İran özümündür! İran özümün, Rey, Təbəristan özümündür! Abad ola, ya qalsa da viran, özümündür!" Ziyalı bir kişiyə ərə gedən qadın görün nə deyir: "Gah görürsən ki, miz üstə yıxılır, Baxıram halına qəlbim sıxılır. Bir qarandaş, bir-iki parə kağız, O qədər çəkmir-olur qarə kağız". Kitaba, elmə, mədəniyyətə, əsrin tərəqqi işlərinə nadancasına göz yuman avamlarsa deyir: "Yaşamaq istər isək, sırf əvam olmalıyız! Bizə ağalıq edən əhlə qulam olmalıyız!". Dini fanatizmin əsiri olanlar, öz müsəlmançılığına qısılıb səbr və təhəmmül yolunu seçənlər və öz kiçikliyini etiraf edənlərsə deyirdilər:
   
   
   
   Çaqçaq başın ağrıtdı, kefin çəkdi dəyirman,
   
   İş həcvə düzüldü.
   
   Bu çərxi-sitəmkarın aman məsxərəsindən!
   
   Bais, balan ölsün!
   
   Baxmış bu müçəlmanlara qəm pəncərəsindən
   
   Çərxin üzü dönsün!
   
   Əvvəl bu fələk cümlədən əymişdi damağı,
   
   Qəm kasəsi daşdı!
   
   Axırda bizim başımıza vurdu çanağı,
   
   Su başdan aşdı.
   
   Bir rus görəndə oluruq xar yanında,
   
   Quzu, keçiyik biz.
   
   Keçməz sözümüz bir pula sərdar yanında,
   
   Çünki nəçiyik biz?!
   
   Tanrı buna şahid-
   
   Quzu, keçiyik biz...
   
   
   
   Unudulmaz xalq şairimiz Rəsul Rza bir məqaləsində yazırdı: "Sabirin yaşadığı mühiti gözünüzün qabağına gətirin. Sabiri-sabun tiyanı başında gününü keçirib, böyük ailəsinə gündəlik ruzi qazanmaq məcburiyyətində qalan Mirzə Ələkbəri təsəvvür edin. Sabirin dərdlərini yaxından duymağa çalışın, Sabirin qarşısında duran yolları xatırlayın: mərsiyə, qəzəl yazmaq, o zamankı Şamaxının əyən və əşrəflərinin gözündə mömin, Allah bəndəsi bir adam olmaq, Kərbəla müsibətlərini, eşq macəralarını yanıqlı bir dildə tərənnüm edən bir şair olmaq, hörmətlilərin hörmətini qazanmaq, firavan yaşamaq, hədiyyələr, ehsanlar, müavinatlar içində qayğısız bir həyat keçirmək. Bu yol Sabirin qarşısında açıq idi. O, bu yolla gedə bilər və çəkdiyi möhnətlərin yüzdən birini görməyə bilərdi.
   
   İkinci yol, xalqın könül tərcümanı olmaq, onun yaralarını açıb göstərmək, əlac aramaq, ictimai tüfeylilərə qarşı çıxmaq, hakim dairələrin riyakarlığını ifşa etmək, sabun tiyanı başında dayanıb yalnız o zamankı müstəmləkə Azərbaycan deyil, bütün Yaxın Şərqin faciəsini dərindən duyub anlamaq, şahlara, sultanlara qarşı, çarlara, krallara, bəy, xan, molla, müctəhidlərə, qoçulara, yalançı millətçilərə qarşı amansız bir müharibə elan etmək, xalqın ağrılarını ovutmağa çalışmaq.
   
   Bu da bir yol idi. Bu yolda qazanc, gəlir, şöhrət yox, məhrumiyyət, yoxsulluq, hər cür tənə və təhqirlərə məruz qalmaq, əzab və işgəncə vardı. Sabir, həqiqi xalq şairi, Azərbaycanın böyük oğlu, ikinci yolu-mübarizə və məhrumiyyət yolunu seçdi".
   
   Sabir bir şeirində yazırdı:
   
   
   
   Sanma əzdikcə fələk bizləri viranlıq olur.
   
   Un təmənnası ilə buğda dəyirmanlıq olur!
   
   
   
   Qarışıqdır hələlik millətin istedadı,-
   
   Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur!
   
   
   
   Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
   
   Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!
   
   
   
   Kim ki, insanı sevər,-aşiqi hürriyyət olur,
   
   Bəli, hürriyyət olan yerdə də insanlıq olur!
   
   
   
   Sabir hürriyyət aşiqi idi. "Mən gedərsəm, var olsun amalım, Yaşasın şəhriyari-hürriyyət! - dedi.
   
   Sabirdən sonra Azərbaycanın başına çox fəlakətlər gəldi. Şura inqilabı oldu. Yetmiş il Qırmızı İmperiyanın maddi və mənəvi əsarəti. Amma Sabirin ruhu sönmədi, sovet dövründə də o ruh yaşadı. Müstəqillik dönəmində isə Sabirin müasirliyi bir daha parlaq şəkildə üzə çıxdı. Gəlin Sabirin bir əsr bundan qabaq yazdıqlarını bir də oxuyun, görərsiniz ki, çox şey dəyişilməyib... Baxın:
   
   
   
   Millət necə tarac olur olsun, nə işim var?!
   
   Düşmənlərə möhtac olur olsun, nə işim var?!
   
   
   
   Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
   
   Açma gözünü, xabi-cəhalətdən ayılma"
   
   
   
   ***
   
   Bimərhəmət əyanlarına şükr, xudaya!
   
   Bu sahibi-milyanlarına şükr, xudaya!
   
   
   
   ***
   
   Daş qəlbli insanları neylərdin, ilahi?!
   
   Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
   
   Artdıqca həyasızlıq olur el mütəhəmmil,
   
   Hər zülmə dözən canları neylərdin, ilahi?
   
   
   
   ***
   
   Ax!..necə kef çəkməli əyyam idi,
   
   Onda ki, övladi-vətən xam idi!
   
   
   
   Sabir haqqında, onun ölməz sənəti barədə çox danışmaq olar və lazımdır.
   
   O, Azərbaycan ədəbiyyatı tarixində Nizami, Füzüli, Nəsimi, Vaqif, Mirzə Fətəli, Mirzə Cəlillə bir sırada duran nəhəng sənətkardır. Həyatının sonunda yazdığı bir şeirdə Sabir yazırdı:
   
   
   
   Seyli-tən öylə təməvvüclə alıb
   
   dövri bərim-
   
   Bənzərəm bir qocaman dağə ki,
   
   dəryada durar!
   
   Nə qəm, uğratsa da
   
   bir gün məni ifnayə zaman,
   
   Mən gedərsəmsə
   
   məramım yenə dünyadə durar!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK