ANA SƏHİFƏ / YAZARLAR

DÖRDÜNCÜ GÖRÜŞ

ƏDƏBİ HƏYAT

13287    |   2012-04-07 06:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Mən tənha olanda
   
   Çiçək oluram,
   
   Bir azca ağlağan,
   
   Bir azca qəmli
   
   Payız havasıtək
   
   Kövrək oluram.
   
   
   
   Şairlər həmişə təklikdən, tənhalıqdan söz açıblar. Təklikdən və tənhalıqdan yazılan şeirlərin hamısını bir yerə cəm etməli olsaq, deyərik ki, şairlər təkliyi, tənhalığı sevmiş, ona can atmışlar.
   
   Əlbəttə, tənhalıq boşluq deyil. Şeirlərini demək olar ki, hər gün oxuduğum Əli Kərim yazır ki: "Gözləyənin yoxdursa, tənhalığın da yoxdur. Harda dünya başlayır, hamısını sən bilmirsən. Harda dünyayla birləşirsən, onu da bilmirsən. Yaşayırsınız -bir-birinə bir ümid şüası verməyən pis qonşular kimi. Tənhalıq istəyirəm-Böyük, dərin, dolu tənhalıq!"
   
   Yazının əvvəlində misal gətirdiyim şeir parçasının müəllifi də tənhalığı sevir. Şeirin son misraları belə bitir:
   
   
   
   Təklik Allah ilə
   
   Olmaq deməkdir.
   
   Təklərə tək Allah
   
   Özü köməkdir.
   
   
   
   Ofeliya Babayevadır bu şeirin müəllifi.
   
   Təklikdən, tənhalıqdan yazsa da, onu həmişə çoxsaylı insanların-dostlarının, müəllim yoldaşlarının əhatəsində görmüşəm.
   
   İndi Sumqayıtda məktəb direktoru olan və bundan neçə il öncə həmin şəhərin təhsil sisteminə rəhbərlik edən Ofelya Babayeva hər gün onlarla, yüzlərlə insanla ünsiyyətdə olub. Amma min adamın içində olsa da, şeirində yazdığı kimi, o, təkdir, tənhadır, ona görə ki, ŞAİRDİR. Olsun ki, onun dostları təbiəti etibarilə nikbin olan bu xanımın bir anlığa da olsa, gözlərinə çökən o tənhalıq kədərini sezməyiblər. Amma mən görmüşəm.
   
   Gözlərində yox, şeirlərində. Onun təkliyi özü üçün yaratdığı və heç kəsin oraya daxil ola bilməyəcəyi balaca bir vadidir. Onun tənhalığından, təkliyindən doğur şeirləri.
   
   
   
   Bu tökülən yarpaqların biriyəm,
   
   Payız qəmim qoymur daha kiriyəm.
   
   Nə qədər ki, hələ sağam, diriyəm,
   
   Ürəyimdən bu asılan qara daş
   
   Çiçəklənib göyərəydi bir gün kaş.
   
   
   
   Bu dünyaya gəlişimiz ötəri,
   
   Bu dünyadan gedişimiz əbədi.
   
   Fırlandıqca yerin-göyün məhvəri,
   
   Gəlməyəydi yaşısızın üstə yaş
   
   Qovuşaydı həsrətlilər bir gün kaş.
   
   
   
   Ofelya xanımın şeirlərində məhz ümidlər, arzular dalınca boylanan bir qəlbin nisgilləriylə üz-üzə qalırsan. Onun lirik qəhrəmanı böyük Dünyamızın amansız çarpışmaları, ictimai -siyasi burulğaları, təzadları, mənəvi ziddiyyətləri fonunda bir mələk kimi sadədil, bir çiçək kimi kövrəkdir. Elə buna görə də Dünya onun nəzərində mələk və çiçək kimidir.
   
   
   
   Körpələrin gözlərində yuxusan,
   
   Yuxularda şirin layla oxusan,
   
   Yuxuların həmişə süd qoxusun,
   
   Körpə dünyam, cavan dünyam,
   
   gənc dünyam,
   
   Qalmaqaldan uzaq dünyam,
   
   dinc dünyam.
   
   Kədərinə mən şərikəm,
   
   Mən, dünyam,
   
   Sevinci də kədəri də tən dünyam.
   
   
   
   Ay işığı, gecələrin qərib görünüşü, ulduzların xumar-xumar sayrışmasıgbu romantik mənzərə Ofelya xanımın şeirlərində poeziyanın gur işığına bürünür. Doğma dolaylar, həsrətlilər kimi qovuşan cığırlar anasının qollarını xatırladır, uzaqdan görünən qarlı gədiklər min ilin sirrini özündə saxlayır. Ofelya Babayevanın "Xızı salnəməsi"ndə hər bir məqam şeiriyyətlə qovuşur. Xızı Azərbaycan təbiətinin nadir bir əsəridir və bu əsərin bir çox səhifələri O.Babayevanın şeirlərində vərəqlənir: "Son payız", "Bahar yelləri", "Yağış"-bunlar təbiətin bir şairin gözündə, hissində, duyğusunda yaşayan gözəlliklərdir.
   
   
   
   Seyrək bulud göydə üzür tül kimi,
   
   Gülə-gülə gözlərindən yaş tökür.
   
   Yoxsa qəmi səmadan da qəlbimi?
   
   Şimşəklərin qəzəbilə hönkürür.
   
   
   
   Buludlardan qopub gələn ağ yağış,
   
   Yer üzünə qovuşmağa can atır.
   
   Sən göylərin nəğməsisən, yağ, yağış,
   
   Hər xalında neçə-neçə sirr yatır.
   
   
   
   Salxım söyüd pərişandır, ona bax,
   
   Asta-asta tellərini bir dara.
   
   Buludların qulağına sırğa tax,
   
   Qoy oxşasın toya gedən qızlara.
   
   
   
   Lirik qəhrəmanın sevgi dünyası da təbiətin ritmi, ahəngi və nizamı ilə vəhdətdədir.
   
   Sevənlər içində tənha qadının arzusu, diləyi pərən-pərəndir, elə yalqızdı ki... Və bu yalqızlıqmı buludları kövrəldib?
   
   
   
   Dağlar da bu payız mənə bənzəyib,
   
   Dumanlar, tüstülər çıxır başımdan.
   
   Deyirlər saçıma qırov düşübdür...
   
   
   
    Və sonra:
   
   
   
   Ömrün qışı səndən, məndən gen deyil,
   
   Qəlbin odu heç azalmır ilbəil.
   
   Xatirələr buludundan, ey könül,
   
   Leysan kimi bu dünyaya yağ yenə.
   
   
   
   Və sonra:
   
   
   
   Min aləm yaşayır hər həvəsində,
   
   Gah sevinc oxunar, gah qəm səsimdə.
   
   Yasin surəsitək son nəfəsimdə
   
   Hamıyçün avazla belə oxuma
   
   Bu bənövşə ürəyimə toxunma.
   
   
   
   Kitabda ən həzin, ən qüssəli şeirlər Ana haqqındadır və Ofelya xanım bir Ana obrazı ilə poeziyamızın Ana obrazlarına yenisini əlavə edib. Görün nə yazır: "Yağış yağır düzlərə Ana qayğısı kimi. Şəfəq qonar üzlərə Ana qayğısı kimi". Və ya:
   
   
   
   Adı tək özü də günəşdi, aydıg
   
   Camalı qüdrətdən bəxşişdi, paydı.
   
   Bir vaxt gözəllərə sirdaşdı, taydı,
   
   İndi yavaş-yavaş qocalan anam,
   
   Qocala-qocala ucalan anam.
   
   
   
   Mən istedadlı şairə Ofelya Babayevanın "Dünya, eşit məni" şeirlər kitabından söz açıram.
   
   Bu, onun dördüncü kitabıdır. Qırx illik yaradıcılığı üçün dörd kitab bəlkə də çox kiçik rəqəmdir.
   
   Amma Ofelya xanım şeirə, sənətə məsuliyyətlə yanaşır, heç bir zaman bəzi həmkarları kimi yazdıqlarını əliyyül-əlaya, reklama çevirmir, mürəkkəbi qurumamış əlyazmalarını nəşriyyata təqdim eləmir.
   
   Bakıdan azca uzaqda-Sumqayıtda pedoqoji fəaliyyətini davam etdirir, amma onu bir şair kimi tanıyanlar, sevənlər az deyil.
   
   Haqqında söz açdığım kitabda Ofelya Babayevanın seçmə şeirləri toplanıb.
   
   Sevgi aləmindən, təbiətin gözəlliklərindən, işıqdan, həyatın, gerçəkliyin qaranlıq nöqtələrindən, həm mərd, həm namərd adamlardan, sevincli və həm də kədərli anlarından yazır.
   
   Bizim unudulmaz ağbirçək şairimiz, vaxtilə Məmməd Səid Ordubadinin "Müasir şeirimizin Məhsətisi" adlandırdığı Mirvarid xanım Dilbazi yazırdı: "Ofelya Babayevanın şeirlərini bizə sevdirən cəhətlər hansılardır?
   
   Hər şeydən əvvəl, bu poeziya nümunələrinin səmimiliyi və təsvir olunan hadisələrin təbiiliyi mənim diqqətimi cəlb edir.
   
   Şairə nədən yazırsa-yazsın, onu öz şəxsi ağrıları və nəşələri kimi yaşayır. Həyat hadisələrinə fəal vətəndaş mövqeyindən yanaşır, aktual, müasir dünyamızı narahat edən məsələlərdən bəhs edir.
   
   Marten sobasının qarşısında puçur-puçur tər tökən fəhlə, Sumqayıt göydələnlərinin hər qarışında, daşında, kərpicində barmaqlarının izi olan inşaatçıguğursuz məhəbbətin ağrılarını yaşayan, lakin əyilməyən məğrur insangbudur Ofelya Babayevanın şeirlərinin tam olmayan siyahisi".
   
   Elə zənn edirəm, Ofelya Babayevanın haqqında söz açmadığım digər şeirləri barədə Mirvarid xanımın və eləcə də kitabdakı şeirlər barədə öz təəssüratını ifadə edən gözəl publisist Məmməd Muradın xarakteristikası kifayət edər.
   
   Amma mən sözümü yeni kitabda ən çox bəyəndiyim nümunələrdən biri ilə bitirmək istəyirəm:
   
   
   
   Yaşa bu dünyada bir az narahat,
   
   Bir azca qüssəli, bir az pərişan.
   
   Adımı dilinə gətirmə heç vaxt,
   
   Qəlbində, könlündə yaşat hər zaman.
   
   
   
   Səni kim itirə... məni kim tapa,
   
   Taleyə bağlarıq ümidimizi.
   
   Əriyər güneydə qar topa-topa,
   
   Qüzeylər hifz edər izlərimizi.
   
   
   
   Bu tale oyunu gizlənpaç deyil,
   
   Qəm yemə, sən varsan,
   
   mən varam, demək.
   
   Bu dünya çiçəkmiş-lalə, qərənfil,
   
   Bir azca tufanmış, bir azca külək.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK