ANA SƏHİFƏ / YAZARLAR

İŞIQLI ÜRƏK...

18703    |   2012-01-28 08:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər insan ona verilən ömrü gözəl yaşaya bilmir. Daha doğrusu, insan var ki, uzun müddət ömür sürür, vaxt keçirir, amma o illər ərzində heç bir iz qoymur və heç kimin yadında qalmır. Adam da var ki, nəinki insanların yaddaşında, hətta həyatında da iz buraxır, eləcə də böyük bir nəslin ürəyində özünə əbədi bir yuva qurur. Bu insanlar yaşadığı ömür üçün heç vaxt məyusluq və peşmançılıq hissi keçirmirlər. Əksinə, onlar ötən hər il üçün qürur duyur və xoşbəxt anlar yaşayırlar...
   
   Böyük Mikayıl Müşfiqin aşağıdakı misraları yadıma düşür:
   
   
   
   Bu vəfasız ömür, bu coşqun dərə,
   
   Gərək boş-boşuna axıb keçməsin.
   
   Bu gözəl cahanı sanıb pəncərə,
   
   Hər gələn sadəcə baxıb keçməsin.
   
   
   
   Düzdür, bu cahan bir pəncərəyə bənəzəyir və bir pəncərəyə oxşayır. Adam var ki, bu pəncərədən baxıb keçir, bayaq dediyimiz kimi, nə zamanın yadında qalır, nə də insanların. Amma adam da var bu gözəl cahanı pəncərə sanmır, yaşadığı hər günün, ayın, ilin qədrini bilir və bu dünyada öz ləpirlərini qoyur. Bu ləpirlər, bu izlər onu zaman-zaman yaşadır...
   
   Bayırda yağan qarın üstü ilə gedən insanlar da ləpirlər qoyub gedirlər. Elə bu izlər də, bu ləpirlər də məni düz 41 il bundan əvvələ aparır. Yadıma 4-cü sinifdə oxuduğum ilk günlər, aylar düşür. 3-cü sinfə kimi o qədər də yaxşı oxumamışam. Rəhmətlik Rza müəllim həmişə məndən əmimə (atamıza əmi deyirdik) şikayət eləyərdi. Təbii ki, əmim də buna görə hərdənbir mənə qulaqburması verərdi. Düzdür, mən dərslərimi pis oxumurdum, amma o qədər yaxşı da oxumurdum. Elə ona görə də rəhmətlik Rza müəllim deyirdi ki, bu uşaqda istedad var, ancaq tənbəllik imkan vermir ki, o, yaxşı oxusun. Beləcə, 4-cü sinfə keçdim.
   
   ... 4-cü sinfin ilk günlərində sinfimizə çox gənc, gözəl və səliqəli bir müəllimə gəldi. Bu müəllimənin oturuşu-duruşu, yerişi və ən nəhayət şagirdlərə münasibəti tamamilə başqaydı. İlk gündən başladı hamımızı sorğu-suala tutmağa. Hansısa şeiri əzbər söyləməyimizi istədi. Ancaq mən o şeiri əzbər bilmədim və təzə gələn müəllimə mənə tərs-tərs baxdı. Dedi ki, sən də o biri uşaqlar kimi şeiri əzbərləməlisən. Mən də ömrüm boyu şeir əzbərləyə bilmirdim və fikirləşirdim ki, heç vaxt da şeir əzbərləməyəcəm. Bəzən də düşünürdüm ki, oxuduqlarım yadımda qalmır. Ancaq təzə müəllimimiz Həqiqət xanım Rzayeva tamamilə mənə özgə cür yanaşdı. Dedi ki, bu şeiri əzbərləyə bilməsən axşama qədər sinifdə qalacaqsan. Düzdür, o, bizi axşama qədər sinifdə saxlamadı, o biri uşaqlardan bir neçə saat sonra buraxdı. Mən şeiri əzbərlədim və müəlliməyə danışdım. Müəllimənin çöhrəsində sevinc hissini görürdüm. Düzdür, mənim özüm də sevinirdim. Sevinirdim ki, əzbərlədiyim şeir ilk dəfə olaraq yadımda qalıb. Həqiqət müəllimə dərindən nəfəs alıb dedi ki, oğlum, gördünmü, əziyyət çəkdin şeiri öyrəndin, burda çətin heç nə yoxdur. Çətin odur ki, sən oxuyasan, çalışasan və müəllimin dediklərinə qulaq asasan.
   
   Həqiqət müəllimə bizim sinifdə yaxşı oxuyanları çox istəyirdi. Təbrizi çox istəyirdi, Baratı çox istəyirdi, Zülfüqarı çox istəyirdi, Sevili çox istəyirdi və məni də yavaş-yavaş dərsimi oxuyub öyrəndiyimə görə çox istəməyə başlayırdı. Müəllimə məni arxa partadan gətirib düz qabaqda bibim oğlu Təbrizlə bir partada əyləşdirdi. Təbrizə dedi ki, əgər Faiq dərsini bilməsə, özündən küs. İlk növbədə bu gördüyün çubuqla səni döyəcəyəm...
   
   Zəng vurulan kimi mən qaçıb aradan çıxmaq istəyirdim. Daha doğrusu, futbol oynamaqdan, top qovmaqdan və uşaqlarla dava-dalaşdan yorulmurdum. Təbii ki, başım belə şeylərə qarışanda dərs oxumaq yaddan çıxırdı. Bax onda bibim oğlu Təbriz yalvarırdı ki, gəl gedək dərsimizi oxuyaq. Sabah dərsdə mövzunu bilməyəndə Həqiqət müəllimə məni çubuğunun altına salacaq. İlk aylar çox çətinliklə kitaba yavaş-yavaş alışdım. Birinci rübdə qiymətlərimin hamısı "yaxşı" oldu. İkinci rübdə "4" və "5", üçüncü və dördüncü rüblərdə isə "əla"çı çıxdım. Çoxları buna görə təəccüblənmişdi. Hətta məktəbin direktoru rəhmətlik Əvəz müəllim də məəttəl qalmışdı ki, birdən-birə zəif oxuyan şagird bir neçə ayın içində "əla"çı oldu...
   
   Bunlar asanlıqla həll olunmurdu. Çünki Həqiqət müəllimə hər bir şagirdin üzərində yarpaq kimi əsir, onun üzərində işləyir və sabah da dərsi tələb edirdi. İlk növbədə o bizə hər şeyi incəliyinə qədər, dönə-dönə öyrədir, başa düşmədiyimiz mövzunu təkrar-təkrar xatırladırdı. Hətta sinifdə ən zəif şagirdlərdən biri olan Uğur da dərsini oxumağa başlamışdı. Yəni Həqiqət müəllimə tək məni deyil, mənim kimi digər zəif şagirdləri də yaxşı oxumağa alışdırmışdı.
   
   Ötən günləri xatırlayanda Həqiqət müəllimənin bizim üstümüzdə nə qədər əziyyət çəkdiyini bir daha dərindən hiss eləyirəm. Dərindən hiss eləyirəm ki, bu gözəl, zərif, incə xanım bütün gəncliyini və sağlamlığını bizim kimi dəcəl, ipə-sapa yatmayan şagirdlərinə sərf eləyib. Bu gün onun ağ saçlarına baxanda öz günahlarımı və eləcə də şagird dostlarımın günahlarını xatırlayıram. Çünki Həqiqət müəllimənin əsəbləri ilə biz çox oynamışıq, onu hövsələdən tez-tez çıxarmışıq. Onun saçları heç də elə-belə ağarmayıb. Hər tük hardasa bir şagirdin əzab-əziyyətinin, iztirablarının və ən nəhayət qayğısının nəticəsidir...
   
   Zəif şagird, zəif insan yoxdur. Hər insana Allah-Təala bu və ya digər dərəcədə qabiliyyət və istedad verib. Sadəcə olaraq, pedaqoq savadlı olanda, zəhmət çəkəndə o, istedadı üzə çıxara bilir. Onun üçün bayaq dediyimiz kimi, günlərlə, aylarla əziyyət çəkmək, şagirdlərlə işləmək və onların psixoloji durumunu öyrənmək lazımdır. Həqiqət müəllimə bizim hər birimizin xarakterini, xasiyyətini, zəif və güclü cəhətlərini incəliyinə qədər öyrənmişdi. Əgər Həqiqət müəllimə olmasaydı, bəlkə də bu gün az-çox yazı-pozu işi ilə məşğul olan və sözünü mətbuatda deyə bilən Faiq Qismətoğlu da olmazdı. Eyni zamanda, Böyük Bəhmənlidən mənim kimi tanınmış onlarla savadlı, istedadlı ziyalılar da çıxmazdı. Bizim hər birimizin üstündə o gözəl xanımın, o gözəl insanın böyük zəhməti var. Düzdür, onun çəkdiyi zəhmət müqabilində biz şagirdlər heç bir şey edə bilməmişik. Əlimizdən bircə o gəlib ki, toyda-düyündə, xeyirdə-şərdə Həqiqət müəllimə ilə bir ana kimi öpüşüb görüşək. O bütün şagirdlərini görəndə bir ana kimi bağrına basıb öpür, sanki bizim hər birimizə xeyir-dua verir. Xeyir-dua dedim yadıma bir şey düşdü. Kənddə elə bir toy olmur ki, o toyda gəlin köçəndə Həqiqət müəllimə ona xeyir-dua verməsin. Çünki Həqiqət müəllimənin xeyir-duası çox düşərlidir. Ən azından ona görə ki, yeni ailə quranların bir çoxu onun şagirdləridi, ya da şagirdlərinin övladları, nəvələridi. Onunla görüşəndə mən qəribə hisslər keçirirəm. Sanki rəhmətlik anamı görürəm və o da ana kimi bizi bağrına basır və əzizləyir. Görəsən, biz şagirdləri Həqiqət müəllimənin bu qədər əziyyəti müqabilində onun yaxşılığını qaytarmaq üçün nə addım atmışıq?! Təbii ki, Həqiqət müəllimə dünyanın ən halal, ən zəhmətkeş və ən işıqlı insanlarındandır.
   
   ... Dördüncü sinifdə oxuyanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ona hərəmiz bir hədiyyə gətirmişdik. Amma Həqiqət müəllimə heç birimizin hədiyyəsini qəbul eləmədi. Gördü ki, qəlbimiz qırılıb, bir-bir bizə yaxınlaşıb başımıza sığal çəkdi və dedi ki, sizin ən yaxşı hədiyyəniz bu gün mənə dərsdə verə biləcəyiniz cavablardır. İndi dərsi sizdən soruşacam, görüm necə hazırlaşmısınız. Qəribədir ki, otuz nəfərin otuzu də həmin günü dərsindən "4" və "5" aldı. Həqiqət müəllimə də dedi ki, mənim üçün bundan böyük hədiyyə və bundan böyük mükafat ola bilməz.
   
   Qəribə idi ki, o bizim hamımıza ana münasibəti bəsləyirdi. Bacısı oğlu Baratla bizə heç bir fərq qoymazdı. Ona necə münasibət göstərirdisə, bizə də elə bir münasibət bəsləyirdi. Təbii ki, şagirdinə doğmalıq göstərən müəlliməni hamımız çox istəyirdik. Hətta sinfimizdə ən pis oxuyan şagird belə Həqiqət müəlliməni çox sevirdi. Çünki Həqiqət müəllimə bizə ürəyini verirdi, ömrünü verirdi və ən nəhayət savadını verirdi.
   
   Günlərin birində dəhlizdə gedəndə əlim rəhmətlik Məcid müəllimin qoltuğunda apardığı dəftərə dəydi. Məcid müəllim də qayıdıb mənim qulağımın dibindən elə bir şillə vurdu ki, sanki gözümdə ildırım çaxdı. Ağlaya-ağlaya sinfə girdim. Həqiqət müəllim üzümün qızartısını görüb "səni belə kim vurub?" - deyə soruşdu. Mən də dedim ki, Məcid müəllim qulağımın dibindən bir şillə ilişdirdi. Həqiqət müəllimə ildırım sürəti ilə sinifdən çıxıb müəllimlər otağına getdi. Orda Məcid müəllimə nə dedi, nə demədi bilmirəm, bircə onu gördüm ki, Məcid müəllim mənim yanıma gəlib nahaq yerə vurduğunu dedi. Hətta üzr istəmək istəyirdi. Aydındır ki, müəllim heç vaxt şagirddən üzr istəməz. Elə əmim də həmişə deyərdi ki, müəllim səni döyür ki, adam olasan. Ümumiyyətlə, müəllimin və valideynin şilləsi çox müqəddəs şillədi. Amma gərək bu şillə günahın olmayan yerdə vurulmaya. Yolunu azanda bu şilləyə adamın böyük ehtiyacı var. Heç Həqiqət müəllimə bizə şillə də vurmazdı, çubuq da vurmazdı. Amma elə söz deyərdi ki, bu söz bizi düz yola çəkərdi. Özümüz də məəttəl qalardıq ki, müəlliməmiz bizi niyə döymür?! Hər halda, müəllimənin sözü, nəsihəti və ən nəhayət tələbkarlığı heç vaxt bizim yadımızdan çıxmır...
   
   Bu gün Həqiqət müəllimə Böyük Bəhmənli kəndindəki Allahyar Əliyev adına 2 saylı tam orta məktəbdə çalışır. Füzuli təhsilində və Böyük Bəhmənli kimi bir kəndin insanlarının arasında onun böyük hörməti var. Belə deyəndə adam bir təhər olur. Həqiqət müəllimə tək müəllim deyil, o böyük ziyalıdı, o böyük işıqdı və o böyük nurdu. Həqiqət müəllimə bu işığı, bu nuru zaman-zaman öz şagirdlərinə ötürüb. Yəni Danko kimi o ürəyini çıxararaq onun məşəli ilə çoxlarının ömrünə işıq salıb, çox qaranlıqları işıqlandırıb. Bu cür insanlar zamanından və məkanından asılı olmayararq, həmişə el-oba arasında xətir-hörmət sahibi olurlar.
   
   Əgər mənim kimi yüzlərlə şagirdi Həqiqət müəlliməyə ana deyirsə, onu bağrına basırsa və onun işığına bələnirsə, bizcə bundan böyük xoşbəxtlik ola bilməz. Həqiqət müəllimə sözün əsl mənasında işıqlı, nurlu və ziyalı insandır. Ondan aldığımız o işıq, o nur bu gün də bizim içimizdədi və hamımızı üzü sabaha aparır. İllər keçdikcə bu işıq daha da gurlaşır, daha da böyüyür və qeyri-adi bir forma alır. Ona görə də bu cür insanlar həmişə öz işığı ilə ətrafı nura bələyir, insanların iç dünyasına xeyirxahlıq, insanpərvərlik və gözəllik gətirir. Allah-Təala Həqiqət müəllimə kimi işıqlı insanları qorusun və onların yolunu həmişə nurlu eləsin. Nurlu eləsin ki, bu yolla gedən digər insanlar da işığa çıxsın...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK