hacklink Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 4 Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 4 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 4

22801    |   2011-12-31 07:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Demə bana: "Oğuz, Kayı, Osmanlıg
   
   Türküm bu ad, hər unvandan üstündürg
   
   Yoktur Özbək, Noqay, Kırqız, Kazanlı
   
   Türk milləti bir bölünməz bütündür..."
   
   
   
   Ziya Göyalp
   
   
   
   Azərbaycana gəldiyimizdən bəri bir anımız belə tək-tənha keçməyib. Sağ olsun dostlarımızı, bizi tək qoymayıblar. Əziz dostum Rəşid bəy toyun gərginliyini sanki bir tərəfə buraxıb hər gün dəfələrlə bizə zəng edir, bir arzumuzun olub-olmadığını soruşur. Hər günümüz sanki toy ab-havasında başa çatır. Yoldaşımla 1988-ci ildə gələndə Şamaxıya getdiyimiz vaxt bir toya şahid olmuşduq. O, tələsir ki, toy günü tezliklə gəlsin və müstəqillikdən sonrakı Azərbaycan toyunu da görsün. Əslində indikilərlə o vaxtkıları müqayisə edəndə indiki toylar daha yüksək səviyyədə keçirilir, çünki Azərbaycanın imkanları müstəqillikdən sonra daha yaxşılaşıb. Əslində ermənilərin vəhşiliyi, işğal, qaçqın və köçkün problemləri olmasaydı indi Azərbaycanı tutmaq olmazdı. Açıqca deməliyəm ki, indiki toyxanalar beş ulduza layiq yerlərdir. Tanrı, Azərbaycanın sərvətini sümürüb əvəzində ona Sibirə sürgün, zindanlar və edamlarla divan tutanların ocağını keçirtsin.
   
   Ailəvi dostumuz Rəşid Süleymanlıgildən (Süleymanov) gələndən sonra bir xeyli Bakının gözəliklərinə tamaşa etmiş sonra durub yatmışdıq. Səhər durandan sonra yaxınlığımızda yaşayan, 1988-ci ildə tanış olduqdan bəri yaxın iki dost, qardaş olduğumuz prof. dr. Firidun Ağasıoğluna zəng edib, "qardaş səhər yeməyini gəlib sizdə yeyəcəyik" deyirəm, gülür və kinayə ilə, "belə qardaşsan da gələli bir həftə olub hələ bizə təzə növbə gəlib". Yerdən göyə kimi haqlıdır, ancaq yalan yerə deməyiblər hər şey öz vaxtına çəkər, deməli görüş bugünə qismət imiş.
   
   Firidun Bəy, Türkiyədə ziyalılar və alimlər arasında həddən artıq yaxşı tanınan bir şəxsiyyətdir və Türk dünyasının ən görkəmli alimlərindən biridir. 1988-ci ildə söhbət edərkən "Doqquz Bitik" adlı əsəri üstündə illər uzunudur işlədiyini söyləmişdi. Xüsusilə də türklərin doğma vətəni barədə eyni nəzəriyyədən müdafiə etdiyimizi başa düşmüş və ikimiz də buna heyrət etmişdik. Bir-birini görmüyən iki insan ulu babalarımızın doğma vətəni barədə həmin şeyi fikirləşirdi, qəribə deyil ki?!
   
   Firidun bəy ömrünü "Doqquz Bitik" adlı əsərinə həsr etdi, ancaq təəssüflər olsun ki, nə Türkiyədə, nə də Azərbaycanda bu cür əvəzsiz əsərin çapına maddi yöndən kömək olacaq bir qurum, təşkilat və ya varlı şəxslər hələlik tapılmayıb. Belə bir hala yanmayıb nəyə yanasan?! Firidun bəy bu əsərini ermənilərin, farsların, ingilislərin, almanların və ya millətpərəst bir xalqın mədəniyyətinə həsr etsəydi onu özləri axtarıb tapar, əsərini ən gözəl şəkildə çap etdirər, cibini pulla doldurar və bir heykəlini qoyar, onu sağlığında layiqincə qiymətləndirərdi. Biz qəribə bir millətik vəssalam. əlimizdəki dəyərin qiymətini bilmirik, onu itirdikdə də dizimizə döyə-döyə iki gözümüz iki çeşmə ağlayırıq ki, belə bir insanın qiymətini niyə bilmədik?! Orxun abidələrində ulu babalarımız bəngi daşlara, "Ey Türk, sən tox ikən aldığın, ac ikən də toxluğun nə olduğunu bilməzsən" şəklindəki ibrətamiz sözlərini hədər yerə yazmayıblar. Heç bir gücün, heç bir qüvvənin əsla poza bilməyəcəyi qanun hökmündəki bu sözlər qarşısında mən nə deyə bilərəm ki! Deyə də bilmirəm... Kaş Atatürk sağ olaydı..!
   
   Beynimi məşğul edən bu fikirlər və onların yaratdığı hisslərlə durub Firidun gilə gedirik. Mehriban həyat yoldaşı Fəridə xanım, anası, oğulları Tengiz və nəvələri Tegin bəy bizi sevinclə qarşılayırlar. Oturub həm qəlyanaltı edir həm də söhbət edirik. Azərbaycana ilk gəldiyimiz vaxt Firidun bəy də, Fəridə xanım da deyilə bilər ki, hər gün yanımıza gəlmişdilər. Əvəzsiz şairimiz, mərhum hörmətli əmimiz Məmməd Arazın evinə gedəndə də bizi Firidun bəy aparmışdı, dostum, qardaşım Aqil Abbasla, həyat yoldaşı mehriban İradə xanımla o vaxt tanış olmuşduq.
   
   Ulu Tanrı zaman deyilən məfhumu elə möhkəm yaradıb ki, hər şeyi üyüdüb tökür, ancaq özü bir zərrə də itirmir.
   
   Firidun bəydən icazə istəyib avtobusa minib şəhərə gedirik. Bu gün axşam doxsanıncı illərdən tanıdığım Vüqar Səfərli bəyin qonağı olacağıq. Folklor İnstitutuna baş çəkib sahilə enir, bulvarda gəzirik. Bura, 1988-ci ildə kasıb, dördüncü sinif bir ölkənin sahilinə oxşayırdı və xalqın üstündə sanki qara bir xof vardı, ən önəmlisi isə üç rəngli bayrağımız burda dalğalanmırdı. Yoldaşımı Az-Neft binasının üzü bərabərindəki nəhəng bayrağımızın yanına aparıram, o günlərlə indiki günləri müqayisə edirik. Bu bayraq bu meydana öz-özünə sancılmadı, o uğurda on minlərlə can şəhid düşdü, Allah onlara rəhmət eləsin və onların qanının bahası əbədiyyətə kimi itməsin.
   
   Tanrı məkanını cənnət eləsin, ey mərhum şairimiz Arif Nihat Asya,
   
   "Sana bənim gözümlə bakmayanın
   
   Məzarını kazacağım.
   
   Səni səlamlamadan uçan kuşun
   
   Yuvasını bozacağım"
   
   Axşam radələrində Vüqar bəy bizi götürür və evlərinə gedirik. Hörmətli həyat yoldaşı Güllər xanım, oğulları Samir və həmkarım Seymur bizi həddən artıq səmimi üzlə qarşılayır. Onsuz da mən bu evə yad deyiləm. Azərbaycana hər gəlişimdə bu evə qonaq oluram. Vüqar bəylə dostluğumuz qardaşdan da irəli səviyyədədir.
   
   Səhərisi gün "Türkdilli Ölkələrin və Toplumların II Forumu" keçiriləcək. Vüqar bəy sürücüsünə zəng edir və Türkiyənin Mətbuat və Nəşriyyat İdarəsinin Sədri Murad Qaraqayanın həyat yoldaşı ilə birlikdə gecə saat dörd radələrində gələcəyini, gözəl bir dəstə gül bağlatmasını, özünü də gəlib saat üçdə götürməsini bərk-bərk tapşırır. Əslində Vüqar bəy, Murad bəyi qarşılamaq üçün bir işçisini yollaya bilərdi, ancaq o həm Azərbaycanın qonaqpərvərliyini, həm də təşkilatçı bir şəxsin həssasiyyətini nümayiş etdirərək bu cür hərəkət edir. Biz yatanda o dediyi vaxtda durub gedir və qonağını qarşılayıb qayıdır. Səhər ertədən dururuq və çörəyimizi yeyib narın-narın yağan yağışın altında üz tuturuq Fəxri Xiyabana. Əvvəlcə Azərbaycanın Türk tarixinə bəxş etdiyi görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin məzarına gül qoyub ruhuna yoldaşımla birlikdə fatihə oxuyuruq, sonra da dönüb yenə Azərbaycanın fenomen şəxsiyyəti, dövlət xadimi mərhum Əbülfəz Elçibəy, Mir Cəfər Pişəvəri və digər şəxsiyyətlərin ruhuna fatihə oxuyub Badamdarda forumun keçiriləcəyi yeddi ulduzlu otelə gedirik.
   
   Tədbir, Azərbaycan milli himni ilə başlayır. Əflatun Amaşov bəy tədbiri açıq elan edən çıxışını edir, sonra da dövlət və siyasət xadimi, əziz dostum Əli Həsənov, Dövlət Başqanımız İlham Əliyev Cənablarının, Murad Qaraqaya da Başnazir R. T. Ərdoğanın, Türk dünyasının dörd bir küncündən gələn nümayəndələr də öz dövlət böyüklərinin mesajlarını oxuduqdan sonra Əli Həsənov bəy mikrofon qarşısında bu çıxışı edir;
   
   "Media sahəsində yaradacağımız birlik gecikibdir. Mərhum Özal, Heydər Əliyev və digər dövlət xadimləri 1992-ci ildə bu qurumun özülünü qoydular. Daha sonra TÜRKSOY yarandı, orda milli dəyərlərimizi bir-birimizə tanıdırıq. Sonra TÜRK PA yarandı. Sivil toplum quruluşları da yaranıb, ancaq media barəsində çox gecikdik. Azərbaycan, illərdir işğal problemi ilə üz-üzədir. Əliyev, Bakı-Tiflis-Ceyhan boru kəməri üçün çox çalışdı. Yaxşı, mətbuat birliyi yarandımı? Yox! Bu gün Türkiyə soyqırım hadisəsi ilə cəbəlləşir. Yaxşı, biz mətbuat sahəsində Türkiyəni dəstəkləyə bilirik? Yox! Qlobal dünyada yaranan hadisələrdən biz CNN, BBC, AFP kanalıyla xəbər tuturuq. Bizə ötürülən xəbərlər, hadisələrin həqiqi üzünü əks etdirir, yoxsa bizə özgə cür çatdırılır? Mən şəxsən bu agentliklərin istədikləri şəkildə ictimai fikir formalaşdırmaq üçün xəbər hazırladıqları fikrindəyəm. Bizim öz mətbuat birliyimiz təəssüflər olsun ki, yoxdur. Avro-Nəws agentliyi xəbərləri istədikləri kimi təqdim edir və dünya səthində arzuladıqları ictimai fikri yaradır. Türkiyə, BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçildiyi vaxt ölkələrimizdə bunun təbliğatını layiqincə edə bildikmi? Əlbəttə yox! Bizlər, başda milli birliyimiz olmaq şərtilə dilimiz də, dinimiz də birdir. Biz İslam mədəniyyətinə mənsubuq. İslam ölkələrinin maddi gücünə bir baxın, bir də bu dünyanın media gücünə nəzər salın, arada uçurum var. İslama qarşı yaranan mənfi fikirləri təəssüflər olsun ki, aradan götürə bilmirik. Mətbuatımız, xarici agentliklərin dinimizi təhqir edən kiçik bir xəbərini daha da bəzəyib və şişirdib böyük bir ictimai fikir yaradacaq şəkildə təqdim edir.
   
   Bu tədbirin axırında yekun bir sənəd yayılmalı və Türkcə danışan ölkələrin koordinasiya birliyini yaratmalıyıq. Birləşib öz mediamızı qurmalı və öz informasiya torumuzu yaratmalıyıq".
   
   Əli Həsənov bəy bu çıxışı edərkən gözümün qabağında yenə 1988-ci illər canlandı. O vaxt Bakıda iki önəmli otel vardı, Azərbaycan və Abşeron. Onların ikisini də mərhum prezidentimiz Heydər Əliyev kommunist partiyası mərkəzi komitəsinin katibi olduğu vaxtlar tikdirmişdi. Onsuz da Azərbaycanda Sovetlər Birliyi vaxtında tikilən önəmli tikililər onun vaxtında yaradılmışdı. Azərbaycan və Abşeron otelləri isə uzaq başı dörd ulduzlu ola bilərdi, əslində onlar üç ulduzlu otel səviyyəsində idi, daha düzü mən gördükdə o səviyyədə idilər. İndi isə mediaçıların tədbiri yeddi ulduzlu oteldə təşkil olunur. Bu da Azərbaycanın hardan hara gəldiyinin əyani sübutudur.
   
   1988-ci ildə APİ-nin müəllimi əziz dostum prof. dr. Vilayət Əliyev bizi evinə dəvət etmişdi. Gecə saat on radələrində oğlu İlham bəy mənə dedi ki, gəl bir eyvana çıxaq Bakının mənzərəsinə tamaşa edək. Artırmaya çıxdıqda barmağıyla neft buruqlarını göstərərək bunları dedi; "əgər ölkəmizdən dartıb-çıxarılan nefti özümüz istifadə etsəydik, hər bir Azərbaycanlının evinin qapısının toxmağı qızıldan olardı". Əzizim İlham yerdən göyə kimi haqlı imiş. İndi yeddi ulduzlu otellər, göydələnlər tikən, gedişli-gəlişli yollar çəkən, körpülər salan və ölkənin simasını başdan-başa dəyişdirən bu Azərbaycan, Merih planetindən gəldi?! Öz müstəqilliyini əlinə alandan sonra iyirmi ildə, Sovet Rusiyanın hakimiyyəti vaxtındakı fotoşəklini eləsinə sürətlə dəyişdirdi ki, insan mat-məəttəl qalır.
   
   Əziz dostum Əli Həsənov bəy, on dəqiqəyə çatmayan çıxışında cildlərlə kitaba sığacaq strateji analizlər apardı. Bəli, Türk dünyası artıq silkinib özünə qayıtmalı və öz göbəyini özü kəsməli, eynilə Avropalılar kimi iqtisadi və mədəni birliyini yaratmalıdır. Dünyadakı ən böyük siyasi gücləri iqtisadi və mədəni birliklər yaratmırmı?!
   
   Dilinə, fikrinə, ürəyinə alqış hörmətli Əli Həsənov bəy səni alqışlamamaq mümkündürmü?!
   
   (Hamının həmrəylik gününü və yeni ilini təbrik edirəm. Allahdan yeganə arzum, gələn il həmrəylik gününü Şuşada keçirməyimizdir)...


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK