Yəqin ki, "sovqat" sözünü eşidəndə, üstəlik də bunun ardınca "ovqat" sözünə rast gələndə yaddaşa bir əl uzadacaqsınız. Dərhal gözünüzün önündən İTV və AzTV gəlib keçəcək. Elə biləcəksiniz ki, söhbət bu telekanallarda yayımlanan istirahət günlərinin sözlü-nəğməli verilişlərindən gedir. Amma bu o qədər sizin düşündüyünüz kimi deyil. Sadəcə, bir az mövzu, duyğu yaxınlığı var, özü də iki mənada.
Birincisi, bu yazını da istirahət günü oxuyacaqsınız. Yəni ilin sonuncu həftəsinin sonuncu şənbə günü. İkincisi, bu yazıda da söhbət duyğulardan, nəğmələrdən, şeirlərdən, hisslərdən gedəcəkdi. Musiqi ancaq yaddaşlarda səslənəcək, hardansa uzaqlardan eşidəcəksiniz. Sözün hərflərə çevrilmiş, kağıza hopmuş varinatını isə oxuyacaqsınız.
Deməli, ilin son ayının, son şənbəsinin bu yazısında mən boylanıb üzü geri baxdım. Zarafat deyil, 365 gün yol gəlmişəm. Dərələrdən keçmişəm, təpələrdən aşmışam, dumanlara bürünüb çənləri yarmışam, şehdə islanıb yağışda paklanmışam, günəşdə quruyub şaxtada donmuşam, soyuqda üşüyüb dan üzünü dan ulduzunda səhərin açıldığına ümidlə dualar etmişəm. Özü də dan ulduzuna üz tutub etdiyim duaların hamısı millətimlə, torpağımla, mənim istədiklərim və məni istəyənlərlə bağlı olub. Bütün dualarda Tanrıdan ilk öncə yurduma qovuşmağı, cansağlığını və bir də məni qonşu qapısına aparmayacaq, oğul-uşaq yanında utandırmayacaq əl boyda çörək istəmişəm. Halal, alın təri və insanın ağzında, mədəsində, bütövlükdə varlığında dadı-tamı olan çörək...
Ağdamda bir "Çörək muzeyi" var idi. Hər dəfə bu muzeyə qonaq olanda çörək haqqında, çörəyin özündə əks etdirdiyi mahiyyət barəsində təptəzə fikirlər doğurdu içimdə. Mənə elə gəlirdi ki, bu çörək muzeyi məni bir buğda dəninə, bir sevgiyə görə cənnətdən qovulmuş Adəm babamla doğmalaşdırır, eyniləşdirir, damarlarımda onun qanı axır, ürəyim onun ürəyi kimi çırpınır. Çünki Adəm babam çoxlarının düşündüyü kimi, nəfsinin yox, sevgisinin qurbanı olub. O bir buğda onun Həvva nənəmlə qovuşması üçün bir vasitə idi, bir sevginin körpüsü idi və Adəm babam da o körpünü keçib Həvva nənəmə qovuşdu.
İndi çoxları düşünə bilər ki, bir qadına, bir sevgiyə görə cənnəti tərk etmək, cənnətdən qovulmaq gülünc bir işdi, ən yaxşı halda dəlilikdi. Amma elə istəyirəm ki, bütün sevənlər qovuşsun və mən də bütün sevənlər kimi cənnətdən hara gəldi qovulum. Axı qovulanda özümlə ürəyimi, ürəyimlə duyğularımı, sevgimi aparacam. Onlar ki, cənnətdə mənsiz qalmayacaq. Nə isə...
İlin son ayının, son şənbəsinin son yazısında üzü geri baxanda gördüklərimi yazmaq, yadımda qalanları, yaddaşıma hopanları kağıza köçürmək istədim. Amma baxıb gördüm ki, qəmli məqamlar çoxdu. Nədənsə 2011 qara rəngdə mənim həyatımda daha çox istifadə edib. Ona görə də ilin son ayının son şənbəsində oxucularımı kövrəltməkdən, kədərləndirməkdən çəkindim. O qara rənglə yazılanları içimdə, ürəyimin bir küncündə oxşaya-oxşaya saxladım. Əvəzində bir neçə ay bundan öncə balaca bir məclisdə Dədə Süleymanın sakit, özünəməxsus təmkinli, əsl dədəyə yaraşan görkəm alıb Tanrıdan gələn bir səslə oxuduğu bir ağız "Segah"ın məndə yaratdığı ovqatı misralara çevirib sovqat kimi saxladığımı xatırladım. Və indi gördüm ki, o sovqatın məqamı gəlib çatıb. Yeni ilin astanasında onu Dədə Süleymana da, sizlərə də yetirməyin əsl məqamıdı. Çünki həmin ifa və o ifadan ilhamlanıb kağıza köçürdüyüm misralar bir Qarabağ həsrəti, bir yurd nisgili və bir böyük sevginin əlçatmazlığı idi. Elə əlçatmazlıq ki, onu ancaq Qoçəhmədli kəhrizinin, Qozlu çayın, Ərgünəşin, Kirsin havası və suyu ilə həzm etmək mümkün idi.
səsin sanki bir şəlalə
ya da cənnət çeşməsidi
səsin Allahın əlindən
sənə bəxtin düşməsidi-
Dədə Süleyman!
sözü-söhbətin bir dad, bir duz
dinləyərəm ac və susuz
ürəyini buz elə, buz
səsin mələklər səsidi-
Dədə Süleyman!
səs bələnmiş sabahın var
öz günün var, öz ahın var
sənin bircə günahın var
segahın qəm qəfəsidi-
Dədə Süleyman!
oxu, qopum mən də yerdən
xilas olum bu alverdən
qaçqın adlı ağır dərddən
çəkdiklərim tay bəsimdi-
Dədə Süleyman!
***
Hə, mən dədə Süleymanın bu qeyri-adi səsinin yaratdığı və hər kəsin düşə bilməyəcəyi həmin o cənnətdə Adəm babamla Həvva nənəmin sevgisinə təkrar haqq qazandırdım. Və təkrar olaraq bir daha inandım ki, dünyanı öz oxu ətrafında fırladan da elə sevgidi - göyün yerə, yerin göyə sevgisi. Məhz bu sevginin gücünə insan hər şeyə çatıb qovuşa bilir. Özü də bu qovuşma heç də böyük anlamda deyil. Yəni ən yüksək kürsüdən tutmuş, ən kiçik mərtəbəyə qədər hər birinə görə sevgi var və bu sevginin mənası məqsəd və arzudu. Sevgi təkcə cinslər arasında olan böyük ülvi hisslər deyil ki. İnsan təbiəti də sevə bilir, Tanrısını da sevə bilir, valideynini də sevə bilir, övladını da, işığı da, səsi də, torpağını da, Vətənini də, aylı-ulduzlu gecəni də, sübh şehini də, payız xəzəlini də, qış qarını da, yaz çənini də... bir sözlə, boynubükük bənövşədən tutmuş gözə görünən, duyulan hər şeyi sevmək mümkündü. Və şükürlər olsun ki, biz sevməyi bacarırıq.
Arxada qalan il ərzində mən bir də onu təkrar dərk etdim ki, nəyi yaradırsansa, nəyi tikib qurursansa, nəyi ucaldıb nəyi təzələyirsənsə, hamısı sənin adınla bağlı olmaqla yanaşı, həm də sənin sevgini özündə əks etdirir. Çünki bu əl işlərində sənin nəfəsin, sənin dünya görüşün, sənin kimliyin öz əksini tapır. İnsan özü özünü tapanda daxilən o qədər rahat olur ki, hətta bu rahatlığı cənnətdə zəmzəm suyu içmək də əvəzləyə bilməz. Çünki o cənnət də, o zəmzəm suyu da Tanrınındı. Bilavasitə Tanrının olan həmin o gözəlliklərlə yanaşı, sənin Tanrı sevgisindən bəhrələnib yaratdıqların da cərgədə yer tutur və sonuncu sənə daha doğma olur.
Bir dəfə mənə son dərəcə doğma olan və çox gənc yaşlarımda haqqa qovuşan hüquqşünas, ziyalı, həm də etiqad adamı olan Kərbəlayi Ələsgərlə söhbət zamanı əvvəldə qeyd etdiklərimdən söhbət saldım. O da özünəməxsus şəkildə mənim şair, qələm adamı duyğularımın güclü olmasına işarə vuraraq bircə kəlmə dedi:
- Unutma ki, hər şeydən, hər kəsdən ucada böyük yaradandı. Onun icazəsi olmadan heç nə etmək mümkün deyil!
Bəli, indi həmin o söhbəti xatırlayanda istər-istəməz şeir dəftərçəmə əl uzatdım. Son şeirlərimin içərisində Kərbəlayi Ələsgərin adı ilə bağlı olan misraları təkrar-təkrar oxudum və bir də gördüm ki, həmin son şeirlərdən birini bilgisayara diqtə edirəm.
bəzək götürmədi
özü özündən
gül açdı
ləçəkləri
bəzək oldu
kəsək götürmədi
daş əvəzinə-
götürənlər
isə
ala-bəzək oldu-
hamının qarşısında
yaşadı
öz kölgəsində
öz gülünün
çətiri altında
götürdüyü daşların
hörgü qatında
əl izi
nəfəsi
xatirə kitabı kimi vərəqləndi
asıldı
evinin qarşısından
rəhmət duası
ölümsüzlüyü üçün...
Bax, bu misralar əslində həyatın bir an olmasını deyil, əbədiliyini ifadə etmək üçün, Allahın qəlbinə səpdiyi inamın cücərtiləridi. Və mən də həmin göyərən cücərtilərə pərvanəlik edə-edə yaxşılıqlara, insanlığa, xüsusilə sevgiyə boyun əyib xidmət etməkdən çəkinmirəm. Çünki bu dünyanın ən böyük səslərinin içərisində, ən ülvi duyğularının bolluğunda hər kəsin görüb duya bilməyəcəyi bir gün işığı, bir səs topası və bir də tələsənləri səbrlə yola salmaq notları var. O səs Dədə Süleymana aiddi...
***
Hə, əvvəldə dediyim kimi, bu da ilin son ayının son şənbəsi. Bu sözü təkrar etməyim sizləri hövsələdən çıxarmasın. Çünki nə qədər sizli-mənli cəhd etsək də, tamam olmayan vaxtı sürətləndirmək, bütöv halda başa vurmaq və bu cür də təqdim etmək mümkün deyil. Amma inanın ki, yazının əvvəlindən içimdə hakim olan bir istək var.
Bilmirəm nədəndisə mən yazının öncəsində də, elə indi də ilin sona çatması ilə bağlı yazdığım və heç kimin xəbərdar olmadığı misraları uca səslə oxumaq, hər kəsə çatdırmaq istəyirəm. Elə bilirəm ki, nəsə qeyri-adi bir iş görmüşəm, nəsə kəşf etmişəm. Amma çox gözəl də bilirəm ki, mənim kəşflərim də, mənim gördüyüm qeyri-adi işlər də sevgiyə bələnib, sevginin himayəsində və çevrəsindədi. Bax, bu şeirdə olduğu kimi:
suların axıb durduğu
mətəyə ta gəlib çatdıq
arıların bal qoyduğu
pətəyə ta gəlib çatdıq.
günlə, ayla aldırılan
bir damarı baldan olan
il sonunda qaldırılan-
qədəhə ta gəlib çatdıq.
kimlə gəlim de, mərc daha
il başlayır de, dəj daha
ağzın açıb bu "əjdaha"
mədəyə ta gəlib çatdıq!
Hə, mən bu şeirlə qarşıdan gələn Əjdaha ilinin bizi necə əridəcəyini, necə həzm edəcəyini və yaxud da bizim Əjdahanın sonuna necə çıxacağımızı proqnozlaşdırmaq istəmirəm. Necə deyərlər, yaşayarıq - görərik!!! Amma bir məqamı unutmaq lazım deyil. İl nə üstə təhvil verilir verilsin, başlanan il necə adlanır adlansın, dəxli yoxdur, hər şeydən uca, hər şeyə qadir olan yalnız Tanrıdı. Tanrıdan sonra onun bəndələrinə, canlı aləmə, bütün dünyaya təsir etmək üçün bağışladığı, yaratdığı SEVGİ gəlir. Sevgiylə əvvəldə dediyim kimi, Məcnun da olmaq olar, Leyli də olmaq olar, dünyaya da sahib olmaq olar, şair də olmaq olar, hətta duyğulu oxucu da. Yəni böyük Füzuli demiş, dünyanın dəyəri sevgidədi.
Mən də başa çatan ilin sonunda, qapımızın ağzını kəsmiş Əjdaha ilinin əvvəlində hər birinizə, məni oxuyanlara, mənim oxuduqlarıma, məni tanıyıb-tanımayanlara, o cümlədən Dədə Süleymana, xüsusilə Allahıma üz tutaraq demək istəyirəm ki, Allahın köməyi ilə insan oğlu yeddi başlı əjdahanı da diz çökdürməyə müvəffəq olub. Biz nağıllarımızda belə məqamlara çox rast gəlmişik. Deməli, Əjdaha ilini də qarşılayıb yola salmağı bacaracağıq. Çünki biz sevgi adamlarıyıq, biz halal adamlarıq, biz Allah adamlarıyıq. Bütövlükdə biz bizik və mənim də sovqatım elə bizim bizə sovqatımızdı.
Siz təkcə böyük sözü, böyük duyğuları deyil, öncə Allahınızı və Allahın sizə bəxş etdiyi sevginin işığında özünüzü, doğmalarınızı, torpağımızı, millətimizi və bütövlükdə dünyamızı sevməyi özünüz üçün amal seçin. Onda il nə üstə gəlir-gəlsin, sizə problem yaratmayacaq. Çünki siz Allahın və onun verdiyi Sevginin xidmətindəsiniz. Bax, bu mənim sizə yeni il sovqatımdı. O siz də hansı ovqatı yaradacaq, onu özünüz bilərsiniz.