ANA SƏHİFƏ / YAZARLAR

Bir Şabran əfsanəsi

Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov: "Şabranın Əfsanələr Paytaxtı elan edilməsindən qürur duyuruq"

25691    |   2011-12-17 07:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səsi-sorağı eramızdan əvvəl I minillikdən eşidilən Şabran şəhərinin şəninə çox təriflər yazılıb. Alimlər, səyyahlar, şair və yazıçılar hər qarışında tarix yatan qədim yaşayış məskəninə çox epitetlər qoşublar. Düz sözə nə deyəsən? Tarixin yaddaşına göndərdiyimiz 2011-ci il də qədim Şabran üçün əlamətdar oldu. Zaman-zaman haqq etdiyi titullara biri də əlavə edildi. Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində Şabran şəhəri Əfsanələr Paytaxtı elan olundu.
   
   
   
   Paytaxtın 123 addımlığında Əfsanələr Paytaxtı
   
   
   
   Mədəniyyət və Turizm Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi infotur da Əfsanələr Paytaxtını daha yaxından tanımaq, layihə çərçivəsində görülən işləri işıqlandırmaq məqsədi daşıyırdı.
   
   Qısa və rahat yol bizi göz qırpımında Şabrana çatdırdı. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın alıb gətirdiyi təndir çörəyinin istisi, maraqlı söhbətlərinin ləzzəti azalmamış mənzil başına yetişdik.
   
   Hava da bəxtimizdən əla idi. Səfərimizin yaddaqalan olması ev sahiblərindən asılı idi. Bu məsələdə də jurnalistlərin bəxti gətirdi. Həmsöhbətlərimiz səmimi və mehriban insanlar oldular.
   
   
   
   Əmin ellər əmin əllərdə
   
   
   
   Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bizi Heydər Əliyev Mərkəzində qarşıladı. Bu il avqustun 15-də istifadəyə verilən mərkəzlə tanışlıqdan sonra məlum oldu ki, 8 dərnəyin fəaliyyət göstərdiyi mərkəzdə rayon gəncləri 3 əcnəbi dil öyrənə bilir, rəsm çəkməyin, fotoreportyorluğun sirləri ilə tanış olmaq imkanı qazanırlar. Virtual sinif otağında isə müasir dövrün tələbi-informasiya texnologiyaları ilə məşğul olmaq üçün şərait yaradılıb.
   
   Toplantı zalında keçirilən görüşdə jurnalistlərlə səmimi şəkildə söhbət edən icra başçısı Novruz Novruzov Şabranın qədim və şərəfli tarixi, abad gələcəyi haqqında məlumat verdi: "Şabran Azərbaycanımızın gözəlliyinə özünəməxsus xallar əlavə edən rayonlardan biridi. Bu torpağın hər qarışı altında qədim tarixin daş yaddaşı yatır. Necə deyərlər, Şabran canlı tarixdi. Ümummilli liderimiz Heydər Əliyevin təbiri ilə desək, Şabran bizim 2300 illik şəhər tariximizi yaşadır.
   
   Qədim İpək Yolunun üzərində yerləşməsi, müasir Azərbaycanımızın paytaxtı Bakıya məsafə baxımından yaxınlığı, Xəzər dənizinin sahilində olması Şabranın strateji mövqeyini daha da artırır. Tarixən Şabran əmin ərazi olub. Fateh Əmir Teymurun öz qoşunu ilə bu ərazidə dincəlməsi də bunu sübut edir. Qədim tarixi yurdun bugünkü insanları da əmin, zəhmətsevər, sadə və mehriban insanlardı.
   
   Şabranın tarixi adı özünə qaytarıldıqdan sonra bütün sahələrdə uğurla inkişaf etməsi məhz bu insanların zəhmətsevərliyi, halallıqsevərliyi sayəsində mümkün olub. Vətənini, dövlətini müdafiə etməyi bacaran, ölkə başçısının ətrafında sıx birləşən şabranlılar daima bu mövqedədirlər. Son illər təkcə Şabranın adı yox, həm də siması dəyişib, böyük quruculuq işləri aparılıb".
   
   Şabranın Əfsanələr Paytaxtı seçilməsini rayonun həyatında mühüm hadisə adlandıran Novruz Novruzov bu layihənin təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirdi: "Bu titulun özü çox əzəmətli səslənir. Layihənin təşəbbüskarı kimi Mədəniyyət və Turizm Nazirliyinə, xüsusi ilə də nazir Əbülfəs Qarayevə minnətdarlığımızı yetirirəm. Bütün şabranlılar bu işdən qürur duyurlar. Şabranın Əfsanələr Paytaxtı seçilməsinin təbii ki, məsuliyyəti də böyükdür. Biz də bu məsuliyyəti dərindən dərk edərək il ərzində çoxlu işlər görmüş, rayon və ölkə əhəmiyyətli tədbirlər keçirmişik.
   
   Dövlətimiz haqlı olaraq milli-mənəvi dəyərlərin qorunmasına ciddi önəm verir. Bu sahədə görülən işlər yüksək dəyərləndirilməlidi. Azərbaycan iqtisadi cəhətdən qüdrətləndikcə, insanların rifah halı yaxşılaşdıqca mədəni səviyyə də yüksəlməlidi. Şabranda da bu məsələyə xüsusi diqqət ayırırıq. Çünki mədəni səviyyə həmişə öndə olmalıdı. Son vaxtlar ölkənin aparıcı teatrlarının rayona qastrollarını təşkil edirik. Rayon Mədəniyyət Sarayı böyük zövqlə yenidən qurularaq sakinlərin ixtiyarına verilib. Yaxın günlərdə orada son dövrlər istehsal olunmuş milli filmlərimizin nümayişini təşkil edəcəyik".
   
   İcra başçısı rəhbərlik etdiyi rayonun turizm imkanları barədə də danışdı: "Şabranın yerləşdiyi coğrafi ərazi, qədim tarixi abidələri turistlərin diqqətini cəlb etmək üçün uyğundur. Gilgilçay istehkamı da turistlərin marağına səbəb olur. Yeri gəlmişkən onu da xatırladım ki, tikili hissəsi 102 kilometr olan bu istehkam məşhur Cin səddindən sonra dünyada ikinci ən böyük səddi. İstehkamın təxminən yarısı Şabranın ərazisindən keçir. Rayonda ekstremal turizm üçün də geniş imkanlar var. Qalaaltı ərazisində 2 doqquzmərtəbəli otelin tikintisi planlaşdırılır. Həmin otellər ən yüksək standartlara cavab verəcək".
   
   Görüşdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramının icrası ilə bağlı Şabranda görülən işləri yüksək qiymətləndirdi. Fikrət Babayev rayon icra hakimiyyətinin başçısı Novruz Novruzova Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirdi.
   
   Şabran rayon mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Səmədov Əfsanələr Paytaxtı layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi. Şöbə müdiri bildirdi ki, layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə dəyirmi masalar, elmi-praktiki konfranslar keçirilib, sərgilər təşkil olunub. Rayonda fəaliyyət göstərən "Xınayaxdı", "Çıraqqala" xalq kollektivlərinin konsertləri maraqla qarşılanıb. İlboyu keçirilən belə tədbirlər mətbuatda və televiziya kanallarında geniş işıqlanıb.
   
   
   
   Əfsələddin Xaqanidən Yazıçılar Birliyinin üzvlərinə qədər...
   
   
   
   İnfotur iştirakçıları rayon mədəniyyət sarayında xalq tətbiqi sənət ustalarının əsərləri ilə tanış oldular, "Xınayaxdı", "Çıraqqala" xalq kollektivlərinin ifasında folklor nümunələrini dinlədilər.
   
   Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti, saxlanılan nadir eksponatlarla tanışlıq yaddaqalan alındı. Xüsusi ilə açıq səma altında sərgilənən qədim mədəniyyət nümunələri marağımıza səbəb oldu.
   
   Yeni istifadəyə verilən Uşaq Yaradıcılıq Mərkəzində gənc istedadlar üçün yaradılan şəraiti görməyə dəyərdi. Uşaq Yaradıcılıq Mərkəzinin kitabxanasında çalışan təcrübəli mədəniyyət işçisi Səkinə Həsənova bu şəraiti yaradanlara minnətdarlığını bildirdi: "Uzun illər idi ki, mərkəz köhnə, heç bir şəraiti olmayan, taxta bir binada yerləşirdi. Əsaslı təmirdən və yenidənqurmadan sonra uşaqlara, əməkdaşlara yaradılan bu gözəl şəraiti görəndə adamda yaşamaq hissi artır. Sevdiyim, məşğul olduğum kitabxanaçılıq işinə yenidən bağlanıram".
   
   Şabrana səfər edən media nümayəndələri açılışına ciddi hazırlıq gedən Poeziya Evinə də baş çəkdilər. Yaxın günlərdə açılışı gözlənilən Poeziya Evinin qarşısında ucaldılan klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Əfzələddin Xaqaninin heykəlini ziyarət etdik.
   
   Xaqaniyə heykəl? Özü də Şabranda? Bəli, məhz Şabranda. Çünki görkəmli söz ustası 1170-ci ildə Şirvanşah Axistian tərəfindən cəzalandırılaraq 7 ay Şabrandakı həbsxanada saxlanılıb.
   
   Yeri gəlmişkən, indi Şabranda Yazıçılar Birliyinin, Bəstəkarlar və Rəssamlar ittifaqlarının üzvləri üçün yaradıcılıq evlərinin inşasına hazırlıq görülür. Dövlət başçısının sərəncamı ilə inşa olunacaq yaradıcılıq evlərinin ərazisində poliklinika da fəaliyyət göstərəcək.
   
   İnfotur "Şabran şəhəri" Tarix və Mədəniyyət Qoruğuna ziyarətlə başa çatdı. Rayonun tanınmış ziyalılarından biri, tarixçi Əsədulla Hüseynov bildirdi ki, qoruq ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Keçən əsrin 30-cu illərindən başlayaraq 5 min kvadratmetr ərazidə aparılan arxeoloji qazıntılar, görkəmli alimlərin aşkar etdiyi zəngin materiallar haqqında məlumat aldıq. Əsədulla müəllim onu da qeyd etdi ki, nadir abidə dünya şöhrətli alim və səyyah Tur Heyerdalı da valeh edib və o, ərazini gəzdikdən sonra fikirlərini belə ifadə edib: "Şabran orta əsrlərin nadir hadisəsidir. Şabran şəhəri vasitəsi ilə mən Azərbaycanın qədim şəhər mədəniyyətinə səyahət edə bildim".
   
   Nə yaxşı ki, biz də belə bir imkan qazandıq.


YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-19
2018-06-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (25%)
Argentina (12.5%)
İspaniya (12.5%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK