warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | XƏZAN YELİ Adalet.az | XƏZAN YELİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XƏZAN YELİ

20299    |   2011-11-19 07:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Üç-dörd gün idi yağış yağırdı. Axşam külək qalxdı. Mənim sevdiyim-yalquzaq kimi ulayan külək...g Bilmirəm nə görmüşəm bu küləklərdə?! Hər dəfə yeri-göyü qovuşduran külək əsəndə mağarada olmaq (!) istəyirəm. Əcdadlarımız kimi. Onların necə yaşadıqlarını, nələr çəkdiklərini, dağa-daşa, torpağa yaxınlıqlarını canımda, qanımda hiss eləmək istəyirəm. Ya da kənd yoluynan uzaqlara piyada getmək istəyirəm. Təbii ki, Birisiynən yanaşı. Üşüyən bədənimdə isti-isti titrəyən ürəyimlə baş-başa...
   
   Hə, axşam güclü külək qalxmışdı. Budaqları yolub tökür, yerdəki xəzəlləri dağıdırdı. Hər dəfə elə bilirəm belə küləkdən sonra Yer üzündə pisliklər qalmayacaq, insanlar mələklərə dönüb özgə bir həyat başlayacaqlar. Hər dəfə də ümidlərim özümə qalır...
   
   Deyirəm, axı, bu küləyin bir vurundarması olmamış deyildi. Qar yağmağa başlayıb. İşıqlar da səhərdən yanıb-sönür. Ev soyuqdu. Balkona atdığım xalçanın üstünə qar yığılıb. Şotka götürüb təmizləməyə başlayıram. "Vanish"-zad tanımayan nənələrimiz nə qədər ağıllı, təmizkar olublar. Hər işdə özlərinə, bir də təbiətə güvəniblər, daha etibarsız, zərərli texnikanın ümidinə qoymayıblar ev-eşiklərini. İlk dəfədi görürəm noyabrın əvvəlində bu yerlərə qar yağdığını. Bəlkə də əvvəllər olub, mən unutmuşam...
   
   Bayırda əsl çovğundu. Külək bir az da güclənib, bayaqdan bəri səngimək istəyən qarı sovurur, fırladır, budaqlardakı tək-tək, onsuz da əsim-əsim əsən sarı yarpaqlara toy tutur, yoluşdurub həyətə, balkonlara, adamların üst-başına tökür... Günortadan xeyli keçənədək yağdı. Sakitləşib dayananda qar tutmuş ağaclardan, hündür binalardan yuxarıda səmanı ağ duman bürüdü. Adama elə gəlir ki, bu dəqiqə bu şəhər küçələri, binaları, adamları- əlləri cibində sürüşməməkçin qısıla-qısıla yeriyən kişiləri, qayğılı, zənbilli arvadları, bu vurhavurda belə aləmə naz sata-sata yerişinə haram qatmayan qızları ilə birlikdə yoxa çıxsa, dünyanın xəbəri olmaz.
   
   Zatən dünyanın nədən xəbəri var ki?!..."
   
   
   
   ***
   
   
   
   Sabirabadın 80 illik yubileyi ilə bağlı yazılara başım qarışıb, sevimli payızımı unutmuşam. Onunsa cəmi bir ay ömrü qalıb. Qış özünü araya salıb çaşdırdı bizi. Yuxarıdakı qeydləri də ilk qar yağanda nəvələrimin yaddan çıxarıb burda qoyduqları anlaşılmaz şəkillərlə dolu dəftərlərinin bir qırağına yazmışdım. Bu uşaqların, deyəsən, rəssamlıqdakı mücərrəd cərəyandan indidən xəbərləri var. Elə şeylər çəkiblər ki, mütləq baş sındırmalı olursan. Yəqin, bəziləri sevinib (əgər bu darıxdırıcı cümlələrimi oxuyan olsa) deyəcəklər ki, elə yaxşı olub sənə. Nə görmüsən bu qüssəli, vərəmli payızda?! Yazılarımı oxumasalar da, söhbətlərimdən məni qınayır, bu nifrin yağan payız havasında nə görmüsən, deyirlər. Onsuz da çox şeyi izah eləmək olmur adamlara. Heç ehtiyac da yoxdu. Amma neyləyəsən, hərdən bölüşmək istəyirsən ürəyinə dolanları. Bilmək isətyirsən, sən yaşayanları daha kimlər yaşayır. Özünə həmdərd, həmsöhbət axtarırsan. Dördbir yanındakılar da elə qəddarlaşıblar ki, dediyin sözə də peşiman edirlər səni. Üzünə elə baxırlar ki, özünü oğurluq üstdə yaxalanan kimi hiss edirsən. Demək isətyirlər ki, bu nə yağışbazlıq, küləkbazlıqdı? Başına söz qəhətdi danışmağa? Dünya yaranandan qar da yağır, yağış da, külək də əsir, şimşək də çaxır. Danışırsan puldan, vəzifədən danış, çalıb-çapmaqdan, qazanmaqdan danış, biz də səsinə səs verək. Rəhmətliyin qızı, elə bil çörək yeyib, su içmir...
   
   Mənsə həqiqətən darıxırdım. Deyirdim, payız qurtarır, mən hələ də ürəyimdəkiləri qələmə almamışam. Guya mənim bir-iki cümləm olmasa, dünya dağılar, Yer üzünə bir də payız gəlməz. Bəlkə elə mən haqlıyam. Bəlkə hər şeyi təkrar-təkrar geri döndərən elə bizim istək-diləklərimizdi?! Kim bilir...
   
   
   
   Əsdi xəzan yeli bağlar saraldı,
   
   Dağların başını duman, çən aldı.
   
   
   
   Bu şeiri harada oxuduğumu, nə vaxt eşitdiyimi xatırlamıram. Müəllifini də unutmuşam. Elə bil dünyaya gələndə qulağıma pıçıldayıblar. Axı, onda da payız imiş. Yəni, mən dünyaya gələndə. Bəlkə adamlar haqlıdı. Payızda doğulmaq həqiqətən yaxşı deyil. Payızda doğulanların ömründə sarı rəng çox olur bəlkə. Həssas, kövrək olurlar, darıxırlar, bəzən nə istədiklərini özləri də bilmirlər. Çox zaman da özləri küsüb, özləri barışırlar...
   
   Olsun! Vallah, mən payızı həqiqətən sevirəm. Onda qəm-qüssə görmürəm. Varsa da bəşəri qüssədi, bir adamlıq, beş adamlıq deyil. Adamı içdən təmizləyən qüssədi. Dörd yanı bürüyən sarı da vərəm sarısı deyil, Günəş sarısıdı, qızılı sarıdı... Payızda dünya mənə daha geniş görünür. Hər yanımızı bürüyən yaşıl pərdə qalxır, gözlərimizin mənzili uzanır, genişlənir. Tökülən yarpaqlarda, soyunan budaqlarda son yox, başlanğıc görürəm...
   
   Vərdiş eləmişəm, hər gecə mənzilimin hər iki balkonundan baxmamış yatmıram. Televizoru söndürən kimi evdə sakitlik yaranır və mən yarıyuxulu şəhəri dinləyirəm. Hansı mənzildəsə uşaq ağlayır, ardınca tələsik addım səsi gəlir. Yəqin ana susuzluqdan ayılıb ağlayan uşağını ovundurmağa tələsir. Kimsə hələ televizorun qabağındadı. Saat üçə-dördə kimi yatmaq bilməyən cavanlar bağlarda, parkda vurnuxurlar, arada bərkdən gülüşürlər. Süpürgəçi qadın əl-ayaq yığışandan sonra başladığı işini qurtarıb evə gedir. Bir sürü küçə iti nizamla yolu keçir. Elə sıraya düzülüblər ki, heç təlim keçsən belə alınmaz. Yəqin onların da payız qayğıları olmamış deyil. Qışqabağı gecələməyə yer-yurd axtarırlar. Parkdakı ən hündür ağacın başından əskik olmayan, adını bilməydiyim quş da ara sakitləşən kimi öz nəğməsinə başlayır. Neçə illərdi ilin bu vaxtında "gecə Konserti" verir, amma səsi heç dəyişmir. Nəğməsindən tənhalıq, sızıltı yağır...
   
    Qabaq balkonumda çox dayanıram. Payızın pıçıltılarını burada daha yaxşı eşidirəm. Gecələr göy üzünü duman bürüyəndə ulduzlar balacalaşır, işıldaquş kimi güclə seçilirlər. Ay da onların arasında bəyaz tülə bürünmüş təzə gəlin kimi nazlanır. Göylərin dumanı evlərin damına, ağacların budağına enib seyrək damcılarla çıppıltıynan düşür. Hələ budaqdan üzülməyən yarpaqlar ayaqlar altında qalanlara şeh damcılarıynan yas saxlayır. Həyətdəki maşınların üstü sapsarı yarpaqla örtülür. Hər gecə ağ "Jiquli"nin üstündəki xəzəli görəndə Gülsarı yadıma düşür. Aytmatovun Gülsarısı. Tanabay sevgili Bübücanın yanında gecələyəndə evin qabağındakı dirəyə bağlanmış Gülsarının üstünə gah yağış yağır, gah da qar qoyur. Ayaqlarının birini götürüb birini qoyan vəfalı at səbrlə öz sahibinin özgə evindən nə vaxt çıxacağını gözləyir. Bir fərq var ki, ağ "Jiquli"nin sahibi Tanabay kimi "gecə gəzintisi"nə çıxmır, öz evində, ailəsinin yanındadı...
   
   
   
   ***
   
   
   
   İki gündü işə gdə bilmirəm. Qrip yaman yapışıb yaxamdan. Qalın geyinib kompüterin qabağında oturmuşam. Sağdakı pəncərədən hələ də xəzan yelinin tökə bilmədiyi sarı yarpaqlı ağac, bir də qaşqabağını sallamış bomboz səma görünür. Belə havada işə gedə bilmədiyimə təəssüflənirəm. Sadəcə açıq, təmiz havada olmaqdan ötrü darıxıram. Onsuz da işdəkilərin yadına düşmürəm. Nə zəng edənim, nə hal-əhval tutanım var. Sonra da adamı qınayırlar ki, niyə bu qədər yağışı, küləyi sevirsən? Havaya da bu qədər bağlanmaq olar?!
   
    Bəs, neyləyim? Heç olmasa, külək dərdimi dağıdır, yağış əvəzimə göz yaşı tökür. Qar da bütün rənglərin üstünü örtüb saflığa, təmizliyə inandıra bilir səni...
   
    Payız bütün fəsillərdə mənimlədi. Həmişəlik...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK