ANA SƏHİFƏ / YAZARLAR

"Hərdən hayqırmaq istəyirəm"

Aktrisa Şəlalə Şahvələdqızı: "Mənə heç kimin minnəti lazım deyil"

19343    |   2011-10-08 07:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəlalə Şahvələdqızı Akademik Milli Dram Teatrının gənc aktrisalarındadı. Mədəniyyət və İncəsənət Universitetinin II kursunda təhsil alarkən xalq yazıçısı Elçinin "Ah, Paris, Paris" komediyasında Gülbəniz rolu ilə ölkənin birinci teatrında debüt edib. Görünür Azər Paşa Nemətov, Gürşad Baxşıyeva kimi müəllimlərin dərsindən səmərəli istifadə etməyi bacarıb. Teatrın truppasına qəbul olunduğu gündən müxtəlif rollarda oynayıb. Sənətşünaslar, teatr tənqidçiləri, tamaşaçılar gənc aktrisanın ifasını yüksək qiymətləndiriblər. Mələk (Bəxtiyar Vahabzadə "Özümüzü kəsən qılınc"), Qız (Çingiz Aytmatov "Sokratı anma gecəsi"), Qəndab (İsmayıl Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Şölə (Mirzə Fətəli Axundzadə "Sərgüzəşti-vəziri-xani-Lənkəran") onun uğurlu rollarından sayılır. Gənc aktrisa kinorejissorların da diqqətini cəlb edib. "Üç qız", "Kuklalar" bədii filmlərinə, televiziya tamaşalarına, teleseriallara çəkilib.
   
   Ötən teatr mövsümünün sonunda çalışdığı kollektivi Moskvada təşkil olunan Yay Teatr Məktəbində təmsil edib. Rusiya paytaxtında olarkən Aleksandr Kalyagin, Adolof Şapiro, İqor Lısov, Sergey Yenovaç, Konstantin Boqomolov kimi görkəmli sənətkarlardan ustad dərsləri alıb.
   
   
   
   - Şəlalə xanım, artıq növbəti teatr mövsümünə start verilib. Yeni mövsümdə tamaşaçılarla görüşməyə fürsət tapmısan. Amma mən istərdim söhbətə bir neçə ay əvvəl iştirak etdiyin Yay Teatr Məktəbi haqqında təəssüratlarınla başlayaq. Moskva kimi teatral mühitə düşmək, görkəmli sənətkarlardan ustad dərsləri almaq hər kəsə nəsib olmur...
   
   - Rusiya Teatr Xadimləri İttifaqının peşəkar aktyorlar üçün təşkil etdiyi Beynəlxalq Yay Teatr Məktəbinə bu il 30-dan çox ölkənin 85 gənc, aktyor və aktrisası dəvət olunmuşdu. Təkcə MDB ölkələri deyil, İngiltərə, Almaniya, Yunanıstan, Macarıstan, Bolqarıstan kimi dövlətlər də Yay Teatr Məktəbinə təmsilçilərini göndərmişdilər. Müəyyən müddət keçməsinə baxmayaraq hələ də Yay Teatr Məktəbində gördüklərimin təsiri altındayam. Bir ay ərzində çox böyük məktəb keçdim. Aleksandr Kalyagin kimi görkəmli aktyorun ustad dərslərinə qatılır, İqor Lısovun hazırladığı pyesi məşq edir, tamaşalar oynayırdım. Gün ərzində 15-16 saat çalışırdım. Amma heç bir yorğunluq hiss etmirdim. Çünki yalnız yaradıcılıq barədə düşünür, həvalə olunan obrazların ovqatına köklənirdim. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova minnətdaram ki, Yat Teatr Məktəbində iştirak etməkdə mənə şərait yaratdı.
   
   - Biz həmişə rus teatr məktəbindən öyrənmişik. Bu gün onlardan öyrənməli nə var?
   
   - Həmişə olduğu kimi çox şey. Bu gün Rusiyada ənənəvi Stanislavski nəzəriyyəsi öz yerini Mixail Çexov metodikasına verir. Tamaşaları aktyorun texnikası üzərində qururlar. Rejissorların aktyorla iş prosesi də fərqlidi. Dünyada artıq qəbul olunan və uğur qazanan metodları özlərində tətbiq etməyə çalışırlar.
   
   Bu gün Azərbaycan teatrı təkcə Rusiyada deyil, dünya səhnələrində gedən prosesləri öyrənməyə cəhd göstərir. Akademik Milli Dram Teatrı da qabaqcıl teatr məktəblərinin təcrübəsini öyrənməyə və tətbiq etməyə üstünlük verir. Biz gənclərin belə təcrübələri öyrənmək üçün xarici ölkələrə göndərilməsi də məhz buna xidmət edir. Təkcə ayrı-ayrı gənclərin deyil, bütünlükdə teatr sənətinin inkişafı üçün belə layihələrdə iştirak çox önəmlidi.
   
   Yeri gəlmişkən, onu da deyim ki, Moskva Yay Teatr Məktəbində iştirak zamanı bir məsələdə əminliyim daha da artdı. Azərbaycan aktyorluq məktəbi həqiqətən də çox güclüdü. Bu məsələdə Rusiyadan və ya digər ölkələrdən heç də geri qalmırıq. Sadəcə, bu potensialdan düzgün istifadə etmək lazımdı. Bu isə daha çox rejissorlardan asılıdı. Bu gün çalışdığım teatra xarici ölkələrdən rejissorlar dəvət olunur, maraqlı əsərlər səhnəyə qoyulur. Əsas odur ki, yaradıcılıq prosesi gedir. Aktyor da yaradıcı insan kimi belə prosesdə yetişir, inkişaf edir. Aktyor həyatının məğzi elə bu prosesin özüdü. Normal yaradıcı proses olmalıdı ki, aktyor, aktrisa öz yaradıcılıq potensialını aça bilsin. Bunun üçün də əsl rejissor lazımdı. Mən heç özüm bilmirəm ki, potensialım hara qədərdi. Bunu rejissor tapıb üzə çıxarmalıdı.
   
   Şəxsən mən özüm Azər Paşa Nemətov, Vaqif İbrahimoğlu, Bəhram Osmanov, Kamran Şahmərdan kimi rejissorlarla işləmişəm. Təkcə istedadı yox, həm də savadı, aktyorla işləmək bacarığı olan, fikirlərini aktyora çatdırmağı bacaran rejissorla rol üzərində çalışmaq mənə xoş gəlir. Çünki belə rejissorla çalışanda həm öyrənirəm, həm də aktrisa kimi öz işimə daha yaradıcı yanaşıram və məsuliyyətim bir qədər də artır.
   
   - Rejissorlardan söhbət düşmüşkən, klassik əsərə aktiv rejissor müdaxilələrinə necə baxırsan? Belə quruluşlarda rol almaq xoşuna gəlir?
   
   - Sən yəqin ki, Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasına mərhum Vaqif İbrahimoğlunun verdiyi quruluşu nəzərdə tutursan. Düzdü, bir aktrisa kimi mən tamaşada Şölə obrazına görə cavabdehəm. Amma hər bir tamaşada rol alan aktyor bilməlidi ki, rejissor tamaşaya qoyduğu əsərlə nə demək istəyir, fikirlərini tamaşaçıya hansı üsullarla çatdırmağı düşünür, bunu səhnədə reallaşdıran aktyordan nə tələb edir? Tamaşaçıdan birmənalı münasibət gözləmək məncə düzgün deyil. Hər bir tamaşanı bəyənənlər olduğu kimi, bəyənməyənlər də olur və olacaq. Mənim fikrimcə, Vaqif müəllimin sonuncu işi olan bu quruluş uğurlu alınıb və baxılır.
   
   - Moskvada Yay Teatr Məktəbində olarkən gündə 15-16 saat çalışdığını, yalnız yaradıcılıq barədə düşündüyünü qeyd etdin. Bəs burda həmin templə çalışmağa, yaradıcılığa köklənməyə nə mane olur?
   
   - Elə məsələlər var ki, şəxsən mənə mane olur.
   
   - Məsələn...
   
   - Teatrdan 207 manat maaş alıram və tələbə yataqxanasında qalıram. Səncə bu normal həyatdı?
   
   - Mədəniyyət və İncəsənət Universitetinin yataqxanaları qalıb?
   
   - Yox, mən Dillər Universitetinin yataqxanasında yaşayıram. Bu qədər az maaşla və belə ağır məişət şəraitində necə sırf yaradıcılığa köklənim? Bilirəm ki, bu vəziyyəti yaxşılığa doğru dəyişmək teatrımızın imkanları daxilində deyil. Teatr rəhbərliyinin gücü çatsaydı çoxdan problem həll olunmuşdu. Bu problemlərlə məşğul olan digər rəsmi qurumlar var. Onların isə heç nə veclərinə deyil. Şikayət etməyin, ərizə yazmağın onların halını belə dəyişmir. Hərdən hayqırmaq istəyirəm... Həmin adamlar bu maaşla bircə gün yaşaya bilməzlər. Bəs mən bir ay necə dolanmalıyam?
   
   Mən demirəm ki, kimsə mənə ev hədiyyə etsin. Mənə kimsənin minnəti lazım deyil. İmkan yaratsınlar, ipoteka versinlər ki, mən halal zəhmətimlə ev alım. İllər ötür, bəs mən mənzil problemimi nə zaman həll etməliyəm? Bizdə qəribə hal yaranıb, 20 yaşın olanda deyirlər ki, uşaqdı, 35 yaşın keçəndən sonra da artıq gənc sayılmırsan.
   
   Sonra bütün günü gileylənirlər ki, yaradıcı gənclər teatrda işləməyə gəlmirlər. Niyə gəlmirlər ki, gəlirlər. Lakin vəziyyəti görüb gedirlər başqa sahəyə.
   
   - Elə deyəsən sən də getmək istəyirsən...
   
   - Yox, mən heç yana getməyə hazırlaşmıram. Hara getməliyəm? Bu dövlət mənə ali təhsil verib, işlə təmin edib, indi də şərait yaratmalıdı ki, məişət problemlərimi həll edim. Mən axı bu sahədə təsadüfi adam deyiləm. İstedadım var, ali təhsil almışam, səhnədə, kinoda rollar oynamışam. Teatrımıza, mədəniyyətimizə xidmət etmişəm. Bu sənəti seçməklə nə günah eləmişəm ki? İndi gedib hansı sənətdə çalışım? Yenə deyirəm ki, bu sənətdən getmək fikrim yoxdu. Səhnədə yerimi təsadüfi adamlara güzəştə getməyə hazırlaşmıram
   
   - Telekanallarımızın birində sənin də rol aldığın "Qayınana" serialı yayımlanmağa başlayıb. Adətən belə seriallardan ciddi sənət gözlənilmir. Söhbətindən də belə başa düşdüm ki, sırf maddi məsələlər üzündən serialda çəkilməyə razı olmusan...
   
   - Burda qəribə nə var ki? Birincisi, bu mənim sənətimdi, ikincisi də sırf qonorar üzündən seriala çəkilmişəm. Aktyor, aktrisa dolanışıq üzündən reklama da çəkilir, seriala da.
   
   Seriallardan ciddi sənət gözləmək məsələsinə gəlincə, burda bir neçə məqam var.
   
   Bu gün qonşu Rusiyada və Türkiyədə ciddi sənət nümunəsi sayıla bilən seriallar nümayiş etdirilir. Amma ondan ikiqat çox zəif, primitiv seriallar ekrana çıxır. Onlar bu yolu uzun müddətə keçiblər. Bizdə də nə zamansa ciddi sənət nümunəsi sayılan seriallar çəkiləcək. Ola bilməz ki, bu qədər aktyor, rejissor potensialı olan ölkədə yaxşı serial ortaya çıxmasın.
   
   - Bildiyimə görə kinossenari yazırsan. Sirr deyilsə nə filmdi belə?
   
   - "Müəllif filmləri" festivalında göstərilmək üçün qısametrajlı filmin ssenarisidi. Amma hələ bu barədə ətraflı danışmaq istəmirəm. Ona görə yox ki, düşər-düşməzi olar. Sadəcə, hələ ortaya çıxmayan iş barədə danışmaq yaxşı alınmır.
   
   - Onda gəl yeni teatr mövsümündəki işlərin haqqında danışaq.
   
   - Bu barədə də hələ danışmayaq. Çünki hələ ki, ötən mövsümün sonunda hazırlanan tamaşalarda səhnəyə çıxıram. Repertuardakı yeni tamaşaların rol bölgüsü aparılmayıb. Yeni rollar gözləyirəm. Mənim üçün fərqi qoxdu, kiçik rol olacaq, yoxsa böyük. Onsuz da dünyada bütün pullar bir adama qismət olmadığı kimi, bütün ən yaxşı rolları da bir aktyor oynaya bilməz.


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK