hacklink Adalet.az | ALTAY BİLİK Adalet.az | ALTAY BİLİK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ALTAY BİLİK

22347    |   2011-09-10 06:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Türk milləti babalarını tanıdıqca daha böyük işlər görmək üçün özündə qüdrət tapacaqdır.
   
   Atatürk"
   
   
   
   Yeri nurla dolsun, Atatürk, Türk tarixinin yetirdiyi əvəzsiz liderlərdən və komandirlərdən biridir.
   
   Atatürkün yuxarıdakı sözlərini yazımın ilkin pilləsinə yerləşdirməyimin səbəbi təzəlikdə yayımlanmış "Nikolay Şodoyevin diliylə Altay bilik" adlı əsərdir. Bunu da G. Ahmətcan Asena hazırlayıb və əsər, İstanbulda fəaliyyət göstərən "PAN" nəşriyyatın imzasını daşıyır. Mənim sahəmlə bağlı olduğundan əsəri böyük diqqətlə oxudum və Dağlıq Altayda yaşayan, Tanrıçılıq inamına mənsub bacı-qardaşlarımızın inamları, dəyər verdikləri şeylərin nələr olduğunu öyrəndim. Bunlarla, doğulub boya-başa çatdığım İğdır vilayətinin Dizə kəndində bugün də yaşayan dəyərlər və Azərbaycan mədəniyyət dairəsində mifoloji çağlardan üzübəri süzülə-süzülə, cilalana-cilalana gələn inam motivlərini müqayisə etmək imkanını tapdım.
   
   Öncəliklə G. Ahmətcan Asenaya səmimi qəlbdən təşəkkürlərimi bildirirəm; səbəbi də budur ki, mədəniyyətimiz üçün həddən artıq önəmli bir əsərin Türkiyə ictimaiyyətinə çatdırılması üçün böyük əmək verib, əziyyət çəkib. Daha əvvəlcə də özünün səyahət xatirələriylə bəzədiyi Çin-Şərqi Türküstan, J. M. De Qrootun, Şi-Ci və digər Çin salnamələrində Türklərlə bağlı hissələri Alman dilinə tərcümə edərək hazırladığı və çap etdirdiyi əsərinin əlavələrlə tərcüməsini və Annemarie Schimmelin "Xallac" adlı dəyərli əsərini alman dilindən tərcümə edərək mədəniyyətimizə qazandırmışdı. Bəli, bizlər milli mədəniyyətimizə məxsus və xəzinələrdən də qiymətli olan bu cür əsərləri oxuduqca ulu keçmişimizlə bu günümüz arasında nə cür sınmaz, sındırılmaz, sındırıla bilməz əlaqələrin olduğunun fərqinə varır və nə qədər böyük bir millət olduğumuzu daha yaxşı dərk edirik.
   
   Dostum G. Ahmətcan Asena, Nikolay Şodoyevin rus dilində yayımlanan əsərinin alman dilinə tərcüməsini oxuduğunu və Şodoyevlə əlaqə saxlayaraq Dağlıq Altaya getmək istədiyini, bu barədə özünə kömək olmağımı xahiş elədi. Mən də qədim dostum Əli Şamilə vəziyyəti danışdım və Dağlıq Altayda yaşayan dəyərli alim dostumuz Nadia Tıdıqova ilə əlaqə saxladıq. Dostumuzun ora gedərək istədiyi fəaliyyətləri arxayın şəklidə yeritməsi üçün hörmətli Tıdıqovanın yardımçı olmasını təmin etdik.
   
   Nikolay Şodoyev, "Altay sadəcə olaraq bir coğrafiyadan ibarət deyildir, o bir ruhdur. Altay, Türk xalqlarının çıxış nöqtəsi, onların müqəddəs ana qucağı, yerüzünü kosmosla əlaqələndirən göbək bağıdır" deyir. Şodoyev haqlıdır; çünki üstündə yaşadığın torpaq sənin vətənindirsə, onun dağları, çayları, gölləri, meşəlikləri, havası bir sözlə, hər şeyi sənin üçün müqəddəsdir. Biz türklərin vətənlə bağlı anlayışımız belədir. Ona elə-belə "ana vətən, doğma vətən" deməmişik!..
   
   2005-ci ildə üstündə uzun illər boyu çalışaraq "Azərbaycan türkcəsi deyimlər sözlüyü" adlı əsərimi çap etdirdim. AMEA Folklor İnstitutunda yeritdiyim doktorantura təhsilimdə isə "deyimlərimizdə mifoloji və tarixi elementlərin əksi" adlı dissertasiya işini götürdüm. Dissertasiya işimlə bağlı fəaliyyətlərimi yeridərkən Azərbaycan türkcəsində xalqımızın qan yaddaşında həkk olunmuş mifoloji xarakterli deyimlərin daşıdığı mifik anlamları, yüz əllidən artıq elmi əsərlər üstündə araşdırma apararaq, onların məna çalarlarını açmağa, yozumlamağa çalışdım. Bu yolda uğurlu oldummu, olmadımmı bilmirəm, ona dissertasiyamı oxuyan və qiymətləndirən mütəxəssis alimlərimiz qiymət verəcəkdir. Nə Azərbaycanda, nə də Türkiyədə bu sahədə indiyə kimi hər hansı bir iş görülmədiyindən çətinlik çəksəm də bu sahədə sadəcə olaraq bir iz açmağa nail olduğumu deyə bilərəm. "Altay Biliki" böyük bir diqqətlə oxuduğumda üstündə iş apardığım dissertasiya mövzumla bağlı maraqlı detallarla üzləşdim və onları da zərrabin dəqiqliyi ilə yığdım. İnşallah, dissertasiyamı daha fundamental bir əsər halına gətirib çap etdirdiyimdə həmin detallardan da istifadə edəcəyəm. Bunu da deyim ki, neçə vaxtdır bu əsərimi hazırlamaq üçün gecəli-gündüzlü işləyirəm, inşallah Tanrı ürəyim istəyən daha bir əsərimi ərsəyə gətirməyimi mənə qismət edər.
   
   Nikolay Şodoyev həm Altay mədəniyyət dairəsində yetişdiyindən, həm də Altaydakı inam sistemini gözəl bilən bir alim olmasından asılı "Altay Bilik"də, Altay türklərinin tanrı, iyələr, göy, yer, yeraltı, işıq, ay, günəş, atəş, ocaq, ev, şərq, qərb, ağ, qara, ölüm və əlavə bir yığın mövzuda önəmli məlumatlar təqdim edir. Həmin məlumatlardan çıxış edərək Altay türklərinin inamları, mənəvi dəyərləri ilə Azərbaycan türkcəsində işlədilən mifoloji xarakterli deyimlər arasında həddən artıq böyük oxşarlıqlar olduğunu açıq şəkildə deyə bilərəm. Yazılarımda daim, ulu babalarımızın hələ islam dini gəlməzdən minlərlə il qabaq onların islam dininin qayda-qanunlarını həyata keçirdiklərini, islamın tələb etdiyi insan tipinə uyğun yaşadıqlarını, türklərin bu səbəblə tanrının yer üzündəki əsgərləri, ordusu olduğunu vurğulamışam, vurğulayıram və daimi olaraq da vurğulayacağam. Bu mövzudakı fikrimi və tezisimi də tayı-bərabəri olmayan möhtəşəm dilimizdə hələ də yaşayan deyimlər və ata sözləriylə təsdiqləyirəm. Azərbaycan türkcəsində işlədilən mifoloji xarakterli bir neçə deyim ilə, "Altay Bilik"də əksini tapan və göytanrı, tanrıçılıq inamını hələ da davam etdirən Altay bölgəsində yaşayan soydaşlarımızla Azərbaycan arasındakı paralelliyə toxunmaq istəyirəm.
   
   Altay inamına görə, yeri kosmosa bağlayan göbək bağı Altay dağlarıdır, yəni göyün göbək bağı vardır. Azərbaycanda "göy göbəyini yerə dayasa da" anlamında bir ifadə vardır və bu ifadədə, görülən iş, deyilən söz, görülməsi istənən hər nə isə onunla qəti şəkildə razılaşılmadığı, ona uyulmadığı və uyulmayacağı mənası hakimdir. Bu ifadədə kəskin bir qarşı çıxış, necə deyərlər, sanki bir üsyan havasında bir qarşıqoyma vardır. Həm öz kəndimiz Dizədə, həm də Azərbaycanda çənli-çiskinli havalar üçün "göy göbəyini yerə dayayıb", insanı çil cücəsinə döndərən şıdırğı yağan yağışlar üçün "göyün qarnı cırılıb", "elə yağış yağır ki, tut ucundan çıx göyə", Anadoluda isə "sicim gibi yağmur yağıyor" ifadələri işlədilir. Bu ifadələr də yerlə göy arasında bir göbək bağının, bir əlaqənin olduğunu vurğulayır və Nikolay Şodoyevin söylədikləri ilə üst-üstə düşür.
   
   Altay evləri altı künclüdür, pəncərələri üstdəndir və qapıları gündoğan tərəfə baxır. Altaylılar dua etdikləri vaxt üzlərini ya gündoğana, ya da müqəddəs qəbul etdikləri dağa yönələrək edirlər. Mərhum atam namaz qurtardıqda və onu tapşırdıqdan sonra ayağa durar, sağ şəhadət barmağını doğruldub bir az da döş hizasında tutaraq irəli uzadar öncə gündoğana, sonra da qibləyə, yəni güneyə dönərək Allahın, Peyğəmbərin, imamların adını çəkib dua oxuyub salam verərdi. Həmin salamı, kəndimizdəki bütün ağsaqqal kişilərin məçiddə və ya evlərində verdiklərinin dəfələrlə şahidi olmuşam. Azərbaycan coğrafiyasının hər tərəfində eynilə Altay evləri kimi üstdən pəncərəli çadır tipli ev memarisi olub və bunun nümunələri bu gün belə yaşayır. Bizim evimiz möhrədən tikilmişdi və bu cürdü, yəni üstdən pəncərəli idi. Pəncərənin düz altında da təndir vardı. Mərənd və Salmas bölgəsində də bu tipli evlərin varlığını Güney Azərbaycanlı tələbələrdən xəbər aldım hətta birinin fotosunu belə çəkib mənə gətirdilər. Bu evlərin bacasının üstdən olması, Altaydakı altı künclü, üstdən bacalı evlərlə eynilik yaradır. Bu baca həm evdə yanan ocağın və ya təndirin tüstüsünü eşiyə buraxma yolu, həm də Tanrı ilə ünsiyyət vasitəsidir. Azərbaycanda ölənlər üçün "ruhu bacadan uçdu" ifadəsi işlədilir ki, bu da həmin anlayışla bağlıdır.
   
   Altay inamına görə mifoloji çağlarda Altay bölgəsi Cımar (müsbət güc) və Umar (mənfi güc) adıyla anılırmış, burada yaşayan insanlara da Sartakbaylar deyilirmiş. Sartakbaylar isə həddən artıq iri bədənə malik imiş, yəni div yaradılışlıymış. Divlərlə bağlı anlayış Türk xalqlarının hamısının nağıllarında bu gün də mövcuddur, canlı dilimizdə hələ də yaşayır.
   
   Bir Altay əfsanəsinə görə Ülgən yer üzündəki həyatı altı gündə yaradıb. "Qurani-Kərim"in Furqan surəsinin 59-cu ayəsində də Tanrı yerlə göyü və ikisi arasındakıları altı gündə yaratdığını bildirir. Bu oxşarlıq təsadüfidirmi?
   
   Altay inamına görə hər şeyin bir ruhu vardır, yəni canlıdır. Azərbaycanda da yaşlı ərənlərə, onların bilik və hissi yönlərinin həddən artıq güclü olduğunu ifadə etmək üçün, "hər şeyin, otun, suyun dilini biləndir" sözləri işlədilir.
   
   Altay inamına görə, müsbət energiylə yüklü yüksək dağlar, təpələr, ağaclar müqəddəs sayılır. Bu ağaclara "calama və ya kıyra" dedikləri müxtəlif rəngli parçalardan kəsilmiş ya da cırılmış lentləri bağlayırlar. Azərbaycanda da, Anadoluda da, Türk dünyasının hər bir küncündə də müqəddəs sayılan ağacların budaqlarına o cür parçalar bağlayırlar. Onu bağlayanlar diləklərinin, arzularının yerinə yetməsini, nəzirlərinin qəbul olunmasını ulu Tanrıdan niyaz edirlər. Bu parçalar bir növ qurbandır və ulu ağaclar vasitəsiylə bu nəzirlərin ruhunun Tanrıya çatdırılması üçün həmin ağacların budaqlarına bağlanır. Ağaclar burada bir növ Tanrı ilə ünsiyyət vasitəsinə çevrilir.
   
   Azərbaycan coğrafiyasının hər yerində "bu dağın ucalığı haqqı" şəklində and içilir. Altay inamına görə dağlara, sulara, müəyyən məkanlara böyük hörmət göstərilir, onlara qəti şəkildə hörmətsizlik edilməz. Azərbaycanda da axarsular çirkləndirilməz, insanlar çaylara və üzünü dağa dönərək siyməzlər. Bu barədə atamdan və anamdan dəfələrlə öyüd eşitmişəm.
   
   Altay inamına görə insanın ruhuna girən "qara nəmələr" narahatçılıq yaradırlar. Onları bədəndən çıxarmaq üçün də "yarlıqçı" dedikləri və fərqli aləmlərlə əlaqə yarada bilmə istedadına malik kəslər, yəni qam və ya şamanlar "alaslama" dedikləri mərasimdə ardıc ağacını yandırıb onun tüstüsü və alovu ilə ziyanlı ruhu insanın bədənindən kənarlaşdırırlar. Azərbaycanda da istənilən birini nəzərdən və kəm gözlərdən, qada-baladan qorumaq üçün yandırılan üzərlik həmin məqsədə xidmət edir.
   
   Altay inamına görə "ağ" yaxşılığın, təmizliyin, "qara" isə pisliyin, çirkliliyin simvoludur. Azərbaycanda "üzün ağ olsun, üzün qara olsun" şəklindəki alqış və qarğışlar bu gün də xalqın dilindədir və həmin anlayışı təmsil edirlər.
   
   Altay inamına görə, Altayın iyəsi, ağsaqqallı, ağ libaslı, ağ ata minmiş ulu bir şəxsdir, müqəddəs suların iyəsi isə bir qızdır. Azərbaycanda da Xızır Peyğəmbər ağ ata minmiş, ağ libaslar geyinmiş şəkildə təsəvvür edilir ki, Xızır Peyğəmbər motivi, biz İslam dinini qəbul etdikdən sonra, mifoloji inamımıza görə elimizin-obamızın və xalqımızın yiyəsi olan o ulu şəxsin yerini tutmuş və bu rola büründürülmüşdür. Azərbaycanda da axarsuların iyəsi, qoruyucusu su pərisidir, bu səbəblə axarsular çirkləndirilməz, onlara hörmətsizlik edilməz.
   
   Sovetlər Birliyinin dağılmasından sonra Türk dünyasında mədəniyyət alanında böyük dəyişiklik yaranmağa başladı. Bu dəyişikliyi yaradan, əzəli və əbədi birliyimizi sübut edən əsərlərin yayımlanması, bunlar vasitəsiylə bir-birimizə olan yaxınlığımızın fərqinə varmamızdır. Bu cür əsərlərin yayımlanması və oxunması ilə Türk dünyasındakı xalqlar bir-birini daha yaxşı tanıyacaq və bu tanıma da bizim milli şüurumuzun inkişafında və möhkəmlənməsində əvəzsiz rol oynayacaqdır. Xüsusilə dil və tarix sahəsində aparılacaq işlər gələcəkdəki gücümüzün birləşməsində, qüdrətlənməsində və xalqımızın əmin-amanlıq mühitində xoşbəxt, asudə, firavan və hər cürə təhlükədən uzaq yaşamasında önəmli rol oynayacaqdır. Ulu tanrı bu yolda işləyənlərin dadına çatsın.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK