ANA SƏHİFƏ / YAZARLAR

ƏDƏBİ HƏYAT

HƏR GÖRÜŞ BİR ÜMİDDİRSƏ...

12846    |   2011-08-08 11:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı ilə üz-üzə, göz-gözəyəm. Kitabın adı "Hər görüş bir ümiddi". Tənqidçi həmkarım, professor Nizami Cəfərov yaxşı bir ön söz yazıb. Deyir ki: "Onun yaradıcılığında həm özünəməxsusluq var, həm də bu özünəməxsusluqda bir xarakter var. Əbülfət özünəməxsusluğu tipologiyası olan, xarakteri olan özünəməxsusluqdu... Demək olar ki, onun elə bir şeirini təsəvvür etmək mümkün deyil ki, orada kifayət qədər dərin, zəngin bir ağrı ilə rastlaşmayasan, yəni onun şeirlərinin hamısında bu dərin ağrı bir ana xətt kimi gəlib-keçir. Hətta onun leksikonu da belədir. Yüzlərlə ağrı-acı ifadə edən sözlər, ifadələr, poetizmlər var onun şeirlərində".
   
   Çox doğru, dəqiq müşahidələrdən sonra mənə qalır Əbülfət Mədətoğlunun şeirlərinə öz münasibətim və həmin kitabdakı şeirlərdən aldığım təəssüratları ifadə eləmək.
   
   Ən əvvəl onu deyim ki, Əbülfətin lirik qəhrəmanı onun özüdür. Yəni öz şeirlərinin qəhrəmanıdır o. Amma o şeirlərdə biz özümüzü də görə bilirik, öz hiss və duyğularımızla Əbülfətin hiss və duyğuları arasında doğmalığı duyuruq.
   
   
   
   arxada günlər qaldı-
   
   ömrümdən qopan günlər.
   
   arxada günlər qaldı-
   
   ömrümə hopan günlər...
   
   
   
   mən zaman qanadında
   
   dağ aşdım, dərə keçdim.
   
   deyim, qalsın yadında-
   
   yolu bir kərə seçdim.
   
   
   
   təpki gördüm,
   
   qan gördüm,
   
   hərdənbir də təbəssüm.
   
   evimi viran gördüm-
   
   bərpasına tələsdim.
   
   
   
   əyilmədən, sınmadan
   
   budandım için-için...
   
   Allah heç nə ummadan
   
   Ömür verib mənimçün.
   
   
   
   Bu şeiri Əbülfətin mənəvi tərcümeyi-halı sanmaq olar. Şeirdə mənim xoşlamadığım "bərpa" sözü də yerinə düşür.
   
   Əbülfətin şeirlərində onun ŞAİR obrazı birinci plandadır. Bu günün şairinin obrazı. Yaşadığı ölkədə Qarabağ dərdi olan, qaçqın-köçkün-didərgin kimi dərdli sözlərin acı-ağrısına dözən Əbülfətin şeirlərində sıxıntılar, nisgillər olması təbiidir. Amma sızıltı, vay-şivən, ağlaşma yoxdu. Məncə, DƏRDİN şairi olmaq və dərdin poeziyasını yaratmaq hünərdir. Əbülfət deyir ki:
   
   
   
   mən min ildi tanıyıram
   
   üzümə üz tutan dərdi.
   
   əzizləyə-əzizləyə
   
   ömrümdən gün udan dərdi...
   
   
   
   gül sanıram, vaxtsız solan
   
   didə yeri şehlə dolan.
   
   gözümdə gah mələk olan,
   
   gah da aranqutan dərdi!
   
   
   
   vaxt şah edib üzsüz şoru
   
   çatlayır səbrimin goru.
   
   ay Əbülfət, çalış, qoru-
   
   alın yazın-butan dərdi!
   
   
   
   Sizi inandırmaq istəmirəm, buna ehtiyac yox! Mənim fikrimcə, bu, Əbülfətin o kitabda ən gözəl şeirldərinin bəlkə də birincisidir. Şeirdə Dərdin obrazı yaradılıb.
   
   Bir insanın və neçə bu taleli insanların Dərdi tüstülənir bu şeirdə. Həm də şeir öz mükəmməlliyilə diqqəti cəlb edir. "Didə yeri şehlə dolan"-gözəl misradır. Artıq dilimizdə çox az işlənən bir sözün misrada işlənməsi yerinə düşür. "Aranqutan" sözünü şeirdə işlətməzlər, amma burda o söz öz yerini tapıb. "Alın yazısı" ilə "buta" mənaca bir-birinə yaxın sözlərdir, bir yerdə işlənəndə isə iki sözün vəhdəti, doğmalığı yaranır. Əbülfətin dərdli şeirlərini sıralayıb oxuyunca o dərdlər sənə də sirayət edir, amma bunlar pessimizm doğuran, səni kədər burulğanına, qəm seylabına itələyən dərdlər deyil. Bu, sevimli dərddir, səninlə yaşayır, səninlə yol addımlayır, gecə səninlə yatır, gündüz səninlə oyanır.
   
   
   
   dərd adamı darda qoymur
   
   çəkib çıxarır özündən.
   
   yaxanı tanıt, ünvanı
   
   baxıb, oxusun üzündən.
   
   
   
   seçib ayırsın ikiyə
   
   göstərsin ağı, qaranı.
   
   kim sağaldıb bu günədək
   
   dərdin vurduğu yaranı?
   
   
   
   bir üzü var, bir sifəti,
   
   dərd olduğun
   
   danmır ki, dərd.
   
   hərdən sıxın Əbülfəti
   
   görün, ondan
   
   dammır ki, dərd.
   
   
   
   Əbülfətin çoxlu sərbəst şeirləri var. Onların içində sərbəst şeirin yaxşı nümunələrinə rast gəlmək olar. Amma mən Əbülfətin hecalı şeirlərini daha çox xoşlayıram. Bu şeirlərdə Əbülfət öz fikir və duyğularını, hiss və həyəcanları daha poetik və sanballı şəkildə ifadə edə bilir. Hətta elə gəraylısına təsadüf edirik ki, bizə ustadların gəraylılarını xatırladır. Bir nümunə:
   
   
   
   üz tutub biz, gedək hara,
   
   üzümüzə baxan olsun?
   
   əyrimiz dursun bir yana,
   
   düzümüzə baxan olsun.
   
   
   
   addımbaşı küy və kələk
   
   görünüşdə huri-mələk.
   
   mənə gün verməyən fələk-
   
   bir əlin, bir yaxan olsun.
   
   
   
   gözüm gözünə göz vursun
   
   işığından tonqal qursun.
   
   duyğum nə bir yerdə dursun,
   
   nə səlləmi axan olsun.
   
   göyə bülənd ünüm-ahım
   
   bax halıma, gül, sabahım
   
   bu məhəbbət mənim şahım-
   
   qoy sənin də ağan olsun.
   
   
   
   Mən də N.Cəfərov kimi o fikirdəyəm ki, Əbülfət çox səmimi şairdir və bəzən bu səmimiyyət sadəlövhlüyə qədər gedib çıxır. O, içindən nə keçirsə, hansı duyğularla yaşayırsa, onu oxucusundan gizlətmir.
   
   Əbülfətin bu kitabda çoxlu sevgi şeirləri var. Bu şeirlər də öz səmimiyyətiynən seçilir. Sevgidə səmimi olmaq aşiqliyin ilkin şərtlərindəndir. Poeziyada isə sevgi ikiqat səmimiyyət tələb edir. Çünki sən təkcə sevdiyini yox, oxucunu da bu sevgiyə inandırmalısan.Həm də sevgiyə layiq sözlərlə, yəni uğurlu təşbehlər, metaforalar, füzuliyanə deyim tərzi ilə. Sevgi haqqında sadəcə söhbət eləmək, nəyisə aydınlaşdırmaq olmaz, sevgidən qəlbin bütün titrəyişləri ilə söz açmalısan. İndi gəlin, bir sevginin izinə düşək:
   
   
   
   sən hardasan,
   
   ay bu odun sahibi,
   
   od qorranır,
   
   üstünüsə kül alır.
   
   ürək hər gün
   
   görüşünü uydurub
   
   xəyalında çiçək seçir,
   
   gül alır.
   
   nağılların,
   
   xəyalların qoynunda
   
   xoş sonluğa,
   
   çin yuxuya əsirəm.
   
   qollarını hiss etdikcə
   
   boynumda
   
   bu anlarçün
   
   öz ömrümdən kəsirəm.
   
   
   
   ürəyimi göndərməyə
   
   güc çatmır
   
   səni axı inandırım
   
   mən necə?
   
   ruhum, canım
   
   nə dincəlmir, nə yatmır,
   
   kirpiyimdən asılaram
   
   bu gecə.
   
   
   
   ... sən hardasan,
   
   ay bu odun sahibi,
   
   gəl, xışmala
   
   ürəyimin külünü,
   
   barmaqların arasından
   
   qan damsın-
   
   düşündükcə,
   
   ürəyimin gününü.
   
   
   
   Çox təbiidir və bu şeir yaşanılan hisslərin, duyğuların inikasıdır.
   
   Neçə il öncə Əbülfətin bəzi şeirlərində dil qüsurlarını özünə demişdim, indi görürəm ki, bunların sayı çox azalıb. O, təmiz, şəffaf dildə yazır, xalqdan gələn idiomatik ifadələri, deyimləri çox incəliklə şeirlərinə alır. Amma mənə ən çox xoş gələn odur ki, Ə.Mədətoğlu bədii təsvir vasitələri ilə işləyir, fikrinin bədii sanbalına nail olmaq üçün mübaliğə, təşbeh, metafora və s. bədii təsvir vasitələrinə üz tutur. Onun şeirlərində səhərin yuxulu gözlərindən tökülən xəbər sanki soyuq su idi, onun yaddaşında bir-birinin qanına bulaşmış xatirələr çözülür. Görürəm ki, Xocalıdan qaçqın düşən yurddaşlarımızın hüznündə olduğu kimi toyunda da ortada havalı gəzir Xocalı adlı şəhər. Belə obrazlı ifadələr onun şeirlərində bir deyil, iki deyil. Elə şeir var ki, o şeir özü başdan-ayağa metaforik düşüncənin mücəssəməsinə çevrilir:
   
   
   
   əsəbi halda
   
   aşağıdan yuxarı
   
   doğradıqca budaqları
   
   ağacdan
   
   necə düşəcəyimi
   
   unutdum.
   
   
   
   "Əsəbi halda yazılan şeir" belə başlayır. Və ardınca o misralar gəlir ki, lirik qəhrəman əsəbi halda yuxarıdan aşağı sinəsinə çəkilən dağları o qızın dediyi sözlərin odunda, kirpiyinin ucunda parıldayan damlaları qurudur. Bəs sonra? Sonra əsəbi halda dostların yaddaşında yağa bilməyən bir parça bulud kimi dağa, daşa çırpılır ki, sıxıb özünü qurutsun.
   
   Mən Əbülfətin yeni şeirlər kitabını onun yaradıcılığında irəliyə doğru bir dönüş hesab edirəm. Belə düşünürəm ki, Ə.Mədətoğlu ömrünün əllisindən altmışına doğru gedən yolda ŞAİR adını həmişə uca tutacaq..


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK