ANA SƏHİFƏ / YAZARLAR

Flora Kərimovanın özü və səsi

Söz bayramından səs bayramına qədər

19533    |   2011-07-23 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünənki bayramımızdan yazmaq istəyirdim. Jurnalistlərin peşə bayramı sayılan Milli Mətbuat günü həm də elə sözün bayramıdı. Amma peşə bayramımız demək olar ki, qeyd olunmadı. Yazılan və yazılmayan qaydalara görə Milli Mətbuat günü ancaq yuvarlaq rəqəm olanda qeyd edilir. Ötən il "Əkinçi"nin 135-ci ildönümü olduğundan bayram tədbirlərinin biri bitməmiş o biri başlayırdı. Növbəti dəfə təbrik bolluğuna Milli Mətbuatın 140-cı ildönümündə düşəcəyik.
   
   Maraqlıdı, suyumuzun verilməsinə, dadına-duzuna cavabdeh olanların, hər gün hava haqqında məlumat verənlərin peşə bayramları hər il çal-çağırla qeyd olunur, jurnalistlərə isə hər 5 ildən bir sevinməyi məsləhət görürlər. Görünür bu cəmiyyətdə qəzet hələ su və hava qədər lazımlı deyil...
   
   Nə isə, söz bayramından yazmaq alınmadı. Lakin səs bayramından yazmaq vacibdi. Elə səsin özü qədər. Bu gün Flora Kərimovanın doğum günüdü. Səsə bayram keçirmək üçün bundan yaxşı bəhanə? Özü də dağ boyda yubiley rəqəmi ortadadı. Bu dağ həm də məğrurluq, müdriklik əlamətidi. Dağ varsa, deməli zirvə də var.
   
   Yazılan və yazılmayan qaydalara görə yubilyarın yaşını qeyd eləmirəm. Heç rəsmi titulunu da yazmıram. Fəxri adlar, titullar nə vaxtsa unudula bilər. Amma Flora Kərimovanın səsi yer üzündə sonuncu insan qalana qədər yaşayacaq. Bulağın, dəniz ləpələrinin, küləyin, yağışın, quşun səsi gəldikcə Flora xanımın səsi unudulmayacaq.
   
   "Bakı, sabahın xeyir", "Qayıt", "Xumar baxışlar", "Qurban adına", "Bağışla", "Sən uzaq, yaşıl ada", "Yaşıdım qızlar", "Bu qatar", "Arzular", "Saçlarına gül düzüm", "Dalğalar", "Gecə yaman uzundur", "Göylər məni çağırır"... Siyahını uzatmaq da olar, bu mahnılardan yalnız birinin adını yazmaq da. Onsuz da heç nə dəyişən deyil. Flora Kərimova bu və adını yazmadığım mahnıları təkcə oxumayıb, onlara Tanrının izni ilə ömür verib. Həmin mahnıların üzü-gözü, əli-ayağı, ürəyi var, oturuşlarını-duruşlarını bilirlər. Neçə illərdi ki, gəzirlər özləri üçün. Tanrı bu mahnıların ömrünə qıymaq istəmir.
   
   Flora xanımın özünü də bu mahnıların gözünə qatıb qoruyur. Qovğadan, qadağadan, məhkəmə çəkişmələrindən qalib ayrılmağa yardımçı olur.
   
   Çək-çevirdən, məhkəmədən söhbət düşmüşkən, 2009-cu ilin payız günlərinin birində Flora Kərimovanı "Ədalət"in redaksiyasına dəvət etmişdim. Baş redaktor İradə xanımın kabinetində oturub söhbətləşir, növbəti müsahibənin konturlarını cızırdım. Mənə qarşı olan xoş münasibətindən istifadə edib Flora xanımı danlamaq istədim. İnandırıcı olsun deyə xalqın adından da danışdım. Dedim ki, Flora xanım, xalq sizin səsinizi məhkəmə salonlarında yox, efirdə eşitmək istəyir. Onda Flora Kərimova ağıllı cavabları ilə mənə əməlli-başlı toy tutdu: "Bir var şəxsiyyət Flora Kərimova, bir var səs Flora Kərimova, bir də var vətəndaş Flora Kərimova. Bunlar artıq bir-birindən ayrıdırlar. Amma hansısa bir şəraitdə bunlar bütövləşirlər. Deyilənlərə, söylənilən böhtanlara əhəmiyyət verməməyə ixtiyarım yoxdu. İnsan üçün şərəfdən uca nəsə ola bilərmi? Bu yaşımda susmağa haqqım yoxdu. Deyilənlərə cavab verməsəm, cəmiyyət üçün pis nümunə ola bilərəm. Eybi yox, hansısa mərhələdə qoy uduzum, ancaq cəmiyyət mənim səsimi eşitməlidi. Əgər eşitmək istəmirsə, bu artıq mənim yox, cəmiyyətin problemidi. Flora Kərimovaya qarşı kimlərsə mənəvi terror aparır, bəs cəmiyyət niyə reaksiya vermir? İnsanlar yaxınlaşıb deyirlər ki, belələrinə cavab vermə. Sabah həmin insanların ailəsi, qızı haqqında belə danışsalar, görən onlar susarmı? Özlərinə rəva görmədiklərini mənə niyə rəva görürlər?"
   
   Flora xanımın bu məntiqli cavabından sonra daha heç vaxt onunla bu mövzuda söhbət etmirəm. Düz sözə nə deyəsən? Düz səsə nə deyəsən? Yaxşısı budur ki, səs bayramından-Flora xanımın yubileyindən danışaq. Burda da gözüm qorxub. Çox tərif yazsam, hirslənəcək. Bilirəm ki, tərifdən xoşu gəlmir. Özü demişkən, tərifdən 14 yaşı olanda iyrənib: "Həmi vaxt artıq peşəkar səhnədə idim. Konsertdə indi həyatda olmayan xanəndə xanımlarımızdan biri mahnı oxuyurdu. Səhnə arxasındakı müğənnilər onun oxumasına dodaq büzür, qadına lağ edirdilər. Lakin xanəndə xanım çıxışını başa vurub səhnənin arxasına keçən kimi həmin kişilər onu tərifləməyə, təbrik etməyə başladılar. Bu mənzərəni görən gündən tərifdən iyrəndim".
   
   Tərif məsələsini çox uzatmayıb hamımızı səs bayramı, Flora Kərimovanı isə yubileyi münasibətilə təbrik edirəm. Flora xanım, səsiniz, mahnılarınızın ömrü və pərəstişkarlarınızın sevgisi qədər yaşayın!


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK