ARXAYA BAXANDA...

FAİQ QİSMƏTOĞLU
30983 | 2015-05-15 08:44
İnsan ömrü bir su kimidir. Bir gün gəlir və bir gün də çəkilib gedir. Dünyada iz qoyanlar və öz sözünü deyənlər həmişə ürəklərdə və yaddaşlarda qalırlar. Ancaq boş-boşuna cırcırama kimi gün keçirənlər isə el dili ilə demiş olsaq, papağı günə yandırırlar...
Fəxrəddin Məhəmmədəli oğlu Yusifov isə tamamilə fərqli bir ömür yaşayıb. Ömür-gününü oxumağa, yazmağa və öyrənməyə həsr eləyib. Evlərində atası Məhəmmədəli müəllimdən alman dilini öyrənib. Orta məktəbdə isə bu dilə olan sevgi-istək daha da güclənib.
Fəxrəddin müəllim 1952-ci ilin mart ayında Füzuli rayonunun Böyük Bəhmənli kəndində ziyalı ailəsində dünyaya göz açıb. Kənd uşaqları təkcə məktəbə getmirlər, oxumurlar, onlar həm də əkin-biçin, təsərrüfat işlərində valideynlərə arxa və dayaq olurlar. O da orta məktəbdə "yaxşı" və "əla" qiymətlərlə oxumaqla yanaşı, təsərrüfat işlərinə də ürək yandırır və kömək göstərir.
Günlərin bir günündə də Xarici dillər İnstitutunun alman dili fakültəsinə daxil olub. Atası Məhəmmədəli müəllimin yolunu davam etdirib. O, tələbəlik illərində də valideynlərinə ağır yük olmayıb. Həm əyani yolla təhsil alıb, həm də axşam saatlarında gözətçi işləyib. Məhz bu zəhmətkeşliyi də onu zaman-zaman işıqlı bir yola aparıb.
Ali məktəbi bitirəndən sonra təyinatla Füzuli rayonunun Kərimbəyli kəndində alman dili müəllimi işləyib. 1977-ci ildə isə Böyük Bəhmənli kəndində 8 illik məktəb açılıb və həmin məktəbə köçürülür. Müəllimlik fəaliyyətinə başladığı ilk gündən tələbkarlığı, ciddiliyi ilə seçilir. O, müəllim işləyəndə bu sətirlərin müəllifi BDU-nun jurnalistika fakültəsində təhsil alırdı. Elə oldu ki, bir dəfə bizə alman dilindən kurs işi verdilər. Və mən də kənddə olduğumdan Fəxrəddin müəllimlə məsləhətləşdim və kurs işini yazıb alman dili müəllimimiz, professor Həsən Əliyevə təqdim elədim. O da kurs işini oxuyub "əla" qiymət yazdı və sonra da dedi ki, sənə kimsə yaxşı məsləhət verib. Yoxsa hər tələbə kurs işini bu səviyyədə yaza bilməzdi.
Sözümün canı ondan ibarətdir ki, Fəxrəddin müəllim bir ziyalı, bir müəllim kimi həmişə öz şagirdlərinin başına pərvanə kimi dolanıb. Əlbəttə, alman dilini öyrənmək və onu başqalarına öyrətmək hər bir pedaqoqdan təcrübə, savad və böyük səbr tələb edir. Fəxrəddin müəllimin bu mənada bəxti gətirib. Çünki onun alman dili öyrətdiyi şagirdlərdən 150 nəfəri ali məktəblərdə bu fənndən imtahan verərkən çox yüksək bal toplayıblar. 12 nəfər şagirdi isə Xarici dillər İnstitutunun alman dili fakültəsini bitirib. Kənd yerində xarici dili şagirdlərə sevdirmək və yüksək nəticə əldə etmək, bayaq dediyimiz kimi, o qədər də asan deyil.
Ürəyi həmişə yaşayıb-yaratmaq və gənclərə düz yol göstərmək eşqi ilə döyünən Fəxrəddin müəllim deyir ki, mən şagirdlərimlə fəxr eləyirəm. Çünki mənim şagirdlərimdən prokurorluq orqanlarında, məhkəmə sistemində, polisdə, icra aparatında və digər qurumlarda işləyən çoxlu sayda məzunlarım var. Onlara baxıb qürur hissi keçirirəm, düşünürəm ki, heç də pedaqoji fəaliyyətlə məşğul olduğum 40 ili boş-boşuna yaşamamışam. Bağban əkdiyi ağacların barını görəndə sevindiyi kimi, mən də şagirdlərimin ali məktəblərə qəbul olub müxtəlif vəzifələrdə çalışdıqlarını görəndə ürəyim dağa dönür. Deyirəm ki, yaşadığım ömür hədər getməyib.
Fəxrəddin müəllim bir ziyalı, bir səviyyəli və düşüncəli insan kimi rayonun ictimai həyatında da yaxından iştirak edib və bu gün də edir. Onun mart ayında 63 yaşı tamam olub. Düzdür, bu yaş təqaüdə çıxmaq yaşıdır, ancaq Fəxrəddin Yusifov kimi savadlı və tələbkar ziyalılara həmişə ehtiyac duyulub. Təsadüfi deyil ki, o səkkizillik məktəbdə işlədiyi dövrdə direktor müavini, sonra direktor vəzifələrində çalışıb. Bir müddətdən sonra səhhəti ilə əlaqədar öz ərizəsi ilə bu vəzifədən gedib. Ancaq müəllimliyə olan həvəsi, sevgisi onun ürəyində həmişə məşəl kimi alovlanıb. Fəxrəddin müəllimin bir maraqlı fikri də var: "İnsan öləndə ölmür, onu xatırlayan axırıncı adam öləndə, o da ölür".
Nə yaxşı ki, Fəxrəddin müəllimi Füzuli rayonunda və eləcə də doğma kəndi Böyük Bəhmənlidə çoxlu sayda sevən insanlar var. Ən azından ona görə ki, Fəxrəddin müəllim həm də ilahiyyat elmini yaxşı bilir və onu tam əxz edib. Məclislərdə o qədər şirin və səmimi danışır ki, o məclisi tərk edən hər hansı insanın ürəyində xoş təəssüratlar və izlər qalır. O izlər ki, Fəxrəddin müəllimi gələcəyə aparır. O izlər ki, ağ işıq olub Fəxrəddin müəllimin yoluna nur saçır. Bu işıqla isə çox insanlar gedərək ağ günə qovuşurlar. Elmi, təhsili olan millətin axırı da işıqlı və ağ yol olur. Ağ yolun həmişə nurlu olsun, Fəxrəddin müəllim!


TƏQVİM / ARXİV