AYDINLIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
38017 | 2011-03-19 03:20
Ən çox sevdiyim şeirlərdən və ən çox nəğməyə çevrilmiş misralardan bəlkə də birincisi Zakir Fəxrinin "Qalmaz belə qalmaz dünya" şeiridi. Nədənsə yaman könül vermişəm bu misralara. Böyük Məmməd Arazın heç kimin olmayan dünya barəsində dediklərindən sonra Zakir Fəxrinin dilə gətirdiyi belə qalmayacaq dünya arasında var-gəl edirəm. Amma hara baxıramsa, dünyanı dörd divarın içi kimi görürəm. Hətta bir az qəbirə də oxşayır. Sadəcə üstünü torpaqla yox, göy üzü ilə örtüblər. Baxıramgbaxıram və heç bir qərara gələ bilmirəm. Çünkig
   
   Hələ uşaq yaşlarımdan eşitmişdim bu mahnını, daha doğrusu, bu hikməti. Böyüklər deyirdilər, yaşlılar danışırdılar ki, "bu dünya Süleymana qalmayan dünyadı". Onda anlamırdım Süleyman kimdi, dünya kimdi. Sonra həyat anlatdı bunu mənə. Həyat onu da anlatdı ki, bu dünyadan heç kim heç nə apara bilmir. Hətta uşaq da olsan, padşah da olsan, Temurləng də olsan, İsgəndər də olsang özündən sonra səcərən taxt-tacının davamçısı, sahibi olsa beləg Deməli, bu dünyanın harasından yapışırsan yapış, bircə dırnaq ucu da çəkib qopara bilməyəcəksən. Amma o səni elə rahatca həzm eləyəcək ki, heç ruhun da inciməyəcək. Kərə yağından tük çəkən kimi çəkib aparacaq səni öz dərinliklərinə qərq edəcək və kimlərinsə yadında qala bilsən bax, qazancın bircə o olacaq. Söz sözü çəkir deyirlərg Elə bu mövzu ətrafında düşündüyüm məqamlarda çox dəyərli ziyalımız, millət vəkili Aydın Mirzəzadənin söylədiyi bir məqamı xatırladım. Aydın müəllim sözarası mənə demişdi ki, çoxdan oxuduğu balaca bir pritça qalıb yadında. Müəllifini unudub, amma məzmunu həmişə yaddaşındadı. Həmin yaddaşda olan məqama görə, üç nəfəri-iki gənci bir yaşlı insanı əsir götürürlər. Əsirlik illərində bu insanlar qaçmaq barədə plan cızırlar. Günlərin birində artıq qaçmaq üçün hər şey hazır olur. Amma bu uzaq məsafəni başa vurmaq üçün üç nəfərin payına bir at düşür və onlar fikirləşirlər ki, bu atı kim minsin və qaçıb canını qurtarsın. Cavanlardan biri deyir:
   
   - Atı minib burdan qaçıb qurtarandan sonra yolumu gözləyən sevgilimə qovuşacam, on oğlum olacaq, onlar silahlanıb vətənin qisasını alacaqlar.
   
   İkinci cavan deyir:
   
   - Atı minib qaçıb gedəcəm, elmlə məşğul olub yaxşı ixtiralar edəcəm, ölkəmi dünyaya tanıdacam.
   
   Qoca kişi isə asta-asta söyləyir:
   
   - Atı minəcəm, çapıb qovuşacam yurduma və öləcəm. Vətən torpağını bir ovuc artıracam!!!
   
   Bəli, əslində ən gözəl arzu vətən torpağını bir ovuc artırmaqdı. Cavanlar da bunu anlayıb atı qoca kişiyə verirlər.
   
   Bilmirəm niyə xatırladım bunu. Doğrudur, əvvəlcə dedim ki, söz sözü çəkdi. Lakin əslində bir-birini çəkən söz mənim içimdə ağrıya çevrilən çox məqamları üstüörtülü də olsa vurğulamaq, xatırlatmaq, andırmaq üçün idi. Mən oxucuma işarə vermək istədim ki, yaşadığım ömürdə yalnız bir istəyim olub:
   
   - Heç kimin xətrinə dəymədən, haqqını tapdamadan, bacardığım işin qulpundan tutub torpağa üz qarası olmayım!!!
   
   Bilmirəm, bunu bacarmışam, yoxsa yox. Amma bütün məsuliyyətimlə əlimi ürəyimin üstünə qoyub deyərəm ki, bu dünyada çox haqsızlıqları görüb, çox oyunları izləyib, çox günahları müşahidə edib, çox da olayları ağrı-acı kimi ürəyimdə daşımışam. Onlara olan inamım inamsızlığa çevrilməsinə dözə-dözə içimdə bir Tanrı sevgisi və bir də dünyanın belə qalmayacağına böyük əhdimi qorumağa çalışmışam. İndi isə bir tərəddüd baş qaldırır içimdə. Mənə elə gəlir ki, bu dünyada adam olmaq həm çox çətindi, həm də indiki durumda çox mənasız. Çünki adamlıq indi artıq bir hissəciyə, əlamətə, əşyaya çevrilibdi.
   
   
   
   Adamlara xoş gəlir
   
   İçimdə dadandığı
   
   Qovub çıxardın mənim-
   
   İçimdən adamlığı.
   
   
   
   Yoruluram hamıdan
   
   İçimdən göynəyirəmg
   
   Adamlığın əlindən-
   
   Tay zəncir çeynəyirəm.
   
   
   
   Haqlı-haqsız üstümə
   
   Gəlir min cür avazla
   
   Anbaan qovruluram-
   
   Gah odla, gah ayazla.
   
   
   
   Dörd yanımda çal-çağır
   
   Hər kəs öz ovqatında
   
   Yükü özündən ağır-
   
   Adamlıq sovqatında!!
   
   
   
   Bu qədər insafsızlıq
   
   Əridir bir tamlığı
   
   Siz Allah öldürməyin-
   
   İçimdə adamlığı!
   
   
   
   
   
   ***
   
   
   
   Deyəsən bir az bayram ovqatı olmayan məqamlardan başladım, amma neyləmək olar həyat gerçəkliyindən qaçmaq mümkün deyil. Biz həyat gerçəkliyindən yaxamızı nə qədər kənara çəksək də bu zamanın içərisindəyik və bu zamanı da hərə öz istədiyi kimi boyuna biçməyə çalışır. Amma unudur ki, ən böyük hakim və ən böyük zaman ölçüsü bir ünvandadı. Tanrı o ölçünü də, o hakimliyi də bizdən xəbərsiz, özü bildiyi kimi, özü istədiyi kimi düzüb-qoşur, idarə edir. Biz bəndələr təqvimin vərəqlərini bizə ayrılmış vaxt içərisində çeviririk.
   
   Bahar ətirli günlərin lap başlanğıcındayıq. Vədə öz istəyini diqtə edir. Bir az yazdan, bir az payızdan, bir az qışdan bir-birinə qarışdırıb baharın ilk anlarını canımıza hopduran günlər sapa düzülməyə başlayır. Axır çərşənbədən sonra ağırlığını-uğurluğunu tonqala atmış vətən övladları yəqin ki, indi özlərini daha gümrah hiss edirlər. Elə mən də həmin o gümrah insanları nəzərdə tutub bir az xoş ovqatlı, sevgi dolu fikirlərə yer ayırmaq istəyirəm. Amma etiraf edim ki, nə özümdə, nə də mənə doğma olan ətrafda kiminsə ağırlığının tonqalda qaldığını hiss etdirəcək işartılar belə görə bilmirəm. Ola bilsin ki, ya gözüm nurdan düşür, ya da fəhmim azalır. Doğrudur, eynəyim düşüb sınıb, özü də bu neçənci dəfədir ki, baş verir və hər dəfə də ehtiyatsızlığıma görə özümü danlayıram. Lakin yaxın adamlar mənim narahatçılığımı, üzüntümü azaltmaq xatirinəmi, yoxsa doğrudan-doğruya deyirlər ki, "qəm yemə, şüşədi sınan aydınlıq olacaq". Mən də inanıram aydınlıq olacağına. Təkcə gecələrdə yox, elə gündüzlərdə də aydınlığa ehtiyac var... Sevgidə də, münasibətlərdə də, bir sözlə, həyatın aydınlığa ehtiyacı var.
   
   Bəli, indi sevgilər də, münasibətlər də deyilənə görə çox müasirləşib. Az qala internetləşib, kompüterləşib, lap belə bir az da çılpaq desəm, lütləşibdi. Çünki mən sevginin yanaqlarında qızartı görmürəm... dilinin dolaşdığını hiss etmirəm... yuxusuz gözlərinin yol çəkdiyini müşahidə etmirəm... həsrətdən çatlayan dodaqlarının qanının necə qaçdığını seyr etmirəm... Deməli, sevgilər o qədər lütləşib ki, küləklər, yağışlar, qarlar, istilər, bir sözlə, təbiətin və insanların bütün təsir və təhdidləri onların qanını dondurur və çevrilibdi robota, mesaja, nə bilim qeyri-adi bir şeyə. Mən də bunları gördükcə nə böyük Füzulinin, nə Hüseyn Cavidin, nə Nüsrət Kəsəmənlinin, nə də digər söz adamlarımızın vəsf etdiyi, göylərə qaldırdığı sevgi üçün əlataş oluram, axtara-axtara qalıram. Amma ki, nə o sevgidən xəbər var, nə də o sevgini yaşayanlardan.
   
   
   
   bacarmıram!-
   
   doğrudan-
   
   gücüm çatmır özüməg
   
   sudan çıxmış balıq tək
   
   çırpınıram,
   
   durmadan
   
   fikrimi cəmləmək də
   
   işgəncəyə çevrilirg
   
   gah önə boylanıram
   
   gah toz basan izimə
   
   ən xoş məramım belə
   
   xəncər kimi sivrilib
   
   ürəyimə tuşlanır
   
   mənim sevgi saydığım-
   
   sənin əzab dediyin!..
   
   hər gün başdan başlanırg
   
   bacarmıram,
   
   bağışlag
   
   bacarmıram,
   
   hamı tək
   
   necə gəldi sevməyi!..
   
   
   
   
   
   ***
   
   
   
   Bu da Novruz. Hərləndi-fırlandı axır ki, yenə sərhədləri keçib qayıdıb öz taxtında əyləşdi. Yolu çox uzaq olsa da, yaydan, payızdan, qışdan keçsə də, usanmadı. Vuruşa-vuruşa olsa da gözümüzü yolda qoymadı, axır ki, gəldi. Onun gətirdiyi sevincin ən böyük hissəsi uşaqlarımıza düşdü. Bizlər də çalışıb-vuruşub bir qədər az, bir qədər çox nemətlərdən topladıq bir yerə və uşaqların sevincini bir az artırdıq. Necə deyərlər, uşaqların sevincindən bizə də bir damcı düşdü. Həm keçmişimizi xatırladıq, həm də balalarımızın üzünə təbəssüm qonmasında yardımçı olduq. Təbii ki, bunlar çox gözəl duyğulardı. Təki imkan olsun, əl cibdən utanmasın, cib də əldən. Onda Novruzu da yola vermək olar, eləcə də digər bayramları da, hətta dostlara vəd etdiyim qonaqlıqları da. Qonaqlıq demişkən, yadıma Faiq Qismətoğlunun vəd etdiyi araq düşdü. Yaddaş belə yerdə adamın köməyinə çatır. Odur ki, yaddaşlarınızı qoruyun.
   
   Bütün zamanlarda insanların təbiətə bu və ya digər formada münasibəti olub və bu münasibət də onun formalaşmasında öz sözünü deyib. Hətta insanları həvəsləndirib, onlara ilham verib və insan da öz növbəsində vəsf edib təbiəti. İstər onun bənövşəsini, istər çeşmələrini, istər dağlarını, istər çaylarını, istər çinarlarını, söyüdlərini, bəyaz qarını, narın yağışını, dumanını, bir sözlə, bütün hallarını...
   
   İndi sadaladığım və xəyalıma gətirdiyim təbiət mənzərələri elə Novruzla birlikdə yeni ovqatın ilhamçısına sevrilir. Düşünürəm ki, məhz bu yazımın əvvəlində söylədiklərimi bayram ovqatından kənarlaşdırmaq, unutdurmaq üçün elə gözlərimizi gözəlliklərlə aldadaq, unudaq və unutduraq. Çünki bütün ağrılarım, bəlalarım və bütövlükdə dünyanın xilası elə gözəlliklərdədir. Bax, elə o gözəlliklərdən biri də kiminin yarı, kiminin canı, kiminin də ilham pərisi olan qızlardı.
   
   
   
   Hələ mürgülüdü bu qız,
   
   Hələ yuxusu qaçmayıb
   
   Hələ kipriyi şehlidi-
   
   Meh də yaxasın açmayıb.
   
   
   
   Yatağın xumarı canda
   
   Şirin yuxudan doymayıb
   
   Onu məst edən bir anda-
   
   Öpüşün yeri soyumayıb!..
   
   
   
   Möcüzələr diyarında
   
   Mələk idi, ya da pəri
   
   Kim oyatdı axı onu-
   
   Kim çağırdı ordan bərig
   
   
   
   Şirin yuxudan ayılıb
   
   Tələsmir gözünü açmağa
   
   Hiss olunur hazırlaşıb-
   
   Bu qız qoşulub qaçmağa!..
   
   
   
   Deməli, bütün qızların öz sevgisinə, öz yarına qovuşması elə bütün oğlanların da öz yarına, öz sevgisinə qovuşmasıdı. Bu gözəl Novruz ovqatı hər kəsi istəyinə, yarısına qovuşdursun.

TƏQVİM / ARXİV