ANA SƏHİFƏ / YAZARLAR

Qiyabi Dəyirmi Masada gerçək söhbətlər

"Ədalət" müsahiblərini "görüşdürdü"

19942    |   2010-12-31 05:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndi Dəyirmi Masa təşkil etmək yaman dəbdədi. Toplaşıb müxtəlif mövzuları saatlarla müzakirə edir, sonra da dağılışıb gedirik. Əksər hallarda bu söhbətlər nəticəsiz qalır. Yekdil rəyə gəlmək deyəsən alnımıza yazılmayıb.
   
   Palaza bürünüb elnən sürünməyə meylli olmasaq da biz də ilin sonuncu iş günü bir Dəyirmi Masa təşkil etdik. Qələminə, şəxsiyyətinə rəğbətimiz olan ziyalılarla ədəbiyyatın, teatr-kinonun, mətbuatın, kəsəsi, sözün, sənətin, mədəniyyətin durumunu müzakirə etmək istədik. Qonaqlarımız oxuculara yaxşı tanış olduqlarından rəsmi titullarını yazmırıq. Onların imzası çox şey deyir- Vaqif Bəhmənli, Tofiq Abdin, Etibar Babayev, Flora Xəlilzadə, Mehriban Ələkbərzadə, Nurəddin Mehdixanlı, Mehman Cavadoğlu, Arif Əliyev, Məzahir Əhmədoğlu, Maarif Soltan, Kamran Nəzirli, Vəli Xramçaylı, Elçin Hüseynbəyli, Qulu Ağsəs, Məmməd Süleymanov.
   
   Onu da vurğulayaq ki, bu, qiyabi Dəyirmi Masadı. Oxuyacağınız fikirləri qonaqlarımız yola saldığımız ildə "Ədalət"in səhifələrində səsləndiriblər.
   
   - İlk sualımı şair Vaqif Bəhmənliyə ünvanlamaq istərdim. Vaqif bəy, Mədəniyyət və Turizm Nazirliyində məsul bir vəzifədə çalışırsız. Yuxarılarda nə var, nə yox?
   
   - Ömrüm boyu dövlətimizin yanında olmuşam. Harda işləməyimdən asılı olmayaraq, həmişə mənə etibar edilən işi vicdanla yerinə yetirməyə çalışmışam. Bu da bir zəhmətkeşlik, bu da bir tər tökməkdi.
   
   - Dəyirmi Masada yanaşı oturduğunuz həmkarınız Maarif Soltan sizin ədəbi nəsli ən abırlı nəsil adlandırır. Bu fikrə münasibətiniz necədir?
   
   - Ədəbiyyatda abırlı insanlar həmişə olub, var və olacaq da. Ədəbiyyatda mənə həm bizdən əvvəlki nəsil, həm də sonra gələn nəsil və o cümlədən yaşıdlarım kömək edib. Bu kömək təkcə "Uğurlu yol" yazmaqla, şeirlərin, kitabların çapına yardımçı olmaqla ölçülmür. Məni əhatə edən bütün ədəbi nəsillərin nümayəndələrindən enerji almışam. Mən onlara nə vermişəm, bunu deyə bilmərəm.
   
   - Ədəbiyyatda nəsillər arasındakı savaşa, gizli və açıq intriqalara heç vaxt qoşulmayan Vaqif Bəhmənlinin fikrincə, ədəbiyyat belə mübarizələrdən nə qazanır?
   
   - Ədəbiyyat heç nə qazanmır. Düzdü, ədəbiyyatətrafı söz-söhbət həmişə olub, bəlkə lap Nizaminin, Füzulinin zamanında da. Ədəbi cərəyanlar bir-birləri ilə mübarizə apara-apara, toqquşa-toqquşa inkişaf ediblər. Amma bunun özündə belə etik çərçivələri qorumaq vacibdi. Ədəbiyyatın amalı insana xidmət etməkdi. Belə olan halda ədəbiyyat nümunələri yaradan insanların etik çərçivələri, normaları pozması heç cür müsbət qarşılana bilməz.
   
   - Şair Maarif Soltanın Yazıçılar Birliyinin ünvanına səslənən tənqidlərə münasibəti necədi?
   
   - Yazıçılar Birliyi doğma evim qədər mənə əzizdi. Bu ətalətlə fəhlə, həkim, müəllim işləsəydim, məni bir gün də iş yerində saxlamazdılar. Nə qazanmışamsa Yazıçılar Birliyinin hesabına qazanmışam. Düzdü, qazandığım da çox deyil. İndi yaşadığım evi, çalışdığım iş yerini Yazıçılar Birliyi verib. Son illər Yazıçılar Birliyinə olan kütləvi axına qarşı çıxan adamlardan bunu daha çox istəyirəm. Amma görünür təkcə istəməklə bu axının qarşısını almaq olmur. Bu məsələdə təkcə Anar müəllimi günahlandırmaq ədalətsizlikdi. Mən başa düşürəm, Yazıçılar Birliyi yalnız istedadlı adamların birliyi deyil. Orda istedadsız adam da ola bilər. Lakin həmin istedadsızlar o qədər çoxalıb ki, istedadlılar da itib-batıblar, görünmürlər.
   
   - "Ulduz" jurnalının baş redaktoru kimi Elçin Hüseynbəyli bu barədə nə düşünür?
   
   - Mən də hesab edirəm ki, Yazıçılar Birliyinin üzvlərinin sayı həddindən artıq çoxdu. Amma bu çoxluğun özündə təhlükəli heç nə yoxdu. Çünki bu insanlar qələm qardaşlarıdı. Əllərində silah yox, qələm tutublar.
   
   - Qulu Ağsəs baş redaktorunun fikri ilə razıdı?
   
   - Üzvlərin sayının min nəfər olmasına tərəfdar deyiləm. Amma fəxri ad, prezident təqaüdü veriləndə ən yaxşılarının arasından seçim edilir. Ona görə də sayın çoxluğundan qorxmaq lazım deyil.
   
   - Qulu, səncə biz daha çox şair xalqıq, yoxsa oxuyan xalq?
   
   - Biz daha çox aktyor xalqıq. Çünki şair xalq olmağımızı da oynayırıq. Hərdən müstəqil olmağımızı da oynayırıq.
   
   - Flora Xəlilzadə məsələyə münasibət bildirmək istəyir. Flora xanım, buyurun.
   
   - Elə məsələlər var ki, seyrçi qalıb münasibət bildirməmək mümkün deyil. Bu gün yazmasaq, fikir bildirməsək gələcək nəsillər bizi qınamazmı? Susmaq razılıq əlaməti sayılır. Zövqlərin korlanmasına, ədəbiyyatda baş alıb gedən bu hərc-mərcliyə biganə qalmaq mümkün deyil. Fəndgirliyi, fərasəti, maddi imkanı istedadından çox olanlar haqqında qalaq-qalaq kitablar yazılır, yalançı tərif dolu məqalələr dərc olunur.
   
   - Kamran Nəzirli söz istəyir. Buyurun.
   
   - Ədəbiyyat "Daydayılıqdan", qruplaşmadan uzaq olmalıdı. Sözə nə dayılıq etmək? Son 20 ildə məni narahat edən əsas məsələlərdən biri də budu. Əsər varsa, təbii ki, tənqid də olmalıdı. Lakin tənqid hökmən obyektivliyə söykənməlidi. Ədəbiyyat nümunələri həmişə yaranır. Amma heç də həmişə ortaya layiqli əsər çıxa bilmir. Biz Azərbaycan yazıçısının, ziyalısının, aliminin siması sayılan Mirzə Fətəli Axundovu dünyaya tanıda bilmirik.
   
   - Mən Mehriban Ələkbərzadənin Dəyirmi Masada iştirakından istifadə edib soruşmaq istəyirəm, niyə öz filmlərimizlə dünyanı təəccübləndirməyi bacarmırıq?
   
   - Bu məsələdə bir-biri ilə bağlı çoxlu sayda nüanslar var. Ən vacibi siyasi nüansdı! Daha sonra iqtisadi nüanslar... sonda isə müasir kino dili.
   
   Əgər çəkdiyimiz filmlər adi parametrlərə cavab vermirsə, biz Kann festivalında... ya ki "Oskar"da necə iştirak edə bilərik? Bir var iki-üç nəfərin uğurlu ideyası, bir də var- vacib ideyanın ətrafında toplaşan peşəkarlar. Azərbaycan məmləkətini tanıdacaq filmi təkcə Mədəniyyət və Turizm Nazirliyi, kinostudiya çəkməməlidi axı. O böyük və möhtəşəm filmi bütün Azərbaycan çəkməlidi! Əslində dünyaya "Cavad xan" filmi lazım deyil. Amma bu film Azərbaycan və azərbaycanlılara lazımdı. Qoy bu gün mənim millətimin içindəki milli hisslər oyansın. Dünyanı təəccübləndirmək məsələsi ilə sonra məşğul olarıq.
   
   - Nurəddin Mehdixanlını söhbətə qoşmağın tam zamanıdı. Cavad xanı ekranda yaradan sənətkarımızın düşüncələrini alaq...
   
   - Əvvəla, Cavad xan obrazı mənim övladlarıma qoyacağım ən böyük mirasdı. Biz çox istedadlı millətik. Müsbəti obyektiv qiymətləndirməklə yanaşı, qüsurları da deməliyik. Fədakarlıq edən istedadlı insanları qiymətləndirməyi bacarmalıyıq. Millət kimi var olmaq istəyiriksə, bütün bu addımları atmalıyıq. Niyə biz istedadlı insanı öləndən sonra qiymətə mindiririk? Ən böyük bəlamız istedadı olmayanı arxalıdı deyə yuxarı başa keçirməyimizdi.
   
   Çox hörmət etdiyim istedadlı rejissor Cənnət xanım Səlimova deyir ki, yaradıcı insan ac-yalavac olmalıdı. Mən də Cənnət xanımdan soruşmaq istəyirəm - niyə, nə vaxta qədər? Vandama, Şakiraya milyonlar xərcləyən bəziləri bizim sənətçiləri görmək istəmir. Rəhmətlik Hacı Zeynalabdin Tağıyevin zamanında da milyonçular var idi. Amma tarixdə onların yox, Hacı Zeynalabdinin adı yaşadı. Bu gün əxlaqsız işlərə milyonlar xərcləyən, lakin teatrın, kinonun inkişafına kömək etmək istəməyənləri Vandam, Şakira yaşatmayacaq.
   
   - Etibar Babayevin bu məsələ ilə bağlı fikirlərini eşitmək maraqlı olardı...
   
   - Dünya tarixində şahlar, xaqanlar, varlı sülalələr çox olub. Lakin onların heç də hamısı tarixə yaxşı əməllərinə görə düşməyib. Şah İsmayıl Xətai tarixdə var-dövləti, sərvəti ilə deyil, dövlətçilik ideyaları, şeirlərilə qalıb. Bu gün Hacı Zeynalabdin Tağıyev insanların yaddaşında nəcib əməllərinə görə yaşayır. Heç kim ona neft buruqlarının, zavod və fabriklərinin, gəmilərinin sayına, xarici banklardakı pullarının miqdarına görə hörmət etmir.
   
   - Etibar bəy, bu məsələləri gərək mətbuat, televiziyalar işıqlandırsın...
   
   - Bizim zövqümüzü uzun müddət bir televiziya formalaşdırıb. Həmin televiziya da öz dövrünün ideoloji xəttinə, dövlətin maraqlarına xidmət edirdi. Bu gün isə tamam başqa bir mühitdə yaşayırıq. Şəxsi telekanallar, özəl radiolar fəaliyyət göstərir. Onların hamısından eyni şeyləri gözləməkdə yanılırıq.
   
   - Mətbuatdan söz düşmüşkən, Arif Əliyevin düşüncələrini eşitmək maraqlı olardı...
   
   - Bu gün ölkə mətbuatını işıqda qaranlıq kimi görürəm. Əslində isə mətbuat qaranlıqda işıq kimi görünməli idi. Bilmək olmur, cəmiyyət medianı korladı, yoxsa media cəmiyyəti... Bu toyuğun, yoxsa yumurtanın birinci yaranması kimidi. Bu gün jurnalistika ilə məşğul olan insanların böyük bir əksəriyyəti başqa mədəniyyətin daşıyıcılarıdı. Həmin mədəniyyətin daşıyıcıları ilə nəsə yaxşı bir şey yaratmaq mümkün deyil. Ona görə də çatlar dərinləşib. Vəziyyəti isə tezliklə dəyişmək heç də asan olmayacaq.
   
   - Arif bəyin fikirləri çox bədbin oldu. Bəlkə Məmməd Süleymanov bizi ümidləndirə bilən bir neçə söz desin...
   
   - Mətbuatın durumunu belə xarakterizə edərdim - Maddona kimi doğulub, Mussolini kimi yaşayır. Bugünkü mətbuatı cərrahi üsulla müalicə etmək lazımdı. Yəni senzuranı bərpa etmək yolu ilə. Mətbuatın durumu siyasi iradəyə bağlı məsələdi. Normal cəmiyyət olmayınca normal mətbuatdan danışmaq mümkün deyil.
   
   - Bu nəsə bir az çətin məsələyə oxşayır...
   
   - Niyə ki? Bütün utopiyaların reallaşmaq ehtimalı var.
   
   - Mətbuata illərini vermiş, saç ağartmış, "Ədalət"dən başqa heç bir mətbuat orqanında imzasının görünməyəcəyinə söz verən Məzahir Əhmədoğlunun fikirlərini dinləmək istərdik...
   
   - Belə deyək də, əvvəlki dövr daha maraqlı idi. İstedadlı adama qiymət verirdilər. Özü də qiyməti təsadüfi adamlar yox, istedadlı insanlar verirdi. Amma indi... Şəxsən mən gənc jurnalistlərin - təbii ki, söhbət istedadı, imzası olan jurnalistlərdən gedir - yazılarını maraqla izləyirəm. Məsələn, "Reytinq" qəzetini Seymur Baycana görə alıram. Yaşından, başından asılı olmayaraq, istedadı olan bütün qələm sahiblərinin uğuruna sevinirəm. Təəssüf ki, bu gün istər ədəbiyyatda, istərsə də mətbuatda paxıllıq var. Qələmi, istedadı olan insanlar birləşə bilmirlər. İstedadı olmayanlar, amma istedadlılara paxıllıq edənlər elə tez birləşirlər ki...
   
   Müsbət çalarları qeyd etmək lazım gələrsə mətbuatda son illər maraqlı yazılarla çıxış edən bir yazarı xüsusi vurğulamaq lazımdı. Söhbət İradə Tuncayın publisistikasından gedir. Mən bu barədə "Çətin söhbət" adlı yazımda ətraflı söhbət açmışam. Əslində İradə Tuncay publisistikasının oxucudan çox səmimi bir tələbi var - gəl, ucalıqlara gəl. Buralara çıxıb gələ bilsən, ruhun da özün kimi rahat olacaq... Bax, beləcə səsləyir, qələminin ovsununa çəkir insanları. Bu, müasir publisistikanın yeni, mən deyərdim sehrli bir təcəssümüdü. Bu yazıların hər biri jurnalistika dərsliyidi.
   
   - Sualım Mehman Cavadoğluna ünvanlanacaq. Mehman bəy, niyə bizim məmləkətdə tərəfsiz qəzetlərin ömrü çox az olur?
   
   - Bunu şərtləndirən əsas məsələ ölkədəki ictimai-siyasi mühitdi. Cəmiyyətdə kəskin qütbləşmənin olduğu heç kimə sirr deyil. Mətbuat da cəmiyyətin güzgüsü olduğundan belə mühitdə tərəfsiz qəzetlərin uzun müddət yaşaması problemə çevrilir. Qütbləşmə dərinləşdikcə tərəfsiz mətbuatın yaranması ləngiyəcək.
   
   - Təkcə ədəbiyyat adamlarının yox, həm də biz qəzetçilərin dostu Tofiq Abdinin yəqin ki, deməyə sözü çoxdu. Yola saldığımız ildə mükafat da alıb...
   
   - Elçin İsgəndərzadənin rəhbərlik etdiyi "Vektor" Elm Mərkəzinin "Türk Dünyasına Xidmət" ödülünə layiq görülmüşəm. Görürsən də, bu mükafatın adı da bir az qəribə səslənir. Hər hansısa bir türkə türk dünyasına xidmət mükafatı verirlər. Əslində isə türk dünyasına xidmət hər bir türkün təbii, anadangəlmə vəzifəsi, borcudu. Türkiyədə də hansısa qurum buna oxşar ödül paylayır. 1991-2001-ci illərdə Türkiyədə olan zaman müşahidə eləmişdim, bu ödülü türk dövlətlərinə ayağı belə dəyməyən insanlara verirdilər. İndiki cumhur başqanı Abdulla Gül bu mükafatı alanda dış işləri bakanı idi. Lakin Orta Asiyadakı dövlətlərin birinə də səfər etməmişdi. Yadımdadı, o zaman "Orta Doğu" qəzetində yazı da yazmışdım ki, bu ödülü mənə versələr almaram.
   
   Hər halda Elçin İsgəndərzadə sağ olsun ki, mənim həm "525-ci qəzet"də, həm də "Ədalət"də yazdıqlarımı qiymətləndirdi. Məncə bu ödül təkcə mənə yox, elə həmin qəzetlərə də verilib.
   
   - Son vaxtlar yalnız "Ədalət" və "525-ci qəzet"lə əməkdaşlıq edirsiz. Başqa qəzetlərdən təkliflər varmı?
   
   - Təklif deyəndə yəqin sən dünya səviyyəli qəzetlərdə olduğu kimi təklifləri nəzərdə tutursan. Bizdə belə təklif mədəniyyəti hələ yetişməyib... Başqa qəzetlərdən təklif gəlsə də yaza bilmərəm. Çünki mənim yazı maneram, düşüncə tərzim, iş metodum onlarla düz gəlməz.
   
   - Birinci dəfədi ki, görürəm Vəli Xramçaylı məclisdə sakitcə oturub, müzakirələrə qoşulmur. Şair, bayram gəlir, sən dəqiq bilərsən, indi hansı araq dəbdədi?
   
   - "Bəy"i "Xan" elədilər, "Xan"ı "Men"... Adları yadımda qalmır. Son vaxtlar araq içməyim də yazdığım şeirlər kimi başıma bəla olub. Mən içib nə edirəm ki? Azad adamam, qaranquşdan da azad.
   
   - Sağlıq deyəndə ən çox poeziya köməyinə gəlir, yoxsa nəsr?
   
   - Nə bilim vallah... Dəqiq hesablamamışam, amma hər halda 50 -50 - yə olar.
   
   
   
   Vəli Xramçaylıya təsadüfən meydən-məzədən sual vermədim. Bu gün bayramdı. "Müsahiblərimi" və oxucularımızı çox yormaq istəmirəm. Gedək bayramın dadını çıxaraq.
   
   Növbəti ildə inşallah söhbət üçün vaxtımız çox olacaq.


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK